I
İllərdir AZƏRBAYCAN UĞRUNDA! – çağırışlarıyla haray çəkirəm. Bu çağırışın nədənini – Azərbaycan uğrunda elliklə çarpışma gərəyini – anladıram, anlatmağa çalışıram: hamısı boşuna gedir. Belə yerdə daş ovular, qayanı da ağlamaq tutar! İllər keçdikcə, istəklər, diləklər doğrulmadıqca, istənilən gələcək gəlmədikcə belə də olur…
Aprelin başlanğıcındakı üç-dörd günlük bəlli savaş dönəmində ortaya bütünlüklə başqa görsənişlər çıxdı – son 23 ildə ardıcıllıqla yönətilən ANTİXALQ siyasətlərinə bütünlüklə ayqırı görsəniş! Dediyimiz ANTİXALQ siyasətləri 23 ildən bəri bütün parametrlər üzrə yönətilməkdədir: ekonomikadan tutmuş təhsil, sağlamlıq alanlarınadək. Hamısı Prezident Administrasiyasına bağlı televiziyalar göstərilən ANTİXALQ siyasətlərinin başlıca ruporu rolunda çıxış etməklə, milli-mənəvi dəyərləri aşındırma yönündə sürəkli çalışmalarda bulunur; yalnız əyləncə proqramlarında deyil, informasiya proqramlarında da, buyruğa uyğun olaraq, sürüləşdirmə-debilləşdirmə-anlaqsızlaşdırma metodlarına geniş meydan verilir. Bu üzdən televiziyalarda gerçək analitika proqramlarına yer… verilmir. “Analitik” adına yalnız rejimin sözünü deyən əlaltılar televiziyalara çıxarılır. Müxalifətin televiziyalara girişindən danışmağa dəyməz. Bu yalnız başqasını, başqa düşüncəni dinləmək istəməyən diktatura faktoru deyil, indiki Azərbaycan gerçəyində bu, daha çox doğal resurslara təkbaşına yiyələnmiş, soyub-yağmalama yoluyla xalqın milyardlarını mənimsəmiş Oğru Ailə hakimiyətini qoruyub saxlama faktorudur!
Biz 23 ildən bəri (gerçəkdə 50 ildir!) milli-mənəvi dəyərlərin planlı olaraq aşındırıldığı ortam içindəyik. Açıq deyirəm: az qala gündəlik analitik yazılar yazan, xalqa bağlılığı ilə tanınan birisi olaraq mənim gözləntilərim bütünlüklə başqa idi: mən 23 illik ardıcıllıqla hər baxımdan əzmə-yenmə siyasətlərinə uğramış xalqımızın hələ-hələ dikəlib başını qaldıracağını gözləmirdim. Bunu sosial qanunauyğunluqlar da göstərirdi: ardıcıl aşındırma yoluyla bu xalqın Vətən sevgisinin bir parça çörək sevgisinə dönüşdüyü düşüncəsi subyektiv yanaşma faktı deyil, ölkədəki sosial-siyasi, ekonomik gerçəyin doğurduğu analitik yanaşma doğrulaması idi. Birdən, gözlənilməz partlayış kimi, ortaya Vətən-Qarabağ faktoru çıxdı. Xalq Astaradan Ağstafaya, Balakəndən Babəkədək (Naxçıvan) böyük birikmə-birləşmə-bütövləşmə görsənişi sərgilədi! Rejim Qarabağ adına, bir sıra gizlinləri getdikcə açılmaqda olan savaş başladı, ancaq avtomatik ötürmə mexanizmi kimi gözəgörünməz bir mexanizmin işə düşməsiylə ortaya “Vətən-Qarabağ” sevgisiylə yüklənmiş Xalq Savaşı çıxdı. Üstəlik, gözlənilmədən yaxın-uzaq dünya son 30 ildə ilkin olaraq Azərbaycanın Qarabağ savaşına arxa durdu! Arxasında bütün xalqın dayandığı, üstəlik, bir çox dünya dövlətlərinin arxadaşlıqda bulunduğu Ordumuzun ermənilik üzərinə uğurlu yürüşü başlamışdı…
İstər içdəki, istərsə də dışdakı antiAzərbaycan gücləri bir yandan xalqın birliyindən, başqa bir yandan demokratik dünyanın Azərbaycanla bağlı birgəlik sərgiləməyindən qorxuya düşərək savaşı yarımçıq dayandırdılar. Sözsüz, bu işdə bəlli Kreml diktatoru başlıca rol oynadı. Belə desək, başlayan başa vurdu!
Başlanğıc isə deyilməsi, anladıılması çətin görsənişlərdən idi; elə bil illərlə böyük güclə sıxılmış bir yay açılmışdı: dünya orduları tarixində görünməmiş görsəniş idi bu – Azərbaycan zabitləri əsgərlərindən öncə özlərinə “İRƏLİ!” komandası vermişdilər! Bəlli bir bölgədəki əlbəyaxa döyüşə – süngü savaşına da birinci zabitlərimiz atılmışdılar. Buna görə biz bu savaşda bir belə zabit itirdik. Olduqca acıdır, ağrılıdırr, ancaq yalnız Azərbaycan üçün deyil, eləcə də dünya savaş tarixləri üçün örnək görsənişdir. Bunu da biz yaratdıq – Azərbaycan adına!
(Yuxarıda Astaradan Ağstafaya, Balakəndən Babəkədək dedim, gerçəkdə isə o görklü XALQ qalxımının, XALQ birliyinin-birgəliyinin coğrafiyası daha geniş idi: Borçalıdan Həmədana, Dəmirqapıdan Zəncanadək!)
II
O bir neçə gündə baş vermiş böyük bahadırlıq-igidlik örnəklərindən illərlə danışılacaq, yazılacaq. O günlər böyük çoxluq, az qala bütün ölkə, Vətən-Qarabağ uğrunda ölüm savaşına yüklənmişdi. Yerdən Göyədək alqışlanası görsənişdir, ancaq… Vətən, axı, yalnız 20 min kv. kilometrlik Qarabağ deyil; qoyub getdiyimiz, qoyub getmək istədiyimiz qalan 80 min kv. kilometrlik Azərbaycan da Vətəndir axı: Astarasından Ağstafasına, Balakənindən Babəkinədək. Gəlin görək biz xalq olaraq o 80 min kv.kilometrlik Vətənin yiyəsiyikmi? Gəlin görək biz xalq olaraq o Vətəni özümüzə yararlı etmişikmi? Gəlin görək biz xalq olaraq o Vətəndən yarıyırıqmı? Yox, yox, yenə də yox! Qarabağ erməni işğalı altındadırsa, qalan Azərbaycan da başqa bir işğal altındadır – bu işğal faktı özünü bir neçə günlük savaşın yarımçıq-yararsız, sonucda bizə uğurlarımızdan qat-qat artıq itkilər qazandırmasında da göstərdi!
Başqa cür ola da bilməzdi: savaşın ilk günlərindəncə yazdığım kimi, XALQI YENMƏYƏ YÖNƏLİK bir dövlət – rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya dövləti yaradan, başı başqa yerə bağlı olan hakimiyət sonadək uğurlu savaş apara bilməz – ona harada “dur!” deyiləcəksə, orada da duracaq. Belə yazılara görə çoxlu qınaqla üzləşdim. Necə oldu? Buyruq gəlcəyin durdular. Gedib çıxdıqları yerdə də durmadılar: buyruğa uyğun olaraq geri çəkilib durdular. Sonra da olanlar oldu: ölülərimiz erməni əlinə keçdi…
Savaşdan sonra yox, savaşın ikinci günündəcə arxadakı qızğın başları soyutmaq üçün Feysbuk statusumda yazmışdım: “Bizim ermənilik üzərində (eləcə də hər hansı yağı üzərində) gerçək uğurumuz korrupsiyadan uzaq, başı başqa yerə bağlı olmayan MİLLİ DEMOKRATİK hakimiyətdən keçir…”
YAP prezidentinin ünlü köməkçisi Əli Həsənov ilin başlanğıcında Qubada keçirdiyi görüşdə demişdi: “Quba böyük, işlək əhalisi, münbit torpağı, dənizə çıxışı olan rayondur. Bu rayon niyə dövlətin dotasiyasında olmalıdır?” Çooox doğru deyir, ancaq onun özündən – 23 illik OĞRU hakimiyətdən – soruşmaq gərəkdir: “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adına 51 milyard manat (əlli bir milyard!) pulu neynədiz? Bir Quba rayonu olsaydı, nə vardı: bu gün Azərbaycanın bütün rayonları yürütdüyünüz çoxillik ANTİXALQ siyasətləri üzündən DÖVLƏTİN DOTASİYASINDADIR. Özü də bunu biz demirik, sizin prezidentiniz deyir! Görün rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya faktorunu DÖVLƏT SİYASƏTİNƏ dönüşdürməklə bu ölkəni nə günə qoydunuz!
Doğal resurslar baxımından Azərbaycan yalnız Qafqazın deyil, bütün dünyanın ən varlı ölkələrindəndir. Ortadakı gerçəklik necədir? Doğal resurslardan yoxsul Gürcüstanla “Ermənistan”da orta aylıq donluq 387, 386 dollar, doğal resursları aşıb-daşan Azərbaycanda isə 296 dollardır. Belə bir fonda keçən il “gül bayramı”adına 80 milyon manat pul silinmişdi. Belə bir fonda Əliyevlər ailəsinin Panama başda olmaqla ofşor zonalarda milyardlarla dollarlıq oğurluğunun üstü açılır. Belə bir fonda Ə.Həsənov deyir: “Ailəmin malik olduğu şirkətlərlə fəxr edirəm”. Soruşmaq gərəkir: 23 il qabaq ailənin bircə dənə şirkəti var idimi? Prezidentin illərlə susan “mətbuat xidməti” Panamada üstü açılan milyardlarla bağlı birdən dil açıb bülbül kimi ötərək, prezident uşaqlarını xalqa “uğurlu biznesmenlər” deyə tanıtmağa çalışır. Bu sayaq nağıllara inanmaq olardı… Əliyevçi hakimiyət boyunca rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya DÖVLƏT SİYASƏTİNƏ dönüşdürülməsəydi. Belə bir çoxillik siyasət axarında Azərbaycan xalqı bütünlüklə hüquqsuz duruma gətirilib…
İşğalçı rejim Azərbaycan xalqını çoxdan siyasətin subyektindən obyektinə çevirib. Bu üzdən də Ə.Həsənov deyir: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Bu isə açıq-açığına İŞĞAL edilmiş Vətən faktıdır. Bu, xalq olaraq sizi istədiyimiz kimi yönətəcək, istədiyimiz kimi soyub-yağmalayacaq, istədiyimiz kimi əzəcək… qısası, sizinlə istədiyimiz kimi davranacağıq, deməkdir. Onda mən soruşuram: belə Vətən, belə vətəndaşlıq olurmu? Vətən yalnız uğrunda xalqın öləcəyi topraq deyil; Vətən hüquqlarımızın qorunduğu, istəklərimizin doğrulduğu yerdir; Vətən sevib-sevildiyimiz doğmalıqdır; Vətən bizi ağlatmaq üçün deyil, güldürmək üçündür; Vətən bizi öldürmək üçün deyil, yaşatmaq üçündür; Vətən yalnız bizdən yarımaq üçün deyil, eləcə də bizim ondan yarımağımız üçündür. Bütün resursları (daha çox administrativ, ekonomik), bütün gəlir qaynaqları hakimiyəti ələ keçirmiş bir qrup oğrunun əlində olan Vətən İTİRİLƏN, qurtuluşunu gözləyən İŞĞAL zonası deməkdir. Hardan başlayır Vətən? Məndən, Səndən, Bizdən başlayır Vətən! Bir də, başdan… Bakıdan, Təbrizdən başlayır Vətən!
P.S. Ermənilərin Qarabağdan qovduğu köçkünlərin Sosial İnkişaf Fondundan 1 ildə 170 milyon manat mənimsənib. Təhsil göstəricilərinə görə, dünya dövlətləri arasında “Ermənistan” 82-ci, Azərbaycan 102-ci yerdədir. Sosial şəbəkə axtarışları: “Eldar Mahmudov dəstəsindən (YAP-ın “Milli Təhlükəsizlik Nazirliyi”!) ələ keçirilən TONLARLA valyuta hara gedir?” Yoxsul Gürcüstanda tibb sığortası uyğulamaqla xalqın sağlamlıq sorunlarıyla bağlı yükü minimuma endirilirkən, varlı Azərbaycanda xalq sağlamlıq sorunları ilə bağlı addımbaşı yüksək dövlət bazarlığı ilə üzləşir. Əliyevçi hakimiyət nefti ermənilərə 402, bizə – düşmən Azərbaycan xalqına! – 760 dollara satır. İşsizlik-evsizlik-yoxsulluq üzündən Azərbaycanda minlərlə gənc ailə qura bilmir. İşsizlik-evsizlik-yoxsulluq üzündən hər ay Azərbaycanda mindən artıq ailə dağılır…