Soylu Atalı (Mütləqə İnam Ocağının Yükümlüsü). Anarxiya yaradan tolerantlıq

Sovetlər dağılandan üzü  bu yana  Azərbaycan iqtidarı daim dini tolerantlığını nümayiş etdirib öyünür. Ancaq biz indiyədək bu tolerantlıqda müsbət bir məzmun tapıb anlaya bilməmişik. Guya hər kəsə məslək seçimində azadlıq verilib. Bu, öz-özlüyündə yaxşı səslənir. Kim nəyə istəyir ona da inanır. Əlbəttə, heç kəsin içinə zor göstərmək olmaz ki, yalnız filan yönə inanmalısan. Ancaq bu İnam məsələsi həvəsə dayanan hobbi deyil axı. İnam – kainatın ümumi nizamını dərk etmək, ictimai münasibətlərin sağlam axarını yaratmaq deməkdir. Bu isə saf, müdrik, mütəfəkkir insanlar tərəfindən öyrədilir, maarifləndirilir, yönəldilir. Dövlət də belə insanlara qayğı və diqqət ayırmaqla cəmiyyətin saflaşmasına yardımçı olmalıdır. Ancaq bu dediklərimiz harda var?! İndi İnam-etiqad məsələsi ilə əlində milyardlarla vəsait toplamış adamlar məşğul olurlar. Onlar ayrı-ayrı vaxtlarda yaranmış təriqətləri ələ alıb siyasi məqsədlərini həyata keçirirlər. Yeni təriqətlərin yaranması hardasa anlaşılandır. Belə ki, min illər öncə yaranmış dinlərin əski qurallarında, dövrə, elmin inkişafına, çağdaş həyatın nizamına görə islahatlar aparmaq gərəkir. Ancaq görünən odur ki, bu yöndə islahatlar həyata keçirilmir, başqa məqsədlər ortaya çıxır. Ədliyə Baxanlığının  qeydiyyatından keçən istənilən təriqətin, sektanın, nə bilim nəyin, siyasi məqsədlərlə yaradıldığı bəllidir. Əgər insana məslək seçimi tanıyırsansa, onu qeydiyyata götürmək nə üçündür? Yox qeydiyyata götürürsənsə, deməli, onun məqsədini nəzarətə götürürsən. Bəlli olur ki, bu inam məsələsi deyil, siyasət məsələsidir. İnam məsələsi olsaydı, insanlar gedib mənəviyyatla məşğul olar və cəmiyyətdə də bunun yayılmasına qulluq göstərərdilər. Mənəviyyat quruculuğu ilə məşğul olanlara qarşı dözümlülük (tolerantlıq) göstərməkdə isə məntiq olmadığına görə, bunu qabardıb özünü ağıllı hakimiyyət kimi sunmaqda da məntiq yoxdur. Biz yazılarımızda dönə-dönə vurğulamışıq ki, dini tolerantlığın bir anlamı var: toplum düşüncəsində neçə yerə bölünür bölünsün, təki vahid düşüncəyə yiyələnib gücə çevrilməsin. Parçalanmış toplumu idarə etmək daha asandır, güc birliyini idarə etmək isə çox çətindir. Birliyi olan toplum idarə olunmur, ona qulluq göstərmək gərəkir. Tolerantlıq – “Parçala və buyur” tələbinin iç siyasət quralıdır.

Bu gün Azərbaycanda sələfilər deyilən vəhabilərin sayı çox artıbdır. Onların təşkilatlandığı ötən illər boyunca yüzlərlə aldadılmış Azərbaycan gəncləri hakimiyyətimiz tərəfindən mühakimə edilmiş, çoxları isə zindanlara atılmışdır. Deməli, tolerantlıq zindanlara yol açırmış. Dövlət öz insanlarına yiyə çıxmalı, onların maariflənməsi üçün önəmli işlər həyata keçirməlidir. Ancaq nə yazıqlar ki, toplumumuzun dağınıq olmasında maraqlı olan dış qüvvələrin  “afərin” qiymətini qazanmaq üçün tolerantlıq oyunu nümayiş etdirməli olur. Dış qüvvələr toplumun dağınıqlığından istifadə edib onun bəlli bir kəsimini ələ keçirir və ölkəmizdə öz niyyətlərini həyata keçirmək üçün hakimiyyətə etki göstərmək imkanı qazanır. Ona görə də  hakimiyyətin tolerantlığına  “afərin ”  deyir.

