Tanrının varlığı ideyası hələ ən qədim insanların ağlında yaranmışdır. Tanrı ideyası müxtəlif miflər və xurafatlarla inkişaf etdirilmişdir. Tanrı varlığını mif və xurafat yolu ilə adamlara tanıtmaq da Bhaqavat-Qita adlı kitaba aid edilir. Tədricən təkamül yolu ilə mükəmməlləşən kitablar Avesta, Tövrat, İncil və Quran olmuşdur…
Bütün səma dinləri qeyri-müəyyən, əvvəli və sonu olmayan məchul bir varlığa güvəndiyi halda, Asif Atanın yaratdığı “Mütləqə İnam” dünyagörüşü Dünyanın Ali Mənasına, təbiətə və insan müqəddəsliyinə dayanır. Zəngin mənəviyyatın dayağı olan “İnama” güvənir.
Bütün səma dinləri insanın fəaliyyətini, insanın mübarizliyini, onun mənliyini heçə, mütiliyə endirdiyi halda (bax, Quran 2/255), Asif Atanın Mütləqə İnam Ruhaniyyatı insanın, insan mənəviyyatının, insan təfəkkürünün hər şeyə qadir olduğunu göstərir.
Quranda deyilir: “Göylərdə və yerdə nə varsa, hamısı onundur. Onlar Allahın elmindən, onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər (2/255).”
Ayənin deyilişindən çox aydın görünür ki, Qurana görə insan fəaliyyətsiz, müti bir varlıq olmalıdır. Allahın buyurduğundan başqa insan heç nəyə qadir ola bilməz. Hər bir kiçik davranış belə Allahın iradəsi, icazəsi ilə olur. Asif Atanın “Mütləqə İnam” kitabında isə deyilir: “İnsanlaşın, İnsanlaşdırın! Bəşərin nicatı insanlaşmaqdadır!” “İnsan daxilində Mütləq daşıyan, Şəraitdən, Mühitdən, Gerçəklikdən yüksək olan, Mütləqiliyə meyil eləyən və Mütləqləşməyə qadir olan ruhani varlıqdır”. Hələ bu günə qədər heç bir peyğəmbər insana belə bir yüksək, bəşəri qiymət verməmişdir. Bütün dinlər insanı Allahın qulu hesab edirlər, həm də insanın kamilləşməsindən bəhs edirlər. Bu ideyaların özü bir-birinə ziddir. Qul psixologiyasına alışdırılan insan kamil ola bilməz. Asif Ata isə insanı Allahın qulu yox, bəşəriyyətin xilaskarı hesab edir. Elə bu səbəbdən də Asif Atanın ruhani dünyagörüşü bəşəridir.
İslam dini dünyagörüşündə milli sevgi, milli qürur, vətənsevərlik ideyası yoxdur. İslamda irqindən, milliyyətindən, vətənindən asılı olmayaraq, kəlmeyi-şəhadəti deyən, İslamı qəbul edən bir ümmət var. İslamda daima dini təəssübkeşlik, dini qürur, milli təəssübkeşlikdən, milli qürurdan üstün tutulur. İslamın ümməti, bir də mücərrəd “o dünya”sı var. Bu yığma, qondarma ümmətçilik son həddə millətsizliyə, vətənsizliyə gətirib çıxardır. Necə ki, sovet dövlətinin qondarma siyasətinin nəticəsi olaraq vahid “xalqı” var idi. Amma bir balaca milliliyə şərait yaranan kimi dövlət darmadağın oldu.
Asif Atanın “Mütləqə İnam” dünyagörüşündə isə milli ləyaqət, milli qürur, vətənsevərlik əsas xətlərdən biridir. Eyni zamanda Mütləqə İnamda İnam və milli dünyagörüşləri yanaşı, hətta iç-içə inkişaf etdirilir. Ona görə də Asif Atanın Mütləqə İnam Ruhaniyyatı bəşəridir.
Səma dinləri insanın kamilliyini ibadətdə, zikrdə, gözüyumulu Tanrıya mütilikdə, qul olmaqda gördüyü halda, Asif Atanın Mütləqə İnamında insan öz yetkinliyini, kamilliyini özü ilə döyüşdə, özünü tanımaqda, dərk etməkdə tapır. Ona görə də Asif Ata kamillik yolunu “özüylədöyüş” adlandırır. Özüylə döyüş insanı bəşəri ruha sahib olmağa, insaniləşməyə çağırır.
Asif Atanın Mütləqə İnam Fəlsəfəsi bəzən insanlarla ünsiyyət quran, onlarla insan kimi oturub duran, bəzən özünün Cəbrayılları ilə insanı qorxudan mücərrəd, fövqəltəbii olan Allahı tanımır. Onu rədd edir. Asif Atanın Mütləqə İnam Fəlsəfəsi bütün kainatın, bəşəriyyətin daxili qüdrəti olan Mütləqdən, bəşəriyyətdə qorxu yox, sevgi hissi oyadan Mütləqdən danışır. Mütləqə İnam Fəlsəfəsi insanın içindən, ruhundan gələn təmizliyi, saflığı böyüdür. Asif Atanın Mütləqə İnam Fəlsəfəsi insanı, insanlığı, təbiətin gözəlliklərini qorumağa, irqindən, dilindən asılı olmayaraq, bütün insanlar arasında əmin-amanlıq, insansevərlik halı və buna yönəlik qırılmaz inam yaratmağa çağırır. Ona görə də Asif Atanın Mütləqə İnam Fəlsəfəsi bəşəridir.
Asif Atanın Mütləqə İnam Fəlsəfəsi vaxtı, zamanı bilinməyən, mücərrəd, yalançı ərasət məhkəməsini qəbul etmir, tanımır. O, ərasət məhkəməsinin hər bir insanın daxilində, onun vicdanında özü tərəfindən aparılmalı olduğunu deyir.
Asif Atanın Mütləqə İnam Fəlsəfəsi alın yazısını, qədər və qəzanı qəbul etmir. Onların puç bir əfsanə olduğunu ruhani və fəlsəfi, eləcə də elmi məntiqlə isbat edir. Yalnız doğum və ölümü insandan asılı olmayan hadisə hesab edir. Həyatda rast gələn bütün hadisələrin hamısının insan fəaliyyətinin nəticəsi olduğunu, insan təfəkkürünün əməlləri olduğunu deyir. Gerçək Dünya Mütləqin təzahürüdür Asif Ataya görə.
Yalançılıq üzərində, xudpəsəndlik üzərində, qorxaqlıq üzərində, hərcayilik üzərində, məkr-fitnə üzərində qələbə çalmaq insanlığın tələbidir deyir Asif Ata.
Qələbələrə yetmək üçün də “həqiqət eşqi, idrak eşqi, xeyir eşqi, təbiət eşqi, vətənsevərlik, bəşərsevərlik” olmalıdır.
Asif Atanın fəlsəfəsinə görə dünyanın mənası bizim gözlə gördüyümüz dünyadan artıqdır, böyükdür. İnsan onun əbədiliyini “təzahürünə görə yox, mahiyyətinə görə qiymətləndirməlidir”.
Dünyanın dünyadan Böyük Mənasını dərk etmək üçün insanın insandan Böyük Mənasını dərk etməlisən, müqəddəs insan olmalısan. Asif Ata İnsanı mahiyyəti etibarilə bəşəri saydığı üçün Ata özü də bəşəri dühadır!
İsa Mehdioğlu. Asif Atanın Amalı (ideyası) bəşəridir
İyun 2nd, 2017 admin