Ürəyinizdə Ata Günəşi olsun sayğılı yurddaşlarımız!
Asif Atanın Mütləqə İnam Ocağı yeni əməlləri ilə Ocaqsevərləri və bütövlükdə oxucuları bilgiləndirir.
Bu günlərdə, hər il olduğu kimi, gələnəksəl bir əməl – Günsıra (təqvim) vizitlərinin çapı gerçəkləşdirildi. Üzdən adi bir iş kimi görünən bu əməli ona görə qabardırıq ki, Günsıra vizitində aylar və yeddicənin (həftənin) günləri ulusal adlarla verilmişdir. İlin dəyişməsi isə, Avropa günsırasında olduğu kimi, Qar Ayının (yanavarın) 1-dən deyil, Günəş Ayının (martın) 1-dən hesablanır.
Günsıra vizitinin ikinci üzündə Orxan-Yenisey özüllü Ocaq-türk abesi (əlifbası) verilmişdir. Hesab edirik ki, ulusal düşüncə ilə yaşayan soydaşlarımz bu cür məsələləri öyrənməli və öyrətməlidirlər.
Diqqətinizə sunmaq istədiyimiz ikinci bilgi, Asif Ata Ocağının “Özəl Buraxılış”ı ilə bağlıdır. İnam Evi dərgisinin “Özəl Buraxılış”ı – “Ata Yolu”nun yeni sayı çapdan çıxdı. İki min sayla basılan bu “Buraxılış”da Asif Atanın Dünyabaxışının hakim Dünyabaxışdan üstünlükləri əsaslandırılır. Habelə, Dünyabaxışımızın ideya-prinsiplərinin əməli olaraq yaşadılması, yayılması, üslubu, gəlişməsi, quralları haqqında bilgilər verilir.
Bu günlərdə “Buraxılış” kitab evlərinə veriləcək, eləcə də Ocaqla bağlantıda olan yurddaşlarımıza paylanacaqdır.
Atamız Var olsun!