Yadigar Türkel. ÇAYNİKİN DAŞMASI, YA DA UTANDIM, ÖLDÜM, YERƏ GİRDİM! (POLİTİK AĞI)

 

 Körpəlikdən böyüklərin qaynayan çaynikin qapağını açdığını görmüşəm. Bibim daşan süd qazanını bir anda götürüb yerə qoyurdu, əli də yanmırdı. Son 33 ildə ertə durduğumdan evdə çayı, demək olar, mən qaynadıram. Bu sürədə öyrəndiyim tək şey Rusun düzəltdiyi, üstündə kiçik deşik olan, çayniki gözləyib daşmağa qoymamaq olub. Yüksəlişə, böyüklüyə baxın!!!
Ancaq düzünü deyim, çox gözləyib çaynikin daşmamasına çalışsam da, arabir bitiyə, bilgisayara uyub daşırmış, iki çaynikin lüləyini əritmişəm. Bundan dolayı neçə yol: «Çayı daşırıbsan, qazın üstünü bulayıbsan» danlağı almışam.

Azərbaycan türkləri iki yüz ildir iki yerə bölünüb. Güney Azərbaycandakı türklər İranda farslaşmış türklərin, Quzey Azərbaycandakılar da Rusiya İmperiyasının geri düşüncəli «Rus divi»nin əlində qaldığından, bir yandan da İslam dininin ümmətçiliyilə geriçiliyindən özgürlüyümüz itib, ulusal düşüncəmiz dolaşıb, uyqar dünyadan geridə qalmışıq.

Qafqaz ellərindən olan xalaoğlularımızı, dayıoğlularımızı demirəm. Bu arada onların ancaq saqqalı uzanıb, şalvarları qısalıb, bizə qovuşduqca «qonaqsevər, tolerant» Azərbaycan türklərinin «multikultural» huylarından azacıq qoçaqlıqlarını da itiriblər. Ata sözü var axı, deyərlər: «Atı atın yanında bağlasan, boyasını dəyişməsə də, huyunu götürər». Görün, bizim «tolerant, multikultural» ulusumuzun Suriyaya cihada gedən «bahadırlar»ı «vəhşi ərəblər»in huyunu nə tez götürürlər? Ərəblər bir yol «Allah-ü Akbar» deyib, bir yeri partladırlarsa, bunlar iki yeri partladırlar.

Ay Darvin, Darvin! Sən də durub, qurama yaradıbsan! Evolyusiya, nə bilim nə!.. Bax, öyrən!!! Gör evolyusiya nədir, necə olur!!!

Bağışlayın, çaynik yaddan çıxdı.

Bu günlərdə bizim doktor bəyim rusunku ilə bir boyda olan Alman çayniki aldı. Alman çayniki tutumca rusunku ilə bir olsa da, görünüşdə daha gözəldir, dəstəyinin dayağı var, yanmayan, sürüşməyən şeydən düzəldilib, tutanda az qalır ələ yapışa.

Bəh, bəh, kibrit çəkmədən qaz peçi, kolonka yandırmağı, kirli paltarımızı yuyub qurudan maşını gördük, «mersedes» minib divara dırmaşdıq. Yaşa Artur müəllim!!! Yaşa Tetçer!!! Yaşa Merkelll!!! Bizi iki yüz il adam yerinə qoymamış «Qonur ayı»nın böyüyünə dilim gəlmir, yaxşı söz deyim, adını çəkim, bağışlayın!..

Çayniki alıb evə gələndən sonra doldurub, daşırmamağı mənə tapşırdılar. Başladım gözləməyə, izləməyə. Birdən çaynik qaynamağa başladı, istədim qapağını açım, gördüm yox, o, heç daşmır. Əlimi çəkdim. Gözüm çaynikin qapağındakı, Rusun deşiyindən beş qat böyük, yan-yana iki deşiyə sataşdı, iri dəliklər qaynayan buxarı çölə buraxır, çaynik daşmırdı…

Vay!!! Biz nə anlamaz olmuşuq! Geriliyimizdən, geriçi, təpəgöz bir «Qonur Ayı»nın əlində qalmağımızdan utandım, öldüm, yerə girdim! Altmış beş yaşa çatmışam, heç belə utanmamışdım! Qul olanda da bəy qulu olasan, yoxsa qulun qulu yox!

Yadıma Türkiyənin NTV televiziya kanalında verilən «İki dəqiqədə bilim» verilişi düşdü…

Qulun qulu olduğumuzdan başımızı işlətmək hüququmuz, mühəndisimiz olmadığından, uçaq bir yana, çaynik belə qayırmamışıq, uyqarlıqdan geri Rusun tör-töküntülərini yığıb, incener, doktor, prof. Doktor Hacıbala müəllim, nə bilim kim olduğumuzdan, dünyanın çaynikin qapağında deşik açmaq kimi ən qolay işini də anlamamışıq!

O biri yandan düşündüm. Yaxşı, Rus ayıdır, geriçidir, geri olub, ancaq avtomat düzəldib, raket düzəldib, nədir, nədir… Bəs 20 ildir Artur müəllim baş bakandır, incenerlərimizin böyüyüdür, başıdır, niyə bugunədək bilimçisi, doğal var-yatırı, işləyəcək yaşılı olan Azərbaycanda avtomobil, uçaq, yurdumuzu tutmuş yağını basacaq tank, raket, bütün gizlinlərini oxuyacaq, öyrənəcək bilgisayar, nəsayar, nəsayar qayırtdırmağı bir yana, trusı, mayka belə qayırtdırmır???…

Prof. Doktor Hacıbala müəllimin də yanmaq üçün üzlətdiyi hər evin tinində 10 yaşıl, ya da yaşlı kişi durub taksiçilik edir, maşınının da təpəsində müsyöcordanlar anlasınlar deyə taksi yox, TAXİ yazdırıblar.

Deyək, Rusiya İmperiyasında babalarımız dördüncü çeşid insan sayıldığından kişilərimiz arabaçılıq, faytonçuluq edirdi, bəs indi? Bəlkə, bunu da Artur müəllimin adına yazaq?! Ancaq bir şey vardır, Artur müəllimlə prof. Doktor Hacıbala müəllimin üzündən taksiçilərimiz bütün günü evlərin tinində durub, meyxana oxumaqla gileylənirlər: «Ağrın alım, buleyli, gir qoynuma, buleyli, yolları bağlayıblar, gəlmək olmur buleyli. Ölkəni çadra basdı! Dombalanam, dombalan!». Özü də elə bərkdən oxuyurlar, yanından keçəndə adamın ağlamağı gəlir.

Deməli, Artur müəllim iyirmi il daha baş bakan olsa, biz yenə trusı tikməyi öyrənməyəcəyik… Nəyimizə də gərəkdir, axı? Sağ olsun, Molla Ərdoğanın mollaxanaya çevirəndən sonra  qardaş deməyə dilim gəlməyən qardaş Türkiyə, ilan-qurbağa, siçan-siçovul, nə bilim nə yeyən Çin!!! URRA!!!

Ancaq mən bilən, iş təkcə Artur müəllimlə prof. Doktor Hacıbalada deyil, o, taksiçilərin qanındadır bu dingildəmək… Bax gör, Ramiz Həsənoğlunun «Ac həriflər»ində Rus qorodovoyu nə deyir: «EX! VESYOLIY NAROD!!!…». Qorodovoyu oynayan Cahangir Zeynalovun pullu gəlin almış rəhmətlik anasının sevincindən Bıyy, Bıyy deyib, tullana-tullana oynamasını unudubsunuzmu?  «EX! VESYOLIY NAROD!!!…».

Bu yandan da Azərbaycandakı avropasayaq basın yasasının dalında gizlənib, «analoqu olmayan» yüksəlişimizi «gözü götürmədiyindən gözlük taxan» Elnur Astanbəyli adlı birisi işini-gücünü buraxıb, «Azlıq» adlı antimilli qəzetində hey Akademiya bilimçilərinin «Az.TV-lər»də, sosial basında mələyin hızını ölçməsindən, fala baxmasından, «dərvişlərin allaha gedən yolu qısaldanlar» olmasından, hicabın qara, ya da bəzəkliliyindən, tibbin iflic xəstəsi saydığı adamın «allahla insanlar arasında vasitəçi» olmasından,  «Məhəmməd peyğəmbər getdi allahın yanına. Allah ona dedi: müsəlmanlar əlli rükət namaz qılmalıdırlar. Məhəmməd peyğəmbər gəldi, Musa peyğəmbər dedi: əlli rükət çoxdur, beş rükət bəsdir! Məhəmməd peyğəmbər yenidən getdi allahın yanına, allah dedi: yaxşı, beş rükət bəsdir»… axmaqlamalarından danışanlara gülüb şəkk eləyir. Dünən də durub, «antimilli» qəzetində «Analoqsuz inkişaf»ımızı «Analoqsuz tənəzzül» adlandırıb, sevimli yolgöstərənimiz, «çoxlu pul yığıb general olmaq istəyən» yol polisimizin dilindən boş-boş, yalan-palan şeylər yazıb. Bir soran yoxdur, ay gözügötürməz, antimilli ünsür, bu tənəzzül nədir, züüüldədirsən, «Analoqsuz inkişaf»ımızın, QAİ generalımızın dalınca?!

