Yadigar Türkel. Bir Bəlgə

Azərbaycanın politik tarixinin ən öyünməli çağı 1918-1920-ci illərdə olmuş Azərbaycan Cümhuriyəti, başqa deyimlə, Azərbaycan Respublikasıdır. Azərbaycan Cümhuriyəti var olduğu 23 ayda Azərbaycan, Türk, Doğu tarixində öyülməli politik, ekonomik, kültürəl işlər görmüşdür. Son 27 ildə Azərbaycanın sayğın, seçkin aydınlarından Mövsüm Əliyev, Rüstəm Əliyev, Şirməmməd Hüseynov, Cavad Heyət, Cəmil Həsənli, Ramiz Abutalıbov, Şamil Qurbanov, Səfər İbrahimov, Ataxan Paşayev, Asif Rüstəmli, Ramiz Əskər, Aydın Balayev, Nəsiman Yaqublu, Yadigar Türkel, Vilayət Quliyev, Həsən Həsənov, Nəsib Nəsibli, Nazif Qəhrəmanlı, Xaləddin İbrahimli, Mayis Əlizadə, Paşa Əlioğlu, Elçin, Abid Tahirli, Aygün Həşimova, Nigar Maksvel, İradə Bağırova, Axund Hacı Sultan Əlizadə, Vaqif Sultanlı, Müstəqil Ağayev, Rafail Əhmədli, Mübariz Süleymanlı, Faiq Ələkbərli, Nikpur Cabbarlı, Şəhla Kazımova, Teyyub Qurban, Xan Bahadır Törəli, eləcə də b. Cümhuriyətin 70 il Türk ulusundan gizlədilmiş dönməz, azərbaycançı qurucularının yaşamı, ulus, dövlət yolunda çalışmaları, ideoloji düşüncələri yazılmış bəlgələrin üzə çıxarılması, çapı, yeni soylara çatdırılması üçün önəmli işlər görmüşlər. Bir çox işlər də çağdaş Azərbaycan dövlətinin əli, yardımı ilə edilmişdir.

Türkiyə Cümhuriyətinin sayğın bilimçiləri, aydınlarından Mirzə Bala Məmmədzadə, Feyzi Aküzüm, Əhməd Qaraca, Yavuz Akpınar, İrfan Murad Yıldırım, Səlahəddin Çaqın, Səbahəddin Şimşir, Ömər Özcanın, ABŞ bilimçilərindən Tadeuş Svyatxovski, Andre Alştad, Rusiya Federasiyasının bilimçilərindən Salavat İshakovun, Yapon Katsumi Tku Masunun da bu yöndə dəyərli işləri anılmalı, dəyərləndirilməlidir.

Azərbaycan arxivlərində Azərbaycan Cümhuriyətilə bağlı, çağdaş, eləcə də gələcək soylara çatdırılmalı çoxlu bəlgə vardır. Onlardan biri də Azərbaycan Respublikasının Dövlət Arxivindəki (fond.894, siy.7, sax.vah.12) yiyəsi bilinməyən bu əlyazma – Diləkcədir.

Bəlgə o çağın gerçək politik, ekonomik, ideoloci, sosial-psixoloji durumunu öyrənən araşdırıcılar üçün çox dəyərlidir.

Nəsib bəy Yusifbəylinin Azərbaycan Cümhuriyətinin 1919-cu il aprelin 14-də oluşdurulan 4-cü kabinəsində Baş bakanlıqdan başqa İç İşləri bakanı görəvində də bulunduğu, bəlgədə adı keçən Ağabəyovun da onun yardımçısı olduğu bilindiyindən, «Azərbaycan hökumətinin əleyhində iğtişaş (qarışıqlıq salan) edən Osmanlı zabitləri (ni) tutub müavininiz (yardımçınız) Ağabəyova təslim etdim» cümləsindən Diləkcə yiyəsinin Qarabağın polisbaşısı olduğunu düşünmək olur.

Əlyazmanın dilindəki çox çətin Ərəb sözlərinin türkcə anlamları ayrıcda yazmış, qırılmış yerlərə yatıq yazı ilə uyğun Türk sözləri artırılmışdır.

«30 temmuz (iyul) 1335 (1919)

Ağdam

Azərbaycan Cümhuriyəti Rəyasəti-Alisi (Baş bakanı) Nəsib bəy həzrətlərinə!

  1. Lilhəmd (Allaha şükür) alnım açıq, vicdanım pak olaraq bu günə qədər ifayi-vəzifə…etdim.

Bu gün aldığım məlumata görə vali Xosrov bəy həzrətləri bəndənizi vəzifədən kənar etdi.

Qərari-vəzifəmi buyurulan zata (adama) təslim (verib) edib, kənara çəkilərək, əmri-dövlətinizə müntəzir (sağlanmış, hazır) olacağam!

  1. Bir sənədən (ildən) bəri Qarabağda sidqi-sədaqətlə (ürəkdən, candan dönmədən) millətə (ulusa) kömək etdim. Əhli-islam (müsəlman) olan təqdir (dəyərləndirir) edir. Azərbaycan hökumətinin əleyhində iğtişaş (qarışıqlıq salan) edən Osmanlı zabitləri (ni) tutub müavininiz (yardımçınız) Ağabəyova təslim etdim. Heç bir safda (sırada, yöndə, yerdə) müavinətim (yardımım) olmadığı halda əndərunun (içərinin, daxilin, Azərbaycan Ağalığının) Zəngəzura olan təsərrüfünü (tutumunu, baxışını) müdafiə etdim.
  2. 10 mart 1335 tarixindən bu günə qədər Xosrov bəyin əmrilə verilən vəzifəmi ifa etdim. Atlı və piyada adamlardan bir nəfər əksik olursa və xəyanətlik olursa, cəzama razıyam!

Xosrov bəy mənim əleyhimdə verdikləri yalan məlumata görə məni ləkələmək istəyir. Fəqət (ancaq) alnım açıqdır və vicdanım pakdır! Həqiqət (bilinsin) edilsin, mənim məsləkim (istəyim, amacım) millət yolunda həvəskaranə (könüllü, ürəkdən, candan) xidmət edib ya şəhid olmaq, ya qazi olmaqdır! Binaət-ileyh (ona görə) vəzifədən kənar olduğuma mütəəssir (acımam, duyğulanmam) olmam! Namuspak olmuş istəyirəm! Bu xüsus üçün hüququmun zaye (boş) olmamasını istihram (diləyirəm, istəyirəm) edirəm.

Bu günə qədər Xosrov bəy ayda iki min manat maaş vermişdir. Pula xidmət edən bir adam olsa idim, iki min manata xidmət etməzdim! Binaən ileyh mən millət yolunda çalışmağa ayağıçarıq gedirəm! Azərbaycan hökuməti daxilində ən mühüm olan bir vəzifəni ifa edəməzsəm, edam ediniz! Həm də ən kiçik vəzifədən ən böyük vəzifəyə qədər çalışmağa müqtədirəm (bacarıqlıyam, qadirəm).

İqtidarım (gücüm), əxlaqım, namus zirvəsində xidmət etməkdir!

Mən bu həvalidə (bölgədə) edilən işlər haqqında cənabınıza qissə (danışacaq bilgi verəcək) edəcək olursam, bir həftə mütəmadiyən (qabaqcadan) yazılım.

Zaman zalım ilə zülmü isbat edəcəkdir!

10 temmuz gecəsi qərargahıma (iş yerimə) gedib vəzifəmi təslim edəcəyəm, Qarabağdan qəti əlaqəmi qət edəcəyəm (kəsəcəyəm)!».

Bəlgə əlyazma olduğundan oxunması bir az da çətinləşmişdir. Onu Ərəb yazısından Azərbaycanın Latın yazısına AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi Saleh Əlidostu köçürmüş, Əlyazmalar İnstitutunun böyük elmi işçisi Akif Ramazanlı isə bir sıra düzəlişlər etmişdir.

Bəlgənin yazıldığı 30 temmuz (iyul) 1335-ci il tarixini 1919-cu ilə uyğunlaşdırammadıq…

Bəlgənin oxunmasında ortaya çıxan çətinliklər, bizdə, Türk dilinə heç uyğun olmayan Ərəb yazısının dəyişdirilməsi üçün çalışmış böyüyümüz Mirzə Fətəli Axundovla ardıcıllarına bir daha sonsuz sayğı, sevgi doğurdu!

Diləkçədə çağdaş yurddaşları etkiləyəcək, demokratik Azərbaycan Cümhuriyətilə bağlı öyünməli bir çağırış vardır. Onu yazan Azərbaycan Cümhuriyətinin baş bakanına deyir: «Mən millət (ulus) yolunda çalışmağa ayağıçarıq gedirəm! Azərbaycan hökuməti daxilində ən mühüm olan bir vəzifəni ifa edəməzsəm, edam ediniz!».

Bu çox düşündürücüdür!… Çağdaş Azərbaycan Respublikasında ən yüksək görəvlidən ən kiçik yetkiliyədək, götürək elə yazıda danışılan İç İşləri bakanından tutmuş, Qubadan, Salyandan… gecə saat 4-də yola çıxıb Bakıya satmağa meyvə, göy-göyərti gətirən qadınlardan pul qoparıb yuxarı ötürən sahə polisinə kimi, kimsə, belə söz verə bilərmi? Yox!!! Nədəni bəllidir! Azərbaycan Respublikasında politik sistem klassik demokratiya yasaları ilə işləmir! Demokratik quruluşda bir adam 21 il İç İşləri bakını işləməz, işləyəməz!

Azərbaycanın politik quruluşunun getdikcə avtoritarlaşması üzündən 1992-ci il martın 14-dən yurddaşlarla ədalətlə davranmağa başlayan, yetki görəvini anlayıb özünü yığışdırmış polis, 1995-ci ildə anayasa uyğulanandan sonra toplumun yaşamına qarışmaqda Sovet polisini də arxada qoydu, son illərdə də az qalıb Rus-erməni-sovet-mason bolşefaşizminin ilk illərinə qayıtsın.

Azərbaycan Respublikası 1995-ci ildən demokratiya gələnəklərindən uzaqlaşıb avtoritarizmə, sorumsuz ağalığa doğru gedir. Azərbaycan Ağalığının başında duranlar heç bir bilgin, bilimçi sözünü eşitmir, yurdsevər aydınların basındakı ələşdirilərini gözə almır, yolsuzluqdan, rüşvətdən çəkilmirlər. Tarix boyu bütün yenilikçi dövlət başçıları isə çağın bilginlərinin yolgöstərmələrindən öyrənmiş, buna görə uğur qazanmışlar.

Azərbaycanda kimsə 1990-cı ilə kimi Politologiya bilimindən «bir şöz» bildiyini deyəmməz! Azərbaycan bilimçiləri, öyrətmənləri tarix, fəlsəfə dərsliklərindən ancaq dövlətin «bir sinfin başqa sinif üzərində zorakılıq aləti» olmasını oxumuşdular. Azərbaycanın ən yüksək dövlət qurumlarının başındakılar Sovet İttifaqının ucqar bölgəsinin «kiçik yönəticiləri» idi. Azərbaycan politiklərindən bəlkə, Heydər Əliyev Politologiya bilimindən nə isə bir söz eşitmişdi. Ancaq tarix onun da politoloji düşüncəsinin Vladimir Leninin zorakılıq fəlsəfəsindən o yana getmədiyini göstərdi.

Azərbaycanın bilimçi öyrətmənləri 1990-cı illərdən politologiya dərslikləri yazmağa başladılar. Bu dərsliklərdə demokratik politik quruluşa önəm verildi. Onlardan birini – bilginlərin, öyrətmənlərin çox yaxşı qarşılayıb, dəyərləndirdikləri, dərsliktək qullandıqları «Politologiya (Açıqlamalarla sözlük, ya da milli kimlik dərsləri» (B., 2008) bitiyini yazdığımıza görə öyünürük.

Ancaq Azərbaycan Ağalığı ulusun çocuqlarına yenicə demokratiya, hüquq dövləti, demokratik politik quruluşda seçki mexanizmləri öyrədilməyə başlananda Politologiyanı universitetlərin proqramından çıxardı. Demək, bunlara demokratik dövlətçilik ilkələrini bilən bilikli yaşıllar yox, yalan-palanla, öymələrlə böyüdülmüş politikanlar, daha düzgünü anlamazlar gərəkdir!

Çağdaş qabaqcıl dünya dövlətin marksist-leninçi anlamından çox uzaqlaşıb hüquq dövlətindən, sosial dövlətə, ondan da informasiya dövlətinə keçmişdir. Ərəb-İslam, Türk-müsəlman dövlətləri isə çağın geridə qalmış dövlətləri sırasındadır. Bu dövlətlərin çoxunun politik quruluşu monarxiya, din respublikası kimi çağdışıdır, Azərbaycan Respublikası isə «prezident respublikası»dır. Azərbaycan Respublikasında ölkə prezidentinə anayasa ilə sınırsız yetkilər verilmişdir. Azərbaycan Prezidenti ulusun qarşısında sorumsuzdur, istəsə asar, istəsə kəsər, istəyir asır, istəyir kəsir.

Azərbaycan Parlamenti gerçəkdə Prezidentin dəftərxanası, yolsuzluqları örtmə qurumudur. Demokratik politik quruluşda isə belə olmur, belə olmaz! Demokratik quruluşda yönətim yasama qurumunun qarşısında sorumlu olur, parlamentin onayı olmadan bir manat da pul xərcləyəmməz!

Məhəmməd Əmin Rəsulzadə bütün dünya proletarlarını özgürlüyə çatdırmaq istəyilə Rus-erməni-sovet-mason bolşefaşistlərini Azərbaycana çağıranların başında durub, Lenindən də «böyük Rusiyaçı» olan Nəriman Nərimanovun politik suçlamasından danışarkən demişdir: «Devrimin ilk günlərində [16 may 1920] Rus Ordusunun ona yapdığı görkəmli qarşılama törənilə Moskvadan Bakıya dönən Nəriman [Nərimanov]  «Təzə Pir» məscidi alanında ulusa üz tutaraq söylədiyi çıxışında deyirdi: «Ayrıca bir komisiya yaratdıq. Bu komisiya əski Ağalığın bəlgələrini araşdırır. Bir kaç gün sonra sonucu bildirəcək. O çağ siz də görəcəksiniz, nə kimi satqınlar sizi yönətirmiş! Kaç gün deyil, kaç il keçdi, o komisiya bu sonucu indiyədək açıqlamamışdır. Edəmməz də! Axı, ölkəni İngilislərə satdı deyə suçlanan Ağalığın ulusun hüququndan bir buğda dənəsi olsun yadlara verdiyini bir Nəriman [Nərimanov] deyil, bütün Bolşeviklər bir araya gəlsələr də doğrulayammazlar!» (Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyəti. B., 2015, 128-ci s.).

Buna görə Azərbaycan aydınlarını, bilimçilərini Azərbaycan Respublikasının politik quruluşunu daha da demokratikləşdirməyə, parlamentarizmə çevirmək üçün çalışmağa çağırırıq!

Azərbaycan Respublikasında demokratikləşdirilməli ən önəmli yaşam alanlarından biri Azərbaycan Milli Elmlər Akademiyasıdır. 1980-ci illərin sonu, 1990-cı illərin başında ulusal ideoloqlar kimi ulusu qorumağa, ideoloji yönəltməyə çalışan, son illərdə isə maddi-mənəvi yöndən ölmüş bilimçilərin toplumun sorunlarına soyuqluğu çox acıdır.

Ulusun yaşamı, tarixi, kültürü üçün çox önəmli olan bu qurumdan danışarkən deməliyik: AMEA son 10-15 ildə «öldürülmüş»dür! Burada da toplumun başqa kəsimlərində olduğu kimi, bilimin özgür, özgün olduğunu anlamayan, anlamaq istəməyən avtoritar yönətim ağalıq edir!

Biz, bütün ölkədə olduğu kimi, AMEA-da da rüşvət, başqa pozuntular olduğunu bilirdik. Ancaq Azərbaycan Nazirlər Kabinetinin Hesablama Palatasının bu pozuntuların yolsuzluq-korrupsiya düzəyində olduğunu bildirməsi aydınları çox üzdü.

Ulusun yarınını düşünən dövlət bilimə köklü yatırım qoymalıdır! Bilimçilərin donluğu toplumdakı ən yüksək düzəyə qaldırılmalıdır. Toplumsal-politik bilim alanlarının sıxışdırlımasının qarşısı alınmalı, onların ulusun yüksək qorucusu, gəlişdiricisi, yönəticisinə çevrilməsinə çalışılmalıdır.

AMEA-nın yönətimi bütünlüklə demokratikləşdirilməli, onun prezidentini sistem işçiləri seçməlidirlər. Heç kimə ikidən çox seçilmək hüququ verilməməlidir.

AMEA-nın bütün institutlarının direktorlarını əməkdaşlar seçməlidir. Heç kimə ikidən  çox seçilmək hüququ verilməməlidir.

AMEA-nın  prezidenti əməkdaşların seçdiyi  direktoru sözsüz doğrulamalıdır. Dövlət başçısının seçilmiş direktora bir «veto hüququ» ola bilər. Onun doğrulamadığı adam yeni seçkilərə qatılmamalıdır.

AMEA institutlarının şöbə başçılarının seçki qaydası dəyişdirilməli, onları şöbənin  işçiləri seçməlidir. İnstitutun direktoru seçilmişi doğrulamaya bilməz! 65 yaşlı bütün elmi işçilər, eləcə də personal pensiyaya çıxmalıdır. 65 yaşı olan institut direktoru seçki sürəsi qurtarmasa belə, tutduğu görəvdən getməlidir. Sağlamlığı yaxşı olan elmlər doktorları, fəlsəfə doktorları (sahənin görkəmli  alimləri) istərlərsə, «Əmək bağlaşması» ilə 70 yaşa kimi işləyə bilərlər.

Ali Attestasiya Komisiyası bağlanmalı, «Müdafiə şuraları» yaratmaq, elmi adlar vermək  yetkisi AMEA-nın institutlarına verilməlidir. AAK-ın işini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində strateji dövlət proqramlarının tutulması amacı ilə işləyən 2-3 bilikli işçi görə bilər. Ancaq indiki avtoritar yönətim bu işlərdəki pislikləri çoxaldacağından, AMEA-da seçki yolu ilə yönətim oluşdurmadan bu addımı atmaq olmaz!

Ötən 900 il  bilginliyindən bir daş da qoparamamış Nizami Gəncəli: «Bilimçinin rütbəsi ucadır!» – demişdir. Bilimini, bilimçisini uca tutmayan dövlət gəlişəmməz, çağdışı olub, geridə qalar, dağılar!

 

YADİGAR TÜRKEL

                                                                                     fəlsəfə üzrə elmlər doktoru

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv