Yadigar Türkel. Nəriman Nərimanovun Nəsib bəy Yusifbəyliyə söyüşləri

«Sayğılı Ağalıq başçısı Nəsib bəy Usubbəyov!
Bizim politik baxışlarımız çox kəskin ayrıldığından mən daha başqa cür deyə bilmədiyimdən, sizə belə üz tuturam. Belə baxanda, bu elə də önəmli deyil, sonra deyəcəklərim önəmlidir… Siz, sözsüz, «Qafqaz Müsəlmanlarının Birinci Qurultayı»nı unutmayıbsınız, quşqusuz, mənim o qurultaydakı çıxışımı da unutmayıbsınız. Qurultay məndən böyük çıxış gözləyirdi, ancaq mən, demək olar, aşağıdakıları söylədim: «Güney Qafqaz müsəlmanları, sizin Rus devriminin huyunu aydınlaşdırmağınız gərəkdir. Rusiyadakı devrim soyğunçu imperialist savaşından sonra bütün dünyada olacaq devrimin başlanğıcıdır. Bu dünya devriminin dalğalarında boğulmaq istəmirsinizsə, Rusiya işçi-köylülərinin qırmızı bayrağı altında birləşin!».

Ancaq siz, deyəsən, elə mənim bütünü bu olan çıxışımı önəmsəyib, öz baxışlarınıza uyğun yozdunuz. O çağdan çox sürə keçdi, çoxlu şeylər yaşandı, yoxlandı.

Siz, siztək düşünənlər mənə politik yağı olmanıza baxmayaraq, siz «ulus», «din» sözlərindən dil-dil ötməyə başlayanadək, mən sizə sayğı ilə yanaşırdım, bundan sonra sizə geriqalmış adamlar kimi baxdım. Mən düşündüm: doğrudan da hamını bir anda uluslararasıçı eləmək olmaz!

Mən, Türkləri Qafqaza çağırmaq istəyənlərə qarşı çıxırdım. Mənim Duma zalındakı sonuncu çıxışım da ancaq bu sorundandı, sizdə baş verənləri açıq-aydın göstərirdi… Siz pantürkizm, panislamizm ideyalarını yayarkən, mən bir komunist kimi sizin üstünüzə qızğınlıqla düşürdüm, ancaq bir psixoloq kimi, sizin Türkiyənin qanadı altına sığınmaq istəklərinizə sayğı ilə yanaşırdım. Türkiyə «yenmiş»tək gəldi-getdi, almanlar da getdilər.

Ancaq sizin İngiltərəyə baxışınızı necə anlamaq olar? Axı, siz İngiltərə gələnədək, Vilhelmin bombaları London küçələrində partladığı çağda müsəlman topluluğuna İngiltərənin təkcə Türkiyənin yox, bütün islam dünyasının ən qorxulu, tarixi yağısı olduğunu deyirdiniz. Bunları müsəlman topluluğuna biz, müsəlman komunistlər də deyirdilər, deyirlər! Ancaq bəlli bir sürədən sonra siz, İngilislərə yağıcasına yanaşmaq bir yana, onlarla elə dostlaşdınız, özünüz də bilmədən özgürlüyünüzü belə itirdiniz.

İngiltərə durmadan sizin kişiliyinizi alırdı, sizsə, bu sürədə müsəlman topluluğuna humanist, kültürlü Antantadan mahnılar oxumağa başladınız!

Bax, bütün bunlardan sonra məni, sizlə əlbirləriniz öz ulusunu, ya da islamı doğrudanmı sevirlər, düşüncələri sarır.

Mən yenə deyirəm: İngiltərə sizə gələnədək, necə deyərlər, siz onunla yaxınlaşanadək dilinizdəki pantürkizm, panislamizm sözlərinin mənim üçün hansısa dəyəri vardı, ancaq bağışlayın, İngiltərənin ayağı altında onu müsəlman topluluğu qarşısında öyməyə başlayanda, siz mənə  ulusunu sevən ideya adamlarıtək yox, güclü olduğunuz müsəlman meşşanlar qatı içərisində bir bölük zavodçuların, mülkədarların gəlir-çıxarlarının qoruyucusu kimi göründünüz!

Doğrudan da, bu belə deyilmi? Siz Azərbaycanı ürəkdən-candan sevirdinizsə, bütün müsəlmanların doğruçu qorucusu olsaydınız (belə deməyi sevirdiniz), müsəlman topluluğuna yanaşdığınız kimi yanaşmazdınız…

Ancaq mənə elə gəlir, indi bu yazıq müsəlman topluluğu da mən düşündüyüm kimi düşünür. O, bütün olanları yaşayıb, yenidən sınaqdan keçirəndən sonra bu düşüncəyə gəldi: «İslam», eləcə də «Ulus» sözləri sizinçün pərdə olmuşdur, özü də sizi ağzınız köpüklənə-köpüklənə Sovet Ağalığına qarşı danışmağa yönəldən bir bölük bəy, xan, hazıryeyənlərin – Bakı milyonerlərinin gəlir-çıxarları imiş!

İndi İngiltərə gedir, özü də sizin istəyinizlə getmir, yox, İngiltərədə çox qarışıqlıq olduğundan gedir. Gedərkən o, sizi İtalyanların əlinə vermək istərdi (necə də alçaldıcıdır!), ancaq bu axırıncı da, indi orada çox qarışıqlıq olduğundan ora-bura atılammaz!

Ancaq İngiltərəyə sizi Sovet Rusiyası ilə ilişkilərə qoymayacaq bir ələ vermək gərəkdir. Bütün bunlar sözsüz, sizə bəllidir. Ancaq İngiltərə sonda Denikin adında daha güvənli adam tapdı. Sizi bilmirəm, ancaq bizim Denikinin Bakıya İngiltərənin onayı ilə saldıracağından quşqumuz yoxdur!

Bax, elə bu arada siz igidlik edib Denikinlə savaşacağınızı bildirirsiniz.

Ancaq sizi buna nə yönəldir?

Yox, mən burada işçilərin basqısından danışmayacağam, sizin ürəyinizin gizlinliklərini anlamaq istəyirəm.

Burjuaziya üçün bütünlüklə önəmsizdir: ona şən, qayğısız yaşam gərəkdir, bu Denikin dönəmində də olacaqdır.

Ancaq siz, Azərbaycanın müsəlman topluluğunun gələcəyini çözən, indi ağalıqda olan müsəlman aydınları Denikinin sizə nə gətirəcəyini çox gözəl anlayırsınız!

Denikin – çar generalıdır, çağırışı da  bəllidir! O, sizə «Allah, çarı qoru!» – oxudacaqdır! Bu himnin səsləri altında sizin Qurucu toplantınız,  respublikanızla birlikdə uçub-dağılacaq, siz də onunla birlikdə yox olacaqsınız!

Açığını desək, sizi çar generalına savaş açmağa yönəldən bax, budur!

Mən inanıram, siz, Denikinin də İngiltərə kimi sizə toxunmayacağından arxayın olsaydınız, Sovet Rusiyası ilə ilişkidə olmamaq üçün o alçağı duz-çörəklə qarşılayardınız! Bax, sizin bütün politikanız mənə belə görünür!

Ancaq bilin, Denikini Gürcüstanla birgə siz yox, Sovet Rusiyası əzəcəkdir!

Kolçak artıq əzilmişdir, tezliklə Denikinin də sonu çatacaq, Sovet Ağalığının güclü əli açılacaqdır. Yox, siz, indi də qabaqkıtək kar-korsunuzsa, özəlliklə də Versal Barışığından sonra  dünyada olanları görmür, eşitmirsinizsə, onda Sovet Rusiyası sizə elə də qorxulu deyildir.

Siz, birinci Qafqaz qurultayında mənim sözlərimə gülüşlə yanaşdınızsa, sözlərimin indi sizdə gülüş doğuracağını düşünmürəm!

Sizin bütün politikanıza görə Güney Qafqaz müsəlmanlarının işçi-köylüsünün məhkəməsi qarşısında duracağınız qorxunc an yaxındadır!

Ancaq siz, qonşularınız Ermənilərlə Gürcülərin də belə etdiyini deməklə özünüzü duruya çıxarmağa çalışa bilərsiniz. Onda sizdən soracaqlar: «Siz bilmirdinizmi, Azərbaycanın Bakıyla birgə Sovet Rusiyası üçün ayrıca yeri vardı?».

Sovet Rusiyası üçün Ermənistanla Gürcüstanla bağlılıq elə də önəmli deyildir, ancaq Bakı – bu, Sovet Rusiyasının yaşamıdır!

Bax siz, müsəlman öncülləri, bu önəmli soru ilə sürəkli oynayaraq, sizi kiçik itkilərlə yüzillik çar qulluğundan qurtulmağa qoyan Rus işçi-köylülərinə ən yüksək düzəydə alçaqlıq etdiniz! Nə Ermənistana, nə Gürcüstana bu sualı verməyəcəklər, ancaq sizə verəcəklər!

Sizinsə cavabınız yoxdur, ancaq deyə bilərsiniz, siz, politik oxumamışlar, çox güclü Vilhelmin taxt-tacını əldən verəcəyini, Türkiyənin bağımsızlığını itirəcəyini, gələcəyinizi yenidən Sovet Rusiyası ilə bağlamalı olacağınızı bilməmisiniz.

Qızıl ordunun sərgilədiyi ağlasığmaz uğurlar çağında bütöv bir ulusun, bütöv bir dövlətin yaşamı ilə oynamaq olmaz! Ancaq siz belə cinayətkarcasına şakalaşırsınız. Sizin qonşularınız sizi dalana soxub dalınızca gülürlər. Budur sizə Ermənistan: o, İngiltərə, indi də Denikinlə bağları saxlamaqla agentlərini Moskvaya göndərərək sovetyönümlükdən danışır.

Bəs, Denikin tezliklə dağıdılar, Ermənistan sovetyönlüyünü bildirərsə (belə də olacaq), sizin durumunuz necə olacaqdır?..

Eşidin, Nəsib bəy, bu məktubun sizə çatıb-çatmayacağını bilmirəm, ancaq bilirəm, məni bu sözləri yazmağa yönəldən duyğular incitməyəcək, mən bacardığımı etdim!

Mənim yaşamım sizə, sizin yoldaşlarınıza bəllidir. Mən yaşamımın yaxşı illərini Güney Qafqaza, daha çox da Bakıya vermişəm. Mən, 25 illik toplumsal-ədəbi, politik işlərdən sonra çox yorğunam, bir ayağım gordadır. Mən bütün bilincimlə deyirəm: insanlığın qurtuluşu kapitalın aradan qaldırılmasında, əməyin uğurundadır! Bu, daha çox əzilmiş, doğa ilə savaşda daha çox geri qalmış elementlər olan müsəlmanlara gərəkdir…

Qoy Sovet ağalığı islam dininə tapınan bütün dövlətlərdə, ellərdə qurulsun. Onda onlar yüz ildə edəmmədiklərini on ildə  edəcəklər. Belə işıqlı gələcək qarşısında sizə bir bölük əxlaqsız adamlardan danışmaq, düşünmək ayıb olacaqdır! , onlar kapital ağalıq etdiyindən, əmək ayıb sayıldığından əxlaqsız olmuşlar!..

Dünya devrimi yanğınının alovunun onun, demək olar, bütün yaşanan yerlərini yaxdığı belə önəmli anda, mən sizi, sizintək düşünənləri qəbirqazan olmaqdan çəkinməyə çağırıram!

Özünüzdə kişilik tapıb deyin: biz Rusiya devriminin huyunu anlamadıq, biz dağıdıcı imperialist savaşının bütün sonuclarını görəmmədik, biz səhnədən gedirik, qoy, Azərbaycanda Sovet Ağalığı olsun!

Mən düşünürəm, siz bununla Rus proletarları qarşısında suçunuzu yüngülləşdirər, bununla da müsəlman topluluğunu yaxın günlərdə gözləyən yeni ağır ağrı-acıdan qurtararsınız!

Qoy, bu məktub tarix bəlgəsi olsun! Siz, siztək düşünənlərlə bu məktuba önəmsiz baxsanız da, ancaq mən düşünürəm, yaxın çağlarda bu bəlgəni Azərbaycan Respublikasının işçi-köylülərinə oxumaq olanağı yaranacaqdır! O çağda onlar kimin ürəyinin onlar üçün doğrudan, qızğınlıqla vurduğunu biləcəklər!».

 

*Azərbaycanın gələcək yurdsevər yaşılları, bilimçiləri, politikləri! Azərbaycan Respublikası başçılarının Türk dövlətçilik tarixində etdikləri taysız işləri dəyərləndirməkdə çətinlik çəkdiyi bu günlərdə, Nəriman Nərimanovun böyük yurddaş, böyük azərbaycançı, böyük türkçü Nəsib bəy Yusifbəyliyə, düzünə qalsa Azərbaycan Cümhuriyətinin butun qurucularına, bütün Azərbaycana söyüşlərini Rus dilindən Türk dilinə çevirib yayımlamaqdan istəyimiz onu kiçiltmək yox, sizi daha düzgün, daha ulusalçı, çağdaş, demokratik yol tutmağa, aşırılıqdan qaçmağa yönəltməkdir!

Nəriman Nərimanovun Novorosiysk Universitetinin Tibb Fakultəsini bitirdiyini göstərən diplomundakı bilim alanlarına baxanda, Rusiya universitetlərində öyrəncilərə çağın ən yüksək tibb bilimlərinin keçildiyini görmək olur. Onun diplomundakı bilimlərin birinin adı «nerv, ruh xəstəlikləri»dir. İndi nerv xəstəlikləri ayrı keçilir, «ruh xəstəlikləri» isə «Psixiatriya» (ruhu sağaldıram, daha geniş: psixi xəstələri sağaldıram) adı ilə öyrədilir.

Tibb bilimlərini oxumuş 48 yaşlı bir doktorun məktubunda Nəsib bəyə «mən bir psixoloq kimi» deyib, dərs keçməsi, «25 illik toplumsal-ədəbi, politik işlərdən sonra çox yorğunam, bir ayağım gordadır» deməsi, onun doğrudan da, çox yorulduğunu göstərir. «Mən bir psixoloq kimi» sözləri qaraçı arvadların falabaxması, Azərbaycanın çağdaş akademiklərindən birinin XXI yüzilin 15-ci ilində, AzTV-də danışdığı: «Məhəmməd peyğəmbər getdi allahın yanına. Allah ona dedi: müsəlmanlar əlli rükət namaz qılmalıdırlar. Məhəmməd peyğəmbər gəldi, Musa peyğəmbər dedi: əlli rükət çoxdur, beş rükət bəsdir! Məhəmməd peyğəmbər yenidən getdi allahın yanına, allah dedi: yaxşı, beş rükət qılsınlar…» – axmaqlığı ilə birdir!

Bir çağlar yazılarında, çıxışlarında doğa bilimləri uzmanıtək danışan, «evolyusiya quraması çox böyük quramadır» yazan,  «Pir» öyküsü ilə Türk ulusunun başını tovlayıb geriliyə çəkən din alverçilərini qamçılayan Nəriman Nərimanovun varlığındakı bu «psixoloq»luqda, «biz dirilərlə yanaşı  ölülərdən də ağrı-acı çəkirik» deyən, öyrətməni saydığı Karl Marksla böyük qardaşı, yolgöstərəni Vladimir Leninin dünyaya yaydıqları psixi radikalizmdə – aşırılıqda dolaşıb, Azərbaycan türklərinin XX yüzildə yetirdiyi ən dövlətçi insanlara, böyük yurddaşlara, gerçəkdə isə bütün Azərbaycana belə yersiz, ağır sözlər deməsi, söyməsi çox düşündürücüdür.

Nəriman Nərimanovun Moskvadakı böyük qardaşları Leninə, Stalinə etdiyi çoxlu dokladlar, yazılarla Rus-erməni-sovet-mason bolşefaşistlərini Azərbaycanı  tutmağa çağırdığı orconikidzelərdən, mikoyanlardan, mirzoyanlardan, sarkislərdən, sumbatlardan, Əliheydər Qarayevdən, Mirzə Davud Hüseynovdan  qurtarmaq üçün RK(b)P-yə, Stalinə yazdığı məktublarla bağlı yaradılmış «Araşdırma Komisiyası»ndakı üzləşmədə də «25 illik toplumsal-ədəbi, politik işlərdən sonra çox yorğunam, bir ayağım gordadır» kimi sözlər deyib zarıması da politikliyindən çox içdəngəlmə «psixoloq»luğundan-psixi radikalizmindəndir!

Az qala bütün Qafqazı, bütün Tarixi-coğrafi-politik Azərbaycanı tutmağa çalışan Erməniləri 9 min kv. km-ə sıxışdırıb, Gürcülərlə Borçalı sorununu Arbitraj məhkəməsinə çıxaran Nəsib bəylərə politika dərsi keçən Nəriman Nərimanov  bolşefaşist qardaşlarının basqısından canını qurtarmaq üçün: «Rusiyada özgürlük üçün heç kim Erməni ulusudək çalışmamışdır» deyərək, 1920-ci il dekabrın 1-də, Azərbaycan topraqlarını atasının malı kimi, 3 gün öncə yaradılmış Ermənistan SSR-ə bağışlamışdır: «Zəngəzur, Naxçıvan sancaqları topraqlarının Sovet Ermənistanının ayrılmaz parçası olduğu bildirilir! (Ura!…), Dağlıq Qarabağın köylülərinə özünübəlirləmə hüququ verilir! Zəngəzur toprağındakı bütün savaşlar kəsilir, Sovet Azərbaycanının qoşunları oradan çıxarılır! (Alqışlar). Sovet Azərbaycanı özünün türkənməz neft, kerosin, eləcə də başqa var-yatır qapılarını Sovet Ermənistanının üzünə geniş açır (Gurultulu alqışlar).

Dünya imperializminin yırtıcılarının çıxardığı, ondan ötrü Güney Qafqazda qanlı qırğınlar törədilən bu var-yatır bu gundən sarsılmaz sıralarda birləşərək dünya kapitalizminin üstünə gedəcək Rusiya, Sovet Azərbaycanı, Sovet Ermənistanının malıdır! (Alqışlar)». [ARPİQPBA, f. 276, yazı 3].

Kişiliyi olan yurdsevər politik belə etməzdi! O, mən bacarmadım, mən çəkildim, ya da mən savaşıram, ölənədək savaşacam! – deyərdi.

Nəriman Nərimanov 1920-ci il mayın 16-da Bakıya gələnə kimi Azərbaycanda «Ho…, ho… olub, əkinçi soyul»muşdu, teleqram vurub çağırdığı Rus-erməni-sovet-mason bolşefaşist qardaşları yurdumuzu başdan-başa yağmalayıb, çalıb-çapmış, süngüdən keçirmişdilər. Onun Bakı dəmiryolu vağzalında qarşılanma törəni də gerçəkdə bolşefaşistlərin gülüş törəni idi. Nəriman Nərimanov psixi radikalizmə qapıldığından bunu anlamamışdır!

İçindəki bu psixoloqluqdan-psixi radikalizmindən bütün dünya proletarlarını özgürlüyə qovuşdurmaq mason politikasına uyan Nəriman Nərimanovun bir neçə yol gedib Rus-erməni-sovet-mason bolşefaşistlərinin başçısı Vladimir Leninə dokladlar etməsi, bolşefaşistləri Bakıya, Azərbaycan Cümhuriyətini devirməyə çağırmasının hüquqda bir adı vardır: SATQINLIQ, DÖVLƏT CİNAYƏTİ!

Nəriman Nərimanovu aldandığını anlayandan sonra Stalinə, oğlu Nəcəfə yazdığı məktublara görə bağışlamaq olmaz!

Çağdaş Azərbaycanda da iki ideoloji yol vardır. Biri, Nəriman Nərimanovun göstərdiyi: «Bizim təkcə bir yolumuz vardır: ünlü böyüyümüz Leninin göstərdiyi yol!» – «proletar diktaturası» yolu, Azərbaycan Respublikasının çağdaş başçıları onu, demək olar, «ailə diktaturası»na çevirib gedirlər, biri də Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşının, Fətəli Xan Xoyskinin, Nəsib bəy  Yusifbəylinin, Həsən bəy Ağayevin… ulusal özünüanlama, özünütanıma, Türk dövlətçiliyi, çağdaş demokratik dövlət yolu. Biz, ikinci yolun yolçusuyuq, son soluğumuzadək də bu, Azərbaycan yolundan dönməyəcəyik!!!

 

*Çevirdiyimiz qaynaq: Nariman Narimanov. «İzbrannıye proizvedeniya» (Seçilmiş əsərləri). (1918-1921). II c. B.,1989, 217-220-ci s. Onların qaynağı: Nariman Narimanov. Stati i pisma (Yazılar, məktublar). M., 1925. 17-21-ci s.

Mirzə Fətəli Axundov adına Kitabxanadan Nariman Narimanov. Statyi i pisma. M.,1925 çapını tapammadıq.

1989-cu il çapında məktubun başlığı rusca «Pismo Qlave Musavatskoqo Pravitelstva Respubliki N.Usubbekovu» kimi yanlış yazılmışdır.

Tutuşdurduğumuz «Komunist» (rusca) qəzetinin 16 may 1920-ci il, 13-cü sayında yazının adı «Pismo tovarişa Narimana Narimanova (nıne predsedatelya Revkoma A.S.S.R) k bıvşemu predsedatelyu Soveta ministrov Azerbaydjanskoy Respubliki qosbodinu Usubbekovu prislannoye v yanvare 1920 qoda» yazılmış,  sonunda «Redaksiyadan»: «N.Nərimanovun çap etdiyimiz, işlər içindən tapılan, indi tarix bəlgəsi özəllikli məktubunu bizə keçmiş ağalıq üyələrinin pozuntularını araşdıran Özəl Araşdırma Komisiyası vermişdir» açıqlaması verilib.

Biz yazının adını «Nəriman Nərimanovun Nəsib bəy Yusifbəyliyə söyüşləri» qoyduq.

Yatıq yazı ilə yazılanlar «Komunist» qəzetindən artırılanlardır.

 

 

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv