“İNAM EVİ” DƏRGİSİ OXUCULARA SUNULUR

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu gün Azərbaycanın toplumsal-siyasi yaşamını əks etdirən xeyli sayda yazılı basın yayını var. Ancaq elektron basın yayını aktivləşdikcə bir çox qəzet və jurnallar meydanda qala bilməyib sıradan çıxırlar. Ayaqda qalmaq üçün qıraqdan maddi yardım alanlar isə gərəkən yöndə çalışmır, “yardımçı”nın tələb və şərtləri ilə işləməli olurlar. Sonucda basın sistemi gücdən salınır, milli şüurun dirçəlməsi aradan qalxır. Oxucu cəsarətli söz eşitmir. Artıq toplumsal yaşamdakı neqativ olayları sadalamaq elə bir cəsarət tələb eləmir. Hər kəs sadalanan neqativ halları gündəlik özü görür, izləyir. Bunları qıraqdan ona deməyə gərək qalmır. Başqa cür desək, şablon bilgilər verən basın sisteminə ehtiyac özünü doğrultmur. Beləliklə, basın sistemi ya mövcud siyasal rejimi qoruyur, ya da ən yaxşı halda rejimin ayrı-ayrı ünsürlərinin talançılığından, özbaşınalığından bəhs edir. Bununla heç bir halda milli şüurun dirçəlməsi baş tutmaz. Milli şüurun da dirçəlməsi yoxdursa, nə pozulmuş gediş dəyişə bilər, nə də gələcəyə umud yaranar. Əlbəttə, biz, bir dərgi olaraq, düşünmürük ki, bu boşluqları doldura bilərik. Sadəcə zaman-zaman milli dəyərlərimizi tanıtmaq, qorumaq yönündə çalışmalarımızla öhdəmizə düşənləri yerinə yetirmək istəyirik. Bilirik, onsuz da oxucu sayı azdır. Olan-qalan da çətin yaşamın sınağı qarşısında böyük məsələlər haqqında düşünə bilmir, ya da düşünmək istəmir. Hamı güzəran çətinliyinin qarşısında təntimiş durumda olduğundan böyük dərdləri düşünməyə və daşımağa gücü qalmır. Buna baxmayaraq, insanlarımıza böyük dərdi, yəni milli sorunları tanıtmaq gərəkdir. Bunsuz qurtuluş yolunu bulmaq mümkün deyil. Çünkü əsas sorun güzəran sorunu deyil, əsas sorun milli kimliyin itirilməsi sorunudur. Milli kimliyimiz aşılandığı, mənəvi qıtlıq yarandığı üçün heç kim başqalarına, eləcə də dəyərlərə sayğı duymur, yeyinliklə təbəqələşmə gedir və dərinləşir. Heç kim dövlətin heç bir strukturundan razılıq etmir. Nədəni məmurun iş yarıtmazlığında görürlər. Məmur dəyişir, ancaq durum dəyişmir. Çünkü rejim, quruluş, yönətimçilik yerində qalır.
Dövlətimiz bağımsız olandan üzü bu yana oxullarda öyrəncidən zorla pul toplayırlar – təmir pulu, pərdə pulu, qızdırıcı pulu və başqaları. Neçə eyitim baxanı (təhsil naziri) dəyişib, ancaq durum yaxşılığa doğru dəyişməyib. Televiziyalar yarımçılpaq adamların əxlaqa uyğun olmayan verilişlərini, musiqilərini yayınlayır. Neçə başçı dəyişib, ancaq durum yaxşılığa doğru dəyişməyib. Eləcə də səhiyyə sistemində, eləcə də hüquq sistemində və b.k. Milli düşünənlərimiz yoxdur, az sayda olanı da qoruya bilmirik. Deməli, öncə güzəran davası aparmaq yox, milli şüurun oyanmasının davasını aparmaq gərəkdir. İnsanlarımız milli şüura yiyələnmədiyi üçün biliksiz, cəsarətsiz və başıqapazlı olur. Ona görə də heç nəyə, heç bir gedişə dirəniş göstərmək alınmır. Bütün bunları gözə alıb, biz öz dərgimizlə milli şüurun gəlişməsinə qulluq eləmək istəyindəyik.
İstəkli oxucu, sən də bacardığını elə – heç olmasa oxu, düşün, yaz, təklif ver. Dəyərlərimizi tanıyaq, içimizə çevirək, mənliyimizi birləşdirək və pozulmuş gedişə birgə dirəniş göstərək!
Diqqətinizə sunuruq ki, bu günlərdə köşklərdə olacaq jurnal elmi-ədəbi-ideoloji yön daşıyır və birbaşa milli şüurun gəlişməsinə çalışır. Siz bu jurnalda milli yönə bağlı olan, istər klassiklərimizdən, istər çağdaşlarımızdan önəmli örnəklər oxuya biləcəksiniz. Bu addımı atmaqda məqsədimiz toplumsal yaşamımızda yaranan milli-mənəvi boşluqları az da olsa aradan qaldırmaqdır.
Göylü Atalı

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv