Vətənin özgürlüyü İnsandır

(Ocağın yeni səfərləri)

Hamıya – “Vətəni qorumaq gərəkdir” deyirlər. Ancaq heç kimə “İnsanı qorumaq gərəkdir” demirlər. Bunu öyrətmirlər. Ən yaxşı halda, insanı bioloji-fiziki qorumağı əsas götürürlər. Bu görəvi dövlət daşıyır. Ancaq insan, hər anlamda, tam olaraq qorunmur. Pulçuluğun ictimai quruluşa çevrildiyi dünyada insanı qorumaq özünü doğrulda bilməz. Belə bir quruluşda insan dəyərini itirir: – onun əməyi mənimsənilir, haqqı əlindən alınır, imkanları daraldılır. İkinci bir yandan, insan mənəvi-ruhani varlıq kimi götürülmür. Ona görə də o, sürü şəklinə salınır. Sürünün bəlli taleyi olmur. Talesiz insana Vətəni tanıtmaq da, sevdirmək də çətindir. Vətəndə buxovlanmış ömür yaşayan insan vətəni doğması kimi deyil, yağısı kimi dərk edir. Bunu Quruluşun yaratdığı dövlət biçimi gerçəkləşdirir. Dövlətin başında quruluşun tərbiyə verdiyi adamlar durur. Onlar xalq anlamına yağı kəsilən talançı qüvvəyə çevriliblər. Xalqın dəyərlərini qorumaq, yaşatmaq onları qayğılandırmır.
Azərbaycanda Muğamı təbliğ edirlər. Əslində dəyəri xalqdan qıraqda yaşatmaq mümkün deyil. Dəyərin xalqda yaşaması gərək. Bunun üçün xalqın yaşamını yoluna qoymaq tələb olunur. Onu talayıb ac-yalavac saxlamaqla dəyərlərinə yiyə eləmək mümkün deyil. Dəyərin xalqdan qıraqda yaşadılması bəlli bir qrupun – hakim elitanın özünü qoruması üçündür. Xalqın dəyərini təbliğ edirlər ki, xalqı ayaqları altında tapdalamaları ört-basdır edilsin. Xalqı mənən əzib, ruhən kiçildib onun dəyərlərini qorumaq (təbliğ eləmək) hansı anlamı daşıyır, – bizə aydın deyil.
Başqa bir məsələ, xalqın içində yayılan yabançı, yalançı mədəniyyətlərin sərbəstliyidir. Xalqın özümləşməsinə qarşı düşünülən bayağı mədəniyyət örnəkləri davamlı şəkildə əxlaqsızlıq yayır, milli keyfiyyətlərin aradan getməsinə nədən olur. Bu cür bayağı mədəniyyət örnəklərini qoruyub milli dəyərləri yaşatmağa çalışan az sayda aydın insanlara qarşı çıxan qruplar bəs qədərdir. Dövlət başında duranlar da, təəssüf ki, milli düşünərlərlə antimilli olanlar arasına bərabərlik işarəsi qoyurlar. Ona görə bütün ümid xalqı öz içindən böyütməyə qalıb. Xalqa öz həqiqətini onun evində öyrətmək gərəkdir. Asif Atanın Mütləqə İnam Ocağı bu deyilənləri gözə alıb xalqın içinə yeriyir, səfər əməlləri gerçəkləşdirir. Dəyərlə yadlığın, həqiqətlə həqiqətsizliyin, siyasət yalanı ilə xalqsevərliyin, vətənsevərliklə vətənsizliyin, İnamla dinin, dövlətlə hakimiyyətin, bağımsızlıqla asılılığın… fərqi, harda imkan düşdü, aydınlaşdırırlır, deyilir, çağırılır. Xalqın bireylərinə Asif Atanın İnsana bağlı ideya-prinsipləri öyrədilir. İnsanın dəyərinin dünyabaxış səviyyəsində yaşadıldığı vurğulanır. Öyrədilir ki, Ocaqda insan əsil qiymətini tapır. İnsanın qurtuluşu Ocaq ideyalarındadır.
Bu cür biliklərlə, bu bilikləri çatdrmaq yanğısı ilə səfərlər edən Ocaqçılardan biri Günev Atalıdır. Bu günlərdə o, amaldaşı və qadını Elana Atalı ilə Füzuli rayonunun Mahmudlu, Əhmədbəyli, Dilağarda köylərinə, Horadiz qəsəbəsinə iki günlük səfər etmişdir. Onlar bu səfərdə ayrı-ayrı ünvanlara getmiş, soydaşlarımızla söhbətlər aparmışlar. Ocağın ideyalarını, istəklərini izhar edərək onlara Ocaq ədəbiyyatları bağışlamışlar. Fədakar bir əmək öz bəhrəsini vermiş, insanların maraqlarını Ocağa yönəltmişdir.
Hər kəsin içində olan həqiqət axtarışları Ocaqçıların səfərləri ilə bəlli bir sonuca varır, biliklənirlər. Əslində bu əməllər, Ocağın addım-addım xalqlaşma işinin genşlənməsidir.
İkinci bir səfər əməlini Ocağın Yükümlüsü Soylu Atalı gerçəkləşdirmişdir. O, 5 gün Borçalıda olmuş, ayrı-ayrı soydaşlarımızla ünsiyyət qurub söhbətlər aparmışdır. Eləcə də orta oxullarda olub vətənsevərlik yönündə fikirlərini bölüşmüş, öyrətmənlərə Ocaq ədəbiyyatları bağışlamışdır.
Ocaqçılarla söhbətlərində Soylu Atalı Borçalı oxullarındakı ümumi durumla bağlı qayğılarını da dilə gətirmişdir: “Bəzi oxullarda, izlədiyimə görə, gənc öyrətmənlər gözə dəymir. Demək olar ki, hamısı yaşlı öyrətmənlərdir. Bizim yaşlı öyrətmənlərimizə ciddi sayğmız var. Ancaq yaxın illərdə onların boş qalan yerlərini kim dolduracaq?! Bəlkə bu da bir assimilyasiyaedici siyasətdir. Sabah həmin o boş yerlərə gürcü əsilli öyrətmənlər yerləşdiriləcək və oxullarda dil, eyitim gürcüləşəcəkdir. Hər şey o qədər təbii hazırlanır ki, üzdən çox məsələlər asanlıqla görünmür. Bəlkə yaxın gələcəkdə Borçalı da Güney Azərbaycanımız kimi oxulsuzlaşacaqdır. Daha doğrusu, milli dildə, milli yöndə oxulları, eyitim ünvanları olmayacaqdır. Hər halda, bu öyülən demokratik dünyada heç nə Azərbaycan türklərinin (bütövlükdə türklərin) xeyrinə işləmir. Türk insanı kor qoyulur, o, necə vətənli ola bilər?! Vətənin özgürlüyü insandır”. İnsan isə Mütləqə İnam dünyabaxışı ilə böyüyəcək, Ocaq ideyaları əsasında özünə bənzəyəcəkdir…

Atamız var olsun!

Mütləqə İnam Ocağı
İşıq Ayı, 38-ci il.

DSCF1871-500x375

DSCF1872-500x375

DSCF1875-500x375

DSCF1870-500x375

DSCF1878-500x375

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv