Kiminin üç, kiminin dörd adlandırdığı bəlli günlərin bizə bəlli olan, olmayan bir sıra gizlinləri var. Onları yetərincə araşdırıb gərəyincə dəyərləndirmək üçün bir yox, bir çox yazılar yazılmalıdır. O yazıların olduğu kimi ortaya çıxması üçünsə başqa bir ortam gərəkir: indiki YAP ilinin adıyla desək, MULTİKULTURALİZM ortamı. O yazının yazılması necə önəmlidirsə, belə bir ortamın olması da bir elə önəmlidir.
Savaş sorağını alınca Feysbuk səhifəmdə çox yığcam bir cümlə yazmışdım: “Demokratiya – reforma yerinə xalqa savaş sırınır”. Sonrakı günlərdə də bu yöndə, ancaq daha geniş statuslar yazdım. “Azadlıq”da “Böyük uğurlar balaca uğurlardan yaranır” (05.04.2016) adlı bir yazım da çıxdı. İstəyim doğru-gerçəkləri topluma çatdırmaq idi. Ancaq Feysbuk o günlər AzTV-lərin bir parçasına çevrilmişdi: illərlə AzTV-lərin gərəksiz sayıb qapıdan qovduqları doğru-gerçəklər o günlər hamıya, eləcə də Feysbukdakılara gərəksiz olmuşdu – ölkəni QƏLƏBƏ eyforiyası bürüməsi üzündən!
İllərlə Günəşin hardan çıxıb harda batdığını bilməyən biriləri o günlər məni az qala yağı gözündə görürdülər. Dünənədək reyimin xalqa, ölkəyə etdiyi yamanlıqlara kar, kor olanlar bir anda ortaya atılıb alovlu yurdsevərlərə çevrilmişdilər. Ayrı çağlarda rejimə yarınma özəllikləriylə tanınan bir sıra ünlü yaltaq-yalaqlar üçün bayram idi: indi onlar çoxillik yalançılıqlarından-yaltaqlıqlarından uzaq kimiydilər; hakimiyətin GERÇƏK uğurlarından danışırdılar. İndi onların qabağında tank da dayana bilməzdi. Ancaq… bildirçinin bəyliyi darı sovuluncadı. Darı isə tez, çox tez sovuldu. Başqa cür ola da bilməzdi. O günlərdə böyük parlaqlığı ilə ortaya çıxan güc hakimiyətin gücü deyildi; Vətənin bir parçasının – gözəl Qarabağın itirilməsi ilə barışa bilməyən (barışmayacaq!) Xocalı qırğınını unutmayan (unutmayacaq!) Xalqın Gücü idi. Bu Güc özünü, demək olar, hamılıqla göstərməyə, son sözünü deməyə qalxmışdı. Mən uzun illərin Böyük, Bütöv Azərbaycan yolçusu olaraq bu sevgili Gücə İNDİ ÇAĞI olmadığını anlatmağa çalışırdım. Təkləndim…
Yazmışdım: o Çağın öz hakimiyəti var: bütünlüklə xalqa bağlı MİLLİ DEMOKRATİK hakimiyət! Yalnız o hakimiyət indiki kimi yalandan deyil, gerçəkdən bağımsız siyasət yürüdə bilər. Yalnız o hakimiyət indiki kimi yalandan deyil, gerçəkdən uğurlu savaş apara bilər. Yalnız o hakimiyət indiki kimi yalandan deyil, gerçəkdən savaşı uğurla başa çatdıra bilər – başı başqa yerlərə deyil, bütünlüklə xalqa bağlı olduğu üçün! Ölkədəki bütün başlıca gəlir qaynaqlarına təkbaşına yiyələnməklə xalqı yerdə süründürənlər, xalqın – ölkənin milyardlarını oğurlayıb-mənimsəməklə Dubaydan Panamaya, Londondan Moskvayadək… özlərinə ayrıca dünya quranlar, neft-qaz, balıq-kürü, qızıl-gümüş, zavod-fabrik, bank, tikinti gəlirləri azmış kimi son çağlar ölkə boyu aqrar sektoru da xalqın əlindən dartıb almağa girişən AİLƏ hakimiyəti üçün Xalqın, Ölkənin, Dövlətin uğuru adına nəsə ola bilərmi?! Qarabağ onlara Vətənin bir parçası kimi deyil, xalqı soyub-yağmalamaqla yiyələndikləri biznes sferasını daha da genişləndirmək üçün gərəkdir – o da asanlıqla əldə edilərsə!
Xalqı, daha çox da Azərbaycan gəncliyini, bilərəkdən, planlı olaraq işsizlik, yoxsulluq, evsizlik sorunları ilə üzləşdirməklə onlara acılar yaşadanlara gerçəkdən Qarabağ gərək deyil, arada qızışdırıb savaş meydanına çevirdikləri dekorativ QƏLƏBƏLƏR gərəkdir – hakimiyətlərini qoruyub saxlamaq üçün! Vətən uğrunda şəhidliyə gəlincə, onu KOR DÖYÜŞÜNƏ çevirməkdən çəkinməliyik: yurdsevər (passionar) oğullar bizə yalnız Vətən uğrunda ölmək üçün gərək deyil, eləcə yurddaşlara yararlı Vətən yaratmaq üçün gərəkdir. Yurddaşlar üçün yararlı Vətən isə yalnız doğru-düzgün hakimiyətlə ola bilər. Doğru-düzgün hakimiyət yoxluğunda gerçək Vətən olmur. Vətən yalnız onun yararına çevrilmək üçün deyil, eləcə də ondan yarımaq üçündür!..
Xaliq Bahadır. Biznes bazarlığına bürünmüş savaş
Aprel 25th, 2016 admin