Deməli, toplumun çoxrəyliliyi, mahiyyətcə dağınıqlığı, həm hakimiyyətə gərəkdir, həm də burada siyasi niyyəti olan dış qüvvələrə. Beləliklə, hakimiyyət öz xalqına qarşı dış qüvvələrlə sanki anlaşmış bir çalışmadadır…

Ötənlərdə ölkənin gündəmini Nurçuluq təriqəti ilə bağlı bir qonu qapsadı. Hər kəs bu məsələyə iş işdən keçəndən sonra münasibət bildirir. Biz isə bu məsələnin doğura biləcəyi sorunları on ildən çoxdur ki, araşdırıb yazırıq, vurğu edirik. Biz xalqımızın şüurunu işğal edən dünyagörüşlərə qarşı mübarizə aparırıq, sapı bizdən olan baltalar isə itilənib üstümüzə qaldırılır. Özgə dəyirmanına su tökənlər milli dəyərlərimizə ərəb-islam donu geydirib toplumun gözünə kül üfürməklə məşğuldurlar. Babəkin, Nəsiminin guya müsəlman olduğunu sübut eləmək üçün dəridən-qabıqdan çıxırlar. Babəkin “İslam”a qarşı deyil, ərəb işğalına qarşı döyüşdüyünü, Nəsiminin avamlar tərəfindən edam olunduğunu yazırlar (Nəsimi avamlar tərəfindən edam olundu. Ancaq o avamlar təsadüfi adamlar deyildilər, onlar “bilirdilər” neylədiklərini). Babəkin, Nəsiminin müsəlman “olduğunu” sübut etmək üçün Babəkin Həsən, Nəsiminin Seyid Əli adı daşıdıqlarını əsas  gətirirlər. Bu cür adamlar anlamaq istəmirlər ki, heç kim anadan olanda özünə ad qoymur, adı ona qoyurlar. Adı çəkilən böyük şəxsiyyətlərimizin hər ikisi müsəlmançılıq dünyagörüşünə zorlanmış toplumun övladları idi. Bu günkü soyun nümayəndələri olan bizlər də müsəlman damğası ilə doğulmuşuq və pasportlarımıza ərəb adları yazdırıblar. Ancaq milli kimliyimizi dərk elədikcə  bu dünyagörüşdən və onun gətirdiyi adlardan imtina elədik. İndi ulusal kimliyimiz və ruhani özgürlüyümüz uğrunda mübarizə aparırıq. Mübarizəmizin hədəfi odur ki, bu cür özünəyadlaşma hansısa bir nöqtədə dayansın, özünəqayıdış aşaması başlasın. Qədimdə ərəb adları qoyulan şəxsiyyətlərimiz də belə bir mübarizənin peşində olublar.

Bu gün insanlarımız onun içini qarışdıran siyasi oyunları araşdıra bilmirlər. Hara niyə getdiklərinin fərqinə varmırlar. Ancaq bir tərəfdən də onları qınamaq olmur. Dövlətin yol açdığı, imkan yaratdığı təhsil müəssisələrinə getməsinlər, bəs hara getsinlər?! Onsuz da hara gedirsən get, milli gələcəyə qulluq göstərən məktəb müəssisə tapmayacaqsan…

Övladları Qafqaz universitetində təhsil alanlar deyirlər ki, orada heç kimi “Nurçuluğa” məcbur etmirlər. Bax, bu da türk sadəlövhlüyü. Məgər onların məqsədi gəlib bu xalqın övladlarına milli şüurun inkişafına yol açan təhsil verməkdir?! Heç kim hansısa gizli bir məqsədi həyata keçirmək üçün qabaqca şərtlər dilində danışmır axı.  Qafqaz universitetində də heç kim açıq şəkildə Nurçuluğa çağırılmır. Ancaq onlara öyrədilən, aşılanan ideoloji etkilər təhsilin sistemində mövcuddur. Gəncliyi məktəbə götürməklə kütləvi şəkildə harasa yönəltmirlər ki. Yüzlərlə öyrəncinin içindən onlarla gələcək kadr gözaltı edirlər. Onlara hər dönəmdə beş kadr gərəkdir. Ancaq bu beş kadrı əldə etmək üçün yüzlərlə insan cəlb olunmalıdır ki, seçə bilsinlər. Bu cür seçimlər bir ünvanda deyil, bir çox ünvanda – görünən, görünməyən qəliblərdə əldə edilir. Bunlardan da ən başlıcası məktəbdir.

Mətbuat yazırdı ki: “hakimiyyətin içinə yerləşdirilmiş “Nurçular” nəzarətə götürülüb”. Guya hakimiyyət elə görüntü yaradır ki, dövləti qoruyur, dış qüvvələrin etkisinə düşmüş adamlar tərəfindən xalqın idarə olunmasını aradan qaldırır. Halbuki, indiki Türkiyə hakimiyyətinin ona qarşı etiraz sərgiləməsindən çəkinir. Dünənə kimi Ərdoğan-Gülən birliyi vardı. Azərbaycanın hakim strukturlarına yerləşdirilmiş adamlar bu “birliyin” ortaq kadrları idi. Bunu Azərbaycan iqtidarı da bilirdi. İndi Ərdoğan-Gülən qarşıdurması yaranıb. Bu qarşıdurmada bəlli olur ki, Azərbaycanın hakim strukturlarındakı “Nurçu” kadrlar əsasən Gülənin kurasiyasındadır. Gülən Azərbaycandan Ərdoğanın işlərinə əl uzatmasın deyə, Ərdoğan öz hakimiyyəti üçün mümkün qorxuları önləmək cəhdləri edir. Azərbaycandakı Gülən kadrlarını bir-bir barmaqla göstərir. İşin pis cəhəti ondadır ki, harda kimlərin münasibəti korlanırsa, Azərbaycanın siyasi gündəmi qarışır. Əlbəttə, Azərbaycan böyük, sabit, dayanıqlı, öz içinə bağlı dövlət olsaydı, onun-bunun əsəbi əhvalları ilə su üzündəki qayıq kimi dalğalanmazdı. Biz hər zaman vurğu eləmişik ki, Azərbaycanda böyük siyasi maraqların hər birinin kadrı var, Azərbaycanın öz kadrı yoxdur. Dış maraqlara qulluq edən qruplar zorən bir araya gəlib Azərbaycanı sümürməklə məşğuldurlar. Bu qruplar bir-birinə ziddir. Ancaq, bir də vurğu edirik, onları bir arada tutan ortaq mənafe Azərbaycanı sümürməkdir.

Dini qruplara qarşı tolerantlıq da məhz bu sümürmə prosesini saxlamaq anlamı daşıyır. Hər kəs bilir ki, Azərbaycanda heç bir dini qruplaşma müstəqil deyil, nə də Azərbaycana bağlı deyil. Hər biri dış qüvvələrin marağına qulluq göstərir. Al, bu da sənin üçün demokratiya, çoxrəylilik. Azərbaycanın içi elə bir toplumsal-siyasal anarxiyaya çevrilib ki, bundan heç Allahın da başı çıxmır.

Biz isə vətənini, millətini, gələcəyini düşünən, düşünmək istəyən insanlarımızı bu fəlakətli durumdan baş çıxarmağa çağırırıq. Biz ideya veririk, ideoloji konsepsiya veririk, – gözlülər görsün, qulaqlılar eşitsin, ürəklilər qabağa dursun.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv