Asif Ata. Deyimlər (“Rəmzlər” Bitiyindən)

AYIQ – KEFLİ.  Kefli İsgəndəri eşitmədilər. Çünkü kefli idi­lər. İçərilərində ayıq olan bircə adam vardı: Kefli İsgəndər.
ALLAHLILAR. “Mənəm Allah!” – deyənlər  əslində Allahı ən çox sevənlərdir.
KOROĞLULUQ. Koroğlu Həmzəyə inanmasaydı – Koroğlu yox, Həmzə olardı.
DİV ÜRƏYİ. Divin ürəyi özündən qıraqdadır, bu səbəbdən də qəddarlığında sərbəstdir.

 İSANIN ANASI. Məryəm – adi qadın idi, ancaq İsanın anasıydı.
Bu səbəbdən də isaçılar onu müqəddəsləşdirdilər.
İsanın anası – adi qadın ola bilməzdi!

 MƏHKUM HAKİMLƏR. Kafka və Coys bəşəri Məhkəmə ayağına çəkdilər.
Ancaq hakim ola bilmədilər. Çünkü İnamsız idilər, Amalsız idilər.
Məhkumlardan artıq deyildilər.

 İSGƏNDƏR ÖLÜMÜ. – Mənə kömək edin, alimlər, filosoflar – qoymayın ölüm!
Xəzinədar, xəzinəmi yoxsullara payla – Allahlara dua oxusunlar – ölməyim!
Öldürməyi bacarırdı İsgəndər,  ölməyi bacarmadı.

 QEYRƏTSİZLİK ÇEŞİDLƏRİ. İnsan təkcə ağlaya-ağlaya qeyrətsiz olmur.
O, həm də gülə-gülə qeyrətsiz olur.

İTİ GÖZ. Zülmətə düşənlərin Gözü daha iti olmalıdır.

ÖLÜMÜN QİYMƏTİ. Sokratın Ölümü Dünyanı sarsıt­madı.
Çünkü Sokratın şəxsində Fikrə qıydılar.
İsanın ölümü Dünyanı sarsıtdı.
Çünkü İsanın şəxsində Ruha qıydılar.

 YAŞAMAMAQ! Körpə yaşamır – yerimək öyrənir.
Cavan yaşamır – yaşamaq öyrənir.
Yetkin yaşamır – yaşamaq uğrunda çarpışır.
Qoca yaşamır – yaşamaq üçün çalışır.

ZƏRDÜŞTÇÜLÜK. Əsatirdən yaranan Din.

İSLAM. Dindən yaranan əsatir.

 DOĞMALIQ. Cismani doğmalıq – cismin yaratdığı.
Ruhani doğmalıq – ruhun yaratdığı.
Birinci – təbiətin məhsuludur, ikinci – insanın.

VƏTƏN.   Ruhun gördüyü.
Ruhun sevdiyi.
Ruhun inandığı.
Torpağın Ali Mənası.
Tarixin Ali Mənası.
Mütləqin yaxınlığı.

VƏTƏNSİZLİK. Doğulduğun yer sənə doğma deyilsə,
Doğmalar sənə doğma deyilsə,
Vətənsizsən!
Vətənsiz yaşamaq olmaz!
Vətəni axtar – tap, tapmasan – yarat.

 HEYVANİLİK – İNSANİLİK. Ruh bədənə tabe olanda – Heyvanilik peyda olur.
Bədən Ruha tabe olanda – Ruhanilik peyda olur.

 YUNAN XƏYALI. Gerçəkliyə bərabər olan.

 HİND XƏYALI. Mahiyyətə bərabər olan.

 İBLİS. Adamda yaşayan – İnsanda ölən.

ALİM. Bilən.

FİLOSOF. Görən.

ELMİ CƏHALƏT. Kainatı tanımayan.

FƏLSƏFİ CƏHALƏT. İnsanı tanımayan.

 NADİR ƏCAYİBLİK. Döyüş – yırtıcılıq ehtizazı yara­dır.
Döyüş – insandakı yırtıcılığa meydan açır.
Bu baxımdan o, Antiinsanidir.
Döyüş – həm də qorxmazlıq, mətanət, iradə rəmzidir.
Döyüşdə Mənəviliklə Yırtıcılıq birləşir.
“Yırtıcı mənəvilik”  yaranır.
Nadir əcayiblik yaranır.
Döyüş məcburiyyəti İnsanlığa baha başa gəlir.

 TƏVAZÖKARLIQ. Ləyaqətli Məğrurluq.

NİTSŞE YALANI. “Pişik olmaqdansa, Şir olmaq yaxşıdır!”
Nə pişikdən, nə də Şirdən İnsan olmaz!

TARİXİN ÖYRƏTMƏDİYİ. Qul quldardan asılı olduğu dərəcədə Quldar da quldan asılıdır.
Bu Həqiqəti tarix insanlara öyrətmədi.

YADLIQ. Ruha xidmət edənlərlə bədənə xidmət edən­lərin yadlığı – dəhşətdir!

 O DÜNYA MÜKAFATI. Bu dünya Təmənnası.

 DÖVLƏTSİZLİK. Midiya Dövləti.
Şirvanşahlar Dövləti.
Şah İsmayıl Dövləti.
Heç birində Müstəqilliyimiz bütöv olmayıb!
Heç birində Taleyimiz öz əlimizdə olmayıb!

 ƏLAQƏ. Zorla yaranan – Zor yaradır.

BİRİNCİ DÜNYA MÜHARİBƏSİ. Dünyanı bölə bilməmək.

 İKİNCİ DÜNYA MÜHARİBƏSİ. Dünyanı qoruya bilməmək.

 NÜVƏ SİLAHI. İnsandakı Yırtıcının təntənəsi.

 HAMILIQLA AKTYORLUQ. Cəmiyyətdə Hamı Aktyor­dur. Aktyorluq eləməyəni cəmiyyətdən qovurlar.

 TÜRK AQİBƏTİ. Türk Dövləti yarandı.
Türk Ailəsi Dağıldı.

 ƏRƏBLƏR – TÜRKLƏR. Ərəb – Eyşə qurşanan.
Türk – Döyüşə qurşanan.

 NUH GƏMİSİNİN SƏRNİŞİNLƏRİ. Təzə Dünya yara­da bilmədilər.
Çünkü Təzə İnsan deyildilər!

 İMTİNA YAŞI. Budda Cavanlıqda İmtinaya yüksəldi.
Pavel Yetkinlikdə İmtinaya yüksəldi.
Tolstoy Qocalıqda İmtinaya yüksəldi.
Müqəddəslərin Yaşı – İmtina Tarixindən başlanır.

 ÖMÜR. Cavanlıq – Yavanlıq.
Yetkinlik – Ötkünlük. Qocalıq – Ucalıq.

 ACİZLİK. Ölümün öldürməkdən başqa əlindən heç nə gəlmir!

MƏĞLUBEDİLMƏZLƏR. Müqəddəslər Məğlubedil­məz­dir. Məhəmmədin Dinindən əl çəkmək olar – ancaq Məhəmmədi məğlub etmək olmaz!
İsanın Dinindən əl çəkmək olar – ancaq İsanı məğlub etmək olmaz!
Buddanın Dinindən əl çəkmək olar – ancaq Buddanı məğlub etmək olmaz!
Zərdüştün Dinindən əl çəkmək olar – ancaq Zərdüştü məğlub etmək olmaz!
Yan Qusu tonqalda yandırmaq olar – ancaq məğlub etmək olmaz!
Nəsiminin dərisini soymaq olar – ancaq Nəsimini məğlub etmək olmaz!

QURAŞDIRILAN. Şairdən Müqəddəs quraşdırırlar – alınmır!
Hakimdən Müqəddəs quraşdırırlar – alınmır!
İnqilabçıdan Müqəddəs quraşdırırlar – alınmır!
İrticaçıdan Müqəddəs quraşdırırlar – alınmır!

 BALACA İTLƏR. İtlərin də böyükləri gedib – kiçikləri qalıb!..

 DÖVLƏT KƏLƏYİ. Səndən aldığının bir hissəsini sənə qaytarır və “Mənə minnətdar ol!” deyir.

 SÜLH UĞRUNDA MÜBARİZƏ. Dünyaya Hakim ol­maq üsullarından biri.

 FƏTH OLUNAN KOSMOS. Talanan Yer.

 UZADILAN KÖMƏK ƏLİ. Əliuzunluq.

SİYASİ HAVADAR. Gizli Hakim.

BARIŞDIRANLAR. Döyüşdürənlər.

ÖLMƏZLİK. Ölməzlər ölməyi bacarırlar.

ANLAMAQ HƏDDİ. Əgər yəhudilər İsanı başa düşsəydilər, İsa İsa olmazdı – Musa olardı.

ÖLDÜRÜLƏNLƏR. Puşkin – Dueldə ölmədi, Sarayda öldü!
Lermontov – Dueldə ölmədi, Məclisdə öldü!
Cavid – sürgündə ölmədi, Yurdunda öldü!

 QORXU. Yırtıcılığın astar üzü.

 ƏN BÖYÜK KƏŞF. İnsandakı Mütləqi görmək!

 ƏN BÖYÜK QƏTİYYƏT. İmtina.

ƏN BÖYÜK MƏSULİYYƏT. İnsanlıq.

 SARDANAPAL PUÇLUĞU. – Dünya Puçdur. Ye, İç, Keyf elə!
(Assuriya hökmdarı Sardanapalın dediyi).
Yemək, İçmək, Keyf eləmək – elə Puçluqdur.

 QADİRSİZLİK. Tonqalda saysız-hesabsız Bədən yandı­rıl­­dı, Ruh yandırılmadı.
Dar ağacından saysız-hesabsız cinayətkar asıldı – Cinayət asıl­madı.

CƏZA. “Mən almanları Vicdan adlanan Kabusdan xilas etmək istəyirəm!” (Hitlerin dediyi…)
…Almanları Vicdan adlanan Ali Hakimin Cəzasına məhkum etdi.

 AŞİQLƏR.   Allaha vurulan – Məhəmməd.
İnsana vurulan – İsa…
Müqəddəsliyə vurulan – Yan Qus…
Həqiqətə vurulan – C. Bruno.
Məhəbbətə vurulan – Füzuli.
Azadlığa vurulan – Babək.
Əqidəyə vurulan – Nəsimi…
Saflığa vurulan – Rumi…

QƏTİ TƏLƏB. Ya xalq kimi xalq ol – ya da başqa xalqa qarış, yox ol!

1937-ci il. Şaqqalanan Ümid.

 ŞƏRQ GÜNAHI. Əvvəl özünə qapıldı – dünyanı unutdu.
Sonra birdən-birə Dünyaya qapıldı – özünü unutdu.

 TÜRK GÜNAHI. Böyük Hikmət yaratdı, Böyük Sənət yaratdı, Böyük Səltənət yaratdı – Böyük Vəhdət yaratmadı.

TARİXİ “XİLASKARLAR”. İngilis “Hindistana sivili­za­siya gətirdi” – Hindistanı fəth etdi.
Napoleon “Avropaya azadlıq gətirdi” – Avropanı İşğal etdi.
Rus Çarı – Qafqaz xalqlarını “Ətalətdən qurtardı” – Əsarətə saldı…

 TARİXİN ÖYRƏTDİYİ. Təmənnasız İnsanlar olub – Təmənnasız Ölkələr olmayıb.
Xilaskar İnsanlar olub – Xilaskar Ölkələr olmayıb.
Özünü xilas etməyəni – özgə xilas etməz.
Başı öz əlində olmayan – başsız qalar.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv