Borçalı bu gün (söhbət)

Son zamanlar Azərbaycanın qədim diyarı olan Borçalının sosial-iqtisadi durumu, milli mədəniyyəti, tarixi ilə bağlı qayğılandırıcı bilgilər yayılmaqdadır. Qədim yurdumuz Borçalı bu gün regionda maraqları olan qlobal güclərin, qonşuluqda yerləşən imperialist dövlətlərin poliqonuna çevrilmişdir. Çeşidli faktorlardan yararlanmaqla amaclarına çatmağa çalışan bu güclər Borçalı ilə bağlı dəyərlərimizə qorxu yaratmaqdadırlar.
Qlobal.az Borçalının real durumu, orada gedən proseslərin kökü, amacları ilə bağlı qaranlıqlara aydınlıq gətirilmək üçün “Yurdumuz, Tariximiz, Milli Kimliyimiz” rubrikasında Asif Ata Ocağının Yükümlüsü Soylu Atalının, Fəlsəfə öyrətməni Asif Ozanın (hər iki aydınımız kökcə Borçalıdandır), ideoloji çarpışmanın öncüllərindən Xaliq Bahadırın qatqısı ilə keçirilmiş debatı sunur:

Mübariz Məmmədov: Soylu bəy, Borçalıdan yeni qayıtmısınız, oradakı soydaşlarımızın durumu necədir?

Soylu Atalı:

Borçalıdakı durumla bağlı danışarkən, təkcə indi gedib gördüyümü demək istəmirəm. Çünkü Borçalıdakı durum nə bu günün əyintisidir, nə də dünənin. Borçalıda durum çoxdan əyilib. Bugünkü gediş öncələr başlayan prosesin məntiqi davamıdır. Məsələn, mənim bu gün gördüyüm, toplumda çaxnaşmaların yaranması – az qala görünən şəkildə qarşıdurmaların başlamasıdır. Bunu özlərini sələfi təriqəti hesab edən vəhabilər dəstəsi həyata keçirir. Orda da vəhabilik genişlənməkdədir. Təbii, harda türk varsa, buna bənzər proseslər gedib, gedəcək. Biz istəsək də, istəməsək də, belə əyintilik aparırlar. Bizim borcumuz odur ki, ən azı durumu düzgün qiymətləndirib, düzgün çatdıra bilək. Bəlkə gənclərə bunun etkisi olar, onların ağlına nəsə deyə bilərik. Çünkü, doğrudan da, bu xalqın balaları uçuruma yuvarlanır. Bunu da qoruya biləcək dövlət strukturu, dövlət strategiyası, məqsədi yoxdur. Bu da onu göstərir ki, böyük güclərin Azərbaycanla bağlı həyata keçirmək istədikləri planlar yavaş-yavaş yeriməkdədir. Mən hər zaman bunu rahatsızlıqla vurğu eləyirəm, Rusiyanın məqsədi Güney Qafqazda Azərbaycan-türk dövlətçiliyinə son qoymaqdır. Pyotrun vəsiyyətindən irəli gələn istəkdir ki, bunu açıq şəkildə həyata keçirir. Buna dirəniş göstərən nə dövlət qurumu var, nə də toplumsal dirəniş. Sanki hamı hər şeyi, birtəhər çıxmasın, Allahın ümidinə buraxıb. Bu baxımdan durumu ciddi qiymətləndirmək gərəkdir.
İndi qayıdıram Borçalıdakı məsələnin üzərinə. Orada İran da iş aparır, vəhabiliyin arxasında duran qüvvələr də. Vəhabiliyi yaradan ingilisdir. Hər zaman vurğu elədiyim kimi, Azərbaycanda üç İslam mövcuddur. İranın şiə İslamı, ingilislərin Vəhabilik İslamı, bir də Amerikanın Nurçuluq İslamı. Onların məqsədi bu milləti qarşıdurma səviyyəsində saxlamaq, cahilliyi qorumaq, onu içəridən dağıtmaqdır. Təbii, bu gedişdə həm soydaşlarımızın şüuru dağılır, həm mənliyi dağılır, həm də vətəni dağılır.

Borçalıda gedən proseslər başqa bir dövlətin – Gürcüstanın içi sayılır. O dövlətin belə məsələlərdə toplumla bağlı heç bir marağı yoxdur. Bu cür gedişlər əslində o dövlətin istəklərinə, hardasa, uyğundur. Bu gedişlər də təkcə Azərbaycandakı gedişlərin uzantısı, sonucu deyil. Həm də Borçalıda gürcü dövlətinin apardığı açıq siyasətdir. Baxın, zaman-zaman Borçalıdan deportasiyalar olub. Ötən yüz ildə bir neçə dəfə olub. Ona görə ki, Borçalı kompakt şəkildə yaşayan Azərbaycan türkləridir. Onların şüurunu yenən İran rejimi yoxdur hər halda. Bu açıdan onlar bir az dünyada gedən proseslərə açıqdırlar. Ona görə onlarda şüur daha tez gəlişə bilər, istəklər daha tez oyana bilər. Hardasa muxtariyyət istəyə bilər, özünü ideoloji ifadə eləməyə dartınar. Bütün bunların qarşısını almaq üçün, zaman-zaman, əli qələm tutan, ağlı söz kəsən insanları çeşidli bəhanələrlə qovublar. Bu işin bir cəhəti. İkinci bir cəhətdən, Borçalıda tarixi qaynaqlarımızı ləğv eləməyə girişirlər. Onlardan biri də, başlıcası, toponimlərimizi dəyişdirməkdir. Toponimi dəyişmək nə deməkdir? Onu hər biriniz çox yaxşı bilirsiniz. Hər bir toponim özündə bəlli bir tarix gəzdirir. Toponimləri dəyişmək – bu tarixi həm arxivdən silməkdir, həm şüurlardan silməkdir. Zaman-zaman bizim tarixi adlarımızı, min illərə dayanan adlarımızı dəyişdirib, gürcüləşdiriblər. Heç bir nədən yoxdur. Toponim o zaman dəyişilə bilər ki, o tarixi qaynaqlara dayanmasın. Saxtalaşdırılmış olsun, formal olsun. Onda onun dəyişikliyinə dövlət qərar verər, nazirlər kabineti işləyər üzərində, dəyişdirilə bilər. Bunu dəyişdirmək, hər birimizə aydındır ki, Azərbaycan türklərinə qarşı düşünülmüş siyasətdir. Bunların ardınca gəlir, indi toplumun içərisində artıq birbaşa şüura etki göstərmək, Vəhabiliyin gəlişi, İranın gəlişi. Mən belə düşünürəm, bilirsiniz, Güney Azərbaycanla bağlı İranın məqsədi, hədəfi var. Əlindən gələni eləyir, Güney Azərbaycan bağımsızlığa dartınmasın, Quzey Azərbaycanla onun mədəni birliyi yaranmasın, formalaşmasın. Bununla bağlı daha çox fakt sadalamaq olar. İran vətəndaş qarşıdurması hazırlayır. Güney Azərbaycanın içində də, Quzey Azərbaycanın içində də, Borçalıda da. Gürcü siyasətinə də bu sərf eləyir. Ona görə sərf eləyir ki, Borçalıların milli şüuru aktivləşərsə, onlar Borçalı üçün, deyək ki, muxtariyyət istəyə bilərlər. Bu da Gürcüstan üçün başağrısı deməkdir. Azərbaycanın birləşməsi gündəliyə gələrsə, Borçalı da gündəliyə gələ bilər. Bu mənada İran gerizəkalılıq yaradır orda. Vətəndaş qarşıdurması yaradır, dağınıqlıq yaradır ki, orda türk şüuru gəlişməsin. Din şüurunun türk toplumunda formalaşması – dünyanın istənilən antitürk ölkəsinə gərəkdir. Amerikaya da, ingilisə də, farsa da, rusa da. Çünkü din şüuru cahilliyə aparan bir şeydir.

Asif Ozan: Gürcüstanda yaşayan etnik azərbaycanlılar bizim soydaşlarımızdır. Gürcüstanda yaşayan soydaşlarımız təxminən 15 inzibati ərazidə yaşayırlar. Onlardan Borçalı dediyimiz ərazidə 4 rayon var. Başkeçid (Dmanisi), Bolus (Bolnisi), Marneuli və Qardabani. Bizim təxmini hesablamalarımıza görə bu gün altı yüz mindən çox etnik azərbaycanlı yaşayır Gürcüstanda. Ancaq 1989-cu ildəki siyahıya görə səkkiz yüz otuz min idi. Nəzərə alsaq ki, o dövrdən bu günə qədər xeyli vaxt keçib, bizim sayımız 1 milyondan çox olmalı idi. Ancaq 90-cı ildə Zviyad Qamsaxurdiyanın hərəkatı orda yaşayan azərbaycanlılara yetərincə divan tutdu. Biz, Ermənistandan olan qaçqın və köçkünləri, Qarabağdan olan qaçqın, köçkünləri birinci dilə gətirdik. Ancaq Gürcüstan dövlətiylə Azərbaycan dövlətinin strateji müttəfiqliyini nəzərə alıb, 89-cu ildə Bolnisi rayonunda yaşayan azərbaycanlıların başdan-ayağa boşaldılmasını, Kazret qəsəbəsinin təmiz boşaldılmasını və başqa azərbaycanlıların yaşadığı məntəqələrin boşaldılmasını günümüzə gətirməyək. Halbuki bu faktlar bizdə var. Biz ordan köçürülən insanların sayını da bilirik, adlarını da, ünvanlarını da. Yəni bunların hamısı araşdırılıb və təqdim olunubdur. Bununla mən onu demək istəyirəm ki, bu gün də orda yaşayan soydaşlarımız problemlərdən sığortalanmayıbdır. Bunun birinci nədəni Gürcüstan dövlətinin apardığı yanlış və məqsədyönlü milli siyasətidir. Bu nəylə bağlıdır? 90-cı illərdə Güney Qafqazdakı dövlətlər bağımsızlıq əldə eləyəndə Gürcüstan da suverenlik əldə elədi. Ancaq Gürcüstan dövləti Azərbaycandan fərqli olaraq, vətəndaş kimliyi yaratmaq əvəzinə milli kimlik yaratmaq ideyasına üstünlük verdi. Təsəvvür eləyin, Zviyad Qamsaxurdiya deyir ki, Gürcüstan ancaq gürcülər üçündür. Gürcünün də sayı 2 milyona çatırdı. Onun da hamısı gürcü deyil. Təsəvvür eləyin ki, bu anda orda yaşayan azərbaycanlılar özlərinin kimliyini axtarır. Artıq sovet höküməti dağıldı, sovet xalqı ideyası ictimai şüurdan çəkildi geri. Mən özümü türk kimi dərk eləməliyəm. Ancaq Gürcüstan hakimiyyəti orda yaşayan azərbaycanlılara vətəndaş kimliyini dərk eləməyə imkan yaratmadı. Nəticədə böyük ideoloji boşluq əmələ gəldi. O ideoloji boşluqdan, təbii ki, Qafqazda yüzillər boyu öz etki çevrəsini artırmağa çalışan Rusiya, Batı dövlətləri istifadə etməli idi. Bu anda ən böyük ideoloji boşluq, vakuum yaşayan Azərbaycanlılar idi. Çünkü həmin dövrdə biz özümüzün vətəndaş kimliyimizi tapa bilmirdik. Etnik kimliyə gəlincə, bu gün də onlar bilmirlər özlərinə azərbaycanlı desinlər, yoxsa türk?! Hətta bu qədər müddət ərzində milli kimlik şüuru orda tərəddüd eləyir. Çünkü böhran içərisindədir. Bu gün Soylu bəyin dediyi, arxasında ingilis dayanan vəhabilik düşüncəsi, arxasında İran dayanan şiəlik düşüncəsi, arxasında yenə Batının dayandığı Nurçuluğu böyük sürətlə həmin əraziyə yeritdilər. Bu gün bizim ən böyük bəlamız Gürcüstanda yaşayan azərbaycanlıların arasında milli zəmində qarşıdurmanın böyüməsi və dərinləşməsi ehtimalıdır. Bu çox böyük təhlükədir. Bundan qurtarmaq yolu yalnız birdir. Biz dini kimlik gedişində üstün olan bir dərketmə müstəvisi yaratmalıyıq. Yazıqlar olsun ki, bu gün orda yaşayan azərbaycanlılara ötürülmüş bir təbliğat deyir, siz zorən türkləşdirilmiş başqa bir etnik qrupsunuz. Bu şüuru, düşüncəni onlara yeridirlər. Orda yaşayan soydaşlarımızın arasında nifaq, qarşıdurma yaratmaq üçün milli müstəvidə yerləşməsinin qarşısını alırlar. Sual yaranır? Əgər Gürcüstan dövlətinin gözünün qabağında, onun vətəndaşlarının içərisində sosial partlayışa gətirib çıxara biləcək bir proses aparılırsa, Gürcüstan dövləti bunun qarşısını niyə almaq istəmir? Bəlkə zəifdir? Mən elə düşünmürəm. Gürcüstan dövlətinin milli təhlükəsizlik qurumları çox mükəmməl işləyir. Ancaq məsələ burasındadır ki, demoqrafik baxımdan azərbaycanlılar gürcülərdən bir az sürətli artır. Təbii ki, onların strateji mərkəzləri bu məsələ üzərində ciddi düşünürlər. Azərbaycanlılar orada çoxaldıqca, onların sayının azaldılmasının mümkün modelini hazırlayıb tətbiq elyirlər.
Bu gün İranın dini zəmində aparılan ideoloji təbliğatı Gürcüstan dövlətinin perspektivi üçün yararlıdır. Bizim yaşayış məntəqələrimiz kütləvi şəkildə boşaldıla bilər. Necə ki, 1989-cu ildə Bolnis rayon mərkəzində 6 min nəfərlik ailə 3 gün ərzində ordan qovuldu. Dmanis rayonu başdan-ayağa boşaldıldı. Kazret qəsəbəsi bir gecənin içərisində avtomat gülləsinin altında çıxarıldı. Mən əminəm ki, Gürcüstan dövləti bu proses üçün ideoloji zəmində addım ata bilər. Mənim düşüncəmə görə, cəmiyyətin etnik tərkibi baxımdan, ən polietnik tərkibə malik cəmiyyət Azərbaycan cəmiyyətidir. Azərbaycan dövləti bu gün bizi etnik millətçilikdən vətəndaş millətçiliyinə çəkməklə əslində Azərbaycanda yaşayan bütün etnik qrupları birləşdirmək missiyası yerinə yetirir. Bu uğurlu missiyadır. Bu gün Azərbaycanda hər bir etnik qrup özünü azərbaycanlı kimi dərk eləyirsə, bizim siyasi vətəndaşlığımızdır. Bu gün Gürcüstanda o siyasət yeridilmir. Nəticədə etnik zəmində qarşıdurmalar, ayrılmalar tendensiyası hiss olunur. Məsələn, sadə misal deyim. Bizə Azərbaycandan, qıraqdan baxan adamlar irad tuturlar ki, niyə siz Gürcüstanda gürcü dilini bilmirsiniz, öyrənmirsiniz? Təsəvvür eləyin, təbliğatı bunların beyninə o qədər yeridiblər, bu insanları inandırmaq mümkün deyil ki, elə deyil. Qətiyyən elə bir problem yaşanılmır. Bu gün Gürcüstanda yaşayan etnik azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasi üçün dil problemi yoxdur. Sadəcə iradə yoxdur. Elementar misal çəkim. Amerikada zəncilər ingilis dilini bilmir məgər?! İngilis dilində təhsil almırlar?! Bəs niyə cəmiyyətə inteqrasiya oluna bilmirlər? – Çünkü Amerika dövlətinin siyasi hakimiyyətinin iradəsi yoxdur, istəyi yoxdur. Bu gün Gürcüstanda yaşayan azərbaycanlıların hər hansı baryeri yoxdur. Bu faktordan tutub ordakı insanların üzərinə getmək cahillikdir. Mən o mühitin içində olan, orda yaşamış bir insan  kimi dil baryeri görmürəm. Bizim yüzlərlə gürcü dilini bilən kadrlarımız var. Bəs o kadrların problemi nədir ki, bu gün Gürcüstan cəmiyyətinə inteqrasiyasına maneçilik yaranır?! Siyasi iradə məsələsi var ortada. Ona görə mən düşünürəm ki, bu gün həqiqəti olduğu kimi Gürcüstanda yaşayan soydaşlarımızın toplumsal düşüncəsinə, bir model şəkildə, ötürməyin yollarını tapmalıyıq.
Dini müstəvidəki kimlik düşüncəsindən üstün olan etnik müstəvidə kimlik şüuru formalaşsın. Yalnız bu halda din özünün aparıcı rolunu itirəcək.

Xaliq Bahadır: 1926-cı ildə Bakıda – dünyada ilk türkoloji qurultay keçirilmişdi. Qurultaya Türkiyə  başqa türk ölkələri başda olmaqla dünyanın hər yerindən o çağın ünlü türkoloqları gəlmişdi. Qurultayın qərarı belə olmuşdu: bütün türk xalqları bir dilə keçsin. Azərbaycan türkcəsi daha gəlişmiş sayıldığından üstünlük Azərbaycan türkcəsinə verilmişdi. Bu, bir adamın, beş adamın deyil, qurultayın qərarı idi. Türk düşməni olaraq tanınan Stalin o qərarın gerçəkləşdirilməsinin qarşısını aldı. Nə üçün? O qərar istər-istəməz Türkləri bir-birinə yaxınlaşdıracaq, bnir-birinə bağlayacaqdı. İndi bizdə biriləri Türkiyə türkcəsindən yapışıb dururlar. Mən ona qarşıyam. Feysbukda mənə qarşı yazılar yazırlar, guya mən Türkiyə türkcəsində yazıram. Mən Türkiyə türkcəsini sevmirəm. Ərdoğan gələndən Türkiyə türkcəsi türklükdən çıxdığı üçün.

Asif Ozan: Pis mollaya görə məscidi yandırmırlar. Bir dənə Ərdoğana görə Türkiyə türkcəsinə belə yanaşma sərgiləməyin. Bizim doğma dilimizdir. Mən türkəmsə türkün dili də, özü də, qanı da, canı da mənimdir.

Xaliq Bahadır: Siz televiziyalara baxırsız?

Asif Ozan: Bəli.

Xaliq Bahadır: Onda yaxşı baxmırsız.

Asif Ozan: Şərqi Anadolular bizdən də yaxşı danışırlar. İstanbul nahiyəsində yaşayanlar da. Əlbəttə, mən özüm də o problemi yaşayıram. Ancaq Anadolu tərəf danışanda bağrıma basıram.

Xaliq Bahadır: Siz dialektologiyaya gedirsiz. Mən ortada olan rəsmi dildən, dövlət televiziyasının dilindən çıxış eləyirəm…

Asif Ozan: Siz Şərqi Anadoluda yazan alimlərin yazılarına baxın. Elə bilirsən ki, Azərbaycanda doğulub, böyümüş alimdir.

Xaliq Bahadır: Ayrıca vurğulayıram: mən televiziyalardan, başlıcası da dövlət televiziyalarının dilindən  çıxış eləyirəm – orada ərəbləşmə durmadan sürməkdədir.

Asif Ozan: Xaliq bəy, indiki dövrdə “Türkiyə türkcəsini sevmirəm” ifadəsini qəbul eləmirəm. Türkiyə türkcəsi də mənimdir, Azərbaycan türkcəsi də.

Xaliq Bahadır: Siz öz dediyinizdə qalın, mən də, Xaliq Bahadır olaraq, öz dediyimdə qalım. Dönə-dönə yazılar yazıram, yazacam. Bu gün Ərdoğanın Türkiyədə yürütdüyü siyasət bütünlüklə antitürk xarakterlidir. Bunu Türkiyə televiziyalarından – dövlət televiziyalarından çıxış eləyərək deyirəm.

Soylu Atalı: Türkiyə türkcəsini, yəni klassik Anadolu türkcəsini mən də sevən biriyəm. Ancaq bu gün Xaliq bəyin çıxış elədiyi, Türkiyədə mollalaşan dil ilə bağlıdır. Ərdoğan hakimiyyətə gələndən sonra, Türkiyəni bütövlükdə mollalaşdırdığına görə, Türkiyənin toplumsal dili də, az qala mədəniyyət dili də ərəbləşibdir. Psixologiya da ərəbləşibdir. Dil də həmin psixologiyanı ifadə eləyir. Bu cəhətdən mən də qəbul eləmirəm. Qorxunc olan odur əslində. Türkiyədə nəyi sevirik məsələsi var. Söhbət bu yöndə getməlidir.

Xaliq Bahadır: Biliriz necədir, mən türkəm, ancaq mənim necə olur olsun, Türkiyəni sevmək borcum, öhdəliyim yoxdur. Belə bir öhdəlik götürməmişəm. Mən televiziyalara baxıram, türk dilini yaxşı bilən Xaliq Bahadır olaraq, izləyirəm. Bu gün Türk Dünyasında bəlkə də mənim kimi Türkiyə türkcəsini arı-duru yazan yoxdur. Elə buna görə də Türkiyədən gəlib mənim dilimi araşdırırlar. Türkiyə universitetindən gəlirlər…

Asif Ozan: Niyə araşdırır? Çünkü sənin dilin ona doğmadır.

Xaliq Bahadır: Deyirlər, sənin yazdıqlarını – sənin dilini yetərincə anlaya bilirik, başqalarını yox. Mənim yazılarımı, başqa tür desək, mənim dilimi Türkiyəlilərə anlaşıqlı eləyən ərəbizmidən, farsizmidən uzaq Türk dilində yazmağımdır.

Asif Ozan: Xaliq bəy, mənə qırğız türkcəsi də, uyğur türkcəsi də o qədər doğmadır. Onlar danışanda məni keçmişimə aparır. Orda özümü tapıram.

Xaliq Bahadır: Gəlin emosional çıxış eləməyək. Mən illərdir izləyirəm. Görürəm Ərdoğan gələndən  Türkiyə türkcəsi durmadan ərəbləşir. Bunu dönə-dönə yazmışam…
1926-cı ildə qurultayın qərarı oldu. Olduqca önəmli qərar idi: bütün türklər Azərbaycan türkcəsinə keçsin. Türkiyəlilər də buna qol qoydular. Bakıya köçmüş Krım tatarı Bəkir Çobanzadə, 5-6 dil bilirdi, o da o qərara qol qoyanlardan idi. Onda Bakı türklüyün baş şəhərinə çevrilmişdi. Qərar getdi çıxdı Stalinin stolunun üstünə. Stalin qərarın üstündən cız çəkdi. Qərarın çıxarılmasında rolu olanları da güllələtdirdi. Türkiyəlilər canların qurtardılar. Niyə görə? Başqa dövlət buna görə. Bəkir Çobanzadə başda olmaqla, Stalin bir çoxlarını o qərara görə güllələtdirdi. Stalin nəyə görə güllələtdirdi onları? Türk birliyi yaranmasın! Dil ən böyük birlik faktorudur. Stalin onun qarşısını aldı. Yalançı şeylərdən uzaq olmaq gərəkdir. İngiltərədə çoxluq ingilis olduğuna görə tarix, dil hamısı ingilis sayılır. Fransada fransız, Almaniyada alman. Bizdə də türk olmalıdır. Özü də necə olmalıdır? Hansısa xalq aşağılanmamalıdır. Hamısının hüquqları qorunmalıdır. Ancaq politoloji prinsplər var. Siyasi millət olaraq biz hamımız türkük:  talış, tat, ləzgi, avar, saxur – hamısı türkdür. Bu mənim düzəltməm deyil. Bu, politologiyadadır. Etnos olaraq ayrıyıq, ancaq siyasi millət olaraq birik. Bu üzdən də Azərbaycan ölkəsi bizim hamımızındır. Azərbaycan dövləti hamımızındır. Azərbaycan hakimiy­yətində hamımızın yer tutmaq hüququmuz var. Bax, bu hüququ gerçəkləşdirmək gərəkdir. Yoxsa hamımız azərbay­canlıyıq, ancaq… hakimiyyətdəkilər  Naxçıvanlılardır. Siz buna deyirsiz “milli məsələ yaxşı həll olunub”? (Asif bəyə üz tutur – T.A.). Milli məsələ belə həll olunmur, oluna bilməz. Bu, fırıldaqdır, yalançılıqdır, manipulyasiyadır. Gec-tez bunun partlayışı olacaq. Bundan qorunmaq gərəkdir. Hansısa talış istəyirsə, özünü türk adlandırsın – könüllü – bu onun öz işidir. Ancaq dövlət dünyanın tanıdığı politoloji prinsplərdən çıxış etməlidir. Onda nə Amerika bizə bir söz deyə bilər, nə hansısa dünya qurumları. Dünyada tanınan, alqılanan prinsiplər var. BMT-nin belə bir normativi var: bir xalqın sayı 67 faizdirsə, o ölkə monomilli ölkə sayılır. Azərbaycan monomilli ölkədir. Niyə görə? Azərbaycanda yaşayanların 92 faizi türkdür. Rəsmi statistkayla deyirəm. Bilməyimiz gərəkdir: Azərbaycan monomilli, polietnik ölkədir. Biz bunları dana bilmərik. Bunları danmaq faşiz olardı.
BMT-nin norması var. Biz BMT dövlətlərindən biriyik. O normalardan çıxış eləməliyik. O normalardan çıxış eləməklə Azərbaycanın dinc, sağlam gələcəyini qarantiya lamış olarıq.

İndi Borçalıyla bağlı. Azərbaycan Güney, Quzeyə Azərbaycana bölünüb. Azərbaycan Batı Azərbaycana bölünüb. Hamı yazır “Qərbi Azərbaycan”. Mən illərdi Batı Azərbaycan yazıram. Biri də guya elçibəyçidir. Mənə yazır: sən Türkiyə türkcəsindən sözlər götürüb yazırsan. Mən Türkiyə türkcəsindən söz götürmürəm. Azərbaycan dilinin 4 cildlik “izahlı lüğəti” var. Sözləri ordan götürürəm. Orda Batı yazılır.  Demək, Batı Azərbaycan yazmağımız gərəkdir. “Azərbaycan dilinin izahlı lüğəti”ni  kommunistlər yazıblar. Komunistlərsə türklüklə arası olmayan adamlar idi. Mən bu gün dülimizdə işlənməyən, belə desək, arxaikləşmiş sözlərimizi oradan götürüb işlədirəm. Dilimizi gərəyincə öyrənmək hamımızın borcumuzdur: onu kitabdan da öyrənə bilərik, bir-birimizdən də.

Bölünüb-parçalanmağımıza gəlirəm. Güneydən, Quzeydən, Batıdan savayı Dəmirqapıya, Borçalıya bölünmüşük. Ondan başqa, biz Azərbaycanın içində param-parçayıq. Bizdə bu gün bir dənə də gerçək siyasi partiya yoxdur – YAP başda olmaqla. Partiya mexanizm deməkdir. Siyasi, ideoloji mexanizm. Siyasi baxımdan, ideoloji baxımdan Azərbaycanda partiya yoxdur. Kimsə düşünməsin mən bunu acıqla deyirəm. Yox, mən bunu prinsiplərdən çıxış eləyərək deyirəm. Bu gün bizi bir yandan hakmiyyət bölüb, bir yandan da partiyalar bölüb. Bu gün Azərbaycandakı partiyalarda böyük ideoloji boşluq var. Partiyalarda ideoloji iş üzrə boşluq yaşanmaqdadır. Partiyalarda güclü ideoloqlar olma­lıdır. Niyə olmalıdır? Mənim çox öcəşmələrim olub… Biz Azərbaycanın nə olduğunu bilməliyik. Babək Azərbaycanın nə olduğunu bilirdi. Məhəmməd Əmin Bəy Azərbaycanın nə olduğunu bilirdi. Asif Ata Azərbaycanın nə olduğunu bilirdi. Biz də bilməliyik. Azərbaycan dünyada bütünlüklə başqa bir ölkədir. Bunu bilmək gərəkdir. Azərbaycanın dünyada yerini bilmək gərəkdir. Nəyə görə Azərbaycana min illərdir belə basqılar var? Bunu analiz eləməliyik, öyrənməliyik, kökünə getməliyik. Axı, biz neyləmişik dünyaya, dünya bizdən əl çəkmir. Bunları bilmədikcə, öyrənməyə çalışmadıqca, bizə qurtuluş olmayacaq. Yaxşı, hakimiyyət pisdir. Burası bəlli: bizi bölüb, parçalayıb. Özü də təkcə burda yox, diasporlarda. Bəs müxalifətə nə gəlib, xalqa nə gəlib? Bu gün biz internet dünyasında yaşayırıq. Bu gün Azərbaycanı birləşdirmək asandır. İdeoloji yolla birləşdirə bilərik. Niyə görə? Əlimizdə internet var. Azərbaycanı bütün eləmək olar. Sayımızdan asılı olmayaraq, biz bütöv deyilik. Düzgün ideoloji yönümlə, düzgün siyasət yürütməklə bütöv ola bilərik. Yarıtmaz ideologiyalarla, yalançı-yarıtmaz siyasətlərlə, manipulyasiyalarla bütöv ola bilmərik. Bütöv Azərbaycanı biz öncə düşüncəmizdə yaratmalıyıq. Ondan sonra internətə çıxmalıyıq, orda yaratmalıyıq. Biz bunu eləyə bilmirik. Bunun da çoxlu nədənləri var. Bir nədəni: son 4 ildə Azərbaycanda 17 min öyrənci öyrəncilikdən uzaqlaşıb. Niyə görə? Təhsil pulunu verə bilmədiyinə görə. İlham Əliyev gedir rayonlara, çıxır televiziyalara, deyir: biz sosial dövlət yaratmışıq. Hanı o sosial dövlət? Sosial dövlətdə təhsil, sağlamlıq sistemi pulsuz olur. Hamısını qoyuram qırağa. Təhsil, sağlamlıq sistemi pulludursa, sosial dövlətdən danışmağa dəyməz. 17 min öyrənci bilirsiniz nə deməkdir? Bunlar gedirlər vəhabilərə qoşulurlar, farsın yaydığı radikal islama qatılırlar, kitabxanaya getmək yerinə məscidə axışırlar. Özləri də istəmədən bizim düşmənimizə, Azərbaycanı bölən, parçalayan faktorlara çevrilirlər. Təhsil sistemi boşdur, dağıdılıb, rüşvət-yolsuzluq alanina dönüşüb. Bizi daha çox təhsil sistemi birləşdirə bilər. Ancaq elə-belə, başdansovdu, yad yönərgələrə uyğun təhsil sistemi deyil, milli təhsil sistemi. Milli təhsil sistemində verilən biliklər, bizi birləşdirən dəyərləri aşılamaqla elliyi birliyə yönəldə bilər. Biz hamılıqla bizi birləşdirən ortaq dəyərlərə yiyələnməklə böyük birlik yarada bilərik. Azərbaycan kimi gözəl bir ölkədə yaşayırsan. Tanrının bizə verdiyi ən böyük pay Azərbaycandır. Azərbaycan özü taysız gözəl bir dünyadır. Biz düzgün yolda olmadığımızdan birləşə bilmirik. İçimizdəki pislikləri özümüzdən uzaqlaşdırsaq, birləşsək, Azərbaycan gerçəkdən dünyanın ən gözəl ölkəsi olar. Azərbaycana kimsə bata bilməz. İndi hər yandan, hər yerdən ölkəmizə əl uzadırlar, özü də çox böyük uğurla istədiklərini əldə eləyirlər. İndilikdə bizim başımız boşdur – buna görə!  Azəbaycan televiziyalarına baxın: orada beyinlər milli ideyalarla doldurulmaq yerinə… yuyulub boşaldılır. Bu, olduqca qorxulu görsənişdir – boş başa kim nə istəsə doldura bilər, doldururlar da. Kimlər? Yaxın-uzaq  yağılar. Yaxından-uzaqdan ölkə ekspansiya obyektinə çevrilib. Amerikanın, İngiltərənin, ərəbin, farsın, rusun ekspansiyası ölkəni bürüyür. Sonra sən gəl bunun qarşısında duruş gətir. Gətirə bilməyəcəksən! Niyə görə? Beyin boşdur. Beyni boş olan adam sənin düşmənindir. İŞİD-ə baxın. İŞİD-də azərbaycanlı da var, özbək də var, tatar da var. Bacardıqları nədir? Baş kəsmək, qan tökmək. Biz yüksək qutumuzla olduqca gözəl xalqıq. Bəlkə də, Azərbaycan toprağı, Azərbaycanın doğal özümlüyü, özəlliyi bizi belə eləyib. Ancaq gedib orada baş kəsirik. Niyə kəsirik? Baş boş olduğuna görə. Burada ayrı, orada ayrı olmağımız nə deməkdir? Gedənlər beyni yuyulmuşlardır. Ayrıntı buradandır. Bunun qarşısı alınmalıdır. Bunun qarşısını, indi edildiyi kimi, yasaqlarla almaq olmaq. Bundan ötrü yüksək düzəydə milli təhsil sistemi qurulmalıdır. Dərsliklər-kitablar öyrəncilərə aşağı oxullardan milli qut aşılamalıdır. Kitab oxumaq, kitablara alışqanlıq yurdsevərlik ilkələrindən sayılmalıdır. Bunlar olmadıqca diriliyimiz, birliyimiz, bütövlüyümüz də olmayacaq. Borçalı o yanda itib-batacaq, Dəmirqapı bu biri yanda, Batı Azərbaycan elə, Güney Azərbaycan belə. Bunların hamısı mənəvi birliyimizdir, ideolji birliyimizdir. Mənəvi birliyimizdən, ideoloji birliyimizdən keçən yol, Azərbaycanın siyasi birliyinə aparan yoldur. Sağ olun.

Mübariz Məmmədov: Borçalı ilə bağlı olan təşkilatlardan eləsi varmı ki, “Borçalı” cəmiyyətindən fərqli olaraq Gürcüstan qanunlarıyla fəaliyyət göstərsin?

Asif Ozan: Əslində Borçalı İctimai Birliyi qeyri-hökümət təşkilatıdır. Yəni vətəndaş cəmiyyətinin elementar tərkib hissəsidir. Bu mənada Gürcüstanın özündə yaşayan soydaşlarımız da onlarla qeyri-hökümət təşkilatları yaradıblar. Qeyri-hökümət təşkilatlarının içərisində yetərincə siyasi həyatında aktiv olan, sosial həyatında aktiv olan adı, reytinqi yüksək olan hüquqi şəxslər var. Orda tanınımış insanlarımız var ki, bu gün Gürcüstan dövlətinin özünün hər hansı bir dövlət əhəmiyyətli tədbirində, səsvermədə, seçkilərdə kifayət qədər onlara stavka eləyirlər. Çünkü onların çəkiləri var cəmiyyət içində. Borçalı İctimai Birliyinə gəlincə, bu gün Azərbaycanda 93-cü ildə gedən proseslərdə orda yaşayan soydaşlarımızın mədəni, hüquqi, social problemlərini həll eləmək məqsədilə yaradılmış bir qurumdur. Qeyri-hökümət təşkilatları haqda qanun çıxandan sonra, təbii ki, onların hamısını qeyri-hökümət təşkilatı adlandırmağa başladı. Bu xüsusi bir təşkilat deyil ki, fərqli fəaliyyətlə məşğul olsun. Yəni nizamnamə öhdəlikləri yetərincə dardır. Ancaq bu gün Azərbaycanın özünün aydınları Gürcüstanda yaşayan soydaşlarımızın hüquqlarının, sosial, mədəni, siyasi problemlərinin həlli üçün bir mərkəz ətrafında birləşməlidir. Bu belə təsəvvür yaradır ki, Borçalını yalnız Borçalılar qorumalıdır, Naxçıvanı yalnız Naxçıvanlılar qorumalıdır, Qarabağı yalnız Qarabağlılar qorumalıdır. Bu çox zərərli, təhlükəli şüur formasıdır. Naxçıvandan bir öyrəncim olubdur. Özü yaxşı vəzifədə çalışır. O, çox gözəl bir söz dedi: Mən təklif eləyirəm ki, Borçalı İctimai Birliyi Naxçıvanın sorunlarının həlliylə uğraşsın. Naxçıvanlılar bir qurum yaradıb Borçalının sorunlarıyla uğraşsın. O vaxt vətən birləşəcək, birlik yaranacaq. Niyə yalnız Borçalıda yaşayan insanların sorunlarını yalnız Borçalı aydınları müdafiə eləməlidir və Borçalı insanları düşünməlidir? Bəs mən Naxçıvanlı üçün Borçalı mənim vətənim deyilmi? Mən baxdım o qədər gözəl model təklif elədi, bağrıma basdım onu. Çox doğru təklif formasıdır. Azərbaycanda Birinci Vətən müharibəsi dövründə toplumsal şüura belə bir düşüncə ötürmüşdülər ki, Qarabağı yalnız Qarabağlı gedib qorumalıdır. Qarabağ mənim bütövlüyümün bir parçasıdır. Borçalının özü bütöv Azərbaycanın etnik coğrafiyasının bir parçasıdır. Bu gün Azərbaycan xalqının daşıdığı mənəvi dəyərlərin hamısını bizim Borçalıda yaşayan soydaşlarımız məgər daşımır? Hansı dəyərimiz var ki, o, ümumAzərbaycan, milli dəyərlər xəzinəsinə aid olmasın? Bizim orda türk xalqına əski dövrdən məxsus olan bir Aran-dağ tərəkəmə həyat tərzimiz var. Bu həyat tərzi bizim xalqın qədimliyini özündə o qədər dərin, mükəmməl şəkildə qoruyub saxlayır ki, mən hər dəfə o yaylaq həyatını yaşayanda gözlərim yaşarır. Baxıram ki, burda bizi qədimliyə aparacaq dəyərlərimiz var.
Sual qoydunuz ki, orda da qurumlarımız varmı? Bizim orda yetərincə qurumlarımız var. Onlar aktiv çalışmalar göstərir. Buna əyani olaraq misal çəkim. 2016-cı ilın noyabr ayında Gürcüstanda parlament seçkiləri keçirildi. Parlament seçkilərində, orda yaşayan soydaşlarımızın siyasi aktivliyi, bütün Gürcüstan miqyasında ən yüksək əmsalla qiymətləndirildi. 30 adama qədər bizim namizədlərimiz var idi. Çox gərgin, həm də çox yüksək səviyyədə siyasi mübarizə ortamı yaratdılar. Bu mübarizə getdi. Hətta bizim qələbə səviyyəmiz çox idi. Ancaq bəlli nədənlərdən bizim həmin qələbə şanslarımızın qarşısı qismən alındı. Əminəm ki, növbəti parlament seçkilərində biz indikindən daha uğurlu çıxış eləyəcəyik. Sizə bir misal çəkim. Borçalıda bu günə qədər hansısa qadın deputatlığa namizədliyini verməmişdir. Ancaq bu gün Samirə İsmayılova adında 27 yaşlı bir xanım qatıldı. Azərbaycan, gürcü, rus, ingilis dilini təmiz bilən bir xanımdır. Siyasi mübarizəyə qoşularaq, öz rəqiblərini geridə qoydu. Onun qabağını gizli mexanizmlə aldılarsa, o xanım mənəvi qələbə çaldı. Bu gün əslində Gürcüstanda bizim soydaşlarımız oranın siyasi həyatında da, sosial həyatında da yetərincə aktiv idi. Orda olmayan soydaşlarımızın bizim insanlarımız haqqında təsəvvürləri yanlışdır. Mən təklif eləyərdim ki, haçansa sizi, Mübariz bəy, aparım gedək Gürcüstanda yaşayan soydaşlarımızın həyat tərzinə baxın. O insanlar bütün günü çalışır torpağın içində. Siz onların yaratdığı sərvəti, neməti görsəniz, heyran qalarsınız, bu insanlar nələr yaradırlar. Bu gün orda yaşayan soydaşlarımız torpaqdan əllərini çəksələr, inandırım sizi Gürcüstan cəmiyyəti böyük iqtisadi uçuruma yuvarlanar. Tiflisdə olan bazara girsəniz görərsiniz ki, 90 faizi Gürcüstanda yaşayan soydaşlarımızın həyətinin, bağının yetişdirdiyi məhsullardır. Yəni orda yaşayan soydaşlarımız zəhmətsevərdir. Burda vurğulayım ki, əslində Azərbaycan xalqı harda olmasından asılı olmayaraq, zəhmətsevərdir. Bu bizim özəlliyimizdir.

Xaliq Bahadır: Asif bəy, bunlar çox yaxşıdır. Mən hara getsəm, bazara baş çəkirəm:  xalqı tanımaq, öyrənmək üçün. Tiflisdə bazara getdim. Sonra gəldim yazdım onu. Çox adamı  danışdırdım, hamısı özünü müsəlman adlandırırdı…

Asif Ozan: Xaliq bəy, burda şişirtmə yetərincə çoxdur. Mən təklif eləyirəm Borçalının 15 dənə böyük kəndinə gedək. Kəndin başından girin, hamıdan etnik kimliyini soruşun. Əgər yüz adamdan onca nəfəri desə ki, mən müsəlmanam, onda mən sizin dediyinizi təsdiq eləyərəm. Mənim böyüdüyüm kəndin əhalisi 10 minə yaxındır. Orda mən “müsəlmanam” sözünü eşitməmişəm. Orda insanlar Bakıya qiblə kimi baxırlar.

Xaliq Bahadır: Asif bəy, Mən jurnalistəm, gördüyümü danışıram. Tiflisin bazarında bizimkilər hamısı mənə özünü “müsəlman” deyə tanıdırdı. Onlardan yalnız biri özünü “azəri” deyə tanıtdı. Bu da, bəlli olduğu kumu, yanlış özünüadlandırmadır. Mən gördüyümü, bildiyimi deyirəm.

Asif Ozan: Xaliq bəy, siz Tiflisdə olmusunuz. Tiflis Borçalı deyil. Tiflisdə böyüyən insanlar Azərbaycan dilinin deyil, gürcü, rus, erməni, yəhudi, osetin dilinin hakim olduğu mühitdə böyüyüblər. Onlarda etnik kimlik şüurundan daha çox siyasi kimlik şüuru formalaşıb. Onlar müsəlman deyəndə heç etnik kimlik şüurunu da düşünmür. İnsanların 90 faizi 4 dili tərtəmiz bilir. Mənim ordan dostlarım var. Bu insanlar dörd dilin dördünü də təmiz bilir. Hətta erməniylə danışanda erməni onun azərbaycanlı olduğunu başa düşmür. Deyir, mən erməni ortamında erməni kimi danışıram, erməni kimi qəbul eləyirlər, gürcü ortamında gürcü kimi danışıram gürcü kimi qəbul eləyirlər. Yəni Tiflisdə yaşayan insanların etnik kimlik şüuru ilə Borçalıda yaşayan insanların etnik kimlik şüuru fərqlidir. Orda gürcü dilini, demək olar, bilmirlər. Çünkü dilimizə sevgi o qədər böyük olub, o qədər ilahiləşdirmişik, biz gürcü dilini öz dilimizdən çox sonra gələn bir dil kimi qəbul eləmişik. Bunun fərdi nədənləri çoxdur. Dediyim nədir? Mən istəyirəm, biz Gürcüstanda yaşayan soydaşlarımızın içində müsbət tendensiyaların nədən oluşduğunu bilək. Orda çox müsbət tendensiyalar var. Artıq orda yaşayan insanlarımızda Qamsaxurdiya dönəmində yaradılmış şüur itmək üzrədir. O vaxt onların beyninə bir şüur yeritmişdilər ki, Gürcüstan sizin üçün deyil. Ancaq artıq bizim insanlarda Gürcüstan mənim öz vətənimdir, öz dövlətimdir şüuru qayıdır. Azərbaycan bizim dövlətimiz olduğu qədər Gürcüstan da bizim dövlətimizdir. Gürcüs­tan nə anlamda bizim dövlətimizdir? Orda yaşayan insanlar bilir ki, parlamentdə, inzibati orqanlarda təmsil olunmaq hüququ gürcüylə bərabərdir. Artıq bu şüur qayıdır cəmiyyətə. Bu çox müsbət tendensiyadır.

Xaliq Bahadır: Bizim ölkəmizi parçalaya-parçalaya gəlib giriblər içimizə. 1988-dən bu yana biz ermənilərə, dünyaya sübut eləməyə çalışırıq Qarabağ bizimdir. Bu böyük yanlışdır. Bu günlərdə Yaqub Mahmudov İrəvan sorununu qaldırdı. Ona qarşı çıxanlar oldu. Mən onları düzgün saymıram. Biz bütövlük düşüncəsinə yiyələnmədiyimizdən  ermənilərlə cırmaqlaşırıq: “Qarabağ sizin deyil, bizimdir”. Biz ondan çıxış eləməməliyik, bütöv Azəbaycandan çıxış eləməliyik. Bunun da çox gözl bir özülü var. Dönə-dönə yazmışam. Baltik respublikalarında, bilirsiniz, ruslar çox idi. Niyə görə? Orada qanunçuluq, demokratiya var, yaşamaq əlverişlidir. Ruslar başladılar özlərinə  ayrıca hüquqlar istəməyə. İş AŞPA-ya gedib çıxdı. AŞPA-nın qərarı belə oldu: Ruslar Baltik ölkələrinə işğal sonucu olaraq gəldiyinə görə, başqa cür desək, Rusiyanın Baltik ölkələrini ələ keçirməsi, tutması sonucu olaraq bu ölkələrə gəldiklərindən onlara ayrıca hüquqlar verilə bilməz. Bu, bizə də uyğulanası qanundur: ermənilər Batı Azərbaycana, Qarabağa Rusiyanın Azərbaycanı tutmasından sonar gətirilib yerləşdiriliblər. Başqa cür desək, işğal sonucu olaraq! Dövlətimiz indilikdə o dövlət deyil, belədə biz özümüz o sayaq işlərə yüklənməli, uyğun çalışmalara baş vurmalıyıq. Biz neyləyirik? “Qarabağ bizimdir” deyirik. İşğal sonucunda gəlmə erməni də deyir “Qarabağ bizimdir”, biz də deyirik: “Qarabağ bizimdir”. Qarabağ yox e, Azərbaycan bizimdir – Rusiya işğalından öncəki böyük, bütöv Azərbaycan. Biz indiyədək bunu BMT-yə çıxartmalıyıq. Ermənilərin xəritəsini görmüşəm. Bəlkə siz də görübsünüz. Az qala bütün Qafqaz Gürcüstanın yarısı, Azərbaycanın hamısı o xəritədədir. Bizim Londanda xəritəmiz var. 1800-cü ilin xəritəsi. Bütöv Azərbaycan var orda. Belə xəritələrdən yararlanmalıyıq.

Mübariz Məmmədov: Axı 1744-də Nadir şah Borçalını Gürcüstana vermişdi?

Xaliq Bahadır:  O, rəsmi sayılmırdı,  elə-belə, ölkəiçi bölgü idi.

Soylu Atalı: Üzr istəyirəm. Nadir şah Borçalını heç yerə verməyib. 17-ci yüzildə Nadir şah hakimiyyətdə olarkən nəinki Borçalı, bütövlükdə gürcü çarlığı Nadir şahın inzibati ərazisi sayılırdı. Onun imperiyasına özgün idi. O vaxt, 1736-cı ildə, Nadir şah Borçalının inzibati yönətimini (idarəçiliyini) gürcü çarlığına tabe etdi, vermədi. Borçalının rəsmən Gürcüstan dövlətinin tərkib hissəsi olması, ən əsası, sovetlər zamanında təsdiq olundu. Ona qədər Borçalı Gürcüstanın inzibati ərazi vahidi kimi yönətilirdi. Ancaq sınırlar bəlli olandan sonra SSRİ Nazirlər Kabinetində təsdiqini tapmışdır ki, Borçalı Gürcüstan dövlətinin ərazisi sayılır.

Xaliq Bahadır: Əlimərdan Bəy Topçubaşının kitabı var. Orada Borçalı Gürcüstanın sayılmır. Onu, Soylu bəy deyən kimi, Sovet verdi onlara. Bu sayaq faktlar – xəritələr  bu gün ortada olmalıdır. Tarix institutu işləməlidir. İndiyədək bunu BMT-nin, Avropa Birliyinin, AŞPA-nın qabağına qoymalıydıq. Deyir: əlində coğrafiya olmayan tarixçi büdrəyir. Bizim əlimizdə coğrafiya ola-ola biz büdrəyirik. Niyə görə? Beynimizdə o birlik yoxdur. Yalandan danışmaqla deyil. Erməni ortaya yalançı tarix kitabları, yalançı xəritələr, yalançı coğrafiya kitabları çıxarır, büdrəmir, biz büdrəyirik Nədən? Daha çox yetərincə biliklərə yiyələnmədiyimizdən, yetkin olmadığımızdan.
Ermənistanlıyla danışıram. Savadlı adamdır. Bəlli olur, bu bilmir: “Ermənistan” 1918-ci ildə yaradılıb. Ermənistanlı Ermənistanın haçaq yaradıldığını bilmirsə, bu bizim uğursuzluğumuz, faciəmizdir. Bizdə birlik, bütövlük düşüncəsi formalaşmadıqca Azərbaycanın gələcəyi olmayacaq.

Asif Ozan: Bir əlavə eləyim. Tarixdə 1918-ci ilə qədər Gürcüstan dövləti adında siyasi birləşmə olmayıbdır. Gürcülər knyazlıqlar yaradıbdır, bu knyazlıqların arasında da çəkişmələr olubdur. Həmin knyazlıqların heç birinin ərazisi indiki Borçalıya düşmür. Tiflis Borçalının inzibati ərazisinə daxil deyil. Ona görə də tarixçilər Tiflisi türk-müsəlman şəhəri kimi yazırdılar. Soylu bəy düzgün vuğuladı ki, Borçalı coğrafiya olaraq Nadir şah tərəfindən sadəcə Gəncə bəylərbəyliyinin inzibati tabeliyindən götürülüb, II İraklinin tabeliyinə verilib. Dediyim odur ki, siz 1918-ci ildə Azərbaycan Respublikasının təzə buraxdığı ensiklopediyanın birinci cildini açın baxın, orda Borçalıyla bağlı qeydiyyat var. 1918-ci ildə Gürcüstan Respublikası elan olunanda və Azərbaycan Respublikası elan olunanda Borçalı mübahisəli ərazi kimi qalır. Türkiyənin özünün də haqlı olaraq bir iddiası var idi. Ona görə həmin ərazi neytral ərazi kimi saxlanıldı. Gürcüstanın özünün xəritəsində də ştrixlənib Borçalının ərazisi. Nə Gürcüstanın, nə bizim inzibati tabeliyinə verilməyib. Ancaq sonradan bizim digər torpaqlarımız kimi – İrəvan kimi, Zəngəzur kimi Borçalının da taleyi bizdən qıraqda həll olundu. Əslində 1918-ci ildə Gürcüstan Borçalıya yiyə durmadı. Sadəcə iddia qaldırdı ki, o çağlar II İraklinin tabeliyində olduğuna görə siyasi varislik baxımdan Borçalı bizə düşür. Ancaq tarixi ortaya qoydular ki, Gürcüstan adında dövlət olmadığına görə, yəni etnik gürcülərə məxsus olmadığından, onlara verilmədiyinə görə Gürcüstana verilə bilməz. Bu sadəcə Nadir şahın inzibati tabeliyi dəyişmək məsələsi idi.

Xaliq Bahadır: Aradan yüz il keçib, siyasətlər dəyişməyib. Asif bəyin dediyi kimi, Gürcüstan adında dövlət yox idi. Ancaq nə oldu? Avropa dövlətləri, Almaniya başda olmaqla, Gürcüstanı tanıdılar, Azərbaycanı tanımadılar. Onda hələ “Ermənistan” yox idi. Sovet Rusiyasının Güney Qafqaza yönəldiyini görüncə, Azərbaycanı tanıdılar. 20-ci ilin yanvarında. Gürcüstana kömək elədilər. Azərbaycana kömək eləmədilər. O siyasət bu gün də gedir. Niyə görə Gürcüstanda demokratikləşmə getdi? Beynəlxalq siyasət başqadır. Onu öyrənmək gərəkdir. 20-ci yüzilin başlanğıcında Beynəlxalq siyasət hansı yöndə idisə, bu gün də o yöndədir. Çağa görə bir az dəyişikliklər oldu. Onda da erməniyönlü, gürcüyönlü oldu (xristianlıq!) bu gün də elədir. 88-ci ildə Vəzirov gəldi Qarabağda silahları yığdı. O siyasətin kökü bilirsiniz hardadı? Sən demə, Vəzirovdan çox-çox qabaq, 20-ci yüzilin başlanğıcında, ingilislər Qarabağda, Batı Azərbaycanda  ruslarla birgə erməniləri təpədən-dırnağadək yaraqlandırırkən bizimkilərin ov tüfənglərini də yığdılar. Bu siyasətləri unutmaq olmaz. Biz, indi durub ingilislərlə savaşa çıxa bilmərik. Amerikalılarla, almanlarla savaşa çıxa bilmərik. Ancaq bu siyasətləri öyrənməliyik, bilməliyik.  Araşdırıb öyrənmədikcə yenilə-yenilə gedəcəyik.

Soylu Atalı: Asif bəyi uzun zamandır tanıyıram. Borçalıda daha çox müsbət nəsnələri göstərməyə meyillidir. Buna qarşı deyiləm. Ancaq bu, Borçalının durumunun fərqinə varsaq, durumun 5-7 faizini təşkil eləyir. Borçalıda durum heç də o cür deyil. Bir var öz elinin, qohumlarının içində olasan, bir də var Borçalıda ayrı-ayrı yerlərdə olasan. Borçalıda kənd-kənd çox yerdə olmuşam, görüşlər keçirmişəm. Ayrı-ayrı insanlarla üz-üzə oturub polemik söhbətlər aparmışam. Əlbəttə, Borçalıda məişət mədəniyyətinin özünəxaslığı var. Bu yaxşı bir haldır. Borçalıda sazın etkisi var, bu da yaxşı bir haldır. Mən Borçalını Azərbaycanın çox qədim, tarixi yurdu kimi sevirəm. Həm də təbii, hər kəsdə olduğu kimi, mənim də ora bağlı çox dərin, əsaslı duyğularım var. Ancaq həqiqət ayrı şeydir. Borçalıda, özgələşmə baxımından, şüurlarda daha qorxulu şeylər görürəm. Baxın, biz Borçalıda milli şüurun gəlişməsindən ürək dolusu danışa bilərikmi? Mən deyirəm yox. Niyə? Çünkü bu milli şüuru Borçalıya kim daşıyır? O harda yaranır, biçimlənir? Axı Azərbaycanda milli şüurun əsaslı gəlişməsi yoxdur. Milli şüuru gəlişdirən, arxasında duran nə qurum var, nə dövlət var. Bütün təşkilatların içərisində, hamınız bilirsiniz, cırmaqlaşma var. Milli şüurun gəlişməsinin arxasında ləyaqətlə, qətiyyətlə durmaq yoxdur. Yaxşı, əgər bu yoxdursa (Borçalıdakı azərbaycanlılar Azərbaycana gəlir), Azərbay­can­dan milli şüur öyrənmirsə, ya da özündə hansısa təşkilat milli şüurun gəlişməsiylə uğraşmırsa, o tendensiya necə genişlənə bilər?!

Asif Ozan: Soylu bəy, bir əlavə eləyim. Milli şüuru özləri ifadə eləyir. Burdan daşımırlar. Çünkü milli şüuru yaşadan bölgə olub tarixən Borçalı. Borçalının gücü ondan ibarətdir ki, Azərbaycanın bəzi bölgələrində ruslaşma getdiyi vaxtı, Borçalı o ruhu qoruyub saxladı.

Soylu Atalı: Çox xahiş eləyirəm, gəlin bir-birimizin danışığına diqqət yetirək. Mən vurğu eləyirəm, Borçalıda milli şüurun gəlişməsi üçün nə burda belə bir qurum yoxdur ki, burdan aparsın, nə Borçalının özündə yoxdur ki, o tendensiya orda genişlənsin. Onun mahiyyətində, özülündə nə var, o ayrı şeydir. Özül qıraqda qalıb, bu gün onun içində ayrı şeylər gəlişir. Mən nəyi vurğu edirəmsə, heç bir vaxt onu düşünmədən vurğu etməmişəm. O mənim içimdə yetişən bir ağrı kimidir. Mən orda olmuşam, məscidə gedib-gələn insanlarla söhbət eləmişəm. Onların şüurunda ayrı şey var. Onlar deyir, biz buraya gəlməyik. Mən onlara sübut eləyə bilmədim, Borçalı sənin əzəli yurdundur. Orada minlərlə elə düşünən adam var. Ayrı-ayrı, Asif bəy kimi, Borçalı əzəli yurdumdur deyənlər çox azdır. Orda yaşayan toplum məsələsi var. Toplumun şüurundan gedir söhbət. Ayrı-ayrı fərdlərin şüurundan getmir. Eyni zamanda parlamentdə, dövlət strukturlarında gedib təmsil olunanlar var. Onların içində də (mən izləyirəm) boğazdan yuxarıdır milli məsələlər. Demək olar, çox az millilik elementləri var. Dərindən yanaşanda görərsən onların çoxu karyera adamlarıdır. Karyera adamı görürəm, millət adamı görmürəm. Ona görə bu ağrı mənim içimdə izləmələrimdən yaranıbdır. Məscidin içində bu gün, konkret olaraq, vurğu elədik kimlər iş aparır? Asif bəy, Soylu iş aparmır. Onlar burdadır. Onlarla işi aparan gözə görünməyən, bayaq adını çəkdiyimiz qüvvələrdir. Əgər orada milli şüur bizim ürəyimizi açan şəkildə olsaydı, Arıxlının adı Khiduskuri olmazdı. Misal üçün Arıxlı deyirəm, onun kimi onlarca kəndin adı gürcüləşib. Milli şüurun gəlişməsi olsaydı, orada böyük etirazlar dalğası başlayardı…

Xaliq Bahadır: Bağışlayın, Soylu bəy, indi qarışmaq istəyirəm. Asif bəy deyir, milli şüur gəlişib. Bolnisidə az bir arada 38 kəndimizin adı dəyişdirilib-gürcüləşdirilib. Nə olub? Susqunluq. Bizimkilər susublar.

Asif Ozan: Xaliq bəy, danışdığınız bəsit yanaşmadır. Çünkü, onu xalq çevirmədi, siyasi hakimiyyət çevirdi. Bəs niyə xalqı ittiham eləyirik? Əgər gürcü gəlib mənim kəndimin adını dəyişirsə, siyasi hakimiyyətin ortada iradəsi varsa, mənim kəndimin adına eybəcər ad qoyursa, əhali buna etiraz eləyirsə, ancaq arxasını söykəyəcək heç bir yer tapmırsa, bu xalq neyləməlidir?

Xaliq Bahadır: Xalq ayağa qalxmalıdır – siz deyən milli şüur varsa…

Asif Ozan: Ayağa qalxmasından sonra xalqın böyüklərini necə vurublar. Xaliq bəy bilmir. 90-cı illərdə hər bir kəndin baş bilənini gecə aparırdılar, yoxa çıxırdı. Yəni hər bir dönəmdə milli şüurun yetkinləşdiyi çağda müxtəlif formalar tətbiq olunubdur və onun başında duran liderlər zərərsizləşdirilib. Biz onu yaşamışıq. Elə faktlar var mən burda danışsam, sizi yoraram. Bizim insanlarımızın torpaqsevərliyi, bu günə qədər onlar torpağı tərk eləmədi. Orda tutulan divanlar başqa bölgələrdə tutulmayıb. Sadəcə bizə hələ o tarixi ortaya çıxartmağı məsləhət görmürlər. Çünkü biz müttəfiqik. Ancaq 90-cı illərdə Qamsaxurdiyanın orda yaşayan azərbaycanlılara tutduğu divanı hətta ermənilər orda azərbaycanlılara tutmayıb.

Xaliq Bahadır: Asif bəy, 20 Yanvara görə biz ölməli idik? 2003-dən bəri demokratik rejimdir orda. 90-cı illər uzaqda qaldı.

Asif Ozan: Xaliq bəy, Saakaşvili adı və onun gətirdiyi rejim sizi çox da aldatmasın. Saakaşvili gələnə qədər heç olmasa azərbaycanlıların qəbirstanlığı özünə məxsus idi. O gələndən sonra aparıb azərbaycanlıların qəbirstanlığının içinə də xaç asdı.

Xaliq Bahadır: Sənin milli şüurun yoxdursa, elə eləməlidir.

Asif Ozan: Xaliq bəy, xahiş eləyirəm ordakı insanları bununla ittiham eləməyin. Ordakıların milli şüuru o qədər yüksəkdir ki, tək Azərbaycan coğrafiyasının milli şüuru o qədər olsun. Həmin xaçları gətirib dərəyə atıblar 10-15 dəfə. Həmin adamları tutub elə formada zərərsizləşdiriblər ki, onların nəslini də ordan çıxarıblar. Ancaq həmin oğlanlar həmin xaçı, ad yazılan lövhəni maşının arxasına qoşub, sürüyüb, beton qarışıq aparıb dərəyə atıbdır. Bu proseslər gedib. Ordakı insanlar öz milli kimliyi uğrunda da mübarizə aparıb. Bu gün də aparırlar. Bizim ordakı insanlarımızın milli şüur forması bu gün sivil bir qəlibə keçir. Artıq bəllidir ki, biz Gürcüstan dövlətinin vətəndaşları kimi, orda yaşayan insanlar kimi Gürcüstanın qanunlarına, qanunvericiliyinə uyğun mübarizə formaları seçməliyik. Bu normal bir şeydir. Artıq sən maşının arxasına qoşub, sürüyüb çıxartsan sabah ondan yekəsini gətirib basdıracaq. Deməli, mübarizənin formasını sivil müstəviyə keçirmək lazımdır.

Soylu Atalı: Darvazda, düzü, olmamışam. Darvazda belə bir faktların olduğunu eşitməmişəm. Ola bilər var. Ancaq Borçalı təkcə Darvazdan ibarət deyil. Mən həmin xaçları başqa kəndlərdə görürəm, o cümlədən Kəpənəkçidə görürəm.

Asif Ozan: Onların milli şüuru olmasa, nə dilini, nə gələnəyini, nə dəyərlərini saxlayar.

Soylu Atalı: Asif bəy, mən milli şüur yoxdur demirəm. Xahiş edirəm, mənim demədiyim sözü mənim dilimə vurmayın. Mən milli şüurla məşğul olan adamam. Nəyin olub-olmadığını da gözəl bilirəm. Azərbaycan bir dövlətdir burda, bu gün Borçalı da bir Gürcüstan dövlətindədir. Mən bu dövlətin yürütdüyü xətti də gözəl bilirəm, izləyirəm, milli şüur hansı səviyyədədir burda, orda, ümumtürk səviyyəsində, gözəl bilirəm bunları. Eyni zamanda buna görə mənim sözümü kəsmək doğru deyil. Fərqindəyəm nə deyirəm. Əgər burda hər şey bağ-bostan kimi gözəl gedirsə, onda daha dərdimiz nədir? Hər şey əla deyil. Biz, toplum olaraq, orda fəlakət içindəyik.

Asif Ozan: Mən ordakı gözəl fərdlərə yönəldirəm.

Soylu Atalı: Asif bəy, suçu fərdə yönəltmirəm mən. Mən durumu qiymətləndirirəm. Burda Qamsaxurdiyanın adını çəkdin. Onun siyasəti açıq idi, bu birilərin siyasəti qapalı. Həmin şeydir. Söhbət bundan gedir. Mən öz toplumumu qazıyıb Kürə tökən söhbət aparmıram axı. Toplumun buna düşmə nədənlərini də bilirəm. Onun özünün suçunun nə qədər olduğunu da bilirəm. Ona qarşı olan suçların nə qədər olduğunu da bilirəm. Mən burda aydın düşüncə demək istəyirəm, aydın düşüncə çatdırmaq istəyirəm. Çaşdırıcılıq xətti yürütmürəm. Eləcə də mənim burada nə sizin, nə Xaliq bəyin sözünə, düşüncəsinə qarşı mövqe sərgiləmək istəyim yoxdur. Sizin düşüncələrinizi buraxıram oxucunun ixtiyarına. Mən öz ağrımı, dərdimi yaşayıram. Buraya da ona görə gəlmişəm, ağrımı vurğu eləyim. Borçalıdakı durumu qiymətləndirməyə gəlmişik buraya. Ayrı-ayrı şəxsləri tərifləməyə gəlməmişik. Öncələr də, indi də Borçalı cəmiyyətində nə işlər getdiyini, kimin nə olduğunu yaxşı bilirəm. Onların məqsədlərinin nə olduğunu da bilirəm. Mən o fərdlərin adını hallandırmıram burda. Heç hallandırmaq fikrim də yoxdur. Çünkü hədəfim fərdlər deyil. Duyğulara qapılıb bəzəmələr etməməliyik. İkinci bir yandan hücumçu-savunçu kimi qovğa aparmaq da yaxşı şey deyil. Belə çıxır ki, dərd qalır bir yanda, birimiz Borçalıya yersiz hücum edirik, o birimiz də onu qoruyuruq. Məndən mənim Yurdumu qorumaq necə ağıla gələ bilər? Mən Yurdumu boğazdanyuxarı sevənlərdən də deyiləm. Dərdi qiymətləndirmək yerinə, bu anlamsız qovğalar nə üçündür, anlamıram.
Mən Borçalı insanlarının, görürsünüz, heç fərdi olaraq adını çəkmirəm. Orda insanlarla söhbət aparmışam, çoxluq Borçalını ümumazərbaycan faktı kimi dərk eləmir. Hətta düşüncə adamlarına demişəm, siz özünüzü ümumazərbaycan faktı kimi dərk eləmirsiniz. Minlərlə adam, toplumun içindən, özünü Azərbaycan şüurundan ayırır. Yüzlərlə belə faktın görəniyəm.

Asif Ozan: O şüuru kim yaradıb onlarda?

Soylu Atalı: Asif bəy, mən durumdan çıxış eləyirəm. Durumun köküylə də məşğul oluram. Asif Ata Ocağı olaraq durumun köküylə məşğul oluram. Əlimə balta alıb fərdlərin üstünə getmirəm. Yurdumun düşdüyü duruma görə mən fəryad qoparıram, haray çəkirəm. Azərbaycanı bütöv götürürəm. Dönə-dönə yazmışam ki, Azərbaycan mənim üçün bütöv bir orqanizmdir. Borçalı bu gün, ayrıca fakt kimi, burdan daha yaxşıdır demirəm. Mən ümumazərbaycanı dəyərləndirirəm. Bu kontekstdən də Borçalıda yönləndirilən proseslərə qiymət verməyə çalışıram.

Xaliq Bahadır: Soylu bəy, belə də olmalıdır. Biz bugünkü durumu obyektiv analiz eləməliyik. Sonra kökə getməliyik, bilməliyik, bunlar nədən olur.

Soylu Atalı: Xaliq bəy, mən bir yazı yazmışdım, “Borçalı vətəndir, vətənlə oynamaq olmaz”. Borçalı cəmiyyətinin yaradılması prosesi Azərbaycan hakimiyyətinin özünündür. O yaradıb, yönətir. Azərbaycan hakimiyyəti də bilirsiniz ki, Azərbaycanın milli şüuruna yad bir rejim qurub. Mən çox gözəl bilirəm, Azərbaycan hakimiyyəti Borçalılardan nə düzəltmək istəyir. Öncə Naxçıvan-Ermənistan klanı yaradıldı. Sonra Qarabağ klanı ortaya çıxdı. Sonra Şirvanı klanı. Bu yandan da Borçalı klanı ehtimalı. Bu klanların hər birini islah eləmək gərək idi. Başda duran Naxçıvan və Ermənistan klanı başqa klanları islah eləyir. Borçalı klanı formalaşmasın, hakimiy­yəti mənimsəməsin deyə onun içərisində ciddi işlər aparılır, öz kadrlarını yerləşdirir, əllərini, qollarını bağlayır. Bunu gözəl bilirik. Bu ayrı qonudur. Mənim də vurğu eləmək istədiyim məsələ faktı bu deyildi. Biz Azərbaycan hakimiyyətindən, dövlətindən ummalıyıq mahiyyətcə, uma bilmirik. Ordakı Azərbaycanlılardan ummalıyıq, uma bilmirik. Burdakı Borçalılardan ummalıyıq, uma bilmirik. Uma bilmədiklərimiz var. Niyə uma bilmirik? Təşkilatlar var burda, ya orda. Borçalı təşkilatlarında barmaq sayda sağlam aydın (ziyalı) taparıq. Onlar da heç bir iş görə bilmir. Ona görə istər Borçalı adına olsun, istər ümumazərbaycan adına olsun, istənilən yerdə yaradılan təşkilatın içərisində özünün mənəvi durumuyla uğraşan, milli düşüncəsiylə uğraşan insanlar o təşkilatların içərisində bir araya gəlməsə, istəyirsən min dənə təşkilat yarat, hamısı mənasızdır. Bu gün biz o məsələni gördük. Bizim içərimizə plüralizm deyilən eybəcərlik gətirilib. Dönə-dönə mən bunu yazmışam, vurğu eləmişəm. 90-cı illərdə, Sovetlər dağılandan sonar, bizim içərimizə Batıdan plüralizm ideolojisi gətirdilər. Nə deməkdir bu? Məgər plüralizm deyilən ideologiya bizim içərimizə gələnə qədər, ayrı-ayrı fərqli düşünənlər yox idi? Fərqli düşünənlər həmişə olub, həmişə də olacaq. Bir var böyük məsələlərə yönəlik düşüncə, bir var social-məişət yönündə fərqli düşüncələr. Milli məsələlərə, dövlət məsələlərinə, vətən məsələ­lərinə yönəlik düşüncələrdə ayrıntılar olmamalıdır. Olsa da, çox üzdən olmalıdır. Orda bütöv bir xətt qurulmalıdır. Tərsinə olanda, dövlət də yaranmaz, millət də yaranmaz, vətən də yaranmaz. Ancaq başqa məsələlərdə fərqli düşüncələr mümkündür, qaçılmazdır. Nə qədər insan var, fərqli düşüncə də var. Sən bu plüralizmi niyə ideologiyaya çevirib, mənim içimə gətirirsən? Ona görə ki, mənim milli şüurum formalaşmasın, ona görə ki, millət kimi formalaşmayım. Birliyim yaranmasın, dövlətçiliyimi gərəkən səviyyədə təmin etməyim. Bu məsələnin kökünə gedib dayananda görürsünüz haralara gedib çıxır? Bu məsələ bu gün istər burda, istər Azərbaycanın hər yerində var. Mənə deyirlər ki, Güney Azərbaycanlılar bu Azərbaycandan daha böyük türkçüdür. Mənə deyirlər Güney Azərbaycanda daha dərin düşüncələr var, filan şey var. Bunun mənə birliyini göstər. Beş adam ala dağda, 3 adam qara dağda filan şeyi düşünür. Düşünür, düşünür. Bunun düşüncəsi nə iş görür? Xətt yaranmalıdır, aydın düşüncə yaranmalıdır, millətləşmə yönü yaranmalıdır, milli şüurun gəlişməsində duran prinsiplər olmalıdır, ağıllara yeridilməlidir. Bunları deyən yoxdur. Mən bundan danışıram. Mən neçə gündür gəlmişəm Borçalıdan. İnsanlarla söhbətlər elədim, görüşlərim oldu. Eyni tendensiyaları görürəm. 5-7 il bundan öncə apardığım görüşlərdə hansı situasiyayla üzləşirdimsə, indi də həmin situasiyayla üzləşirəm. Dəyişiklik yoxdur, olmayacaq. Niyə olmayacaq? Bu dəyişiklik öz-özünə yaranmır. Bu dəyişikliyi yaradan dediklərimizlə yüklü olan, bu dediklərimizlə böyüyən, şəxsiyyətə çevrilən aydınlar bir araya gəlib iş görməlidir. Ayrı-ayrı insanların sevgisində nələrsə var, mən buna qarşı deyiləm.

Asif Ozan: Əslində Soylu bəyin dediyi reallıqdır. Sadəcə, bu gün Gürcüstanda yiyəsiz qalan toplum var. Bu gün bizim soydaşlarımızın üzərində oyun qururlar. Bu gün o insanların mənəvi sağlamlığına sorumlu olan qurumlardadır günah. O qurumların içərisində biz də varıq. Əgər biz bu gün öz inzibatı coğrafiyamızdan qıraqda qalan, öz tarixi torpağında soydaşımızı qoruya bilməyəcəyiksə, onda niyə varıq?! Bu gün Soylu bəyin dediyi kimi, Borçalıya ideoloji cəhətdən hazırlıqlı dəstələr getməlidir ki, onların milli şüurunu cilalasın. Ancaq onlar yiyəsiz qaldığından bu gün onların üzərində oyunlar qurulur. O oyunlardan biri də həmin dini zəmində aparılan oyundur. Son dərəcə təhlükəlidir. Yetərli qədər radikal qruplar yetişdirirlər. O radikal qruplar ki, onlarda ata-ana, qardaş-bacı, torpaq, yurd sevgisi yoxdur. Onlar sabah bizim özümüzə elə zərbə vurarlar ki, həmin zərbənin sayəsində biz Borçalı adlı torpaqda itərik. Hətta orda sui-istifadə eləyib Borçalının yarısını da boşaldarlar, hamısını da əlimizdən ala bilərlər.

Mübariz Məmmədov: Asif bəy, bayaq siz dediniz ki, Borçalıya buradan aydınlarımız gedərək o məsələləri həll eləməlidir. Bu başqa dövlətin daxili işlərinə qarışmaq deyilmi?

Asif Ozan: Sən siyasətə qarışmırsan. Sənin orda milli məktəblərin var. Milli məktəblərdə kadr problemi yaşanır. 20 ildir biz Azərbaycanın Təhsil nazirliyinə kadr problemini qabardırıq ki, bizim orda milli məktəblərimizdə kadrlar qocalır, elə fənlər var ki, bir kənddə dərs deyən öyrətmən öldüyünə görə öyrətmən tapa bilmirlər. Bu, elementar, bəsit bir sorundur. Halbuki Gürcüstan dövləti bu sorunun Azərbaycan dövləti tərəfindən təmin olunmasına etiraz eləmir. 2007-ci ildə biz bir qrup aydın Gürcüstanın Təhsil nazirliyinin rəsmiləriylə görüşəndə dedi ki, bizim sizə kadr yetişdirmək üçün Tiflisdə Pedaqoji universitetimiz yoxdur. O universiteti açmaq üçün bizə yetərincə maddi baza lazımdır. Bizim büdcəmiz ona imkan vermir. Siz öz Təhsil nazirliyinizə müraciət eləyin, gəlib burdan müəyyən mexanizm üzrə norma ayırsınlar, aparıb oxudub sizin məktəblər üçün kadr ayırsınlar. Biz bu məsələni qabartdıq, mətbuat səviyyəsində konfranslar keçirtdik. Bunun sonucu oldumu? Bir kəlmə bizə cavab verildi ki, xeyr, biz istəyirik Gürcüstanda həmin məktəblər üçün dərslər gürcü dilində keçsin. Çünkü sizin inteqrasiyanız üçün gürcü dilini bilməyiniz gərəkdir. Məsələ çox geniş məsələdir. Biz 15 ildir bu məsələnin içərisindəyik. 15 ildir Təhsil Nazirliyinə, müxtəlif qurumlara müraciət olunur. Hətta bu yaxın­larda noyabr ayının 28-də biz, xüsusi olaraq, Borçalıda yaşayan soydaşlarımızın milli dildə təhsilinə həsr olunmuş bir tədbir keçirtdik. Onunla bağlı Təhsil Nazirliyinə rəsmi məktub göndərildi. Prezidentə və Parlamentin müvafiq komitəsinə rəsmi məktub göndərildi. Əgər o sorun öz həllini tapsa, orda kifayət qədər oxumuşlar olsa, auditoriya yaransa, mən düşünürəm ki, o zaman dini radikal düşüncəylə döyüşən cəbhə yaranar. Bu gün o cəbhə yoxdur. Ona görə də dini radikalizm meydanı alıb öz əlinə.

Soylu Atalı: Dediyiniz məsələdə aydının özünün daşıdığı görəv var. Dövlət aydını dəstkləməlidir, onun arxasında durmalıdır. Hakimiyyət özü bilər, qarışmır. Mən qarışmalıyam axı. Ona görə bunu mən burda da düşünməliyəm, Borçalıda da düşünməliyəm. Buna mən məcburam, sorumluyam həm də.

Xaliq Bahadır: Dünya Azərbaycanlıları Konqresi var idi. Çox önəmli bir qurum idi. Mənim orda tanıdığım gərəkli adamlar var idi. Neylədilər onu? Maddi, mənəvi baxımdcan yarım eləmək yerinə bunlar (Azərbaycanın siyasi hakimiyyəti. – Red), tərsinə, əlaltılarını saldılar ora. Onu dağıtdılar. İlhamə Quliyevanı da saldılar ora. İlhamə Quliyeva çıxdı qəzetlərə, dedi: DAK-ın başında mən durmalıyam…

Soylu Atalı: Bütün bu söhbətlərin hamısını hazırlayıb iki cildlik kitab hazırlamışdım. Burdakı söhbətlərdən alınan kitab. Gələcək üçün də gərəkli kitab sayıram.

Xaliq Bahadır: Feysbukda propaqanda aparıram: Tanrı bizi kitab oxumayan türklədən qorusun. Borçalının, Dəmirqapının, bütövlükdə bizim uğursuzluğumuzun kökündə daha çox kitabsızlıq, kitab oxumamaq faktı durur. Biz kitab oxumağa can çəkirik. Buna görə başqalarından, lap elə qonşumuz gürcüdən qabağa gedə bilmərik. Kitab oxumadıqca, biz qonşularımızdan da, başqalarından da geri qalacaq, yaxına da, uzağa da uduzacağıq. Biliksizliyimizlə biz elə-belə bir millətə çevrilmişik. Bunu niyə boynumuza almayaq. Biz kitab oxumaq istəmirik.

Mübariz Məmmədov: Yekun olaraq siz ikiniz, Soylu bəy və Asif bəy gələcəyə yönəlik nə görürsünüz? Bayaq Xaliq bəy dedi ki, DAK-ı dağıtdılar. Siz də dediniz ki, Borçalı cəmiyyətinin içinə adamlar yerləşdirilir. Onda belə çıxır ki, Borçalı cəmiyyətinin də axırına çox qalmayıb…

Soylu Atalı: Gerçəklikdən çıxış eləsək, belə şeylər mümkündür. Təəssüf ki, çox az sayda sağlam adamlar var. Onlar da nə Borçalı üçün, nə də ümumAzərbaycan üçün iş görə bilmir. Özü deyib, özü eşidir. Bununla belə, mən əminəm ki, ayrı-ayrı sağlam adamlar varsa, onların düşüncələri gündəliyə gəlirsə, o da boşuna deyil, itmir, o da hədəfə gedib çatır. Ancaq biz, əlbəttə, daha ciddi, əsaslı işlər umuruq. Daha əsaslı, ciddi işlər üçün də daha dərinliklərə getmək gərəkdir. Mən Ocaq adından deyirəm, biz milli düşüncəli, əqidəli, siyasi xadim kimi formalaşan şəxsiyyətlərin yaranmasını əsas götürürük. Bütün üzdə gedən işlər qoy getsin. Bununla belə dediyimiz kadr yaranmalıdır. O mənəviyyat adamı olmalıdır, boğazdan yuxarı olmamalıdır. Vətəni, dövləti sevməlidir. Bunun üçün beynində, ürəyində ideya olmalıdır. Yetkin olmalıdır və onunla yaşamalıdır. O karyera düşüncəsiylə yaşamamalıdır. Hakimiyyət çəkişmələri istəyiylə yaşamamalıdır. Kimsə hakimiyyətə gəlir də, gedir də, özü bilər. Ancaq söhbət vətənin, millətin taleyindən gedirsə, biz, bir millət olaraq, tarix səhnəsindən sıxışdırılmağa zorlanırıqsa, ciddi düşünməliyik bu məsələni. Bunun üçün də özül prinsipləri yaşatmalıyıq. Dünyabaxış məsələsindən tutmuş mədəniyyətə qədər, ideologiyaya qədər, dövlətçilik prinsipinə qədər hər birimizin ağlında, şüurunda oturmalıdır, yaşadılmalıdır.

Asif Ozan: Mən təbii ki, Borçalıda yaşayan soydaşlarımızın kontekstində danışıram və söhbəti də o kontekstdə davam elətdirirəm. Deməli, Gürcüstan dövləti müstəqilliyi qazanandan sonra azərbaycanlıların yaşadığı ərazidə heç bir dövlət gəlib məktəb tikmədi. Ancaq yetərincə məscidlər tikdilər. Artıq niyyət bəlli idi. Niyyət ondan ibarət idi ki, bu topluma sivil düşüncənin əvəzinə radikal, zərərli dini ideoloji şüur yeritmək gərəkdir. Artıq tendensiya göz qabağında idi. Bu gün artıq Gürcüstanda yaşayan soydaşlarımızın içərisində qıraqdan ötürülən radikal dini düşüncə, dini şüur öz işini görməkdədir. Bu prosesin qarşısını almaq üçün mən belə düşünürəm ki, Gürcüstan dövləti və Azərbaycan dövlətinin özünün də tövsiyəsiylə, Türkiyənin özünün də bu məsələyə qarışmasıyla ciddi tədbir görülməzsə, o zaman biz Borçalı coğrafiyasını da bir etnik coğrafiya kimi gələcəkdə itirmək təhlükəsiylə üzləşə bilərik. Mən hesab eləyirəm ki, ona görə bu gün Azərbaycan dövlətinin başında dayananların da bu sorunu düşünmək borcudur.

Xaliq Bahadır: Günaz tv-də aparıcı bizim düşmənlərimizi sıraladı. Fars, rus, erməni, yunan, ərəb. Dedi, siz sıralamanı necə eləyərsiz, birinci yerə kimi qoyarsız? Dedim, mən birinci yerdə bilirsiz kimi görürəm? – Özümüzü görürəm. Bizim ən böyük düşmənimiz biz özümüzük. Biz öz intellektual, milli potensialımızdan gərəyincə yararlanmağı bacarmırıq, istəmirik, ona çalışmırıq. Bizim çox böyük potensialımız var, biz öz potensialımızdan yararlana bilmədiyimizə görə dörd bir çevrəmizə uduzuruq. Biz yalnız qıraqda deyil, özümüz öz içimizdə də uduzuruq. Çalışma alışqanlığının yoxluğundan uduzuruq. Bizim başımız pas ata-ata qalır. Qalır, kütləşir. Kitab oxumaqla, yeni-yeni biliklər toplamaqla başarılı olan başlarla tənbəllikdən pas atıb, kütələn başlar bir ola bilməz – bu üzdən özümüz öz suçumuzu görməliyik.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv