Daha bir jurnalist öldürüldü. Gözlənilməz nəsə yoxdur. Kriminal rejim əkdiyini doğurur. Məhkəmə-hüquq sistemindəki çoxillik yalançı, imitasiya xarakterli “islahatlar” bu sistemin bütünlüklə çöküşünə gətirib çıxarıb; “iqtisadiyat” adına yalançı, imitasiya xarakterli “islahatlar” ölkəni dugünkü dözülməz dolanışıq dirənişinə gətirib çıxarıb: adamlar dolanışıq dözülməzliyindən 28-44 faiz arası kreditin altına girir, sonra da özlərini öldürmək qaçılmazlığı ilə üzləşirlər; “ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatlar uğurla aparılır” (İlham Əliyev), ancaq Azərbaycan mətbuatı – Azərbaycan jurnalistikası bu gün korrupsiya-repressiya rejiminin yürütdüyü ardıcıl ANTİMİLLİ, ANTİDEMOKRATİK siyasətlər üzündən… ölüm ayağındadır.
“Milli mətbuatımızın 140 illiyi” adına keçirilən görüşdə İ.Əliyev demişdi: “Bu gün ölkədə yüzlərlə qəzet-jurnal, televiziya fəaliyyət göstərir”. Bu gün ölkədəki bütün televiziyalar rejim televiziyaları olaraq “fəaliyyət” göstərməkdədir, “yüzlərlə qəzet-jurnaldan” yalnız bircəciyini – “Azadlıq” qəzetini rejim bir çoxları ilə etdiyi kimi, satın alıb ələ keçirməklə özünün YÜZLƏRLƏ yalan ruporundan birinə çevirə bilməyib. Bir də informasiya agentliklərindən birini – Turan informasiya agentliyini rejim hələ də ələ keçirə bilməyib. Buna görə də bu iki informasiya qurumu, İ.Əliyev başda olmaqla, bütün dövlət hakimiyəti sistemi üçün PERSONA NON QRATA yerindədir. Bir yandan özlərinin alınmayan, gərəksiz-yararsız olduğundan oxunmayan qəzetlərinə, o biri yandan satın aldıqları qəzetlərə il uzunu KİVə yardım fondundan böyük pullar ayırırkən, bütün güclərini qoymaqla bir qəzetlə bir informasiya agentliyini boğub sıradan çıxarmaq üçün dəridən-qabıqdan çıxırlar. İ.Əliyev Azərbaycanı durmadan “inkişaf” etdirdiklərindən, aya-ulduza yüksəltdiklərindən danışır. Gerçəkdən belədirsə, gerçəyi yazanlardan, doğrunu dilə gətirənlərdən niyə qorxursunuz?
Bu günlərdə sosial şəbəkədə İ.Əliyevin qızı Leyla Əliyevanın təkcə Moskvada 15 milyon manatlıq mülkü olduğu bildirildi (konkret yüksəliş göstəricisi!). Ondan az sonra sosial şəbəkədəki xırdaca bir yazısına görə jurnalist Rasim Əliyev döyülərək öldürüldü. Bəlli olduğu kimi, Əliyevlər xalqa çatası milyonlardan, milyardlardan keçməklə Azərbaycanı Olimpiya – idman ölkəsinə çevirməyə çalışırlar. Bir yandan Təhsil sistemini dağıtmaqla intellektualların- dərin düşüncə adamlarının kökünü kəsməyə, o biri yandan böyük pullar qoymaqla idmançıların – yalnızca YUMRUQ adamlarının sayını durmadan artırmağa çalışırlar: ölkəni gerçəkdən idman ölkəsinə çevirmək üçün deyil, yumruq adamlarının gücüylə hakimiyətlərini qoruyub saxlamaq üçün! Bir yandan multikulturalizmdən dəm vururlar, o biri yandan ölkədə Türklüyün xarakterinə uyğun olaraq min illərdən bəri sürüb gələn gerçək multikulturalizmin kökünü qazıyırlar. Hecə? Normal yurddaş yetirən Təhsil sistemini kor qoymaqla, boşuna yumruq-güc adamları yetişdirməklə.
Baxın, Rusiya kimi böyük, varlı ölkədə Putinin 2 min rubl pul verdiyi idmançıya bunlar 100 min manat pul, üstəlik, ayrı nələrsə də verirlər – yeniyetmələrə, gənclərə gedəcəkləri yeri, tutacaqları yolu göstərmək üçün! Burada göstərilən parlaq yol göstəriciliyindən sonra bunlara bir iş qalır: prezidentin sevmədiyi jurnalistləri sevməmək, prezidentin düşmən gözündə gördüyü jurnalistləri düşmən gözündə görmək. Jurnalist dostlarla bir araya gələrək Rasimin döyülməsindən, xəstəxanadakı ölümünədək baş verənləri götür-qoy edirdik. Hərənin bir versiyası vardı, mənim də öz versiyam: REJİM!
Qorxduğumuz oldu: İ.Əliyev işi “öz nəzarətinə “götürdü. Bilindiyi kimi, onun “öz nəzarətinə” götürdüyü işlərin biri də indiyədək gərəkən yuridik sonuca varmayıb: Elmar Hüseynovun, general Rail Rzayevin ölüm işindən tutmuş, yanan binadakı çoxsaylı ölüm işinədək…