Bolşeviklərin nə kimi Doğu politikası uyğuladıqları Azərbaycan örnəyində bütün açıqlığı, aydınlığı ilə ortaya çıxmışdır. Bolşeviklər Doğu uluslarının qurtuluşu, dirçəlişi çağırışları ilə sözdə ulusların hüququna, özgürlüyünə, bağımsızlığına sayğı göstərirlər. İşdə isə başqa imperialistlərdən heç də ayrı deyildirlər. Bütün bu anlatdıqlarımızı oxuyan oxucu sözsüz, özünü yeni imperializm qarşısında bulmuşdur: – Qızıl İmperializm!
Birinci Dünya Savaşında ortaya çıxan iç qarışıqlıq sonucunda qara Rusiya İmperializmi dünyanı silkələyən bir gurultu ilə çökdü. Bu çökən böyüklük, ayrı irqdən, ulusdan yapılma 180 milyonluq çağdaş bir Babil qülləsi idi. Bu qüllənin çeşidli parçası olan uluslar gələcəklərini düşünərək, ulusal varlıqlarını qurtarmağa çalışır, bu amacla qurumlaşır, əski Rusiyanın gərək batısında, gərək doğusunda yeni ağalıqlar yaranırdı.
Rusiya dağıntıları üzərində yaranan dövlətlərdən Baltikyanı ilə Batı sınırında bulunanları – Qara İmperializmlə Qızıl İmperializm arasında keçən dəyişiklik dönəmindən yararlanıb, yeni Bolşevik ordu gücləri yaranana kimi özlərini toparlayacaq bir duruma gəldilər. Finlandiya, Litva, Latviya, Estoniya, Polşa kimi dövlətlər əldə yaraq öz varlıqlarını doğruladılar, Bolşevik saldırısına yaraqla qarşı qoymaqla özlərini Rusiyaya, eləcə də bütün dövlətlərə tanıda bildilər.
Qafqaz dövlətləri isə belə bir uğura çatammadılar. Avropa dövlətləri bunların qurduğu ağalıqları bir az birbaşa, bir az da hüquqca tanısalar da, saldırqan Bolşevik gücünə uzun sürə dayanammadılar.
Rusiyanın iki yanında olub çeşidli sonuclarla bitən bu olayın nədənini araşdırmaq sözsüz, yarardan uzaq deyildir. Bu nədənlərdən birinin burada deyilməsini daha önəmli buluruq.
Dövlətlərin yaranma, dağılma tarixlərinə baxsanız, öz varlığı üçün savaşa başlayan bir ulusun özü ilə çıxarları ortaq bulunan bir taqım politik güclərdən yararlandığını görürsünüz. Yunanıstan bağımsılığını İngilislərə, Balkandakı Slavyan dövlətləri Rusiyaya borcludurlar. Baltikyanı dövlətlər bağımsılıqları üçün yapdıqları savaşda Birlik dövlətləri donanması ilə ordusunun yarağından çox yararlanmışlar.
Finlandiya Respublikası bolşevizm əlindən Almaniyanın ordu dəstəyilə qurulmuşdur. Bolşevizm Batı sınırına doğru saldırarkən qarşısında yalnız Rusiyadan ayrılmış yeni dövlətləri yox, onların arxasında duran Avropa güclərini də bulurdu. Bu durum daha çox da Polşa örnəyində gözə çarpar. Polşa qarşıqoyması Fransa baş qərargahının qarşıqoyması da demək idi.
Qafqaz cəbhəsi isə belə deyildi. Rusiyadan qurtulmağa can atan Qafqaz bu qurtuluşla bağlı olan İranla Türkiyə dövlətlərinə arxalanammırdı. İranın gerçəkdə savunma gücü yoxdu, ordusu gücsüzdü (Azərbaycan Cümhuriyyətinin İrandakı elçisi Adil xan Ziyadxan 11 aprel 1920-ci ildə Tehrandan Azərbaycan Respublikasının Dış İşləri baxanı Fətəli xan Xoyskiyə “Bildiriş”ində yazırdı: “İran yatır. Görəvlilərin işə qoyulması başdan-ayağa rüşvətçilik, həyasızlığadək çatan açıq alverdir. Sonucda ulus acımaqsızca soyulmaqda. Məhkəmə, ədalət yoxdur! Keçmiş böyüklüyün qalıqları görünür, yeni kültürün olmaması, tikici-quruculuğun yoxluğu, hər yerdə yoxsulluq, kir-kərmə! Bütün ölkədə dövlətin maraqlarını satmayacaq tək-tük yurdsevərlə qarşılaşmaq olar. Hər yerdə yaltaqlıq, yalançı sayğınlıq, tərbiyəlilik, pərdə arxasında isə cibləri doldurmaq, incə intriqalar, pozğunluq, eləcə də başqaları.
Farsların – Perslərin bizim Respublikaya yanaşması elə də ürəkaçan deyildir, tərsinə, İran türklərinin bizə yanaşması qardaşcasına-dostyanadır. İran Azərbaycanının yönü özərkliyə, bağımsızlığa, Farsistandan ayrılmağadır”.
Məhəmməd Əmin Rəsulzadə 1908-1911-ci illərdə İranda yaşayarkən, orada önəmli toplumsal-politik işlər görmüşdür. O, İranda gördüklərini 1912-ci ildə Türkiyədə yayımlanan “Türk yurdu” ilə “Səbilür-Rəşad” toplusunda çap etdirmişdir. Məhəmməd Əmin bəy o yazılarında İranın Adil xan Ziyadxanın çəkdiyi görüntüsünü, demək olar, bu alıntıdakı sözlərlə vermişdir. Bax: Məhəmməd Əmin Rəsulzadə “İran türkləri”. B., 2013, s.66-97. Acınacaqlı da olsa, İran İslam Respublikası bu gün də çağdan çox dala qalmışdır. Bu ölkədə İlk Orta çağdakı kimi din dövlətidir. Azərbaycan Respublikası isə çağdaş, konstitusiyalı, demokratik respublika olsa da, burada da göstərilən rüşvət, yolsuzluq baş alıb gedir), Türkiyə isə onu boğmaq istəyən Avropaya qarşı bayraq açdığından, devrimçi Rusiyanın nə yolla olur-olsun, bir an öncə onun sınırına yaxınlaşmasını istəyirdi. O, Qafqaza doğru enən Bolşevik gücündə Avropaya qarşı bir güc gördüyü üçün Quzeydən uzanan əli çox öyrənmək olanağı bulamadan, tez-tələsik sıxırdı. Qafqazın başı üzərindən yapılan bu əlsıxma sözsüz, Qafqaz respublikalarının varlığı üzərində kəsin bir etki yaratmışdır.
Ölüm-dirim savaşına atılan Türkiyənin belə duruma düşməsi, sözsüz, “şər deməsən xeyir gəlməz” düsturu üzərində olmuşdur. Doğrudur, Qafqazın yenidən Rusiyanın asılılıq ilgəyinə keçməsi Türkiyə çıxarları baxımından böyük bir itkidir. Ancaq “Sevr” Anlaşması ilə yaşam gücü alınaraq uçurumun dibinə endirilən Türkiyə üçün daha böyük itki idi.
Türkiyəni bolşeviklərlə əlsıxmaya yönəldən nədən Lloyd Corc-Klemanso Avropasının uğur sevincilə kor olan politikası idi. Bu politika varkən, Türkiyə Böyük Millət Məclisinin çilovunu əlində tutanları Bolşeviklərlə anlaşdıqları üçün kimsə qınayammaz! Bolşevik politikasının Türkiyə üçün politik bir strateji gediş olduğunu qəbul etməmək, dünya işlərini çox dar bir gözlüklə görmək olurdu. Ancaq bu belə olmaqla yanaşı, Bolşevik politikasının da imperializmin başqa bir biçimi olduğunu unutmaq, politik sorunları gerçəkdən çox düşüncələrimiz, istəklərimizə görə yozmaq olur.
Avropa İmperialistləri koloniyalarını dəyərli malları “Ana yurd”a çəkməklə sömürürlər. Qızıl İmperializm isə koloniya durumuna qoyduğu “ortaq”larının var-yatırını bütnlüklə çalmaqla yararlanır. Azərbaycan bu yöndə ən açıq-aydın bir örnəkdir!
Rusiya özünü Avropa İmperialistlərindən qorumağa çalışan Türkiyəni dəstəkləməklə Türkiyədən daha çox yararlandı. Türkiyəyə verdiyi maddi, eləcə də ordu yardımının nə kimi bir dəyərə vardığını bilmirik. Ancaq Bolşeviklərin Bakıya girdikləri çağdakı “talan həftəsi”ndə banklardan çalınan, yağmalanan[1] daş-qaşla, altun-gümüş, bəzək şeyləri, nağd puldan, Astarxana daşınan mal, çeşidli şeylərdən başqa 300 milyon put (4 milyard 800 milyon kilo) neftlə 750 min pud (12 milyon kilo) pambıq, çoxlu ipək, eləcə də b. aparmışlar.
Bundan başqa, Lenin ağalığı neft ocaqlarını ələ keçirdikdən sonra ən böyük yağısı olan İngilislərlə anlaşa bilmiş, Türkiyədən daha qabaq Avropa dövlətlərilə danışıqlara girişmiş, alver anlaşmaları bağlamışdır. Bolşeviklər İngiltərə ilə yapdığı alver anlaşması dolayısı ilə Doğu politikasını atmağa belə boyun olub, propaqandalarını bir anda dəyişdirdilər.
xxx
Qızıl İmperialistlərə “siz də kolonyaçısınız” dedikdə kəsinliklə qarşı çıxıb, əllərində bulunan uluslara özgürlük, ağalıq hüququ verdiklərini söyləyirlər. Gələk Qafqaz respublikalarına. Baxaq-görək yüz il qabaq çar Ağalığı Qafqaza enirkən yaraq gücü ilə yendiyi xanlıqlara, öz istəyilə Rusiyaya qatılan Gürcüstanda nə kimi politika uyğulayırdı?
O çağ xanlıqlar birdən-birə ortadan qaldırılmamışdı. Gürcüstan knyazlığı çox illər adı, görəvləri ilə dəyişməz qalmışdı.
Yalnız nə olurdu? Rusiyaya qarşı olan bir xan qaldırılıb yerinə Rus yanlısı, güvənilən birisi qoyulurdu. Ulusal qurumlara əl dəyilmir, yalnız kəndlərdə Rus Ordu qarnizonu (ordu dəstəsi) saxlanılır, məhkəmələr, divan belə əskisi kimi yönətilirdi. Xanlıqların yönətim qurumları ilə bunların gördüyü işlərin bütünlüklə ortadan qaldırılması saldırının ilk illərində olmuş bir olay deyil, yavaş-yavaş edilmiş bir işdir.
Çar dönəmində Qafqaza geniş yetkili başçı qoyulurdu. İndiki sovet ağalığı isə Kommunist Partiyasının Bölgə Mərkəzi Komitəsini göndərir. Qafqaz respublikaları bütünlüklə bu ortaqlıq qarşısında sorumludur. O çağda seçkin sinfinə arxalanan Rusiya İmperializmi Qafqazdakı xan, məlik (Erməni seçkini) (Bu məliklər Xristian-Alban-Türk məlikləri idi. Rusların Azərbaycana köçürdükləri Ermənilərin sayı artınca, 1836-cı ildə Peterburq Qutsal Sinodunun qərarı ilə Alban kilsəsi bağlanmış Alban-Türk məliklərinə Erməni məliyi deyilmişdir), knyazlardan (Gürcü seçkini) özünə bağlı olanları qullanır, o yolla ağalıq edirdi. Baş qaldıranlar isə ya öldürülür, ya da Rusiyaya sürülürdü.
İndi də belədir. İşçi, köylü sinfinə arxalanan Bolşevik diktaturası yerli yaşayanların ayaq taqımlarına dayanaraq öz ağalığını qurub, bu sinif içərisindən belə özünə boyun əyməyənləri öldürür, ya da sürgün edir. Sonucda indiki respublikaların ortadan qaldırılması o çağdakı xanlıqların dağıdılmasından daha iti edilir.
Çarlığın idealı seçkinlər sinfi ortamında yüksələn “şovinizm” idi. “Leninliyin” idealı isə “işçi kosmopolitizmi” adlı bir yoldur. Birincisi, Rus olmayan ulusları ruslaşdırmaqla bütün Rusiyanı kültürcə bir duruma qoymaq istəyirdi. İkincisi də ulusal kültürü daha güclü olmayan kiçik uluslarda ulus düşüncəsini öldürməklə bütün Rusiyanı ulussuz bir duruma qoymaq (denasionalizə etmək) istəyir, sonuc baxımından yenə o deməkdir.
Devrimlər geniş içdənlikli olsalar da, sonucda özünü bildirmiş ölkənin toplumsal yaşamını, politik quruluşunu, tarixin gedişini, ekonomik yasalara uyğun bir biçimdə dəyişməkdən başqa bir şey verəmməz, olsa-olsa ağalıq hansısa bir sinfin, sosal qatın əlindən daha çağdaş, daha irəliçi bir ələ keçər. Toplumsal devrimlər bir dövlətin dış politikasından çox iç politikasını etkiləyir. Fransa devriminin dış politikası burbonların gələnəksəl politikasından başqa deyildi. Sovetlərin politikası da çar Rusiyasının politikasından başqa bir şey deyildir!
Keçmişdən Türk yağısı olan Rusiyanın Türkiyəyə arxadaş çıxması isə tarixdə bənzəri yox bir devrim olayı deyildir. Məhəmməd Əli Paşa ayaqlanmasında Sultan Mahmuda yardım göstərən Rusiya Çar Rusiyası deyildimi? Bolşeviklər İngiltərəni Hindistanı tutmaqla basqılayırdılar. Ancaq bu qorxu Dəli Petronun yayılmış vəsiyyətnaməsindən də bəlli deyildirmi?
Hə, Məhəmməd Əli Paşa olayı ilə bugünkü olaylar tarixin birər görüntüsüdür. Bunlar birər epizoddur. Qalıcı bir şey varsa, o da Doğuya doğru axan Rusiya axını, bu axına uğrayan türklükdür.
Rus hankı dona girisə-girsin yenə Rusdur! Qada da olsa, qızıl da olsa Rus İmperializmi imperializmdir! Rusiyada dəyişəcək şey, onun politik quruluşudur, ürətim, tükətim biçimidir, yoxsa Rusiya coğrafiyası dəyişməyib!
xxx
Qızıl İmperializm Böyük Rusiya Devriminin doğurduğu bir sistemdir. Bu devrim çağın dəbi olan sosializm çağırışları ilə alver edərək, kommunizm bayrağı altında gerçəkləşdi. Dünya qorxunc bir ulus axınının coşqusu qarşısında bulundu. Bu qorxunc toplum axını, quşqusuz, çağımızın ən öyrənilməli bir olayıdır. Ancaq bu olayda keçici yerlərlə yanaşı, dəyişməz qalacaq gerçəklər də var. Öyrənərkən bunları ayırmamaq düzgün deyildir!
Sosializm, kommunizm anlamları kimi böyük idealların uyğulanması, özü də Avropa dövlətləri arasında ən geridə qalmış bir ölkədə uyğulanması sözsüz, bu axının keçici duraqları ola bilir. Bu gün biz Komunist Partiyasının özünün bildirdiyi prinsiplərdən birər-birər yan keçdiyini gördüyümüz kimi.
Dörd-beş illik qorxunc örnəklər bənzərsiz terrorlar sonucda dəyişməz qalan qazanc isə demokratik sosialistlərin deyimincə, burjua quruluşunun özülünü yaradan yönlərdir. Bu yönlər içində ən önəmlisi Rusiya imperatorluğunun özülü olan köklü seçkin sinfinin ortadan qaldırılmasıdır.
Rusiya son yarım yüzildəki ekonomik gəlişməsilə ortaçağsayağı ürətim ölkəsi olmaqdan uzaqlaşmışdı. Ancaq politik quruluşca bu dövlət indi də dərəbəy düşüncəsilə yönətilirdi. Burada Ağalıq bütünlüklə köklü seçkin sinfin əlində, dövlətin mülki işlərilə, ordu qurumu çarın taclandırdığı bu seçkin qatın asılılığında idi. “Dvoryanstvo” deyilən seçkin sinif ayrıca qurumu, politik, hüquq üstünlüyü olan seçkin bir qat idi. Bu qat politik hüquqca belə ağa ikən, ekonomicə çürüməyə başlamış, çoxdan bəri yerini yeni oluşan burjua (varlı) sinfinə vermişdi.
Bu olayı araşdıranlarca, Böyük Rusiya Devrimi ölkənin ekonomisilə politikası arasındakı bu böyük toqquşmadan başqa bir şey deyildir. Devrim köklü seçkin sinfini bütünlüklə yox etdi. Bunların daha seçkin qat haqları yoxdur. Köklü seçkin qatı yalnız politikada deyil, ekonomidə də yox edilmişdir. Böyük malikanələrlə tarlalar köylülər arasında bölünmüş, birər “Qartal yuvası” olan evlər yerlə bir edilmişdir.
İndiki Rusiya böyük kəndləri olmaqla yanaşı geniş torpağı, 130 milyona çatan yaşayanı[2] ilə dünyanın ən böyük əkinçilik ölkəsidir. Bu ölkədə öncə üç milyona yaxın bir işçi sinfi varkən, indi devrim illərinin dağıdıcı etkisilə bu say milyondan daha az sayla göstərilir. Böyük çoxluğu köylüdən oluşan bu ölkənin insanları köklü seçkinin malikanələrini yağmalayıb torpaqlarını tutmaq üçün bir an içində komunist olmuşdu. Ancaq indi birər kiçik mülk yiyəsindən oluşan bu köylü dənizi “ac, bacarıqsız” kəndlər ağalığı olan komunist işçi ağalığını çəkməməyə başlayır. Komunist görkülərinin sonucunda etdiklərinin boş olduğunu görən işçi bölümü də “öz” ağalığına qarşı önəmsiz, çox ara qarşı bir ruh alır. Ötədə əskisinə baxanda, daha əxlaqsız, doymaz olmaqla yanaşı, özünə alverçi ortağı yapan komunist yönəticilərin çoxunun əxlaqını pisliyə yönəldən yeni bir “devrim burjuaziyası” doğur.
Bütün bu qarşı tör-töküntülər içərisində toplumdakı dayaqlarını itirən komunizm diktaturası son günlərini yaşamaqda bulunur. O bütün gücünü böyük sənaye ilə dış alveri öz əlində saxlamaqla köylü dənizindən gələn dalğalara qarşı bir çəpər çəkmək düşüncəsilə yaşamını sürdürmək istəyirsə də, yüzdə 14-ü çökən Rusiya sənayesi içərisində ən çox umudsuz bulunanı böyük sənaye ilə dış alver olduğundan, bunu kəsinliklə bacarmır.
Rusiya ekonomisi bütün düşünülə bilənlərin üstündə dağılmış bir durumdadır. Belə bir durumda ruhu, yönətimi doğal ilkələrə qarşı bulunan komunizm “rejimi” çökməlidir! Bu çöküş yalnız bugünkü ağa gücün başqa bir güclə dəyişməsilə qalmayacaq!
Velikorus ortaqlığı, sənaye baxımından irəli, ürətici bir ortaqlıq ikən, komunizm manevrilə yenidən özünə bağlayaq bildiyi Qafqaqzla, Türküstan kimi ölkələrdə ürətim başlanğıc düzəydədir. Savaşdan qabaqkı Rusiya bölgələrindən aldığı ürünlərin qarşılığında çeşidli mallar verməklə dəngə yapır, bu yolla ortaqlıqla bölgələr arasındakı ekonomik bağ oluşurdu. Bu gün isə belə deyildir.
Birinci Dünya Savaşı ilə Böyük Rusiya Devriminin sonucunda Rusiyanın ulusal var-yatırı 11 milyard altun rubldan 4 milyard rubla enmişdir. Bu çöküş daha çox sənayedədir. Sənaye baxımından Rusiyanın ulusal malları 5 qat azalmışkən, əkinçilik ürünləri 2 qat azalmışdır. Velikorus ortaqlığı qabaqlar da ürətici olmaqdan çox tükətici idi. Ancaq o bu yöndəki açığını sənaye malları ilə qapayırdı. İndi bu ortaqlıq bütün yönlərdən tükətici duruma keçmişdir.
Rusiyanın Qafqazla Türküstanın əkin ürünlərinin yerinə verəcək bir şeyi yoxdur, daha çox ara da olmayacaqdır! Rusiya əskidən Bakının neftinin yerinə şəkər, manufaktura, eləcə də başqa mal verirdi. Bu gün isə sayı göylərə çatan “Sovet” çeklərini də verəmmir. Belə olunca, doğaldır, ürətici bölgələrlə tükətici ortaqlıq arasında ilişkilər qarşılıqlı ekonomik qazanc üzərinə qurulmuş doğal bir bağla deyil, Qızıl Ordunun süngülərilə, qondarma bağlarla olur.
Moskvada Sovet respublikalarının federasiyasını yaradan qurultayın (I Sovetlər Qurultayı, 30.12.1922) keçirilməsi bizim bu sözümüzü kəsinliklə aradan qaldırammaz! Bu qurultay bölgələrin istəyilə deyil, ortaqlığın buyuruğu ilə keçirilmişdir. Bölgələrin gerçək istəyini az-çox bilənlər isə bu qurultay keçirildiyi çağda, eləcə də indi türmələrdə çürüyür, ölkələrindən uzaqlaşdırılaraq Rusiyanın ən soyuq bucaqlarına sürülürlər.
Ancaq komunizm partiyası öz ağalığını qurtarmaq üçün bu günə kimi qullandığı yöntəmlərdən daha güclü olacağı bəlli olmayan bu yolla özünü qurtarır düşünülməsin! Komunizm dağılmalıdır! Komunizm dağılacağı kimi qondarma yollarla ortaq yönətim yaratmaq istəyən Moskva sistemi də dağılacaqdır!
Qorxunc terrorçu olan bu partiya üçün barışcıl yolla uyumlu, çağdaş ağalıq biçiminə girmək, ruh baxımından olası deyildir. Ayaqlanma ilə, qanla iş başına gələn bir güc ayaqlanma ilə, qanla da gedəcək! Bu gün bu ayaqlanmanı yapan düzənli bir güc yoxsa da, yarın o güc komunizmin özünün yaratdığı qurumun toxumasından olsa da doğacaqdır!
Ancaq Komunizm İmperializminin devrilməsilə ona güclə bağlanan ulusal politik qurumlar üçün də yaxanı qurtarmaq olanağı yenidən gəlmiş olacaqdır. Bu, daha çox Qafqaz üçün olacaq. Qafqaz bundan yüz il qabaqkı durumunda deyildir. Yüz il qabaq yüksələn Rusiyaya qarşı gəlişmiş bir Avropa ekonomisilə, dönməz bir Doğu ulussevərliyi yoxdu. Bu gün o da, bu da vardır.
[1] Bolşeviklər tutduqları yeni ölkələrdə “Qrab nedelya” adı ilə tanınan Yağma həftəsi keçirirdilər.
[2] Devrimdən sonrakı Rusiya Federasiyası anlaşılır