Tələyə salınıb, şərə düşübdü,
Talanan yurdumun neçə köyü yox.
Dağılıb dünyası yerə düşübdü,
Üzünü tutmağa indi göyü yox.
Gündə qulaq deşir molla əzanı,
İşi tərs gətirib yolu azanı.
Elimin, obamın hanı Ozanı?
Sevinib gülməyə bir şən toyu yox.
Yadlaşıb yad olduq, yaddaşım gedib,
Qürbətdə torpağım, hər daşım gedib.
Ümməti düşmənə qardaşım deyib,
Axtarsan nəslini əsli, soyu yox.
Bürünüb yatırıq sərin altında,
Yıxıb evimizi şərin altında.
Qurduğu hiyləsi yerin altında,
Sanma ki, düşmənin elə boyu yox.
Hələ başlamamış başda yanırıq,
Çıxarıb gözünü qaşda yanırıq.
Qurunun oduna yaşda yanırıq,
Axı, üzümüzün hələ suyu yox.