İndi mən gedib gözlüyünü «nemetski» eləmək üçün pul qazanmaqdansa, rüşvət, yolsuzluq nədir bilməyən böyük yetkililərimizə sataşan bu gözlüklü oğlana deyirəm: Qardaş, başqa işin-gücün yoxdur? Sənə nə?! Get, özünə iş tap, işinə bax, sənin mələklə, falla, şoumenlə nə işin var? Qoy işlərini görsünlər. Mələyi, falı, şoumeni Akademiya bilər, akademiklər bilər? İstərlər, bütün Bakını, Azərbaycanı qara paltarlı, qara çalmalı, üzü qara pərdəli, arvadlarla doldurar, işığın pərdə ilə gəlinlərin gözlərinin torlu qatı arasındakı hızını ölçdürərlər, bu da olar, Azərbaycanın tənəzzüüülə uğratdığın bilimi.

Söydüyün AMEA-çı, «Az.TV»lərçi, nə bilim nəçi falçılar, mələkçilər də yurddaşdırlar, anayasal, qorunmaq hüquqları var! Sataşarsan, götürərlər, «Molla Ərdoğan»a yazarlar, o da generallara oxuduğu «Ergenekon», «Balyoz» dualarına oxşar bir «bəd dua» yazıb göndərər məhkəməyə, gedib düşərsən yoldaşın Seymur Həzinin kamerasına. İstəsəniz Xədicə İsmayılın otağından sizinkinə smarttelefon da çəkərlər, Azərbaycan türmələrindəki kefi görərsən, suçunun maddəsini isə heç hüquq professoru Siyavuş müəllim də tapammaz!

Onlar paşalar, generallardı, küçədə toplananları, qarşıçıxanları, vəkilləri vardı, sən kimsən?! Arxanda duracaq aydının yox, ulusun yox, elin yox!.. Qazağın hansısa köyündən çıxmısan. Yenə Naxçıvanın Danabaşından olsaydın, bəlkə Rövnəq müəllimin ürəyi yanıb, göyə sovurmaq üçün Avropaya ötürdüyü «neftli kağız»lardan bir az sənə göndərər, ölməkdən qurtarardın.

Jurnalistsən, ora-bura vur! Görmürsən, ora-bura vuranlar necə yağlı-qaymaqlı vururlar. Sən də elə vur! Azərbaycanın avropasayaq basın özgürlüyündən yararlanıb ona-buna sataşmaqdansa, yazılarını Ərəb sözlərindən arındır, arıtla, yoxsa, Artur müəllimin, Əbülfəs Qarayevin, o biriləri demirəm, Türk dilini bilməməsinə, dilsiz akademiklərin Türk dili adı ilə ərəbcə danışmağına, yazmağına sataşma! Özünə bax!!!

Elnur Astanbəyli! Hamıya ağıl öyrədirsən! Oğulsan, say mənə de görüm, prof. doktor, özü də fizik olan Hacıbala müəllimin bir çağlar işlədiyi Fizika İnstitutunun böyründəki Hüseyn Cavid küçəsilə Bakıxanovun ortasına gecəynən düzdürdüyü beton daşlar nə üçündür? Bu daş çəpərlər Erməni qılıncoynadanları ilə bizimkilərin arasına çəkilibmi, ya yox? Bir də, o daşlara neçə yetimə neçə ev tikib, evləndirmək olardı? Bunu de mənə, yoxsa, «Analoqsuz tənəzzül»dən züüüldəmə!!!

Azərbaycan qadınlarını İslamın qara çadrasından, geriliyindən qurtarmaq savaşçıları, gerçək sevillər – Şəfiqə xanım Əfəndizadə ilə Sona xanım Axundova bizi bağışlasın!!! «Analoqsuz inkişaf»da çadra, fal, mələk, dərviş, geriçilik basdı bizi!!!

Elnur Astanbəyliyə ağıl verib, yerində oturdarkən, birdən rəhmətlik professor Ağabəy Sultanovun öyrətdiyi hallüsinasiya kimi bir şey başımın ardından pıçıldadı: «Ağlın olsun, haçağ ağlın olacaq? Deyərlər: bir yol da olsa, əlinə əlcək, ayağına butsı geyməmişlər, nə bilim, şoumenlər, kimlər, kimlər «Az.TV»lərdə bütün günü Avropa oyunlarını alqışlayır, öyüb göyə qaldırır, Azərbaycanın ulusal qazancı sayır, ömrünün yarısı idmanda keçmiş Yadigar Türkel gözü götürmədiyindən əski hakim  kartoçkasını çıxarıb, Avropa oyunlarına qırmızı kartoçka göstərir. Ayıb olsun!!! Özü də  kimdir, nədir…».

Hallüsinasiya keçən, ağlım yerinə gələn kimi professor Nadir İsmayılovun dedikləri yadıma düşdü: «Axı, mən sənə 1992-ci ildə ağıl duası yazmışam: «Slişkom bolşoqo diapozona deystviy» olmaz!!! Falçı «Az.TV»lərdən birində «Sən Quranda yazılanlara qarşı çıxırsan?» bircə sualı ilə fizioloq Rəşid Məmmədoğlu bir yana, Aristoteli, Qalileyi, Nyutonu, Eynşteyni, Paskalı, Koxu, Rezerfordu, Pavlovu, Topçubaşovu, bağışlasın, qocalıqdan adını unutduğum Mikrosovtu susduran Azərbaycanın yaşıl bilginini görmədinmi!?

Böyüyün toxtatmasından sonra ağlım yerinə gəldi, düşündüm: «Ay Rəşid müəllim, səni yüz yaşayasan, sən fiziologiyanı niyə öyrənirdin, gedib molla olaydın, ölülərimizi basdıraydın, sənə də belə susdurucu, şahmatsayağı sual verməyəydilər. Gördüm, Rəşid müəllimə dediklərim Ağabəy Sultanovun öyrətdiklərinə çox oxşayır. Bir yandan da düşündüm: «Az.TV»lər olan yerdə AMEA-ya nə gərək? Fizika, kimya, geologiya, radiasiya, informatika, fiziologiya, nə bilim ekonomiya, tarix, dilçilik institutları, sonra Məşədi İbadın doktor-moktorları nəyə, kimə gərəkdir?

Bağlasınlar biryolluq Sağlamlıq bakanlığını da! İran, Tehran, Təbriz, Ərdəbil var də… Qoy canları çıxsın, getsinlər görsünlər sağalmaq nədir, necə olur?!

Ay Rəşid müəllim, bu Bakıda «OTELLƏR ŞƏBƏKƏSİ», «KABABÇILAR ŞƏBƏKƏSİ»  üçün AKADEMİYANIN yerindən GÖZƏL yer varmı, de!!! Deyirəm, elə biryolluq bağlasınlar qara günə qalmış «AĞ AKADEMİYA»nı qurtarsın, getsin! Nəyə gərəkdir axı?! SABİR deməmişdimi: «Elm adına bir quru böhtandı, BU!!!».

Ay «qara polkovniklər»! Heç ORDU da gərək deyil, çıxın-gedin evinizə! Siz də Akademiya kimi gəlirverən deyilsiniz, qaragünlüsünüz! Bağlasınlar, Erməni qılıncoynadanları keçsin AKADEMİYA bağına olsunlar AKADEMİK. Başlasınlar bizim topraq bağışlamağımızdan, topraq satmağımızdan, 93-lərdən, oradan qovulmuş Əsədulla Qurbanovumuzdan, kimimizdən, kimimizdən quramalar yazmağa.

Bircə FHN qaldı, bəsdir! Toplumda bir ayıq adam olmalıdır, ya yox?!

Akademiyada politologiyanı yaxşı eləyib bağlayıblar. Multikulturalizmi qoyub bütün günü Ermənidən, antidemokrat ABŞ-la Almaniyadan evirib-çevirən «boşboğaz politoloqlar»dansa,  qoy Azərbaycanın bir sıra falçı jurnalist bəyləri, bəyimləri, şoumenləri var olsun! İstərlər fala baxdırarlar, istərlər qara yaxdırarlar, istərlər təkəsaqqallıların saqqalının dibindəki qurdu-quşu saydırarlar, bircə «Aclıq olsun, kef olsun, əlin cibində olsun!».

Qayıdaq çaynikin iki deşiyinə görə utanmağıma, ölməyimə, yerə girməyimə…

25 ildir özümü düşünmədən ulusal özünüanlamadan, özünütanımadan, özünütanıtmadan Türk dilində danışmadan, Türk dlində yazmadan danışıram, yazıram. Ancaq ərəbcə, farsca, rusca, son çağda da ingiliscə «gumbuldadıb» məni bəyənməyənlər, gülüb, dalımca deyirlər: DURAK!!! TOJE MNE!!!

Keçən gecə rəhmətlik Mirzə Cəlil yuxuma girmişdi. Dedi: Ay oğul, toxta, özünü öldürmə! Bu lotu-potu mollalar, dərvişlər Türklərin düşüncəsini elə pozublar, Türk dilini Ərəb-fars sözlərilə elə zibilləyiblər, Mirzə Fətəlidən bu yana arıtlayırıq bitmir-tükənmir, tərsinə, gün-gündən yeni çör-çöplərlə dolur! Özünü yorma, düzələn deyil! Kimliyini anlamayan, yurdunu, dilini sevməz!!! Rəhmətlik Mirzə Ələkbər «Pa atonnan, nə ağır yatdı bu oğlan, ölübə!»ni boş yerə demişdi, mən «Ölülər»i havadan yazmışdım???

Duruxdum… Mirzə Cəlil çəkilib gedirdi, birdən dönüb dedi: O, Xan Bahadır Törəli Azərbaycan hökumətinə bir ara Azərbaycan Ağalığı deyərdi. İndi anlamazlardan qorxub, əskidəki kimi Azərbaycan hökuməti, Əliyevlər hökuməti, YAP hökuməti, nə bilim nə hökuməti, nə hökuməti deyir. Ona de, qorxmasın, türkcə yazsın!

İndi Mirzənin bu sözlərindən sonra gumanım təkcə qalıb məni 1988-ci il fevralın 19-dan tanıyan Xan Bahadır Törəlilə Ənvər Əliyevə. Desinlər görüm, mən rusfasonların dalımca dediklərindənəm, ya yox? Axı, axmaq olsaydım, psixiatriya xəstəxanasındakı dəli qız mənə vurulub, dalımca düşməzdi. Ancaq bu düşüncəmdən də ağlımın azlığı göründü. Demokratik ölkədir Azərbaycan! Özgür məhkəməsi var, özgür basını var. Bunlar da aşırı demokrat. Birdən biri dedi var, biri dedi yox! Ya da ikisi də birdən dedi yox! Onda yenə rəhmətlik Əlağa Ağayev Fazili ağıl duası ilə ağılladammadığı kimi, mənim duam da boşa gedəcək, qalacam ağılsız. Bu da yaman dərddir!!!…

O gün prof. Doktor Hacıbala müəllimin TAXİ-lərinin birindən eşitdiyim meyxana heç yadımdan çıxmır: «Maştağadan Nardarana hop-hopu, Şamaxınınkı gop-gopuymuş, gop-gopu!». Vay səni, Mikayıl Müşfiq!!! Vay səni, Səməd Vurğun!!!

Bu «Ağı»nı evdə yazma desələr də, Azərbaycanın ağıllıları üçün yazdım. Anlamayanlarla MİRZƏ CƏLİLi tanrıya tapşırıram!!! Qoy özü bilsin, özləri bilsinlər…

Sözardı: Artur müəllim bu günə kimi heç İngilis dilini də öyrənməyib. Ona görə də Ermənilər onunla danışmaq belə istəmirlər. Artur müəllim də deyir: Ay qardaş, bəyəm dillədir bu dünya?! Durub hamınız bu yaşımda mənə dil öyrədirsiniz?! Ulu öndərimiz neçə dil bilirdi, Ermənilərin ağlını başına gətirə bildimi?!!! YOX!!! Dünyanın dili zordur, zopadır, nə dil?!!! Gərək «Rus divi»nin dilini biləsən. O da qırxdilli arvadlar kimi gündə bir dil danışır.

Yaşa, Artur müəllim! Yüz yaşa! URRAAA!!!

 

Avropalıların «Oyunları»na neft-qaz verib qurtulmağa çalışan Yadigar Türkel

11 iyun 2015-ci il.                                                                                                               

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv