2009-cu il idi. Hərəkat çağlarının dostlarından biri, AMEA-nın Fəlsəfə-Hüquq institutunun əməkdaşı, fəlsəfə elmləri doktoru Yadigar Türkel mənə kompüterdə yığılmış bir əsər gətirdi. Bu, Ulu Öndərimiz, Ulusal Liderimiz Məhəmməd Əmin Rəsulzadənin “Milli birlik” əsəri idi. Onun istəyinə uyğun olaraq mən bu 175 səhifəlik əsəri 10 günə oxuyub, bugünün oxucusuna anlaşıqlı olması üçün dilini yeniləşdirib ona qaytarmalı idim. Mənim göz sorunumu bildiyindən (Moskvadakı Fyodrov klinikasında mənə 1992-ci ildən yazıb-oxumağı yasaq etmişdilər) Yadigar bəy mənə belə uzun sürə ayırırdı.
Əsəri oxumağa başladım. Ürəyimə çox yatdığından, bir çox yerlərdə baxışlarımız bütünlüklə üst-üstə düşdüyündən onu bir gecəyə oxudum. İkicə günə dilini yeniləşdirib Yadigar bəyə qaytardım. Bu əsər məndən ötrü böyük tapıntı idi: elə bil illərlə axtardığımı – düşüncələrimə, ideyalarıma dayaq duracaq, bir çoxlarıyla siyasi-ideoloji polemikalar sürəcində mənə arxa duracaq yenilməz bir arxadaşımı tapmışdım. Əsərin tezliklə kitab kimi çapdan çıxmasını istəyirdim.
Yadigar bəy görəv borcu olaraq çapına yardım etməsi üçün əsəri aparıb əməkdaşı olduğu institutun direktoru İlham Məmmədzadəyə verdi – mənim o çağlar tanımadığım, sonralar “səhf düşəndə yerimiz” baxımından yaxşı tanıdığım, bir çox baxımlardan tutduğu görəvə yad İ.Məmmədzadəyə. Bu fəlsəfə direktorunun o 175 səhifəlik əsəri oxuması düz üç ay çəkdi. Onu qınamıram: belə əsərləri bir gecəyə, bir neçə gecəyə oxuyub elektriklənmək Ölkə, Ulus, eləcə də ölümsüz öndər sevgisinə bağlı görsənişdir; belə sevgi yoxluğunda “Milli birlik” kimi əsərləri oxumaq cəhənnəm acısı dadmaq kimidir: əsəri – siyasi-ideoloji baxımdan sənə bütünlüklə yad bir əsəri – götürüb bir neçə sətir oxuyursan, istər-istəməz qıcıqlanıb-acıqlanaraq onu bir qırağa tullayırsan. Üç gün, beş gün sonra onu yenidən əlinə alırsan, bir neçə sətir oxuyub yenə acıqla bir qırağa tullayırsan. Görəv borcu olaraq onunla ən azı üzdən tanışlıq gərəyi üç ay boyunca götürüb-qoyma, ordan-burdan oxuyub tullama qaçılmazlığı yaradır.
Üç aylıq get-gəldən sonra oxunub-oxunmadığına baxmadan əsəri geri almalı olan Yadigar bəy son olaraq İ.Məmmədzadədən əsərin çapına pul ayırıb-ayırmayacağını soruşmuşdu. Cavab Yadigar bəyi şoka salmışdı: “ Pul ayıraram, bir şərtlə: kitaba Heydər Əliyevin adını salasan”. Yadigar bəy: “Rəsulzadənin yüz il qabaq yazdığı kitaba Heydər Əliyevi ortaq eləyə bilmərəm”, deməklə qapını bir az bərk… örtüb getmişdi.
Bundan sonra biz əsərin çapı üçün pul axtarışına çıxdıq. Mən 20 il olardı işsiz idim, fəlsəfə elmləri doktoru Yadigar bəysə, adı gurultulu – AMEA” adlı iş yerindən vur-tut 200 manat aylıq alırdı. Mən Yadigar bəyə yardım etmələri üçün bir neçə adama üz tutdum (aralarında pis yaşamayan partiya sədrləri də vardı). Bizdə çox olduğu kimi: söz verdilər, pul vermədilər. Bundan sonra biz yetərsizliyindən onsuz da üzüqara ailə büdcəmizə əl uzatmalı olduq. Beləcə, kitab çapdan çıxdı. Bayrağımızın boyaları ilə bəzənmiş Ulu Öndər BİTİYİNİ ilkin olaraq əlimə alanda sevincim sonsuz idi: onu öpüb gözümün üstünə qoydum. “Milli birlik” o çağdan mənim stolüstü kitabımdır…
Sonra biz Məhəmməd Əmin bəyin adına bağlı 7, Əlimərdan bəy Topçubaşının adına bağlı bir kitab işləyib çap etdirdik. Nəşriyatla danışıb az-az ödəməklə sonrakı kitabların hamısının pulunu Yadigar bəy özü verib. Burasını ayrıca vurğulamaq gərəkir: sözügedən o kitabın hər biriylə bağlı bir çox faktların düzəldilməsi, yerinə qoyulması üçün Yadigar bəy aylarla arxivlərdə işləməli olub. Bəlli olduğu kimi, Məhəmməd Əmin bəy o kitabları özünün çoxillik qaçqınlıq, izlənmə dönəmində yazıb, buna görə kitablardakı bir çox faktları, ad-soyadlarla bağlı yanlışları arxivlərdə axtarıb tapmaq, tutuşdurub düzəltmək gərəkirdi – bütün bunlar uzun sürəli axtarışlar, get-gəllər sonucunda başa gələn işlərdi. Yadigar bəy uzun-uzadı arxiv axtarışlarından – arxiv çalışmalarından sonra Aleksandr Şepotyevin “Azərbaycan türklərinin hüququ olan Qafqazdakı dartışmalı yerlərlə bağlı məruzə” (rus dilində) kitabını ortaya qoyub. Bu kitabla bağlı Yadigar bəy ötən ilin qızmar yayını, demək olar, bütünlüklə arxivlərdə keçirib. Bunu mən o çox dəyərli kitabla bağlı tez-tez görüşüb-danışmalarımızdan, telefon söhbətlərimizdən bilirəm.
Gerçək elmlə çox da bağlılığı olmayan bir neçə bəlli kimsə, görünür, İ.Məmmədzadənin özünün öyrətməsiylə çığır-bağır qaldırandan sonra İ.Məmmədzadə Yadigar bəyi işdən çıxarıb. İşdən çıxarmağa nədən kitaba ön sözdə belə bir cümlənin olmasıdır: “Heydər Əliyev dövlət çevrilişi nəticəsində hakimiyətə gəlib”. İ.Məmmədzadə də, ona qoşulan bir neçəsi də bu cümləni “Azərbaycan Respublikasının Prezidenti olmuş Heydər Əliyevin şərəf və ləyaqətinin ləkələnmə və alçaldılması əməlinə yol vermə” kimi dəyərləndirib. İ.Məmmdzadə özünün bütünlüklə qanunsuz, gerçək Elmlər Akademiyası, ən başlıcası, Fəlsəfə-Hüquq institutu adına ləkə ola biləcək qərarını doğrulamaq üçün “AMEA-nın Fəlsəfə və Hüquq institutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə” gurultulu adıyla KİV-lərə başvuruda bulunub. Üç səhifəlik bu başvuru (ərəbcə, müraciət) başında duran adamla birlikdə Fəlsəfə-Hüquq institutunun necə acınacaqlı durumda olduğunun parlaq göstəricisidir – İlham Məmmədzadə başçılığındakı “institutda” fəlsəfənin də, hüququn da YOXLUĞUNUN göstəricisi!
Görünür, işdə yol verdiyi “şərəf-ləyaqət” faktorunun ona sorun yaradacağını sonradan anlayan (ola bilsin, anladılan) İ.Məmmədzadə başvuruda Yadigar bəyi işdən çıxarma nədənilə bağlı yeni-yeni yalanlara əl atır, Yadigar Türkeli gedər-gəlməzə göndərəcək çeşidli AĞIR CƏZA maddələrinin toplusunu yaradır. Bununla da İlham Məmmədzadə adında “fəlsəfə üzrə elmlər doktoru, professor” ”37” qırğınlarını törədənlərlə ideya birgəliyini ortaya qoymuş olur. Yeri gəlmişkən, A.Şepotyevi də “37”-lərin bolşefaşistləri güllələyib! Görünür, doğrudan da, könüldən könülə yollar görünür: törəmələrilə birgə bolşefaşizm iş başındadır…
Uydurmalarının sevinci içində KİV-ə üz tutduğunu unudan İ.Məmmədzadə keçmiş bəlli “troyka”ya üz tuturmuş kimi belə bir istəkdə bulunur: ”Yuxarıda qeyd olunanlara əsasən, Aleksandr Şepetyevin (hər yerdə Şepotyev yerinə “Şepetyev” yazır) “Azərbaycan türklərinin hüququ olan Qafqazdakı mübahisəli ərazilər haqqında məruzə” kitabını sizə göndərməklə, həmin kitabın 2016-cı ildəki buraxılışına (“buraxılışına”! – X.B.) “ön söz” hissəsində fəlsəfə elmləri doktoru Yadigar Türkel Sahibəli oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti Əliyev Heydər Əlirza oğlu barəsində “onun dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlməsi” fikrinə hüquqi qiymət verilməsini və Heydər Əliyev şəxsiyyətinin şərəf və ləyaqətinin ləkələnməsi və alçaldılması əməllərinə yol vermiş şəxslərin məsuliyyətə cəlb olunaraq cəzalandırılmasını xahiş edirik”. Buyurun: “fəlsəfə üzrə elmlər doktoru, professor”, eləcə də “Fəlsəfə-Hüquq institutunun direktoru” adını daşıyan adamın repressiya maşınına yön vermə öndərliyi! Bu onun indiki repressiyalarla dolu “multikulturaliazm ilinə” çox yaraşan MULTİKULTURALİST fəlsəfəsidir! Multikulturalizmi DÜŞÜNCƏ ÖZGÜRLÜYÜ oluşdurur, DÜŞÜNCƏ ÖZGÜRLÜYÜ yoxdursa, multikulturalizm də yoxdur! Multikulturalizm fəlsəfəsi sözün gerçək anlamında ÖZGÜRLÜK fəlsəfəsi, bu fəlsəfənin doğrulaması olaraq istənilən kimsənin düşündüyünü dilə gətirmək gerçəyidir!
P.S.Ortaya bir belə savadsız, səviyyəsiz, eləcə də fəlsəfəyə, hüquqa ayqırı başvuru çıxaran Fəlsəfə-Hüquq institutu direktoru! Bu nə institut, bu nə çevrə?! Yazıqlar belə Akademiyaya, yazıqlar belə Fəlsəfə-Hüquq institutuna! .