Soylu Atalı. Böyük Türk Birliyinə doğru

VII yüzildən üzü bu yana türk öz taleyini bəlli edə bilmir. Bu da türkə islam dininin gəlişi ilə bağlıdır. Bəzən din yanlıları deyirlər türkün taleyi həmişə dağınıq olub, yəni böyük birliyi olmayıb. Əslində bunu tarixi həqiqət kimi demirlər, qınaq kimi deyirlər. Çünkü böyük birlik bütün xalqlarda istənilən səviyyədə olmayıb. Söhbət, təbii ki, xalqın özümlüyünü ifadə eləyən birlikdən gedə bilər. Bunu təkcə türkün sorunu kimi vurğulamaqla ortaya çıxarılan bu qınaq, dini qorumaq anlamı daşıyır. Ən çox Osmanlı imperiyasının qurulmasını örnək göstərib, bunu türk üçün dinin yaratdığı birlik kimi sunurlar. Yəni burada hərəkətverici qüvvə kimi islam dinini götürürlər. Belə düşünən adamlar, hesab edirik ki, ulusal kimliyi dərk eləməyən adamlardır. Nədən ki, Osmanlı güc biryerdəliyi olsa da, milləti içdən yaratmadı. Qondarma Osmanlı mədəniyyəti heç vaxt türk kimliyini ifadə eləməyib. Dilin, kültürün, ruhani varlığın özgələşməsi, yüzillər boyunca, tarixin gözümüzün qabağına tutduğu faktlardır.

Özgələşdirən birliyə güvənmək olmaz. Din – özgələşdirən birlikdir. Başqa sözlə, din – bizim özgürlüyünü itirdiyimiz birliyimizdir. Bu cür itkilərimizin uzantılarını çağımızda da izləmək mümkündür.

Dini geriliyə boyun əymələrimiz bütün çağlarda ulusal kimliymizə zədə yetiribdir. Buna görədir ki, biz həmişə “yan” axtarmışıq, “yan” olmamışıq. Yəni başqalarının bizim üçün hazırladığı yabançı birliklərdə özümüzə yer axtarmışıq. Həmişə də ulusal kimliyimizdə zədələnmişik. Sovetlər qurulanda bir cür zədələndik, sovetlər dağılanda başqa cür. Sovetlər qurulanda bizi içinə aldı. Çünkü öz içimiz yox idi. İçimiz din geriliyi ilə dolu idi. Bu geriliklə döyüşümüz “rus maarifçiliyi” ilə həyata keçirdi. Aydınlığımızı “rus maarifçiliyi” yaradırdı. Aydınlarımız rus mədəni etkisinin altında bizi ərəbçilikdən qismən açıb rusçuluğa bağlayırdı. Ona görə qismən deyirik ki, mədəni düşüncələrimizin yönündə lokal dəyişikliklər yaranırdısa da, ruhani dünyagörüşümüzdə heç bir dəyişiklik baş vermirdi. Çünkü rusçuluq ərəbçilikdən güclü deyildi. Ərəbçilik ruhumuzu qapsayırdı, rusçuluq toplumsal (ictimai) həyatımızı. Bir sözlə, rusçuluq yönlü maarifçilərimizin etkisiylə türkçülüyə üz tutmurduq, tərsinə, ondan uzaqlaşırdıq. Ulusal kimliyimiz rusçuluğa pənah aparmağımızla kölgələnib arxa plana keçirdi. Ona görə bolşeviklərin içimizə hakim olması böyük çətinlik çəkmədi. XX yüzildə Nərimanovların, satqın Çingiz İldırımların bizi ruslaşdıran əməllərinin özülü, XIX yüzildən başlayaraq, Axundovlar tərəfindən qoyulmuşdu. Ərəbçilik dünyagörüşünə lağ edən Axundov çiyinlərində çar Rusiyasının paqonlarını, döşündə də nişanlarını daşıyırdı. Kimsə Axundovların çalışmalarını keçid aşaması saya bilər. Biz belə saymanı yanlış sayırıq. Keçid aşaması özümləşmə xəttində ola bilər. Bir özgələşmədən çıxıb başqa özgələşməyə girmək, yəni ərəbçilik geriçiliyindən çıxıb, rusçuluq “gəlişməsinə” girmək qalxınma (tərəqqi) aşaması sayıla bilməz. Hərçəndi biz heç ərəbçilik geriliyindən tam çıxmamışıq da. Üstəlik rusçuluq əsarətinə də girmişik.

XX yüzilin sonunda sovetlər dağıldı. Ancaq biz rusçuluq əsarətindən çıxmadıq. Tərsinə, ərəbçilik əsarəti, basqısı içimizdə yenidən irəliləməyə, qalxınmağa başladı. Biz ulusal kimlikdə qabağa getmirik. Yabançı yerdəyişmələr edirik. Bir əsarət o biri əsarətdən qabağa keçir (aradan qalxır yox).

Sovetlər dağıldı, əsarətimizə biri də – Batı əsarəti də qoşuldu. İndi maarifçilərimiz, aydınlarımız nə düşünürlər – biz hara gedirik?! Bu millətə nələr vəd olunur?!

Ancaq biz, Mütləqə İnam Ocağı, ulusal kimliklə bağlı nə düşündüyümüzü sunuruq. Deyirik ki, Asif Ata türkə bəşəri sima yaradır. Bu, nədə özünü göstərir?! Baxın, Hindi, Çini çıxsaq, dünya çoxluq olaraq, müsəlman, ya da xristian olmaqla, semit dünyagörüşünə tapınır. Bu gün aydın görünür ki, semit dünyagörüşü gerilik, köhnəlik anlamı daşıyır. Batı dünyası xristianlığı öz psixologiyasına uyğunlaşdırıb, pis-yaxşı ulusal kimliyini qoruyur. Ancaq müsəlman nəinki öz ulusal kimliyindən soraqsızdır, hətta özünə qarşı yaşayır. Özəllikcə, türk toplumları. Biz bunu ayrı-ayrı yazılarımızda faktlarla dönə-dönə sübuta yetirmişik.

Bu gün Asif Ata insanlığın mahiyyətindən gələn, türkün xatakterini də özündə daşıyan ulusal-bəşəri dünyagörüş ortaya gətiribdir. Ulusallığı ondadır ki, bu dünyagörüşün tələbində türk, bir etnos olaraq, özgürlüyünə yetir, kimliyni qoruyub saxlayır. İslam ümmətçiliyində türk kimliyi heç vaxt heç yerdə özünə yer tapmayıb. (Bu məsələ ilə də bağlı, istər yazılı, istər elektron basın yayınlarında yetərincə yazmışıq).

Bəşəriliyi ondadır ki, Asif Atanın İnam Dünyagörüşü İnsanlığın mahiyyətindən gəlir, İnsanlaşma tələbi ilə çıxış edir. Bu səbəbdən də, Asif Ata dünyagörüşü türkə bəşəri sima yaratdığı kimi, bəşərə də ulusal (milli) sima yaradır. Asif Ata deyir: “Millətsiz bəşər yoxdur”. Bəşər mədəniyyəti millətlərin özünəxaslığından yaranır. Bu dünyagörüş insanlığı inam səviyyəsinə qaldırdığına görə burada istənilən millət öz kimliyini bütöv biçimdə ifadə edə bilir. Bu fikrə, ideyaya dayanıb deyə bilərik ki, Məhəmməd bəşəri peyğəmbər deyil, – ümmətçilik milləti inkar elədiyinə görə bəşəriliyi təsdiq edə bilməz. Peyğəmbər hər bir milləti təsdiq elədiyi dərəcədə onun peyğəmbəri sayıla bilər. Asif Ata milli yönlü olduğu üçün, hər bir millətin varlığını öz ideyaları ilə qoruduğu üçün onun dünyagörüşü bəşəridir, özü də bəşəri peyğəmbərdir. Peyğəmbərdir, yəni İnam yaradıcısıdır. Biz Asif Atanı Allahdan soraq daşıyan peyğəmbər saymırıq. Başqa sözlə, peyğəmbər sözünün hərfi anlamını deyil, fəlsəfi, ruhani anlamını qəbul edirik – yəni Yeni Bəşər Halı yaradan İnam yaradıcısı. (Bu haqda da yetərincə aydınlaşdırıcı yazılarla basın yayınlarında çıxış etmişik).

Bəşərin siması – insana münasibətlə ölçülür. Əslində bəşərin taleyi də insana münasibətlə bağlıdır. İnsana münasibət doğru deyilsə, bəşər özündən ayrılıb deməkdir. Onun gələcəyini qanlı savaşlar, qırğınlar izləyəcək. Bu açıdan da deyirik ki: Asif Ata insana münasibəti yeni aşamaya qaldırır, başqa sözlə, İnsaniləşdirir – bəşəri özünə qaytarır.

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

22 Od Ayı, 37-ci il. Qırmızı körpü.

(iyul, 2015.)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv