Şəkidən Bakıya avtobusla qayıtdıq. Belə bilsəydik, Şəkiyə elə avtobusla gedərdik; avtobus birayaq-birayaq, taqqatukla yol gedən qatar kimi yorucu-bezdirici deyildi. Gəldiyimiz “Hunday” markalı avtovus “Xan sarayı” şirkətinindir. Dediklərinə görə, şirkət 9 belə avtobus alıb. Hər baxımdan (qiymət baxımından da) olduqca yaxşı, əlverişli avtobusdur. Şirkət yolun yarılandığı yerdə – Kürdəmirdə yolçularına ayrıca qulluq üçün restoran da tikib. Restoranda Şəki yeməkləri verilir. Çay qoymaq üşün su Şəkidən gətirilir. (Kürdəmirdə Şəki suyu! – bundan gözəl nə ola biıər!) Bir sözlə, Şirkət biznes qanunlarına uyğun olaraq alıcılarına bəyəniləsi qulluq göstərməyə çalışır. Burası çox yaxşıdır, yaxşı olmayan avtobusun yol boyu tez-tez dayanıb adam götürməyidir.
Bildirildiyinə görə, “Xan sarayı” şirkətinin başçısı hansısa Pərviz müəllimdir. Hansısa Pərviz müəllimin bu ölkədə gerçəkdən 9 “Hunday” avtovusu ala bilməsinə yalnız sevinmək olardı. Ən yuxarı instansiyadan baş alıb gələn indiki soyğunçuluq-qanunsuzluq gerçəkliyində hansısa Pərviz müəllimin 9 “Hunday” yiyəsi olması, üstəlik, Şəkidən çox uzaqda – Kürdəmirdə böyük restoran tikməklə geniş biznes şəbəkəsi qurması, bir daha vurğulamaq gərəkir: indiki soyğunçuluq-qanunçuluq rejimində olası iş deyil! Şirkət, sözsüz, dövlət qulluqçusu statusuna yiyələnmiş hansısa korrupsionerindir. Ancaq biz çox istərdik istər bu, istərsə də bu kimi şirkətlər yuxarı qat antiazərbaycanlının deyil, orta qat azərbaycanlının olsun! Nə üçün? Yuxarı qat biznesi dövlət qulluğuna bağlı, qanunları tapdayıb keçmək baxımından istər-istəməz dövləti dağıtmağa, sarsıtmağa yönəlik korrupsiya-kriminal faktıdır. Orta qat biznesi subyektin bacarığına, çalışqanlığına bağlı olduğundan ölkəni, dövləti dirçəltmə, yüksəltmə faktıdır. Bu baxımdan orta qat biznesi bizim özümüzün girişib-girişmədiyimizdən asılı olmayaraq, toplumu, dövləti gücləndirdiyi üçün hamımıza yararlı, hamımıza gərəklidir.
Bakı avtovağzalı
Avtobusdan düşər-düşməz taksi sürücüləri üstümüzə tökülüşdülər. Yeni Yasamala aparmağa 7 manat istədilər. Avtovağzaldan Yeni Yasamala, demək olar, bir addımlıq yoldur. Bunu deyincə yer-yerdən belə deyildiyini eşitdik: “Sizdən aldığımızın hamısı bizə çatmır – bilmirsiz burda bizi necə soyurlar!” Onları kimin necə soymasından asılı olmayaraq, Şəkidən Bakıya 6 manat 40 qəpiyə gələn üçün bir addımlıq yolu 7 manata getmək! – adama bir az ağır gəlirdi. Mən beş-altı qarayaxanı acıqla qovub uzaqlaşdırandan sonra bizə oğrun-oğrun bir sürücü yanaşdı: “Mən sizi 5 manata apararam”. Bu oğrun-oğrun yanaşmanın, az qala pıçıltıyla danışmanın nədəni sonra bəlli oldu. Sən demə, avtovağzalda başında birbaşa avtovağzal ağasının durduğu sürücü mafiyası var, qiymətləri qaldıran da onlardır.
Nəqliyat naziri Ziya Məmmədovla dövlət başçısı İlham Əliyevin birgə qiymətləndirməsinə uyğun olaraq avtovağzala avtomobillərin girişi 1 manat, çıxışı 1 manatdır. Danışdığımız maşına minib avtovağzalın çıxışına yönəldik. Sürücü 1 manatı verib qapıdan çıxmaq istəyəndə Ziya Məmmədovla Elton Məmmədov qardaşlarının iki qoçusu (görünür, hərəsi birinindir) maşının qabağını kəsdi: “Bura girəndə kimdən icazə almısan?”. Sürücü maşının üzərindəki “taksi” bəlgəsini göstərib lisenziyası olduğunu, üstəlik, indicə çıxışda 1 manat verdiyi kimi, bundan qabaq girişdə də 1 manat verdiyini bildirdi. Onlar onu eşitmirmiş kimi yenidən bir ağızdan bağırdılar “Kimdən icazə almısan?” Sürücü işin lisenziyalıq, daha doğrusu, qanunluq olmadığını görüncə: “Ağsaqqaldan”, – dedi. “Hansı ağsaqqaldan?” Qoşa bağırtı qarşısında dəngəsini itirən sürücü qorxacaq səslə: “Şefdən”, – dedi. Sürücünü döyülməkdən mənim işə radikalcasına qarışmağım qurtardı. Qoçular geri çəkildilər. Sinirlənmiş sürücü yolda Naxçıvan ağzıyla dnışırdı: “Qardaş, bilirsən bu dava-dalaş nəyin üstündədi? Bu avtovağzaldan hər gün meşoknan pullar çıxarılır. O pulların hara getdiyini deyə bilmərəm, ancaq bunu deyə bilərəm: evimizə apardığımız bir parça çörəkpuluna görə hər gün bizim anamızı ağladırlar. Vallah, adam yaşamaq da istəmir. Mənim beş baş ailəm var, zavod yox, fabrik yox, işləməyə, çörək qazanmağa ayrı yer yox. Burda belə dartışa-dartışa, boğuşa-boğuşa qazandığımızın ağrı-acısı yatanda da canımızdan çıxmır”. Adam ayda dövlətə 60 manat lisenziya ödənişi etsə də, avtovağzalın qanunu başqadır: 1 manat girməyə, 1 manat çıxmağa verməlisən. Gecə saat 10-dan sonra daha 1 manat üstünə qoyub “polis pulu” (oxullarda süpürgəpulu kimi!) verməlisən. Ancaq… bütün bunlardan qabaq avtovağzalın başında oturan qoçubaşıdan pul verib avtovağzala girmək hüququ almalısan. Naxçıvanlı qardaş qabaqcadan belə hüquq alış-verişində bulunmadığından onun 60 manata aldığı dövlət lisenziyası gərəksiz sayılmışdı. Tofiq Fikrət bu yerdə deyirdi: “Dövlətsə də, qanunsa da artıq yetər olsun, / Artıq yetər olsun bu dəni zülmü cəhalət…”
Dünya qəzetləri azərbaycanlı milyarder Anar Məmmədovdan yazır. Əliyevlər hakimiyətinin ABŞ-da lobbiçiliyini edən Anar Məmmədov ABŞ konqresmenlərinə 500 milyon dollarlıq qonaqlıq verə bildiyi kimi, ABŞ prezidentliyinə adaylığını irəli sürmüş Donald Trampa 2.5 milyon dollar verə bilir. Qəzetlərin yazdığına görə, Anar Məmmədov milyarderdir. Anar Məmmədov o milyardları baş işlətməklə, tər tökməklə qazanmayıb. Onlar Azərbaycanın dövlət büdcəsindən oğurlayıb- yağmalamaqla, Azərbaycan xalqının canını almaqla əldə edilən pullardır. Anar Məmmədov Əliyevlərin ƏBƏDİ nəqliyat naziri Ziya Məmmədovun oğludur…
Sücaəti kim yıxdı?
Evə dönüşümüzdə qonşulardan ilkin eşitdiyimiz bu oldu: “Sücaəti infarkt vurub!”. Bizim Sovetdənqalma həyətimizdə geniş meydança var. (İndiki bir-birindən acgöz tikinti yiyələri meydança anlayışına yağıcasına yanaşırlar!) Həyətimizə hər gün ölkənin ayrı-ayrı yerlərindən mallarını satmağa adamlar gəlir. Kimi yüz ildənqalma “Jiquli”si, kimi də yüz ildənqalma “Qaz 24”-ü ilə. Bu adamların eləsi var 20 ildən artıqdı bizim həyətə gəlib-gedir. Ağır dolanışıq ucbatından onların biri də indiyədək maşınını yeniləyə bilməyib; min bir çətinliklə qazandıqları, özlərinin dedikləri kimi, eləcə çörəkpuludur. Lap qabaqlar sahə polisi onlardan adambaşına 1 manat pul alardı. Yavaş-yavaş artıra-artıra onlar “dolyanı” gətirib 5 manata çıxarıblar. Gündəlik görsəniş belədir: tezdəndən beş-altı maşın gəlib həyətdə dayanır, alqı-satqı başlayır. Aradan azacıq keçmiş sahə polisimi, köməkçisimi 60-80 minlik yepyeni maşınında gəlib utanıb-eləmədən 5 manatdan pulunu yığıb gedir. Rayon çıxıb Bakıda toxdayanadək ardıcıllıqla sürən bu sayaq polis pulyığmaları sonucda gördüyümüz, hər gün acıqla qarşılaşdığımız qiymət artımına gətirib çıxarır. Bunlar illərlə dönə-dönə yazılsa da, gerçəyi yazan qəzetə, doğrunu bildirən jurnalistə yağıcasına yanaşması üzündən dövlət başçısı adlanan adam bu gerçəkləri “bilmir”.
Sücaətə qayıdaq. Sücaət bizə qonşu 6-cı blokda olan sabirabadlıdır. Qışda qırmızı, çoxdankı “Jiqulii“sini taksi kimi işlətməklə, yayda blokun qabağındaca maşınını saxlayıb Sabirabaddan gətirdiyi qarpızı satmaqla ailəsini dolandırır. Daha doğrusu, dolandırırdı. Buradakı keçmiş çağ anlayışının yaranma nədəni belədir: Sücaət yenə Sabirabaddan qarpız gətirib, maşınını blokun qabağında saxlayıb, başlayıb alıcı gözləməyə. Alıcı yerinə… sahə polisi gəlib. Blokun qabağında maşın saxlayıb qarpız satdığına görə sahə polisi ondan 50 manat alıb gedib. Sücaət bu 50 manatla canını qurtardığını düşünüb. Ancaq… sahə polisi hər gün ondan gəlib 5 manat qoparıb gedib. Bir gün də sahə polisinin belə gəliş-gedişindən sonra Sücaət qarpız satdığı yerdəcə ürəyini tutub yıxılıb. Qonşular “tezyardım” çağırıblar. “Tezyardım” bir saat sonra gəlib çıxıb. Sücaət indi bir klinikanın reanimasiya bölməsindədir. İndiyədək polislərin soyduğunu indi həkimlər soyur. “Dövlətsə də, qanunsa da…” Bu dövlətin üçüncü yol “seçilmiş” başçısı, özünün dediyinə görə, ölkə gerçəklərini İnterNETdən öyrənir – saya bir bloger, eləcə də saya bir internet izləyicisi kimi!
Bir çox yurddaşlarımız təki Sücaət də dolanışıq dözülməzliyindən, polis özbaşınalığından özünü öldürsəydi, şeyxülislam (Doğudan Batıya, Güneydən Quzeyə “bütün Qafqazın şeyxi”!) onu bağışlamayacaqdı. Nədən? Allah zalımı, zülmkarı çox sevdiyindən zalımın zülmündən qurtarmaq üçün özünü öldürənləri bağışlamır. Şeyxin keçənlərdə dediyinə görə, belələri (zalımın qulluğundan boyun qaçırıb özünü öldürənlər) cəhənnəmə gedir. Cəhənnəmdən qorxun, özünüzü öldürməyin!
Belə-belə işlər, sevgili Azərbaycan xalqı!…
P.S. Bizdə Kiş köy adı ortaya gələndə yada birinci “Alban kilsəsi” düşür. Uzun illərdi belə yazılır, belə deyilir: “Kiş alban kilsəsi”. Mən gedib görəndən sonra “kilsə”deyil, TAPINAQ yazdım. Nə üçün tapınaq? Sözügedən tikilinin içində, özü də tikilinin baş ucunda qurban kəsilən yer var. Bu isə konkret tikili ilə bağlı “kilsə” anlayışının deyil, TAPINAQ (ərəbcə: məbəd) anlayışının keçərli olduğunu göstərir. Bu baxımdan, məncə, biz “Alban kilsəsi” anlayışının yerinə ALBAN TAPINAĞI anlayışını işlətməliyik. Mən belə düşünürəm, kimin başqa tutarqası varsa, buyursun…