Bəlli bir ailənin çoxillik yağıcasına ağalığı üçün Azərbaycan 1993-dən dünya bazarına çıxarılıb. Alan dünya gücləridir, satan Əliyevlər. Təkcə 1993-2010-cu illər arasında Əliyevlər ailəsi bircə Ofşor zonalara Azərbaycandan 48 milyard oğurluq pul ötürüblər. “Təkcə”, “bircə” – bunların hər birinin öz anlamı var: onlar yalnız 1993-2010-cu illərdə deyil, bütün hakimiyətləri boyunca Azərbaycandan milyardlarla dollarlıq oğurluq ediblər; o oğurluqları yalnız ofşor zonalarda deyil, başqa yerlərdə də yerləşdiriblər. 48 milyard yalnız böyük Yer üzünün bəlli bir bölgəsində tapılıb ortaya çıxarılandır.
Böyük Mirzə Cəlil demiş: aləmlər mayallaq aşır, dünyalar dağılır… Əliyevlərin bütün Yer üzünü bürüyən oğurluqları bir-bir tapılıb ortaya çıxarılır, özü də hakimiyətdən gedəndən sonra yox, özləri hakimiyətdə ola-ola. Bax, burası olduqca ilgincdir: onlar bütün dünya ilə birlikdə özlərinin ucsuz-bucaqsız oğurluqlarına baxır, özləri öz oğurluqlarını görməli olurlar. O milyardlarla dollarlıq oğurluq faktlarına baxdıqca mənim gözlərimin önünə yoxsulluqdan, dolanışıq dözülməzliyindən özünü öldürən yeniyetmələr, gənclər, atalar, analar gəlir. Hələ dünyada görünməmiş yüksək kredit faizlərindən ASILI qalıb özlərini öldürənlər, yoxsulluq, dolanışıq dözülməzliyindən hər ay ölkədə min ailənin dağılması, oxşar sorunlar üzündən minlərlə gəncin özünə ev-eşik qura bilməməsi… Bütün bunlara qarşılıq olaraq “Azərbaycan prezidenti” adlanan İlham Əliyevin qızlarının təkcə Londonda aylarla qapısı açılmayan, hər biri milyonlarla dollar dəyərində çoxsaylı evləri!
Adam ağlına sığışdıra bilmir: dünyanın hər yanında aldıqları, ayda-ildə bir yol qapısını açmadıqları bir belə ev bunların nəyinə gərəkdi? Azərbaycanın hər yerində evləri, dünyanın hər yerində evləri! Son 24 ildə Azərbaycanı, Azərbaycan xalqını soyub-yağmalamaq yoluyla ələ keçirdikləri, yiyələndikləri, bir sıra bilgilərə görə, trilyon dolları keçib, di gəl, gözləri doymaq bilmır: neft-qaz yataqları bunların, qızıl-gümüş yataqları bunların, Xəzərin balığı-kürüsü bunların, üstəlik, Masazır duz gölü, Duz gölünün üstündə yenicə açdıqları bazar da bunların – başqalarına qalan… boşuna Azərbaycan! Sonra da “Sahibkar günü” düzəldirlər: özləri üçün Gün – bütün Yer üzünün ən uğurlu biznesmen ailəsi kimi!
Neftin ucuzlaşmasından sonrakı iki devalvasiya xalqa diz çökdürüb. Ucuzluq yaratmaq yerinə, yığım acgözlüyü üzündən, qiymətləri daha da qaldırırlar. İ.Əliyev yaxınlardakı çıxışlarının birində pambığın satınalma qiymətini qaldırdığını dedi. Demək, keçən il 36 qəpiyə alınan pambıq bu il 50 qəpiyə alınacaq. Ancaq onlar aylığı, pensiyanı azacıq qaldırıb dərman başda olmaqla qiymətləri ikiqat, üçqat qaldırmaqla gerçək aylıq, pensiya artımına yol vermədikləri kimi, aqrar sektorda da uyğun metoddan yararlanmaqla dirçəlişə yol verən deyillər. Pambığın qiymətini azacıq qaldırandan sonra çiyidin qiymətini demək olar, ikiqat qaldırdılar. Çox ola bilsin, gübrənin qiymətini də qaldıracaqlar. Aqrar sektora çox gərəkli dizel yanacağına gəlincə, onu özümüzünkülərə Gürcüstan əkinçilərinə satdıqlarından baha satırlar. Amac: xalqın dirçəlişinə yol verməmək! Neft ucuzlaşandan sonra pambıq əkininə də girişiblər. İndi Ailənin min hektarlarla pambıq əkinləri var…
… Ölkədə repressiyalar ara vermir, jurnalistlər satın alınır, jurnalistika etkisiz duruma gətirilir. Eləcə də ABŞ-ın, Avropanın siyasi çevrələrini satın almaq üçün milyonlardan keçilir. ABŞ Konqresində repressisv əliyevçi rejimə sanksiyalar uyğulanması ilə bağlı çalışmalar, Avropa Birliyinin, Avropa Şurasının oxşar qərarları sonuca varmır. Niyəsi bəllidir: ölkə bazara çıxarılır, bazarlıq edilir. B.Britaniyanın baş baxanı D.Kemeron bugünlərdə belə buyurdu: “Korrupsiyaçının Britaniyada evi olmamalıdır”. Sən demə, bunlar Azərbaycanda yaratdıqları bahalığı Britaniyaya da aparıblar – yazıq ingilislər bunların əlindən doğma Londonda ev ala bilmirlər…
Xaliq Bahadır. Dünya bazarında Azərbaycan
May 25th, 2016 admin