Nurtəkin Atalı. Ruhsal Səfərlər İnsan sevgimizin sevincidir

Bu günlərdə Soylu Atalı ilə oxullarda görüş keçirmək istəyi ilə Sumqayıt şəhərinə yollandıq. İki oxulda olduq, hər iki oxul təhsil şöbəsinin icazəsinin gərəkliyini bildirdi. Onlara oxullarda toplantılar keçirməyi yasaq ediblər. Soylu Atalı bildirdi ki: “biz hər yerdə xalqımızın içində olmağa borcluyuq, olacağıq da, bunu heç kim bizə yasaq edə bilməz. Lap küçələrdə söhbətlər aparacağıq, milli-ruhsal dəyərlərimizi yayacağıq. Sumqayıta da gəlmişkən boş dönməyəcəyik”.
Soylu Atalının önərisi ilə Sumqayıt Dövlət Universitetinə getdik. Mən 1997-ci ildə bu universiteti bitirmişəm. 5 il eyitim almış, 4 il də burda işləmişəm. Sonra Bakıda yaşayıb işlədiyim üçün uzun çağlar buralara yolum düşməmişdi. 19 il zaman keçdikdən sonra tanış üzlər, həm də yeni üzlər görmək istəyi məni həyəcanlandırırdı.
Universitetin son kursunda oxuyarkən, 22 yaşımda, Ocağa gəlmişdim. Qrupda Ocaqçı olduğumu hər kəs bilirdi. İşlədiyim illərdə də məni tanıyan hər kəs Ocaqçı olduğumu bilirdi. Fəlsəfə dərslərində dinçi qrup yoldaşlarımla qovğa edirdik. O zaman yetkin deyildim, öz fikirlərimi deyərkən qarşımdakından yalnız təsdiq gözləyirdim. Düşünürdüm ki, bu cür fikirlərlə ancaq razılaşmaq olar, razılaşmamaq mümkün deyil. Ona görə də çoxları ilə qovğalarım olmuşdu…
Köhnə öyrətmənlərimlə görüşdüm. Öyrətmənlərim artıq yaşlaşıblar. Hələ də Ocaqçı olduğumu bildikdə bir az təəccüb, bir az heyrət, eyni zamanda Atanı tanıdıqlarından sevinc duyğusu yaşadılar. Hər biri mənə uğurlar dilədi. Köhnə qrup yoldaşlarımdan da universitetdə işləyən vardı. Bir qrup yoldaşım mənim sosial şəbəkədəki adımı görübmüş, görüntülərimi, Beşikbaşı Mərasimimi izlədiyini də dedi. Nədən tanışlıq vermədin deyə sorduğumda, sənin yönün başqadır, məndən fərqlidir dedi.
Öyrətmənlərimdən biri mənə soru verdi ki, sizin ayınız, iliniz başqadır, indi hansı ildə, hansı aydayıq. Maraqlı idi onların hamısı üçün. Zamanında Asif Ata haqqında, onun ideyaları, Ocağı haqqında eşidənlərə yenidən bilgi vermək, Ocağın hələ də yaşadığını demək və danışmaq həm fərəhli, həm həyəcanlandırıcı idi. Elə əski qrup yoldaşlarım da, hələ də Ocaqçı olduğumu, hətta kitabımın basıldığını söylədikdə heyrətlənirdilər. Kitabımı onlara bağışladıqda üzlərindəki ifadələri izləmək maraqlı idi. Adamlar sanki uzun illər eyni yolun yolçusu olmağa inanmırlar. Düşünürlər ki, gənclik həvəsidir, zamanla ötəcək, keçəcək. Elə Ocaqçılığa başladıqda da mənə deyənlər çox idi ki, 1 ildən sonra görərik səni.
Öyrətmənlər odasında öyrətmənlərlə söhbət edərkən bir kürd kökənli öyrətmən mənə “millətçilik eləmə” dedi. Ona millətçiliyin və şovinizmin fərqini dedim. Ancaq onun üzü hələ də narazı ifadəyə bürünmüş qaldı.
Orada işlədiyim çağlarda iş yoldaşım olmuş qadın öyrətməni gördüm. Məni tanıdı, “hələ də Ocaqdasanmı” deyə sordu. Mən də hələ də çalışmalarımı sürdürdüyümü bildirdim. Ona buraxılış vermək istədikdə –  “yox, vermə dedi. Səninlə o zamanlar da danışmışdım, hər şeyin sonu Allaha dayanır”. Bu insanlar düşünməkdən qorxurlar, ancaq öyrətmənlik edirlər…

95610026
Dəhlizdə, sinif odalarında gördüyüm öyrəncilərə Özəl buraxılışımızdan, kitablarımızdan bağışladım, Ocaq haqqında qısa bilgi verdim. Günsıranın üzərindəki türk abesini gördükdə daha çox maraq və sorularla qarşılaşdım. Sorularını cavablandırdıqda üzlərdə doğmalıq yaranırdı. Dəhlizdə dayanmış bir neçə gəncə özəl buraxılış verərkən, öyrəncilərdən biri “bu, mənə gərək deyil, mən talışam” dedi. Ona hər bir millətin yaşamaq, öz dəyərlərini qorumaq və artırmaq haqqının olmasından danışdım. Dünyanın indiki gedişində millətlərin özgələşməsinin fəlakətini qısa da olsa dedim. Oğlanın üzü ciddiləşdi. Buraxılışı alıb oxumağa başladı.
Gənclərin üzü çox arı, durudur. Hər birinə baxanda bu arılığı, duruluğu qorumalarının və millətçilik yönündə yetkinləşmələrinin gərəkliyini düşünürdüm. Nə qədər olanaqları var. Ancaq yurdumuzda nə qədər dini və siyasal qurumlar, təşkilatlar da var. Onlar arı, duru övladlarımızdan millətə düşmən hazırlayırlar, millətimizin gələcəyi qorxu altına düşür. Bu qorxulardan onları qorumaq istəyirəm. Bu istək məni yeni görüşlərə, söhbətlərə çağırır…
Mən bu işləri görürkən Soylu Atalı da musiqi texnikumunda söhbətlər aparıb ədəbiyyatlar verirdi. Xalqımıza öz ruhsal kimliyini demək, öyrətmək necə də gözəldir. Bu gözəlliyi sevinc dolu yaşayıb Bakıya döndük…

Atamız Var olsun!

13 İşıq Ayı, 38-ci il. Atakənd.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv