Yadigar Türkel. KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM, TÜRK GƏLƏNDƏ TOZ OLMASIN

Sayğılı oxucu, igid yeniyetmə, yurdsevər siyasətçi 95 il qabaq, 1918-ci il sentyabrın 15-də  Azərbaycan Cümhuriyətinin, Azərbaycan türklərinin baş kəndi Bakı sevinc, şadlıq, şənlik – şölən içində idi. Qafqaz İslam Ordusu ilə Azərbaycan Ordusunun igid əskərləri rus-erməni-mason güclərini yurdumuzun baş kəndindən qovub, törənlə ora girmişdi. İnsanlar bir-birini qucaqlayıb öpür, qurban kəsir, çalıb-oxuyanlar «küçələrə su səpmişəm, türk gələndə toz olmasın!».
100 il rus-erməni-mason yağılardan zülm görüb, yeridilən yaddaşsızlaşdırma siyasətindən ulusal kimliyini unutmuş, Rusiya İmperiyasının üçüncü düzəyli ulusuna çevrilmiş türklər yenidən ulus dövlətini qururdu. Ancaq böyük yağılarla onların içimizdən yetişdirdiyi ruslaşdırılmış, yanılmış, aldanmış, satqın «Keçəl Həmzə»lər bunu istəmirdilər. Onlar türk ulusunu yenidən qul etmək üçün əl-ələ verib 1920-ci il aprelin 27-də istəklərinə çatdılar, Azərbaycan Cümhuriyətini ordu gücü, dövlət çevrilişi yolu ilə devirdilər.

1920-ci il 27 aprel günü Azərbaycan türklərinin tarixində ən qara, unudulmaz, dərs alınmalı bir gündür.

1990-cı illərdə də Azərbaycanda türkiyəlilərin azərbaycanlıları bolşeviklərə satmalarını deyənlər tapıldı. Ancaq gerçək siyasi olayları istəklə, arzu ilə qarışdırlıan bu danışıqlar anlamsız, boş sözlər kimi qaldı.

Yurdsevər siyasətçi, Azərbaycan Cümhuriyəti Parlamentindəki siyasi çəkişmələrdən seçdiyimiz, bir sıra çətin ərəb sözlərini atdığımız, ya da türkcə qarşılığını ayrıcda yazdığımız bu yazı sənə kimin yağı, kimin qardaş, arxadaş, yoldaş olduğunu göstərəcək.

Sosialistlərin başçısı, Parlamentdə ağlına gələni danışan Səmədağa Ağamalı oğlu Azərbaycan Cümhuriyəti Parlamentinin 1919-cu il fevralın 4-dəki toplantısında demişdir:     «Bu siyasət nə siyasətdir? Buna böyük diqqət vermək lazımdır. Bu siyasət indi deyil, türklər buraya qədəm qoyandan başlayıb, davam edir və bir müddət də edəcəkdir. Bu siyasət xalqı qorxuda saxlamaq siyasətidir. İndiki siyasət, sabiq hökumətin siyasəti türklərin gəlməsi və onların hərəkəti bir-birinə bağlıdır.

Biz burada yoxuyduq [?], amma eşidirdik ki, türklər ağır yumruqlarını fəhlə və kəndlilərin üzərinə qoyub, onları sıxmışlar. Tərəfmüqabil dirilmiş, suvarılmış, yanmış ot kimi yenidən göyərmişdir. O vaxt hökumət tikildi, ancaq parlament çağırılmadı, çünkü tez-tez parlament xalq səsi idi. Əgər hökuməti parlament tiksə idi, belə olmazdı, amma parlament tikmədi. Nuru Paşanın qanadı altında tikildi, adını da qoydular, nə bilim Azərbaycan Cümhuriyəti…».

İgid yurdsevər, babalarının yüz illik çalışmadan sonra böyük qanlar bahasına yaratdığı Azərbaycan dövlətinə bu yağıca yanaşmanı gör, anla!

«…Bu siyasətin ibtidasını (başlanğıcını) o ağalar qoydular ki, indi də gedir. Bu hökumət də o hökumətin tayıdır.

Bir məsəl var ki, deyirlər ki, erməninin yaxşısı olmaz, amma bu erməni o ermənidən yaxşı olar».

«Müsavat»çı Abbasqulu Kazımzadə yerindən dillənir: «Siz də yaxşı sosialistsiniz!».

«…Hə, bu hökumət o hökumətin tayıdır. Bunun siyasəti onunku kimidir. Bu siyasət də ibarətdir camaatı əzməkdən.

Türklərin zamanında qoyulan siyasət bizim hürriyət və istiqlalımıza ziddir».

Məhəmməd ƏminRəsulzadə yerindən dillənir: Sağ ol!.

Mason ideyalarının tələsinə düşmüş bu «baş sosialist»dən sonra Sultan Məcid Qənizadə söz alır: «Natiqlərdən birisinin dediyindən belə çıxdı ki, bu işlər ancaq türklər gələndən bəri başlamışdır. Deməli, türklərdən əvvəl heç kəs hinə soxulmurmuş, biz istədiyimizi uca kürsüdən danışa bilirmişik. Natiq öz insafı ilə desin, doğrudan da böyləmi idi?

Mən bu barədə çox danışmayacağam. Öz insaflarına buraxıram. Qoy onların cavabını da öz vicdanları versin. Amma mən deyirəm ki, həmin bu istiqlal və hürriyət biz azərbaycanlılara türklərin əlilə əta [bağışlanmışdır, verilmişdir] edilmişdir.

Azərbaycan, Gürcüstan və Ermənistan hökumətlərinin öz rəsmi kağızları ilə isbat edirəm ki, nəinki Azərbaycan, hətta Gürcüstan və Ermənistana da istiqlaliyəti türklər vermişdir.

Burada deyirlər ki, rüşvətxorluq və sui-istemal çoxluğunu türklər vermişlərdir və elmi-təbii qanuna görə həmin təhriq [yönəltmə, iş] sövqü ilə indi də davam edir. Ancaq məlumunuzdur ki, o qanuna görə hər talçokun [itələmə],  hərəkətini bir əks talçok saxlar. İndi əgər o talçok türklərdən isə və türkdən böyük bir qüvvə varsa, buyursun bir əks talçok çıxarsın və birincini dayandırsın.

Mən danışıqlara Krılovun [Rus ələşdirici qoşucusu] məşhur sözü ilə cavab verirəm ki, bu adamlar o şeyə oxşayırlar ki, bir meyvədən barlanır, ancaq bu meyvənin haradan düşdüyünü bilmək istəmir. Tərsinə, bu gün ölkədə xəyanət və cinayət varsa, ondadır ki, haman qüvvə getmişdir! İndi biz gərək çalışaq qara qüvvələri rəf [aradan qaldıraq] və dəf [atmaq, basdırmaq] edək.

Ancaq o halda millətpərəstlik dili ilə bu minbərdən dediyimiz kimi, bayrağımız ucalar, cümhuriyətimiz yaşar».

Məhəmməd Əmin Rəsulzadə söz alıb deyir: «Ağamalı oğlu parlamentdən əvvəlki hal və o halın qeyri-təbii olduğunu türklərin buraya gəlmələri ilə əlaqədar tutur. Zopadan və qatı tədbirlərdən şikayətlə Ağamalı oğlu türklərin buraya gəlmələri siyasətini «Müsavat»ın siyasətində görür və deyir ki, türklər gəldilər, bu fəna [boş, pis, kötü] bünövrəni qoydular və indi haman hal davam edir və bir müddət edəcəkdir də.

Türklərin buraya gəlməsində bir günah təsvir olunur. Guya türklər buraya gəlib zopa işlətmişlər. Onları qeyri yolsuzluqlarla töhmətləndirirlər və bu işdə hər nədənsə, natiq əfəndi «Müsavat» partiyasını əlaqədar tutur və buyurur ki, türkləri Azərbyacana «Müsavat» gətirmişdir.      Qəribədir ki, digər tərəfdən də «Müsavat» türkləri istəmir, deyə bizi ittiham [suçlayırlar] edirlər.

Hə, biz türkləri gətirdik. Bunların ikisi də doğrudur.  «Müsavat» türkləri çağırdı, çünkü burada Azərbaycan türklərinin həyatı təhlükədə idi. Bu məsələdə o zamankı Azərbaycan Milli Şurayi müttəfiq idi. Bu nöqteyi-nəzərdən [baxımdan], sosialistlər bu gün peşman olsalar da, o gün bizimlə bərabər idilər. Ağamalıyev də türkləri çağırmışdı.

Ancaq onlar bundan imtina etsələr də, biz kamali-cəsarətlə deyiriz: türkləri çağırdıq və bununla da iftixar [öyünürük] ediriz!      Çünkü türklər gəlməsəydi, Bakıda vüqu [törədilən, olan] bulan mart hadisəsinin təsiri yalnız Bakıda qalmayıb, bütün Azərbaycanı istila edəcəkdi, millət də ümumi qitalə [qırğına] məruz [uğrayacaqdı] qalacaqdı.

Bax bu ali məqsəd üçün türklər buraya dəvət olunmuşlardı və burada əgər bəziləri tərəfindən bir takım üsulsuz hərəkət vaqe olmuşsa, o kimi münfəridən [tək-tək, özbaşına] icra olunan ədəbsizlikləri bizi qurtuluşa qovuşdurmaqdan başqa günahları olmayan fədakar türk ordusuna, Anadolu məhmədciklərinə təhmil [yükləmək, saymaq, atmaq] etmək olmaz.

Belə bir nəməkbəhramlığı [çörəktapdamağı, yaxşılığa yamanlığı, nankorluğu] millət irtixab [bağışlamaz] eləməz!

Əcəba, türk əskərləri tərəfindən görülən bəzi şiddətləri görürkən, rus inqilabçı ordusunun cəbhədən qayıdarkən bütün dəmir yolu ilə müsəlman füqərayi-kasibəsi üzərinə yapdıqları hədsiz-hesabsız və həqsiz samosudlarını [özbaşınalıqları, qırğınları] unutduqmu, əcəba?!

Əfəndilər! Bununla bərabər «Müsavat» türklərin əleyhinə idi. Bu da bir nöqteyi-nəzərdən doğrudur. «Müsavat» partiyası birinci partiyadır ki, Qafqazda türklüyün bayrağını yüksəyə qaldırıb, türklüyün hissiyatını oyatmışdır. Ancaq bununla bərabər «Müsavat» hər zaman türklərin ittihadını [birliyini] bir konfederasyon şəkildə təsəvvür eləmişdir.

Biz bilirdik ki, şimal istibdadından yaxasını yeni qurtarmış Azərbyacan türkünün yüz sənədən [ildən] bəri adət eləmiş əhvalları vardır. Biz bilirdik ki, İstanbul doğrudan-doğruya Bakını idarə etmək istərsə, xalq bu idarəyə təhəmmül [dözməz] edəməz. Bakı İstanbula qarşı üsyan edər. Bunu biz hər zaman biliriz, onun üçün də Azərbaycanın özü-özünü idarə etməsini istəyirdik.

Biz istəmirdik ki, Azərbaycanın da ağırlığı zavallı Anadolu türklərinin boynuna atılsın və Azərbaycanda bulunacaq türk ordusu əfradından [təklərindən, bireylərindən, fərd] bəzilərinin yolsuzluqları Azərbaycan türkləri nəzərində Osmanlı türklərini ləkələndirsin.

Bax bu nöqteyi-nəzərdən biz məsələyə idrakla baxaraq, türklərin bizləri xilas üçün buraya gəlmələrinə tərəfdar olduğumuz kimi, bizim və onların nəfinə [yararına, xeyirinə] olaraq buranı qanunən idarə etmələrinə də tərəfdar idik. Buna görə də bu iki məsələ söylədiyim bu tərzdə doğrudur.

Türklər bir dəqiqədə buradan getməli oldular. Siz bir kərə türklərin buradan çıxdıqları vaxtı təsəvvür ediniz, o zamandakı hissiyatınıza əlinizi, vicdanınızı qoyaraq müraciət ediniz və sonra xaricdən gələn bir qüvvəni və o qüvvə dolayısı ilə doğulan və qorxulu fikirləri düşününüz, tərəziyə qoyaraq çəkiniz. Həyatınız necə böhranlı və nə kimi xof [qorxu] ilə rica [ummaq, diləmək, xahiş] arasında idiniz?

Sizi xarici qüvvələrə qarşı müdafiə edən bir qüvvə dolayısı ilə haminiz olan türk ordusu bilməcburiyə [güclə] gedir, əvəzində digər bir qüvvət gəlir ki, sizinlə olan əlaqəsini qətiyən bilmirsiniz. Sizə qarşı nə cür hərəkət edəcək və sizi müdafiə edəcək, yoxsa başqa cür hərəkət edəcək, onun siyasi vəziyəti nə olacaq, Azərbaycan taxtı salamat olacaqmı, yoxsa yox?

Bax öylə təhlükəli bir zamanda Azərbaycan şurayi-millisi parlamenti dəvət etdi.

Parlamentin üzvləri iclas gününə nə kimi xof ilə rica arasında toplandılar, bunu da siz özünüz çox əla  bilirsiniz.

O zaman ingilislərdən maida [başqa] bir çox xarici qüvvətlər gəlmişdilər, paytaxtımızda nələr törətdiklərini də unutmayınız.

Bunların hərəkətləri nə tövr idi? Hər saat, hər dəqiqə parlamentimizin hüquqa məruz olacağını düşünməkdə idik.     Paytaxtımızda belə, başqa şəhərlərimizdə, vilayətlərimizdə nələr vaqe [törədildiyini]  olduğunu bilirsiniz.

Biz ümidvardıq ki, türk qardaşlarımız gedəndən sonra onların yerində bir Azərbaycan qüvvəsi oturacaq və bizləri müdafiə edəcək. Ancaq o fikrin həqiqətə müvafiq olmadığı görüldü.          Təsüf ki, Azərbaycanda bir qüvvə də qalmamışdı.           Bunu siz də bilirsiniz ki, bu xüsuslarda daha fəzlə [çox, artıq] danışmağa zaman və məkan müsaidə [uyğun] deyildir.

Bilirsiniz ki, türklər burada ikən nümayəndəlik müəsisəsi olmadığından, hökumət nə surətlə idarə edilirdi və nə dərəcəyə qədər idarənin namüsaid [uyğun olmadığını]  olduğunu da bilirsiniz. O zaman işlərin bəzi türk zabitləri ilə nə qədər əlaqəsi var idi, nəzarətlərin təşkilatları nə surətlə idi?».

Qorxunun böyüklüyünü anlayan, «Müsavat»ın qurucularından biri olan Abbasqulu Kazımzadə yerindən deyir:  «Əgər o vaxt türklər gəlib bizi xilas etdilərsə, indi yenə ətrafımızı qara buludlar alır. Bu dəfə kim xilas edəcəkdir?». Doğrudan da arxasız ulusumuzu qurtaran olmadı, rus-erməni-mason bolşefaşistləri 192-ci il aprelin 27-də dövlətimizi dağıdıb, ulusumuzu qılıncdan, represiyalardan keçirdi.

Sayğılı Həsən bəy Ağayev 1919-cu il sentyabrın 15-də Azərbaycan Parlamentinin 72-ci toplantısında Azərbaycan türklərinin türk qardaşlarına içdən sayğısını rəsmi görəvlitək belə açqlamışdır: Bugunkü bayramın nə qədər şərəfli, nə qədər tarixi olduğunu hər kəs düşünür və anlar. Bu bayram münasibətilə türklük və islamlıq yolunda şəhid düşən türk igidlərini yad etmək üçün rica edirəm ki, cümləniz ayağa qalxasınız.

Möhtərəm əfəndilər, bu gün düz bir ildir ki, Azərbaycanın milli mərkəzi hesab olunan Bakı düşmənlər əlindən, zalımlar əlindən xilas olmuşdur. Bizim güclü vücudumuzu açıb bədənimizi parçalamaq və hüququmuzu çığnamaq istəyən düşmənlər keçən il martdan başlayaraq, ta Kürdəmir stansiyasından igid türklər tərəfindən qovulub Bakıya soxulmuşlar və sonra dənizə tökülüblər.

Böyləliklə ən müqəddəs hesab etdiyimiz paytaxtımız olan Bakını alıb bizə vermişlərdir.

Mayın 28-də istiqlalımız elan edilmişdir. Sentyabrın 15-də isə haqq yerinə varmış, Bakı azad edilmişdir.

Əfəndilər, qan bahası ilə türklük və islamlıq uğrunda şəhid vermişlər. Vətənimizi xilas edən türk igidlərini yad etməklə bərabər onu da əlavə edirəm ki, biz Azərbyacan türkləri böyük qardaşımız olan türklərin bu canfəşanlıqlarını heç vaxt unutmayacağıq və çətinliklə, qan bahası ilə alınmış və bizə bəxş olunmuş istiqlalımızı müdafiə etməyi əhd edib, hər şeydən müqəddəs tutaraq, son muradımıza nail olacağız.

Bu gün Xeyriyə cəmiyəti türk şəhidlərini əbədiləşdirmək  üçün nişangah qoyur. Rica edirəm saat 11-də bulvarda olacaq rəsmi keçiddən sonra qəbristana buyurub tədbirlərimizdə iştirak edəsiniz.

Qara bəy Qrabəyli isə 1918-ci il dekabrın 10-da Azərbaycan Parlamentinin 2-ci toplantısında demişdir: Rusiya inqilabi-kəbirini [böyük inqilabından] mütəaqib  [sonrakı] tarix nəzəri-tədqiqindən  [araşdırılsa] keçirilirsə, hər kəscə Azərbaycanın istiqlalını elan etmək keyfiyəti [istəyi] layiqincə təqdir [bəyənilə, dəyərləndirələ] edilə bilər. Rusiyada vaqe olan anarxiya, mərkəzi hökumətin büsbütün aradan qaldırılması, Rusiya ilə əlaqənin bilmərrə [bütünlüklə] kəsilməsi, hərc-mərcin Qafqaza sirayət edib burada daha müdhiş  [qorxunc] bir tufan və fırtına peyda [qoparması] etməsi müsəlman aləmini əzim  [böyük] fəlakətlərə düçar etdiyi hər kəscə məlum və inkaredilməz bir həqiqətdir. O halda tədarüksüz və aciz olan müsəlman millətini bilkülliyə  [bütünlüklə] məhv etməyə əzm [istəmiş, qalxmış] etmiş olan düşmənlərin qarşısında bizim yeganə çarəmiz istiqlal elan etmək ələləbəd  [ömür boyu] mədyun  [borclu] olacağımız, həmcinslərimiz və sevgili qardaşlarımızın müavinətinə  [yardımına] müraciətlə təhlükədə olan müqəddəratımızı öz əlimizə almaq və istiqlalımızın təmininə müstəqil çalışmaq ola bilirdi.

«Baş sosialist» Səmədağa Ağamalıoğlu yenidən söz alıb: «Əvvəlki natiqlərə cavab verərək deyirəm ki, mən türk fəhlə və əkinçisinə zidd və bərəks getmirəm, amma türklərin hökumətinə gərəkdir zidd olam. Harada istibdad varsa, biz ona ziddik. Mən dedim ki, o istibdaddan Gəncədə bizim hökumətimizə verildi» deyir. Toplantının sədri doktor Həsən bəy Ağayev danışanı konudan danışmağa çağırır.

«İttihad» partiyasının başçısı Qara bəy Qarabəyov söz alır: «Əsas məsələyə keçmədən əvvəl türklükdən bir neçə söz söyləyim: əvvəla onu ixtar [sevinc, qürur] etməliyəm ki, türklük namı [adı] bizim üçün müqəddəs bir namdır, həməvaxt [heç vaxt] o nam tənqid yolu ilə çəkilməz.

Türklər buraya hökuməti idarə etməyə deyil, əskər sifəti ilə gəldilər, canlarını verdilər. Qanlar tökdülər bizə səadət və istiqlal yolu açdılar. Onların böyük xidməti qarşısında ruzi-məşhərədək mədyunuz [borcluyuq]. Yalnız malımız, canımız deyil, hətta hüququmuzu da onlara fəda [qurban] etsək, çox deyildir. Nəinki uğurumuzda canını fəda etmiş əskərlər, hətta paşaların da siyasəti hamı üçün pis olsa da, bizim üçün yaxşılıqdan başqa bir şey etməmişlərdir.

Bir çox adamlar özləri etmiş olduqlarını qorxudan gizlədərək deyirlər ki, türkləri buraya «Müsavat» gətirmişdir. Yalnız «Müsavat» tərəfindən Rəsulzadə cəsuranə bir surətdə dedi ki, bəli, biz gətirmişik və buna fəxr ediriz.

Həqiqətən haqları da var, çünkü millət yolunda böyük xidmətdir və millət qarşısında ehtirama [sayğıya, hörmətə] layiqdirlər.

Ancaq məncə türkləri buraya gətirən «Müsavat» və sair bir firqə deyil, türk ruhu, islam ruhu, türk qanıdır. Mən şahidəm ki, bu gəlmək 11 il əvvəl qət edilib. İstanbulda həmin xəlillər, nurular, vahablar birinci imkan bulduqda Qafqaz islamlarını xilasa yürüməyə Qurani-şərif hüzurunda yəmin etmişlər. Əhməd bəy [Ağaoğlunu deyir] də buna şahiddir. İndi onların adları məmləkətdə müşahidə olunan üsulsuzluq münasibətilə çəkilir. Ancaq biz təsdiq ediriz ki, bu fənalıqlara onlar bais olmamışlardır».

Osmanlı dövlətinin Mosulda yerləşən 6-cı ordusu komandanı Xəlil paşanın yançısı yüzbaşı Səlahəddin yazır: «Bu heyət getdikdən sonra azərbaycanlı bir heyətin gəldiyini 13-cü korpusdan bildirdilər. Heyət Mosula gəldiyi zaman bizdən istədikləri şeyi anladıq. Rusiya artıq dağılmışdır, belə bir dövlət yoxdur. Çarlıq idarəsi altında yaşayan bütün millətlər üsyan qaldırmış, azadlıq istəyirlər. Qafqaz türkləri də bir dövlət və hökumət qurmaq üçün bizim yardımımızı arzu edirlər.

Bu istək baş komandanlığa yazıldı. Baş komandanlıq da Azərbaycan heyətinin yanına bir neçə zabit verərək Azərbaycanda bir incələmə, araşdırma aparılmasını əmr etdi.

Bundan sonra kurmay yüzbaşı İsmayıl Berkok, yüzbaşı Sarıgözəlli Midhət, topçu teymən Müzəffər bu heyətlə Qafqaza göndərildi.

Heyət Mosul-Kərkük-Bana yolu ilə Güney Azərbaycana keçdi, Təbriz-Culfa yolu ilə Gəncəyə çatdı, sonra Bakı və Şimali Qafqaza getdi.

Xəlil Paşa Kərkükdə ikən Başkomandan vəkilindən bir teleqraf aldıq: «Azərbaycanda baş verəcək hərəkat və qurulacaq hökumət üçün kimi münasib görürsünüz? Bir həftə öncə Trablus qərbdən [Liviya] gələn yarbay Nurunumu, yoxsa albay Kazım bəyimi», deyə sorurdu Ənvər Paşa. Nuru bəy Ənvər paşanın qardaşı idi. 1909-cu ildən zabit olan Nuru bəy hələ yüzbaşı rütbəsində idi. Nuru bəy yarbaylığa yüksəlmişdi. Ənvərin və Nuru bəyin əmisi olan Xəlil Paşa bu işə Kazım bəyin münasib olduğunu yazmışdı».  

Mosula gedənlərin kim olduğunu düzgün bilirik, ancaq onları Gəncə müsavatçılarının başçısı Nəsib bəy Yusifzadənin göndərdiyinə quşqu yoxdur. Nəsib bəyin bu ulusal işlərlə bağlı İstanbula da getdiyi bilinir.

Azərbaycanın bağımsızlıq savaşçılarından Nağı bəy Şeyxzamanlı «Azərbaycan istiqlal mücadiləsi xatirələri»ində [Bakı, 1964, s.131] yazır: «Firqəmiz məni Türkiyəyə ezam edərək Türkiyənin yardımını istəmişdi». [Bakı, 1964, s.131].

«İttihad»çı Qara bəy Qarabəyli Azərbaycan Cümhuriyəti Parlamentinin 1919-cu il mayın 28-də keçirilən törən-şölən toplantısında Azərbaycanın özgürlüyü, bağımsızlığı, istiqlalı üçün can vermiş, qan tökmüş türk şəhidlərini anıb demişdir: «Millətimizi və millətimizin nümayəndələrini bugunkü bayram münasibətilə təbrik etməklə məmnunam.  Bu bayram, Azərbaycan istiqlalını təsmiyə [ad edilən, qeyd] edilən bayram, bayramların miyanında [içində, arasında, sırasında] həqiqətən böyük bayramdır. Onun üçün böyükdür ki, onun yolunda yüz minlərlə qurbanlar verilmiş, çaylarla qanlar axıdılmışdır. O, hürriyət bayramı olmaqla bərabər neçə əsrlərdən bəri müsəlmanlığın bir qövminin [elinin, xalqının] hürriyət içərisində, bir otlu, quraqlı bir abadlığa, yeni bir həyata çıxdığını bildirən istiqlaliyəti günüdür.

Bir az islama dərindən baxsanız, onun səltənətləri olan Türkiyə, İran, Əfqanıstanda istiqlaliyətlərinin əsəri qalmamış, onlardan başqa qeyri millətlərin əsarətində yaşayan müsəlmanlara baxılarsa, Hindistana, Türküstana, Əlcəzairə, Misirə – onların haqqında nə kimi zülmlər olmamışdır. Bunları yadımıza salsaq anlarsınız ki, bu gün nə bayramdır. Onun üçün millətimizin gördüyümüz bu şadlığı etməyə haqqı vardır.

Bugünkü bayram münasibətilə, əlbəttə, qəlblərimiz çırpınacaq. Bununla bərabər beynimizdə başqa fikirlər oyanacaq. Qəlb çarpışmaqla, beyin buyurmaqla iş keçməz. Baxınız, görünüz istiqlalı nə növ qazanmışsınız? Bu yolda sizə müavinət [yardım] edən kimlər olmuşdur?

O şəhidlər ki, Qafqazda bizim xilasımız üçün qanlar tökmüşlər, o türk qardaşlarımızı bu gün yadımızdan çıxara bilmərik. O möhtərəm şühədanın ruhuna ehtiram etmək üçün parlamanın ayağa qaxmasını təklif edirəm.

Osmanlı demokratiyası ki, bu gün fəlakətə düşmüşlər, biz onların tezliklə xilas olmalarını istərdik. Bu vaxtadək islamiyətin bayrağını uca tutmuş türklər bu gün ölüm-dirimlə uğraşırlar. O qardaşlarımız bu yolu bizim üçün açdılar, göstərdilər və dedilər ki, istiqlal buradadır, alıb bizə verdilər. İndi onu mühafizə [qorumaq, saxlamaq] məsələsi var.

Bu gün hər nə qədər bizim üçün böyük bir bayramdırsa da, ancaq istiqlalı tamamilə təmin etmək bayramı deyildir. Bir nəfər dostumuz yoxdur ki, bizi himayə etsin. Denikin gəlir, bolşevik gəlir, ingilislər, italyanlar gəlirlər. Onların heç biri istiqlalımızı təmin etmirlər.

Bugunkü gün bizim qəlbimiz çarpışır. Biz, fikrimizi, zehnimizi toplayıb  mühafizə yolunda çalışaq. Heç bir yerdən mühafizə və kömək gözləyə bilmərik və yeganə gözləyəcəyimiz kömək bizim özümüzdən, millətimizdəndir.

Amma heç bir bina və təşkilat yalnız sözlə və deməklə hasil [yaranmaz] olmaz. Belə fikir istənilsə, o fikir gərək hamının qəlbində qanla və odla yazılsın ki, hamı millət yolunda bir adam kimi ölməyə hazır olsun və illa barmaqla və süni işlərlə istiqlal olmaz. Onun üçün millətin fikrinə, zehniyətinə [düşüncəsinə, ağlına], amalına onu çatdırmalıdır ki, sənsən buranın sahibi. Bəsdir, qaranlıqda qalmaqla kimsə sənə istiqlal verməz. Sən gərək hər zaman istiqlaliyət və vətən yolunda ölməyə hazır olmalısan ki, gördüyümüz o böyük düşmənlər bizim üzərimizə gələ bilməsin.

Lap yaradılışdan da dünya belədir, hər zaman qüvvət zəifə tərəf gedir, su başıaşağı axan kimi. Bu köhnə qanundur, tarixin göstərdiyi bir həqiqətdir.

Millət ayılmalı, öz istiqlalının qədrini layiqincə bilməlidir. O anlamalıdır ki, hüququm da mənimdir, özümü də özüm idarə edirəm, özgəni yaxına qoymayacağam. Millət ancaq özünü bu sayədə mühafizə edə bilər. Bununla üzərimizə gələ biləcək qara qüvvələrin önünə sədd çəkə bilərik».

Nağı Şeyxzamanlı Nuru paşanın Gəncəyə girişini belə göstərmişdir: «Gəncəlilər türk ordusunu qarşılamaq üçün şəhər meydanına toplanmışdı. Dövlət dairələri və məktəblər tətilə çıxmış, tələbələr əskərlərin gələcəyi yolun iki tərəfinə düzülmüşdülər. Müharibədə rusların işğal etdiyi Şərqi Anadolu bölgəsindən Cəmiyəti-Xeyriyənin topladığı kimsəsiz uşaqlardan dörd yaşı olanlar da qarşılama mərasiminə aparılmışdı. Azərbaycanın müxtəlif bölgələrindəki uşaq evlərindən gətirilən bu yavrular meydanda hazır idilər. Yolun və meydanın hər iki tərəfinə toplanan qadın, kişi, yaşlı, gənc, bütün xalq əskərləri coşqu ilə alqışlayırdı. Sevincdən hər kəsin gözlərindən yaş gəlirdi. Uzaq ellərdən gətirilmiş bu uşaqlar əskərlərə yaxınlaşaraq əllərindən tutur, haralı olduqlarını sorurdular. O əsnada bir bağırış-çağırış qopdu. Doqquz yaşındakı bir uşaq atasını tanıyıb ona doğru qaçmağa başladı. Ata-oğul sevinc çığırtıları qopardılar, qucaqlaşdılar, hıçqıra-hıçqıra ağlaşdılar, öpüşüb qoxlaşdılar. Bu qovuşmanı görən gəncəli türklər Anadoluda bir-birini itirən və Qafqazda yenidən qovuşan ata-oğulun sevincinə ortaq oldular. Bütün meydan hıçqıra-hıçqıra sevinc göz yaşı tökürdü».

Səmədağa Ağamalı oğlunun türk ordusu ilə bağlı ortaya atdığı qarışdırıcı düşüncəni savunan sosialist İbrahim Əbilov söz alıb deyir: «Dünən yoldaşımız Səmədağanın işlətdiyi bir neçə sözü, mübahisəni dəyişib başqa rəngə saldılar. Yoldaşımızın sözü anlaşılmadı  və əsil məsələnin ruhuna vaqif [varmadan] olmadan onun işlətdiyi yalnız bir kəlmə, türk sözünü alıb natiqlər şiddətli nitqlər söylədilər. Bu gün yoldaşımız təkrar kürsüyi-xitabətə gəlib, türklər haqqındakı fikrini vazeh [açıq] bir surətdə söylədikdən sonra ümid edirəm ki, artıq bu xüsusda fəzlə danışılmayacaqdır. Çünkü anlaşıldı ki, sosialist partiyası türk sözünə, türk millətinə nə düşməndir, nə də onun əleyhinə danışan.

Türkdən məqsəd türk üsul-idarəsi, istibdadı və hökumət siyasətidir ki, bizim hökumətə də o ruhu vermiş olduğunu yoldaşımız söylədi. Zənn edərdim artıq bu barədə danışmaq lazım gəlməz.       Ancaq Qara bəy cənabları türklər haqqında məddahlıq edərək, türk milləti müqəddəsdir, deyə uzun bir nitq söylədi.

Bəli əfəndilər! Türk milləti, türk füqərayi-kasibəsi bizcə müqəddəsdir və heç kəs belə olduğunu inkar etməz. Ancaq bizim tənqid etdiyimiz türk millətini zirzəmilərdə saxlayan hökumətdir ki, onu yıxmaq üçün Türkiyə füqərayi-kasibəsi ilə birləşib, bərabər mübarizə etməyə hazırız. Bundan anlaşılır ki, sosialistlər türklərə düşmən deyildirlər».

Toplantının sədri Həsən bəy Ağayev danışanın sözünü kəsib deyir: «Natiq əfəndi, sosialistlərin düşmən olduğunu heç kəs söyləmədi».

İbrahim Əbilov da başqa yoldaşları kimi çağın mason siyasətçilərinin ortaya atdığı çağırışa aldanaraq yanlış düşünür. Bir ulusun ancaq kasıblarını düşünmək yanlış baxışdır, düşüncədir. Məhəmməd Əmin Rəsulzadə də sonrakı çıxışında belə yanılanların cavabını verir.

Başqa bir sosialist Əhməd Cövdət çıxış edib deyir: «İki gündən bəri danışılan məsələ haqqında mənə bir neçə dəqiqə söyləməyə söz veriniz, çünkü burada sol partiyaları bir növ türklərin əleyhinə getməkdə ittiham etdilər. Təcüblüdür ki, sosialist firqələrini töhmətləndirib, türk demokratiyasının müdafiəsini başqaları boyunlarına götürürlər.

Məhəmməd Əmin əfəndi söylədilər ki, bizim partiyamız türk partiyasıdır. Əfəndilər, siz türkçü isəniz, biz də deyiriz ki, biz də türkçüyüz, partiyamız da türk partiyasıdır.           Ancaq bizim ilə sizin aranızda böyük fərq var. (Məhəmməd Əmin: Doğrudur, var!). Bizim partiyamız türk yoxsulları, türk xalqı, türk demokratiyasının hüququnu müdafiə edən bir türk partiyasıdır.    Biz, kim olur olsun, türk olsun, müsəlman olsun deyənlərdən deyiliz. Görürsünüz millətin paşası ilə əkinçisini bir dərəcədə tutan partiyaların ardınca gedənlər səhvlərini anlamağa başlamışdır.

Türk xalqı da özü-özünü idarə etmək arzusu bəsləyir və istəyiriz ki, onun zərif əllərilə yaradılan sərvət yalnız bir neçə şəxsə qismət olub qalmasın.

Məlumunuzdur ki, Azərbaycan xalqı üçün türk sözü yeni bir şeydir və türk olduğunu yenicə anlamışdır. Odur ki, türkləri böyük intizarla gözləyirdilər.

Qara bəy cənabları buyurdular ki, türklər haqqında ehtiramdan başqa bir söz söyləməməli. Bu doğrudur. Ancaq türklər burada ikən bir kaç zabitin ədəbsizliyi xalqımızı döyməyə, hətta söyməyə belə məcbur etmişdir.

Biz istəmiriz ki, belə pis hərəkətlər Osmanlı türklərinə qarşı Azərbaycan türklərində nifrət oyatsın. Bunu burada olan bir kaç paşa yapdı, biz o paşa ilə düşməniz. Bizim partiyamız həm Osmanlı xalqının, həm də Azərbaycan demokratiyasının hüququnu müdafiə üçün həmin paşalarla mübarizə edəcəkdir.

Hə! Bunu təsdiq ediriz ki, türk demokratiyası müqəddəsdir, ehtiramlara layiqdir. Ancaq əfəndilər, burada türk deyə-deyə döşünə döyənlər türk gələndə paşaların ayaqlarına sərildikləri halda, ingilislər gəlincə onlara sıxılıb, türk tərəfdarı olduqlarını danaraq, ingilisə xidmətə girməyə çalışmadılarmı?».

Bu yersiz suçlamadır. İngilislər Bakıya qalib dövlətlərin nümayəndələri kimi girmişdilər. O çağda rus-erməni-mason bolşeviklərindən qurtulmanın güman edilən siyasi yolu ingilislərlə yaxşı ilişki qurmaq idi. Başda Fətəli Xan Xoyski olmaqla Azərbaycan ağalığı, siyasətçiləri bu işi bacardılar.

Məhəmməd Əmin Rəsulzadə Parlamentin 1919-cu il  fevralın 5-dəki toplantısında deyir: Ağamalıoğlu türklər haqqındakı danışığında «Müsavat»ı da əlaqədar tutdu. Keçən nitqimdə mən sosialistlər türklərin düşmənidir, deməmişdim. Mənim sözlərimdən belə bir məna da çıxamazdı. Ancaq möhtərəm Pepinov cənabları öz nitqində uzun-uzadı bu xüsusda danışaraq hətta alicənab türk şairi Mehmed Emin bəy cənablarının qəlbinin tərcümanı olaraq, qəlbinin ən dərin guşələrindən qopub gələn duyğularını misal gətirib, o möhtərəm şairin aydın vicdanına sığınaraq özlərini müdafiəyə qalxmışdı. Ancaq buna gərək belə yoxdu, çünkü sosialistlər xalq tərəfdarı olduqları üçün heç bir millətə düşmən olmadıqları kimi, türklərə də düşmən olmazlar, belə olmasaydı sosialist də olmazdılar, bütün dünya beynəlmiləliyətini müdafiə etməzlərdi.

Bax bu baxımdan düşüncə və səmimiyətlərinə bütün mövcudiyətilə qətiyən inanmadığım sosialistləri bu fikirdə təsvir etməzdim.

Ancaq ortada bir yanlışlıq görünür ki, bu da türklərin dəvət edilməsi məsələsindədir. Hə, bir millət çətin vəziyətdə qaldıqda bir qonşusuna müraciət edər, yardım, imdad istər. O qüvvə təbii, o millətin fəhlə və əkinçiləri deyil, mütəşəkkil və müntəzəm əskəri olacaqdır. Bu surətlə bir qüvvə tələb edilirsə, dediyim kimi o qüvvə türk millətinin əkinçi və yaxud başqa bir sinfi deyil, ancaq o millətin hökuməti və müntəzəm qüvvəyi-əskəriyəsini çağırmaqdan bəhs edilir, deməkdir.

Əvvəla, türk qüvvəsini buraya cəlb üçün hökumətə yazaraq müraciət olunduqda, «Müsavat» deyil, sosialistlərdən Əhməd Cövdət də mənimlə həmin kağıza imza etmişdir.

Ağamalı oğlunun dili topuq çala-çala söylədiyi yanlış nitqinə görə deyil, «Hümmət» partiyasının Tiflisdə nəşr olunan «Probujdeniye» [Oyanış] qəzetində türklərin Azərbaycana çağırılmasını «Müsavat» tərəfindən bir xəyanət kimi sayaraq durmasından dolayı, bu örtülü məsələnin birdəfəlik üstünü açmağa məcbur olduq, çünkü vaxt gəlmişdir, biz bu vaxtı qaçırmayaraq, üzərində xəyalı ilə oynanılan fikrimizi və baxışımızı xalqa, Azərbaycan əhalisinə, hətta bütün dünyaya elan edəlim ki, hə, türkləri Azərbaycana biz çağırdıq, bu fikrimizlə də millətimizə fayda təmin etdik və bu çağırmaqlığımızdan qətiyən peşman deyiliz. Hətta heç bəyənmədiyimiz «İttihad və Tərəqqi» hökuməti idarəsindəki qüvvəni çağırdıq.

Lakin Türkiyədə sultan hökumətimi, cümhuriyətimi, yaxud başqa bir tərz idarəsi lazımdır? Burası əsaslı bir məsələdir. Biz hələ iki yarımquberniyalı Azərbaycanı idarə etməkdən aciz ikən, böyük aləmşümul bir məsələdən bəhs etməyin nə məkanıdır, nə zamanı.

Əlaqədar bulunduğumuz məsələ bizə aydındır. Buraya gələn türk əskərlərinin hərəkəti tənqid edilməz, çünkü onlar əskər halında gəlmişlərdir, idarə üçün deyil, dedilər. Hə, Türkiyənin bulunduğumuz mərkəzlərindən heç birində, heç bir türk siyasisinin ağzından «biz oraya idarə məqsədi ilə gəlmək istəyiriz», deyə bir söz eşitmədik. Biz bunu əlbəttə bilirdik ki, türklər buranı idarə etmək və Bakını İstanbula qoşmaq istəmirlərdi. Ancaq burada bizim öz bəylərimiz və paşalarımız vardı ki, nə surətlə olsa da, türkləri böylə bir siyasi xətaya sövq edir, onları iğfal [yoldan, başdan çıxarırdı] eləyirlərdi.[Gəncədəki 15-17 may siyasi olayını deyir].

Bax bu cərəyana qarşı idi ki, «Müsavat» mübarizə edirdi.

Hə, türklər vaxtında gəlmiş, bizi ümumi qırğından xilas etmişlərdi. Onların  nisbətən xidmətinə azərbaycanlıların ürəyində minnətdarlıq hissi o qədər ülvi [uca, yüksək, ali], o qədər böyükdür ki, necə ki, Bolqariyaya hürriyət verən və bolqarları xilas edən rus əskərinə qarşı bolqarların hissi alidir.

Biz bunların öz xidmətini əbədilik xatirimizdə saxlamaq üçün məmləkətin çox yerində abidələr qoymalıyız!

Ancaq bu o demək deyildir ki, türklər hər bir xətadan mübərraddırlar [arıdırlar, təmizdirlər] və onları tənqid etmək olmaz. Böylə bir ehtiram ümumi əski zəmanələrin bütpərəstlərinə məxsus bir ehtiramdır. Müasir bir iş deyildir.

Türklərin bəzilərinin işlətdiyi xətaları tənqid etməzsək, uğurumuzda canını fəda [qurban] etmiş türk qəhrəmanlarına səmimi bir ehtiram bəsləmədiyimiz təsəvvür olunmasın. O fədailər böylə mərami-ehtiramlara düşkün deyillər.

Hə, təbiidir ki, heç bir firqə belə tənqidin əleyhinə olmaz. Ancaq buna da heç kəs razı olmaz ki, imdad əlini bizə vaxtında yetirmiş olan fədakar insanlar tənqid əvəzinə təhqir edilsinlər.

Qara bəy əfəndi türklərin bu fədakarlığını hamıdan daha əvvəl bildiklərini söylədilər ki, hələ 11 il bundan əvvəl Tələt Paşa, Ənvər Paşa və sairləri  Qafqaza gəlməyə and içmişlərdir. Bu ola bilər. Ehtimal ki, doktor Qara bəy xəbəri tezlik ilə yetirmək üçün yolunu yarımçıq kəsib tezliklə Qafqaza qayıtdı.

Burada sosialist natiqlərdən Əbilov onlarla bizim aramızda olan fərqi isbata çalışaraq dedi ki, Rəsulzadə dünkü nitqində quldurlara qarşı tədbir görməkdən bəhs edərkən, kəndlərdə firqə şöbələri açmağı təklif etdi, ancaq demədi ki, kəndlərdə zemstvo [yerli özünüidarə forması] qurmaq lazımdır, onlar isə zemstvo tələb edirlər.

Natiq bununla sübut etmək istəyir ki, guya biz kafi [yetərli]  dərəcədə demokrat deyilmişiz, çünkü  zemstvodan əvvəl firqə təşkilatı tələb etdik. Ancaq bilməlidir ki, zemstvolar, bələdiyə idarələri və sair ümumi camaat müəsisələri imanı kamil, etiqadı dürüst siyasi məslək xadimlərinin tərvic [düzgün saydıqları] etdikləri fikirlə əmələ gələ bilərdilər.

Əgər firqə təşkilatı, fədakar xadimlər və demokratik fikir mürəvvicləri [yayıcıları, daşıyıcıları] köylərə getməmiş, xalq içinə varmamış, onları anlatmamışlarsa, demokratik müəsisələr təşkil edilsə belə, həqiqi demokratiya olmaz və böylə olan surətdə məqsəd əmələ gəlməz.

Demokratik firqələrin fikri bir mayadır. Maya vurmadan qatıq gözləməməlidir. Odur ki, xalq ruhuna bu mayanı vurmalı. Sonra demokratik müəsisə təşkilini gözləməlidir.

Əhməd bəy türklükdən bəhslə deyir ki, biz də türküz, bu doğrudur. Amma türklüklə türkçülük arasında böyük fərq vardır. O fərq nədir? Türkiyəni bizə misal gətirirlər ki, orada demokratik firqə yoxmuş və o bəlalar onun üçün onların başına gəlirmiş.

Lakin mən deyirəm, millətdə milli ruh, milli idrak, etirafimilliyə, şəxsiyətimilliyə lazımdır. Biz millətə bunu verməyə çalışırız, sosialistlər ancaq proqram üzərinə danışırlar, bax, onlarla bizim fərqimiz budur!

Əkinçiyə topraq, fəhləyə iş vermək şüarı hamı demokratik firqələrin proqramında var. Ancaq sosialistlərlə bizim fərqimiz bundadır ki, onlar beynəlmiləlçidirlər, biz isə demokratik millətçi.

«Müsavat» firqəsi namına [adından] söz söyləyənlər çox yaxşı bilirlər ki, hankı sözü nə vaxt söyləmək olar və nə vaxt olmaz. «Müsavat» söz söyləyərkən söylədiyi sözləri əvvəla vəz [düşünər] edərək ölçər-biçər, danışar.

«Müsavat» xəyanət dedimi, sözünü haman isbata qalxar və isbat edər. «Müsavat» bilir ki, məbusluq sözü və kürsü mötəbərdir [sayğılı, sayılan], məbus söylədiyi sözdən məsul [sorunlu, borclu] deyildir, hər şeyi söyləyə bilər. Ancaq maddətən məsul deyilsə də, mənəvi məsuliyəti vardır. Bu etibarla xəyanət sözündən bəhs [danışdıqda] etdikdə onu havaya tullamayır, məsuliyəti düşünərək, sözlərimizi boşuna sərf etməyiz və bunu məbusana da tövsiyə edəriz.

Azərbaycan Respublikasının Parlamentində çıxış edən ilk müdafiə naziri, dəyərli, sayğılı Səməd bəy Mehmandarov aldadılmış bolşeviklərin ortaya atdığı türk konusu ilə bağlı deyir: «Əlbəttə, heç kəs inkar etməz ki, türklər bizim millətimizə nicat [dirilik]  verməklə böyük xidmət etmişlərdir. Amma burası onların hərəkətlərini tənqid etməyimizə də mane olamaz.

Hərbi nazirlik Gəncəyə köçənədək bizə xəbər verdilər ki, əskər işlərimiz yaxşıdır və çoxlu əskər yığılır, lazım olan kimi məşq verilir və ilaxır.

Mən Gəncəyə belə gözəl umudla getdim. Hər yeri gəzdim, [əskər böyklərimizə] baxdım, ancaq iş heç də yaxşı deyildi. Əskərlərimiz əzgin, düşkün bir halda, yeməkləri pis, mənzilləri fəna  [yararsız, pis, kötü] bir halda, yorğan-döşək yox, onların çoxu xəstə idi. Xəstə əskərlərin hamısını sağlamları ilə dəyişməyə məcbur olduq.

Qoşun yığmaq işi yaxşı getmirdi. Rəislər və mouqəf [əskər toplama məntəqəsi] komandanları öz vəziyətlərindən sui-istifadə edirlərdi. Çox vaxt bir külfətin yeganə çörəkgətirənini əskər alırdılar. Bu iş də camaatı narazı salıb, qoşun yığmaqdan nifrətləndirirdi.

Nuru paşa Azərbyacandan gedərkən özü mənim yanıma gəldikdə boynuna aldı ki, əskərlik barəsində Azərbyacan fəna bir halda qoyulmuşdur.      Məlumdur ki, Türkiyə komandanlığı başında duran adamları aldatmışlardı.

Türklər gedərkən mənə bilmərrə  [bir dənə də, heç] libas verməmişlərdi. Ona görə mən əskəri təşkilatla bərabər maddi cəhətdən çalışmalı idim. Nəki mümkün idi etdim.

Amma türklər külli [çoxlu] miqdarda ərzaq şeyləri qoyub getmişlərdir. Külli miqdarda taxıl, heyvan və sair məkulat [mallar] qalmışdır… Əlbəttə, möcüzə göstərmək olmaz. Amma nəki mümkündür edəcəyəm… Mən ümdə [gərəkən, ilk, birinci, gərəkən] diqqətimi əskər yığmaq işlərinə verdim. Bu vaxtadək əskər alınmalı olanların siyahısı tərtib verilmişdi. Hər yerdə kasıblar əskər alınırdılar. Hər yerdə qoşun içində bir dövlətli, ya bəy, ya xan oğlu görmədim.      Ona görə əmr etmişəm əskərə düşənlərin siyahısı tutulsun və bir surəti hərbiyə nəzarətinə göndərilsin, tainki yığılanlara diqqət verək… Əskərlikdən qaçmaq məsələsinə gəlincə, bu da deyilən kimi olmayıb, o qədər də layiqi-əhəmiyət deyildir. Hər yerdə mükəlləfiyəti-əskəriyə tətbiq olunanda belə şeylər olur. Məsələn, 1880-ci il mükəlləfiyəti-əskəriyə qanunu ermənilərə və gürcülərə təmsil ediləndə çox adam əskərlikdən qaçırdı. Hələ indi də qaçan çoxdur.

Bizdə də çox adam qaçırdı, ancaq əksilməmişdir. Bu da tədriclə olar. Gəncədə son zamanlar bir adam qaçmamışdır. Əhali özü qaçanlara nifrət edir və çox vaxt olmuşdur ki, əskərlikdən qaçanı döyüb, sonra geri gətirmişlərdir. Güman var ki, müsəlmanlarda olan fitri nizam və ədəbə görə vaxtı ilə heç kəs qaçmayacaqdır…

Parlament rəisi doktor Ağayev Gəncəyə gəldi, orada əskərlərimizə baxdı. Hərçəndi məşqdən sonra idi və əskərlərimiz hazırlaşmamışlardır, ancaq doktor Ağayev bəyan etdi ki, qətaəti-əskəriyəmiz hüsnü-təsir bağışlamış və çox xoşuna gəlmişlərdir…

Bir neçə kəlmə də şəxsim ətafında qaldırılmış səs-küy haqqında da ərz  [danışacağam] edəcəyəm. Bu sözləri o ağalar danışırlar ki, qoymamışam Azərbaycan xəzinəsinə südlü inək və hərbi nazirliyinə darüləcəza   [cəza yeri, qurumu]  kimi baxsınlar.

Mən bəyan edirəm ki, bu vaxtadək olduğu kimi, bundan sonra da tutduğum yol ilə gedəcəyəm və heç bir qüvvə məni bu yoldan çıxara bilməz. Hər kəs məndən sonra nazir olsa görər ki, nə qədər zəhmət çəkilmiş və nə işlər görülmüşdür.

Yüksək ağılı, milli düşüncəsilə önə çıxan müsavatçı, doktor Musa bəy Rəfiyev Səməd Ağamalı oğlu,eləcə də başqa sosialistlərin ortaya atdığı milli dönüklük, araqarışdıran, yağılıq yayan düşüncələri çox yüksək düzəydə genəlləyib deyir: Mən, Milli – Müdafiə Komisiyası sədri olaraq burada bir neçə söz demək istəyirəm. Sizə məlumdur ki, biz Azərbaycan türkləri əskəri vəzifədən kənarda qalmışdıq. İndi övza [durum, vəziyət]  bizi əskəri işə qarışmağa və əskər düzəltməyə məcbur etdi və məlumdur ki, bu işə nə qədər pis bir zamanda başladıq. Hər tərəfdə vuruşma, pozğunluq, hərc-mərc. Əlbəttə, böylə zamanda çox nöqsanlar olar.

Əskər işini biz əvvəlcə türk qardaşlarımıza həvalə etmişdik. Bizim üçün əskəri təşkil etmişlər.

Biz heç vaxt türklərin xidmətini unutmarız və təşəkkür edəriz!

Hərgah asudə bir zaman olsaydı, bu işləri müntəzəm bir surətdə əmələ gətirmək mümkün idi.

Deyirlər ki, türklər gedərkən hər bir şeyi başına buraxıb getdilər. Məlumdur ki, 10-15 il müddətində evindən ayrı düşmüş əskər yerindən tərpəndiyi zaman belə iş gözləmək olar. Türklərin bu nöqsanları bizim onlara olan təşəkkürlüyümüzü azalda bilməz.

Bir də onu deyirəm ki, müfəttinlər [araqarışdıranlar]  ara qarışdırıb xələl [pislik, ziyan] qatmaq məqsədilə hərbi işlərimiz barəsində danışırlar ki, guya komanda türk dilində deyil, rus dilindədir, əskərlərə pis baxırlar və s. Bunların hamısı iftiradır [qarayaxmadır].

Komanda türk dilindədir. Əskəri işlərimiz öz yolu ilə gedir. Bu iş bizdə təzə olduğuna görə təcrübələrin azlığından, əlbəttə, nöqsan olacaqdır.

Amma yenə təkrar edirəm ki, əskəri işlərimiz düz yolu ilə gedir və gedəcəkdir. Əminiz ki, bir az zamanda özümüzü daxildə və xaricdə müdafiə etmək üçün lazımi qədər əskəri qüvvəmiz olacaqdır.

Qaynaqlar yazır: «Nuru Paşa Gəncəyə çatdıqdan sonra Azərbaycan türklərindən bir ordu yaratmaq üçün işə başlamışdı. Ancaq gözlənilən nəticə alınmadı. Yaradılan azsaylı milis güclərinin istər Göyçay, istərsə də Bakı hücumlarında göstərdikləri hərbi başarılar yetərli olmamışdı. Azərbaycan ordusunun özəyini təşkil edən bir korpus yaratmaq üçün işə başlayan Nuru paşa 13 avqust 1918-ci ildə yaradılacaq Azərbaycan Korpusunun quruluşunu belə açıqlayırdı:

  1. Azərbyacan Cümhuriyətində ordu yaratmaq işlərini Qafqaz İslam Ordusu tənzim və idarə edəcəkdir.
  2. Qurulacaq korpusun hərb düzüyü yazılaraq 6 avqust 1918-ci il tarix və şöbə 173/5 nömrəsilə göndərilmişdir.
  3. Suvari dəstələri müxtəlif məntəqələrdə yaradılaraq sonradan ehtiyac olduqda daha böyük birliklər halına gətiriləcəkdir.
  4. Yaradılmaqda olan kiçik birliklər korpus və diviziya qərargahları yaradılanadək Qafqaz İslam Ordusuna bağlı olacaqdır.
  5. Korpusun zabitlərinin hamısı müsəlman olmalıdır. Bütün zabit və əskərlər Osmanlı uniformasını, süvarilər törənlərdə «çərkəzi» paltar geyəcəklər.
  6. İndiki Azərbaycan Korpusu ləğv olunacaqdır. Korpusun Gəncə və başqa məntəqələrdə olan hər növ silah, cəbbəxana-mühümmat, araba, heyvan və geyimləri yeni yaradılacaq korpusda işlədilmək üçün Qafqaz İslam Ordusuna veriləcəkdir. Azərbaycan korpusu 15 avqust 1918-ci ilə kimi bunların sırasını Qafqaz İslam Ordusuna göndərəcəkdir.
  7. Yeni yaradılacaq birliklərdə danışma və yazışma türkcə olacaqdır. Yayımlanan bu təlimat Azərbaycanda olan bütün Osmanlı birliklərilə Azərbaycan Korpusu komandanlığına və Azərbaycan hökumətinə göndərilmişdir».

Nuru paşanın Şərq Ordusu komandanlığından 27 iyun, 1 iyul 1918-ci ildə İstanbula göndərilən raportlarda deyilirdi: «Yeni qurulmağa çalışılan Qafqaz İslam Ordusu çalışmalarından bir nəticə əldə edilmir. Buradakı türk gənclərindən silah altına ən az 30 min nəfər toplanacağını ümid edirdik. Buna qarşılıq hərbiyə qatılanların sayı 37 nəfərdir. Bu şərtlər altında Bakı məsələsini özbaşımıza həll edə bilmək üçün Qafqaza daha bir diviziya göndərilməsi uyğun olacaqdır.

Buradakı müsəlmanlar çox söz söyləyir, az iş görürlər. Kef çəkən və pulu çox sevən insanlardır. Yardım və fədakarlıqlarını çox az görürük. Orduya qatılan yox deyəcək qədər azdır.

Bu şərtlər altında Azərbaycanın və Bakının qurtuluşunu təmin etmək, Osmanlı dövlətinin xalq nəzərindəki etibarını qorumaq daha çox gərəkli hala gəlmişdir. 5-ci diviziyanın təcili gücləndirilməyə ehtiyacı var. Əks halda durumumuz heç də yaxşı deyildir».

Sayğılı eloğlu, sənin əziz millətini bu duruma Rusiya strateqlərinin yürütdüyü ulusal bilincsizlik siyasətləri çatdırmışdır. Ancaq zaman getdikcə, dəyərli böyüklərimizin Azərbaycan Cümhuriyətinin parlamentində də dedikləri kimi, bütün çətinliklərə baxmayaraq, Nuru Paşanının igid əskərlərinə, yaradılan Azərbaycan ordusuna qatılanların sayı 10 minə çatmış, Azərbaycan türklərinin igid oğulları gözəl yurdumuzu yağılardan qurtarmaq üçün, türk qardaşlarına bacardıqları bütün yardımı etmişlər.

Azərbaycan türkləri 1912-1913-cü illərdə Osmanlıda gedən Balkan savaşında soydaşlarını tək qoymamış, ona maddi-mənəvi yardım etmiş, könüllü gedib savaşlarda vuruşmuşlar.  O çağda «Müsavat» partiyası aşağıdakı çağırışla bütün türk-müsəlmanları Osmanlı dövlətinə yardıma çağırırdı: «Dindaşlar, bilin ki, tək ümidimiz və qurtuluşumuz Türkiyənin istiqlalını qoruması, yüksəlməsi və inkişaf etməsindədir. Əgər keçmişdəki laqeyidsizliyimizdən, nəyimizə lazımlığımızdan indi də vaz keçməsək, dünyanın gözü önündə haqq və hüququmuzu qoruya bilmərik. Dinimizi və milliyətimizi itirərik. Bunun nəticəsində əsir olacağımızdan heç kimin şübhəsi olmasın. Balkan hərbinin arxasında ruslar durur. Əsil hədəfləri də türk əskərini yox edib türk dövlətini yıxmaq və əsir etməkdir».

Azərbaycan ulusal bağımsızlıq savaşçılarından Nağı Şeyxzamanlı yazırdı: «Gəncədəki təşkilatımız qatarlardan endirilən türk əskərlərinin cənazələrini alıb torpağa vermək üçün bir növbətçilik təşkil etmişdi. Yenə bir gün vağzaldan keçən bir qatardan dörd şəhidin endirildiyini xəbər aldıq. Şəhidlərimizə son borcumuzu yerinə yetirmək üçün dərhal toplanıb bir mərasim təşkil etdik. Göz yaşları içində söylənən nitqlərdən sonra onları əbədi məkanlarına tapşırdıq. Anadoluda doğulan igid türk əskərləri türklük uğrunda vuruşaraq şəhid olur və yenə bir türk torpağı olan Azərbaycanda torpağa verilirdi».

Ulus düşüncənin olmaması, yurd sevgisinin itirilməsilə bağlı bir acılı olayı da sənə çatdırırıq. Oxu, oyan, özünü anla, yurdunu – Azərbaycanı sev!

«Yüzbaşı Səlahəddin də türk əskərlərinin Qafqazdan çəkilərkən yaşadığı acıları belə nəql etməkdədir: Azərbaycan əhalisi beş milyon idi. Bunun dörd milyon yarımı türklər, yarım milyonu ruslar və ermənilər idi. Ruslar və ermənilər türk ordusunun Azərbaycana gələrək orada bir dövlət qurmasını istəmirdilər. Amma orada olduğum qısa müddətdə anladım ki, 4,5 milyon türkdən çox azı bizi istəyir. Bizi istəyənlər milli duyğuları oyanmış adamlardı. Uzaq başı bizimlə rus idarəsi arasında bir fərq görmür, hətta rusları daha qüvvətli, zəngin və mədəni bildikləri üçün, bu «böyük ağa»nı tərcih  [seçirdilər, üstün tuturdular] edirdilər.

Bəzi türklər də rus mədəniyətini mənimsəmişdilər, çarlıq idarəsi altında rütbə, maaş və rifaha qovuşmuşdular. Onlar bizə düşmən gözü ilə baxır və Azərbaycandan tezliklə rədd olub getməyimizi istəyirdilər. Biz Azərbaycandan çəkilməyə başladığımızda onlar canlanmışdılar. Mənim də başımdan belə bir hadisə keçdi:          Biz Azərbaycanı tərk etməyə başladığımızda, Azərbaycan ordusunun komandanlığı çarlıq dönəmi generallarından azərbaycanlı türk olan Mehmandarova, Qərargah rəisliyi də Həbib Səlimov adlı bir polkovnikə verilmişdi.

Mən Gəncədə ikən bir gecə bir zabit gəldi və Mehmandarovun sabah Bakıya gedəcəyini, bir lokomotiv istədiyini dedi. Mən «vaqon vamı?» deyə sordum. Şəxsi vaqonu olduğunu söylədi. Mən də bir lokomotiv verilməsi üçün əmr verdim. Ertəsi gün şəhərə çıxmışdım. Stansiyaya qayıtdığımda hər zaman olduğundan böyük bir qələbəlik gördüm. Həbib Səlimov da bizim stansiya komandanına bağıraraq nə isə deyirdi. Stansiyanın ortasına gəldiyimdə məni gördü, mənə doğru gəldi və hər kəsin eşidə biləcəyi bir şəkildə: «Siz nə utanmaz insanlarsınız! Məmləkətimizə gəldiniz, etmədiyiniz qalmadı. İndi bir marşal səyahət edəcək, ona qırx nəfərlik bir heyvan vaqonu verirsiniz. Öz komandan və zabitlərinizə isə ruslardan və bizdən oğurladığınız ən yaxşı vaqonları verməyə utanmırsınız…», dedi.

Mən gözləmədiyim bu sözlər qarşısında çaşıb qalmışdım. Sonra çox sayğılı bir şəkildə vəziyəti izah etməyə başladım və bir türk generalına hər cür hörmət göstərəcəyimizi, vəziyəti anlamadan boş yerə həyəcana qapıldıqlarını dedim. Bu sayğılı davranışım qarşısında bümbütün əsəbiləşən Səlimov: «Bax, bir də utanmadan yalan danışır, bu həyasızlıqdır!» deyə bağırdı.

Səbrimi daşıran bu bağırış oldu. Səlimova: «Ey rus köpəyi, sənə bir türk əskəri olduğun üçün hörmət etdim», dedim və arxadakı zabitə: «Bu hərifi al sıravilərin yanına həbs et, danışsa vur!» deyə əmr etdim. Marşal üçün ayrılan qatarı lokomotivdən ayırdım, yanındakı zabitə dedim ki: «Get marşalına söylə, milləti üçün qan tökməmiş, zabiti döyüşməmiş bir marşala bizim edəcəyimiz budur. Haraya istəyirsə, oraya getsin!».

Üç saat sonra hadisənin şahidi olan və o vaxt bizim adımızdan Bakı valisi olan polkovnik Fəthi bəy gəldi. Məndən xahiş elədi, Səlimovu buraxdım. Mehmandarova da bir lokomotiv verərək Bakıya göndərdim.

Bizim Turan macərasındakı arzularımızın sonunda qarşılaşdığımız Azərbaycan ziyalısı bu idi».

Sayğılı eloğlu, bu çox pis, acı olayı sənə çatdırmaqla Azərbaycan ordusunun polkovniki, yurdumuzu rus-erməni-mason yağılardan almaq üçün igidliklə vuruşmuş, Lənkəranı yağılardan təmizləyən qoşunun başçısı olmuş, Azərbaycan ordusunun qurucularından biri, Azərbaycan Cümhuriyətini devirib yurdumuza rus-sovet bolşefaşizmini gətirmiş 11-ci ordu ilə vuruşub şəhid olmuş eloğlumuzu kiçiltmək istəmirik. Polkovnik Həbib Səlimov da insandı, illər boyu getmiş savaşlardan yorulmuşdu, əsəbləri gərginləşmişdi. Ancaq sən nə olur-olsun o belə davranmamalısan. Sənin ulusunu soyqırımdan qurtarmış bir əskərə, qardaşa ən böyük sayğı və sevgin olmalıdır.

Yüzbaşı Səlahəddin gördüyü başqa bir gerçəyi də yazıb: «Gümrüdə olduğumuz günlərdə çarlıq ordusunda topçu komandiri olmuş general Əlağa Şıxlinski bizə xidmət etmək üçün gəlmişdi. Əlağa Şıxlinski Şıxlı köyündən idi. Yeni qurulan Qafqaz İslam Ordusunda və ya məmləkəti olan Azərbaycan dövləti ordusunda xidmət etmək istəyirdi. Xəlil paşa bu adama çox hörmət göstərdi. Şıxlinski bizə gəldiyi zaman əynində hələ də rus hərbi forması və çarın nişanları vardı. Xəlil paşa ona bir türk nişanı verdi və rus ordusundakı rütbəsinə bərabər olan tüğgeneral (general-leytenant) türk forması geymə səlahiyəti verdi. Üstəlik atlardan birini hədiyə etdi.

Əlağa Şıxlinski təxminən bir həftə Gümrüdə qaldı. Bir vaxtlar komandanlıq elədiyi şəhəri gəzdi. Bəzən mən də onunla birlikdə gəzirdim. Bir gün Gümrüdə kazarmaların yanındakı hərbi kilsəni gəzərkən mənə belə dedi: «Siz bu kilsədə gəzərkən nə hiss edirsiniz? » «Heç bir şey».

«Mən həyatımda iki dəfə çar həzrətlərilə birlikdə bu kilsədə mərasimdə iştirak etdim. Böyük rus imperiyasının varlığını, dəbdəbəsini o mərasimdə görmək çox gözəl idi. İndi sanki o günləri yenidən yaşayıram kimi bir həzz içindəyəm. Çar həzrətləri çox böyük insandı. Heyif ondan».

Altmış yaşını ötmüş bu adamın dedikləri qarşısında özümü çətinliklə saxladım. Amma vəziyəti Xəlil paşaya danışdım».

Sayğılı oxucu, bunları yazmaqdan bir istəyimiz vardır: özgə siyasətləri, uyqarlıqları ilə böyüdülmüş insanların düşüncəsində o siyasətlər, uyqarlıqların etkisi çox güclü olur. Bunu anla özün ol, başqa yol sənin, sənin ulusunun sonudur. Elə 1988-1990-cı illərdə də millətin «rusfasonlar», «yarımruslar», «rus xiyarları» dediyi adamlar çox idi. Onlar rus-sovet düşüncəsindən, nataşalardan, haykanuşlardan ayrıla bilmirdilər. Azərbaycana başçılıq edən rus xiyarlarını da bu yağı siyasətləri yetişdirdiyindən, onlar indi də rusluqdan aralana bilmirlər.

Sözardı: İgid, yeniyetmə yurdsevər, dərindən düşün, anla! 1918-20-ci illərdə babalarını rus-erməni-mason yağılara satıb yurdunu dağıdanların böyütdükləri «Keçəl Həmzə»lər 1993-cü ildə ulusun balalarının meyidi üzərində qurulmuş ulusal ağalığı hərbi güc, dövlət çevrilişi yolu ilə devirib yenidən ağalığa gəldilər.

Ötən 17 ildə Azərbaycan xalqı, türk milləti üçün köklü heç bir şey etməmiş komunistlərlə törəmələri – neobolşeviklər uzun illərdir seçki saxtakarlığı ilə, zorla ağalığı əldə saxlayır, gerçəkdə demokratiyanın ən birinci ilkələrindən olan özgür, açıq, aydın seçkiləri yasaqlayıb, yönətimi gün-gündən avtoritarlaşdırırlar. Azərbaycan Respublikası demokratiya adı altında ən qatı avtoritarlıqla, yağıcasına yönətilir.

Azərbaycan toplumundakı türkçülük düşüncəsinin, ulusal ruhun söndürülməyə çalışılması isə ulusal ağrı-acıdır.            Sən bu yazını anlaya-anlaya oxu, onda «Biz parlamentarizmi qəbul etmişik və qanuni-əsasimizin [Anayasa] baş xəttini parlamentarizm təşkil edəcəkdir», deyib, yeni yaradılan parlamenti, hökuməti körpə, cocuq böyüdəntək böyütməyə çalışan Məhəmməd Əmin Rəsulzadənin, eləcə də başqa ulusalçı, dövlətçi, azərbaycançı yurddaşlarının  siyasi, elmi düşüncəsinin genişliyini, ulus, el, yurd sevgisini gör, bu vurğunluğu beyninə «ümummilli lider» kimi yeridilən köhnə komunistlərin, yaşamı, yaşayışı, Azərbaycan sevgisi, demokratik düşüncəsilə tutuşdur, yazının amacını düzgün anla, özünün gəldi-gedər, ulusun yaşarı olduğunu unutma, ulusalçı, dövlətçi, azərbaycançı, ağıllı siyasətçitək yetişməyə çalış, yurdumuzda ədaləti, demokratiyanı qorumağa qalx, Azərbaycan Respublikasını qoru, sonsuzadək yaşat!

Alimlər sənə düzgün bilgi ötürməyə, səndə milli özünüqoruma, özünütanıtma duyğuları oyatmağa borcludur. Biz borcumuzu verdik, düzünü sən gör, sən bil!

Bakının rus-erməni-mason güclərindən geri alınma günü bayramınız – 15 sentyabr qutlu olsun!

 

*Duyarı: Yazıda başqa dildənkeçmə iki y-li, s-li, m-li sözlər bir səslə, bir neçə söz indi işlədilən kimi yazılıb, çox çətin ərəb sözlərinin türkcə anlamı, eləcə də bir neçə açıqlama  düz ayrıcda [ ] verilmişdir.

 

 

Yadigar Türkel

15 sentyabar 2011-ci il «Vətəndaş həmrəyliyi» 16.09.2011. №33 (811).

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv