Xaliq Bahadır. …Dağlar qoynunda Şəki (I)

Şəkiyə getmək söhbəti ortaya çıxandan hamımıza tanış mahnının başlıca, vurğusal sözlərini anmağa başlamışdım. Özümdən asılı olmadan. İstər-istəməz yaddaş öz işini görmüşdü: assosiativ duyum, assosiativ anım yaratmaqda idi. Bunun nə olduğunu, necə ortaya çıxdığını anlamaq da, anlatmaq da mənlik deyil; ola bilsin, bu bir psixoanlaitik işi-bacarığıdır. Ancaq burası məndən ötrü də çox ilgincdir: necə olur getmək istədiyin yerlə bağlı səndə belə bir  anım baş qaldırır? O yerlə bağlı, ola bilsin, illərlə anmadıqlarını birdən-birə anmağa başlayırsan. Budur, indi də Şəkiyə getmək söhbəti ortaya çıxınca Şəki ilə bağlı bir nahnının sözləri, özü də başlıca sözləri, gəlib yadına düşür: Dayanıbdır dağ təki, / Dağlar qoynunda Şəki.

Jurnalistika

Çağdaş dünyada jurnalistika olduqca önəmli rol oynayır. Başqaları bir yana, ABŞ kimi böyük, güclü dövlət özünün iç-dış politikasında jurnalistikadan gen-bol yararlanır. Özü də yalnız öz jurnalistikasından deyil, ona gərək olan yerdə, gərək olan çağda bütün dünya jurnalistikasından. ABŞ Baş kəşfiyat idarəsinin başında duranlardan biri sonralar bildirmişdi: “Biz SSRİ gerçəklərini, SSRİ də baş verənləri başlıca qəzetlərdən, kəşfiyat bilgilərindən daha çox əyalət qəzetlərindən öyrənir, politikamızı da buna uyğun qururduq”. Sözsüz, burada SSRİni dağıtmaq politikaları gözaltı edilir.

İstənilən ölkədə jurnalistika qurucu da ola bilər, dağıdıcı da. Qurucu jurnalistika gerçəyi yazan professional jurnalistikadır. Dağıdıcı jurnalistika istər hakimiyətdə, istərsə də müxalifətdə gerçəyə deyil, yalana qulluq edən satqın jurnalistikadır. Jurnalistika sosial-siyasi düşərgəsindən asılı olmayaraq xalqa gerçəyi çatdırmaqla doğru-düzgün bilgi verməyə borcludur. Bax, belə jurnalistika, – doğru-düzgün bilgi verməklə xalqa gerçəyi çatdıran jurnalistika, – çağdaş dünyada olduqca önəmli rol oynayır. Kimlərsə yuxarıda göstərilən ABŞ praktikasından çıxış etməklə burada bir uyuşmazlıq, antoqonizm olduğunu deyə bilərlər: əyalət jurnalistləri gerçəkləri yazdılar, ABŞ bu gerçəklərə uyğun politika yürütməklə SSRİni dağıtdı.

Doğrudur, ancaq bu ilk baxışda belədir. Qəzetlər bir dövlət olaraq SSRİni içindən dağıdıb-çürüdən neqativləri göstərməklə ortada olan gerçəkliyi yansıdırdılar. Bunu gerçəkliyin qəzet-jurnalistika proyeksiyası da adlandırmaq olar. Bu jurnalist yansıtma-proyeksiyasından Sovet dövlət başçıları da yararlanıb işdə dönüş yaratmaqla ölkənin sağlam gələcəyinə qarantiya yarada bilərdilər. Ancaq onlar bunu etmədilər. Onların etmədiyini, edə bilmədiyini, ola bilsin, bacarmadığını ABŞ dövləti özünün dünyada supergücə çevrilmək planlarına uyğun olaraq etdi,  edə bildi, bacardı. Burada suçlu gerçəyi yazan jurnalistika, jurnalistlər deyil, gerçəyi olduğu kimi yox, özünün istədiyi kimi görmək istəyən, bundan ötrü jurnalistikanı, jurnalistləri ələ alıb öz bildiyi təki çalışdırmağa çalışan özünə vurğun YARAMAZ siyasi liderlər, dar düşüncəli, infantil dünyagörüşlü dövlət başçılarıdır. Belələrinə gerçəklik jurnalistikası, gerçəyi yazan professional-dəyərli jurnalistlər deyil, satılmış yalan jurnalistikası, satılmış yalan jurnalistləri gərəkdir! Sözsüz, burada yalnız sonradan qazanılan deyil, eləcə də anadangəlmə, soy-kökə bağlı xarakter görsənişləri önəmli rol oynayır. Bu bir qanunauyğunluqdur: düşərgəsindən asılı olmayaraq, oğru doğrunu, yalançı gerçəkçini sevə bilməz. Eləcə də düşərgəsindən asılı olmayaraq, oğru doğruya, yalançı gerçəkçiyə dəyər verməyi, sayğı göstərməyi özünə borc bilməz. Burada bir el deyimi özünü bütünlüklə doğruldur: su axar, çuxurun tapar. Böyük Füzuli demiş: “Hər kimin miqdarıncadır əhlində meyl”. Başqa cür desək, hər kimsə naturasına, xarakter görsənişlərinə uyğyn davranışlarda bulunur – bunu demək istəyir Böyük Füzuli.

Gerçəkçi jurnalistika xalqın dirilik qazanmasında, gəlişməsində önəmli rol oynayır. Yalan jurnalistikası aldadıb yatırmaqla xalqı geri salır, uğursuzluğa uğradır.

Jurnalistlik

Hələ orta oxulda oxuyandan jurnalist olmaq istəyirdim. Oldum. Üstəlik, evlənmə sonrası jurnalist ailəsinə çevrildik. Mən dünyaya yüz yol gəlsəydim, hamısında jurnalist olardım. Mənim üçün jurnalistika eləcə professiya deyil, damarlarımdan axan qandır – mən o qanla yaşayıram. Kim bilir, bəlkə də, bu, yaranışdan gələn, yaranışa bağlı duymaq-düşünmək-yazmaq kimi bir doğallıq görsənişidir. Görünür, elə bu doğallığa görə də mən istər Sovet dönəmində, istər bir illik AXC hakimiyəti dönəmində, istərsə də indiki bəlli dönəm boyunca qələmimi yalnız doğruluq yolunda çalışdırdım, özü də təkcə jurnalistika alanında deyil, siyasət alanında da. Elə buna görə də jurnalistika mənə o başdan bu başa çoxlu düşmən qazandırdı. Jurnalistika alanında da, siyasət alanında da mən YAD adam oldum. Buna görə kimlərsə məni qınayıb “xarakterin pisdir” deyə bilərlər. Olsun, ancaq mənim dediklərim, yazdıqlarım bir az gec, bir az tez sözsüz doğrulubsa, hər belə doğrulmadan sonra çoxları mənə “sən yenə düz çıxdın” deyibsə, onda necə olsun?! “Düzlük ən böyük biclikdir” deyimi mənim yaranış yapım-qururluşumdur. Bu, istənilən kimsəyə sonucda başucalığl qazandıracaq özümlü quruluşdur. Burada soy-kökdən gəlmə doğruluq başlıca rol oynayır.

“Sonucda başucalığı” dedim, bu birbaşa yaşadığın ortama bağlı bir görsənişdir, özü də qaçılmaz görsəniş. Nə üçün qaçılmaz? Sosial-siyasi düşərgəsindən asılı olmayaraq yalanın, yaltaqlığın, alıb-aldatmanın, manipulyasiya, satqınlıq, dönüklük faktlarının geniş yayıldığı, siyasi liderlərin hər iki düşərgədə bu faktlarla bağlı öncüllük etdiyi ortamda sən yalnız sonucda, başqa cür desək, yazdıqların, dediklərinlə sonralar gerçəklik faktına çevrilməklə başucalığı qazana bilərsən. Bu isə kimlərinsə anlamazlığından, kimlərinsə siyasi pozğunluğundan ortaya çıxan YERSİZ qınaqlara, dışlamalara bağlı sinir sarsıntılarından, stres üzüntülərindən sonra, acılar, üzüntülər üzündən çox-çox sonra gəlib çıxan başucalığıdır – səni səndən alan, sonradan sonraya səni sənə qaytaran başucalığı! Hər yerdə, hər düşərgədə (istər hakimiyət, istərsə də müxalifət düşərgəsində içindən satılmaqla yarınmağı bacarmaq necə də… yaxşıdır – yaxşı yaşamaq baxımından! Biz bunu bacaranlardan olmadıq…

Jurnalist ailəsi

Mənim Şəkidən başlayıb belə jurnalistika “uzunçuluğuna” varmağımın bir başlıca nədəni var: Biz Şəkiyə getməyə yığışan günlərdə 800 dən çox (səkkiz yüzdən çox!) “jurnalistin” ad almaq üçün hansı “yuxarılarasa” diləkçə yazdıqları bəlli oldu. (Bəri başdan deyim: onların çoxu Arı Azərbaycan Türkcəsində yazdığımdan mənim dilimi bilmir, elə bu diləkçənin də nə olduğunu bilməyəcəklər. Diləkcə bizim dilimizdədir, onların ərəb dilində bu, “ərizə” deməkdir). Baxın, BİR normal televiziyanın, 8 normal qəzetin olmadığı ölkədə 8 yüzdən çox jurnalist ad alma yarışmasına qalxır, qatılır! Düşkünlük nəyə deyirsiz?! Ancaq bu yalnız jurnalist düşkünlüyü deyil, düşkün bir hakimiyətdən qaynaqlanan birey-professiya düşkünlüyüdür! Mənim tandığım ən yüksək, ən dəyərli ad JURNALİST adıdır, üstəlik, DOĞRU-DÜZGÜN JURNALİST adı! Ən önəmlisi isə bu adı istənilən düşərgədə (istər hakimiyət, istər müxalifət) doğrultmaq ucalığı, yüksəkliyi, kişiliyidir!

Biz qabaqca ayrı-ayrılıqda, sonralar bir ailə olaraq teleradio verilişləri komitəsində (sonralar – şirkət) də işləmişik, qəzetdə də. İşimiz-çalışmalarımız indi də sürməkdədir. Adsız, daha doğrusu, ADLI adsız. Adımız sağa-sola əyilməyən, o düşərgədəki, bu düşərgədəki “yuxarılara” baş endirməyən, hər çağda gerçəklərə bağlı yazılarımızın dəyərindədir: doğru-düzgünlük, gerçəklik dəyərində! Bir də bu yazıların hamıdan seçilən dilində; bu isə sevgili Azərbaycan bayrağının BAŞ boyası deməkdir: TÜRKLƏŞMƏ! Bu dilə görə məni qınayanlar dildə çox bayraq-mayraq desələr də, içdən bayraqsızlardır! Bayraq öncə içdə gərək!

Demokratik dövlətlərdə jurnalistlər yaxşı yaşayanlar kateqoriyasından sayılır. İ.Əliyev dədə-bala Azərbaycanda demoktatik dövlət qurduqlarından danışır. Onda biz niyə yaxşı yaşamırıq? Başqa ölkələr bir yana, nə üçün biz öz ölkəmizi gəzməyə, öz ölkəmizdə dincəlməyə pul çatdırmırıq? “Biz” deyəndə mən demokratik jurnalistləri deyirəm, o yanda, bu yanda, o üzdə, bu üzdə satılmışları yox. Demokratyanın özülündə QANUNÇULUQ durur. Demokratik jurnalist olmaq qanunçu jurnalist olmaq deməkdir. Eləcə də demokratik dövlət demək qanunçu dövlət deməkdir. Demokratik düşüncəli jurnalist olaraq mənim yaxşı yaşamağım üçün Əliyevlərin xalqa sırımağa çalışdıqları yalançı deyil, gerçək demokratik dövlət gərəkdir. İndilikdə bizdə belə dövlət yoxdur. Buna görə də biz demokratiya yolçuları olaraq, demokratik jurnalistlər olaraq yaxşı yaşayanlar kateqoriyasından uzağıq. Oğru hakimiyətində doğruçu jurnalist olmaq özünə katorqa əməyi qazandırmaq deməkdir. Ancaq indilikdə başqa yol da yoxdur: hamı satılsa, onda biz Azərbaycanı hamılıqla itirmiş olarıq! Atlant olmaq, qladiator döyüşü aparmaq ağır işdir, – ən çox da dəyərlərin dəyiş-düyüş olub itirildiyi düşərgələr içində. Nə etməli? Çox çətin, çox üzücü  olsa da, sevib seçdiyin, tutub durduğun düzgünlük yolunu getməli! Bir-birindən dəyərsiz, mindilli siyasi liderlər gəldi-gedərdir – YOL qalır, YOL qalacaq!

Şəkiyə necə getməli?

Şəkiyə maşının varsa, maşınınla gedə bilərsən. Yoxsa, taksi (adambaşına 15 manat), qatar, avtobus səni gözləyir. Biz qatarla getdik. İndiki aylıq, pensiya baxımından bilet çox bahadır. İndiki dəmiryol sistemində bir ürəyəyatanlıq varsa, o da qatarlardakı təmizlikdir. Yazılana görə, çayın bir stəkanı 20 qəpik olmalıdır. Ancaq burada bələdçi işləyən qadınların öz qiymətləri var. Azərbaycan dəmiryolu sistemində bu gün başlıca sorun adına dəmiryolu deyilən anlayışın özüdür. İndiki sovetdənqalma dəmir yolları çoxdan dəyişdirilib yeniləşdirilməli idi. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adına 51 milyard manat pul mənimsənildi-dağıdıldı. Ölkənin dəmir yolları elə eləcə qaldı. Yol boyu taqqatukdan baş-beyin gedir, Şəkiyə bir saat qalmış qatar birayaq-birayaq sürünür – yüz il qabaq olduğu sayaq. Avropada qatarın gedişi saatda 350-400 km-dir. Bizdəsə, saatda 50 km. Bu baxımdan İ.Əliyev düz deyir: “Bizə Avropaya   inteqrasiya olunmaq gərək deyil”. Nəyimizə gərəkdi: bizim bütün Əliyevlər hakimiyəti boyu gediləsi doğma dəmir yolumuz var!

Şəki, gözəl Şəki!

Şəki şəkil kimi gözəldi. Hündür, yamyaşıl dağların arasında əskilərdən seçilmiş bir yaşayış yeri. Bir daha o mahnıdakı leytmotiv sözləri anmağa dəyər: “Dayanıbndır dağ təki, / Dağlar qoynunda Şəki”. Burası gerçəkdə belə deyil; yuxarıda deyildiyi kimi: “Regionların inkişafı…” adına 51 milyard manat pul mənimsənildi-dağıdıldı, ölkəmizin başqa yerləri necə – Şəki də eləcə: tikilmədi, qurulmadı. Az-çox tikilən-qurulan nə varsa ayrı-ayrı hakimiyət adamlarınındı. Şəkililərin dediyinə görə, Marxala Mehriban Əliyeva yiyələnib (ora kimsə buraxılmır), qalan gözəgəlimıli yerlərə Abid Şərifov, Fikrət Məmmədov, Cahangir Hacıyev, Şəkinin ünlü deputatı Cavanşir Feyziyev.., bir sözlə, oliqarxiya adamları yiyələniblər. Şəkililər öz işlərində, onlarsa öz işlərində. Hakimiyətə bağlılığı olmayan şəkilinin yaxşı yaşayışı, az-çox tikinti-quruculuq işi başlıca olaraq Rusiyaya, Rusiyadan gələn pula bağlıdır: kimin Rusiyada qazananı varsa, Şəkidə güzəranı var, yoxsa… çətinlik çətinlik üstünə qalanacaq…

                                    (ardı var)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv