Soylu Atalı. Asif Atanın ruhsal kimliyi və Ocaqçılıq baxışı

Ürəyinizdə Ata Günəşi olsun sayğılı soydaşlarımız – çağdaşlarımız, sabahdaşlarımız!
Sizlərə sunduğumuz bu “Özəl Buraxılış”ımızdakı fikirlər, bilgilər insanlığın üzərinə yeriyən qaranlıqları işıqlandırmaq istəklərimizi ifadə edir. Bu bir Əqidə yoludur. Bu Əqidə – xalqı, bütövlükdə insanlığı içəridən çökdürən gedişlərə dirəniş göstərən İnsanlıq gücüdür. Bu yolu Asif Ata yaratmış, bizlərə öyrətmiş, sizlərə örnək vermişdir.
Bir ev uçanda, uçurulanda onu hər kəs görür. Dünya dağılanda, dağıdılanda isə onu hər kəs görmür. Çünkü dünyanın daşı-divarı dağıdılmır,  mənəviyyatı, ədaləti, həqiqəti dağıdılır. Bu dağıntıların içində insanın, xalqın, bəşərin yaşamı pozuntulara uğrayır. Pozuntulardan doğan qaranlıq isə təkcə bugündə dayanmır, həm də gələcəyin üzərinə yeriyir. Bu fəlakətin miqyasını gələcəyi düşünənlər, gələcəyi görənlər anlayır və bütün varlığını bu fəlakətlərə dirəniş göstərməyə kökləyirlər. Belə insanlar bəşər tarixində tək-tək olublar. Ancaq Xeyiri qorumaq örnəyi yaradıblar. Bu örnəyi yaratmaq yükü bu gün (böyük anlamda) Asif Atanın üzərinə düşübdür. İndi bizlərin, sizlərin görəvi bu yükü anlamaq, ona doğmalaşmaqdır.

Sayğılı oxucu, bu yığcam girişdən sonra Asif Atanın ruhsal kimliyi ilə, yaratdığı təlimlə tanış olmağı sənin ixtiyarına buraxırıq. Bu tanışlıq ulusal yöndən, daha geniş anlamda İnsanlıq yönündən sənin düşüncələrinə yön,  ürəyinə təpər verərsə bundan sevinər və qürur duyarıq.

bayraq

Asif Ata Azərbaycanın böyük filosofudur, yaratdığı Mütləqə İnam Dünyabaxışı ona Atalıq haqqı qazandırmışdır. Atalıq – semitlərdəki peyğəmbərlik anlayışı ilə tutuşdurulan, ancaq daşıdığı məna yükünə görə ondan dərin və yüksək olan anlayışdır. Çünkü peyğəmbərlik anlayışının semitlərə bağlı qurtarıcılıq (xilaskarlıq) ideyalarında yalana tapınma var. Atalıqda yalan yoxdur, olması mümkün deyil. Yalana dayanan Atalıq olmur.

Biz Asif Ataya peyğəmbər də deyirik. Ancaq bu adlandırma onun dünyabaxış yaradıcısı olduğunu bildirmək üçündür, semitlərin “peyğəmbər” anlayışına verdikləri keyfiyyətlərə görə deyil. Yəni Asif Ata “Göylərin” göndərdiyi fikir-vəhylərə çevirici kimi yanaşmır (tərcümanlıq eləmir). Asif Atanın yazdığı, dediyi fikirlər özünündür, Allahla yerdəkilər arasında araçılıq (vasitəçilik) görəvi daşımır.

Asif Atanın soykökü türk ulusundandır. Ancaq o, bəşərə ayrı-seçkiliklə yanaşmır, onu bütöv götürür. …Burada bizim semit ifadəsini tez-tez vurğulamağımız isə dünyabaxış başqalığını (fərqini) aydınlaşdırmaq üçündür. Bundan sonra da (yazıboyu) bu ifadəyə rast gəlinə bilər. Biz Asif Atanın Mütləqə İnam Təlimini sunuruq, həm də onun başqa təlimlərdən üstünlüyünü dilə gətiririk. Ona görə bəzən başqa təlimlərin eyni açıdan olan anlayışlarını Mütləqə İnam Təlimindəki anlayışlarla yan-yana gətirib tutuşdurmalarla göstərməyə çalışırıq.

 

Mənadan danışmayan söz qutsal deyil

 İndi bu yazıda Asif Ata Dünyabaxışının insana, dünyaya, vətənə, bəşərə, yanaşmasına qısaca aydınlıq gətirməyə çalışacağıq. Eyni halda bu gün yurdumuzda hakim etkiyə çevrilən İslam dünyabaxışının yanaşma prinsiplərinə də toxunacağıq. Biz tutuşdurmalar etmədən də fikirlərimizi yaza bilərdik. Ancaq toplumumuz ruhsal qaranlığa, qapalılığa alışdığı üçün ruhuna, mənliyinə hakim olan özgəliyi tanımaq, dərk eləmək zəhmətlərinə qatlaşmır. Buna görədir ki, savaşan işıqlı, aydın düşüncəli insanların işi daim çətinə düşür. Ona, içində olduğu qaranlığı – milli şüurun gəlişməsinə əngəl olan geriçi ideyaları aydınlatmaq gərəkir. Onu da deyək ki, geriçi ideyaların etkisinə uğrayanlar toplumun təkcə sıradan kütləsi deyil, bir sıra elmli, təhsilli adamlar da bu cərgədə dayanırlar. Bunların çoxu xeyiri, şəri nişan verməyə cəsarəti çatmayanlardır. Onlar “ağrımayan başlarına soğan doğramaq” istəmirlər, millətin gələcəyini düşünmək onların dərdinə qalmayıb. “Dilini dinc saxlayıb başını qorumaq” onlar üçün ən böyük qeyrətdir. Bəzi elmli, təhsilli adamlar isə Azərbaycana qarşı olan qüvvələrin buyruğunda dayanıb geriçi ideyaların yayılmasını həyata keçirirlər. Bununla da, həm toplumun məsləkdaşı kimi görünürlər, həm də özlərinə siyasi karyera qururlar. Buna, Azərbaycanın Milli Məclisində, dövlət strukturlarında yer tutub özünü mömin kimi aparanları misal göstərmək olar. Beləcə, yalanlarla, cəsarətsizliklərlə yüklənənlərin ucbatından milli şüurun sıradan çıxarılması davam etdirilir. Sonucda insanlarımızın, gəncliyimizin sevgisi, diqqəti vətənə deyil, vətəndən qıraqdakı yalançı tapınaqlara bağlanır. Bütün bunlar bizim bölünmələrimizə, parçalanmağımıza nədən olur. Həm Vətənimiz parçalana-parçalana əldən gedir, həm də ulusal varlığımız dağıla-dağıla sıradan çıxarılır. Bütün bunların qarşısını almaq üçün ideya boşluğunu, ideoloji boşluqları doldurmaq gərəkdir. Bu gün biz bu gücü, bu qüdrəti Asif Atanın fəlsəfəsində, dünyabaxışında tapa bilirik. Qalır bunu istəmək, buna çalışmaq. İstəkləri doğrultmaq, çalışmaları yürütmək isə yol başlamaq tələb edir. Yol da bizə – Ocağa doğrudur. Biz ulusal özümlüyü təmsil edirik. Bizi az, gücsüz, yadlığı isə güclü sayıb bizdən uzaqlaşaraq yadlığa yaxınlaşmaq – tarixi faciələrimizi davam eləmək deməkdir.

Sayğılı oxucu, sayğılı soydaşım, biz Asif Atanın ideya-prinsiplərini ortaya qoyuruq. Sən də oxu, öyrən, əgər yanlış bir şey görərsənsə, bizə iradlarını söylə, görək sənin üçün yad baxışlardan bunun nəyi əskikdir. Ancaq ulusumuzu, bütövlükdə insanlığı yaşadan dəyərləri yadlığın ayağına verib tarixi yanlışlarımızı davam eləmə. Bu, bizim sənə insanca üz tutmağımız, soydaşca ərkimizdir…

“XX yüzilin bayquşları İnsana İnam Bayrağını tapdalamağa çalışırlar. Biz həmin Bayrağı başımızın üzərinə qaldırırıq…

Bəşərin nicatı insanlaşmaqdadır. İnsanlaşın – İnsanlaşdırın!” – bu çağırışla başladı Yola Asif Ata. O, dünyanın, insanın ruhsal anlamını öyrənib dərk eləyəndən sonra bu harayı çəkdi. Anladı ki, dünya göründüyünə bərabər deyil, onun mənası göründüyündən çox dərindədir. Dünya göründüyünə bərabər olsaydı, çoxdan dağılardı. Asif Ata dünyanın qıraq qüvvə tərəfindən oyun-oyuncaq kimi yaradıldığı fikrini rədd elədi. O, dünya haqqında insana nikbinlik gətirən, danılması mümkün olmayan ideya-düşüncə sistemi ortaya gətirdi. Bildirdi ki, dünya gerçəkliyi baxımdan ötəri, keçici, sonlu, qeyri-kamil olsa da, mənası əzəlidir, əbədidir, sonsuzdur, kamildir. Dünya öz Mənasından yaranıb. Yəni ötəri, keçici, sonlu, qeyri-kamil gerçəklik – əzəli, əbədi, sonsuz, kamil Mənadan yaranıb. Məna gerçəklikdən qıraqda deyil, gerçəkliyin özündədir, ancaq gerçəklikdən artıqdır, yüksəkdir. Necə ki, mənəviyyat, idrak bədəndə olsa da, bədəndən artıqıdır.

Dünyanın ayrı-ayrı olayları, biçimləri Mənadan yaranır, başqa sözlə, təzahür edir – görünüşə gəlir. Ancaq Dünya bütövlükdə yoxdan yaradılmayıb. Dünyanın olmayan vaxtı olmayıb, olmayan vaxtı olmayacaq da. Yoxdan varlıq yaranmaz, eləcə də varlıq mütləq yoxa çevrilməz. Göründüyü kimi, bu fikirlər Semit dünyabaxışının “dünya 6 gündə oyun-oyuncaq kimi yoxdan yaranıb və “Qiyamət günü” yoxa çevriləcək” kimi bədbin, anlamsız çağırışını alt-üst edir. Asif Atanın ortaya qoyduğu “Dünyanın Mənaca əzəli, əbədi olması” ideyası elm tərəfindən də təsdiqini tapır. Ancaq Semit baxışındakı “dünyanın faniliyi” ideyası elm tərəfindən təsdiqini tapmır.

İndi bu ideyaları əsas götürüb “Vətən” anlayışına yanaşmanın uğurlu-uğursuz olduğunu da aydınlaşdırmaq olar. Asif Ataya görə Vətən əbədidir, qutsaldır. Çünkü insanlığın, ulusal dəyərlərin, mədəniyyətin, dilin, tarixi aqibətin qurulduğu, qorunduğu, yaşadıldığı coğrafiya ötəri olay ola bilməz. Xalq öz varlığını dili, tarixi, mədəniyyəti ilə sürdürür. Varlığı yaşadan məkan müqəddəsdir. Semit baxışında isə bu fikirlər özünü doğrultmur. Başqa sözlə, fani, oyun-oyuncaq dünyada Vətən də fanidir, oyun-oyuncaqdır.

Bəs tutuşdurduğumuz dünyabaxışlarda insan necə qiymətləndirilir, onun dünyada yeri, rolu necədir?! – Asif Atanın Mütləqə İnam Dünyabaxışında dünya-insan birliyi var. İnsan da Mənaca əzəlidir, əbədidir, sonsuzdur, kamildir. Bu Mənanın adı İnsanlıqdır. İnsan biçimcə (cisimcə) ötəri, keçici, sonlu, qeyri-kamil olsa da, özündə İnsanlıq Mənası daşıyır. İnsanın öz Mənasına bərabər yaşamaq olanağı (imkanı) var. Əslində o, dünyaya bunun üçün gəlir. Asif Atanın insana verdiyi tərif də bu olanaqdan qaynaqlanır: “İnsan – özündə Mütləq gəzdirən, bu səbəbdən də şəraitdən, mühitdən, cəmiyyətdən üstün olan, Mütləqiliyə can atan və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır”. Ruhani varlıq, yəni mütləq inamlı, mütləq idraklı, mütləq mənəviyyatlı, mütləq iradəli. İnsan özündə daşıdığı bu olanağı üzə çıxara bilər. Bunun üçün o, “özüylədöyüş” yolu keçməli, ruhsal mənliyini təsdiq etməyə əngəl olan nə varsa, onunla döyüşməlidir. Bu əngəlləri Asif Ata “daxili şər” və “ictimai şər” adlandırır (içsəl və toplumsal şər). Bu fikri genişləndirmirik. Bu qonu ilə bağlı Asif Atanın kitabı var. Biz bu kitabı bir neçə yol çap etdirib yaymışıq. Kitab evlərinə də verilib.

Semit dünyabaxışında isə insana yanaşma tamam başqadır. Bu baxışa görə bəşər övladı fitrətən günahdan mayalanır. Bəşər soyunun başlanğıcı olan Adəm və Həvva doğub-törəmə qabiliyyətini üzə çıxardığına görə Allahın qəzəbinə düşüb. Onlar “günah” işlətmələri ucbatından Allahın mühitindən qovulmuşlardır… Əslində semit baxışının insana belə yanaşması özü günahdır. Bəri başdan insan öz gözündən salınır. Soyuna, kökünə şübhə ilə baxmağa köklənən insan kamil xilqətə yüksələ bilmir. Onun şüuruna daim yeridilir ki, Allahın bəndəsidir (köləsidir). O bu məntiqə etiraz edərsə, onda Allahın qarşısında dikbaşlıq (təkəbbürlülük) etmiş olar. Bir sözlə, Adəm və Həvva olayına görə bəşər övladı daim hədə qarşısında qoyulur. Bu baxışa tapınan insandan ulusal-bəşəri şəxsiyyət yetişə bilməz. Bu çağa qədər bu baxışın ortamında ortaya çıxmış kimi görünən böyük şəxsiyyətlər, əslində öz ömürlərində yuxarıdakı məntiqi rədd edəndən sonra şəxsiyyət olmuş insanlardır…

Beləliklə, biz Asif Atanın Dünyabaxışının yönünü qısaca vurğuladıq. Onun Mütləqə İnam Təlimi İnsanlaşma Yoludur. Bu Təlimi yaşadan, həyata keçirən qurumu isə Ocaq adlanır. Təlim 6 ideyanı özündə birləşdirir. Bu ideyaların geniş açımını ötən “buraxılış”larımızda sunduğumuza görə burada yalnız adlarını saymaqla yetərlənəcəyik: – Mütləqə İnam; İnsanlaşma (Kamil İnsan); Ruhani Cəmiyyət (Xəlqi Birlik); Müstəqil Vətən; Özümlü Şərq; Ləyaqətli Bəşər.

Ocağın özünün yaşam quralları var: Törənlər (mərasimlər), Ailə Günü toplantıları, ruhsal Bayramlar, Amallaşma-Doğmalaşma günləri (son çağlar bu günlər “Qutsal Öyrənim Günü” ilə əvəz olunur), görüş-bağlantı quralları, ölügötürmə və evlənmə quralları, Günsıra (təqvim), Ocağa Evlad qəbulu quralları, dünyabaxışın ideyalarını yaymaq, öyrətmək üçün səfərlər, görüşlər və b. k. Bunlar haqqında qabaqkı bölümlərdə geniş yazıldığı üçün qonunu bu yazıda davam eləmirik.

Sayğılı oxucu, biz ruhsal döyüş yolçularıyıq. Xalqımızda, Yurdumuzda əsilliyə qarşı nə varsa, ona dirəniş göstəririk. Biz istəyirik insan öz mənasına bərabər yaşasın. İnsan öz mənasına bərabər yaşayarsa, dünyanı fani deyil, əbədilik işığı kimi dərk eləyər. İnsanın insana münasibəti, dünyaya, vətənə, bəşərə münasibəti əsilləşdikcə, dünyanı gözümüzdə qiymətdən salan xurafat yalanları da ömürləri tərk edər. Dünya anlamca gözəldir, onu gözəl yaşayanda gözəl poeziya yaranır, həyat müqəddəs nəğmələr kimi ruhumuza doğmalaşır, xəyallarımıza ülviyyət sehri dolur. Günəş də ömrümüzün üfüqlərində doğur. Xoşbəxtlik göylərin işığı kimi qonur varlığımıza. Biz insanıq. İnsan bu cür yaşamağa haqq edir. Bu haqqı yaratmaq bəşər övladının başlıca məqsədinə çevrilməlidir. Ocaq bu məqsədi yetirən, işıqlandıran müqəddəs ünvandır.

“Qoy bir an da müqəddəslik odu ürəklərimizdən əksilməsin”! (Asif Ata).

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

10-12 Köçəri Ayı, 37- ci il.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv