Hacı Əhmədov. MÜHİT-in anatomiyası və fəlsəfəsi

Hər bir insan özunə uyğyn olan mühitdə yaşayır və fəaliyyət göstərir. Bəzən bu mühit bizi qane etmədikdə biz başqa ölkələrdə, yad ellərdə özümüzə uyğun olan yaşayış mühiti arayırıq.  Ancaq əslində biz özümüz özümüzə xoş olan, yaşam üçün əlverişli olan bu şəraiti, mühiti öz yurdumuzda yaratmalıyıq…
Tibb elmində tolerantlıq deyilən bir anlayış var. Bu hal, orqanizmin yad cisimləri müəyynləşdirə bilməməsi nəticəsində yaranır. Yəni orqanizmin immuniteti zərərli maddələrə qarşı mübarizə aparmaqdan imtina edir və insan ölür. Belə hal, orqanizmin zərərli maddələr qəbul edərək, tədricən ona öyrəşdirilməsindən, vərdiş etməsindən yaranır.
Nə qədər də bugünkü həyatımıza bənzəyir, deyilmi? Yox-yox, mən cəmiyyətdə tolerantlığın əleyhinə deyiləm, tərsinə, çevrəmizdə yaşayan bütün azsaylı xalqlara sayğı və ehtiramın tərəfdarıyam. Əsas məsələ isə yaşam mühitini düzgün qurmaqdır.Bu arada mənə çox iradlar tutan olurdu. Feysbuk sosial şəbəkəsində yaratdığım “Bütün Dünya Türkləri birləşin” qrupunun adına dair fikirlər birmənalı deyildi. Bəziləri məni sovet ideologiyasının devizi olan – “Bütün dünya proletarları birləşin!” sloqanından istifadə etdiyimə görə ittiham edirdi. Bunlara cavab verirdim, əslində Lenin özü də bu devizi kimdənsə oğurlamışdı. Devizin orijinalı belə idi – “Bütün Dünya müsəlmanları birləşin!”. Bu zaman daha böyük qınaqla qarşılaşırdım – “sən hansısa imamın, ya da, İslam peyğəmbərinin sözlərini təhrif etmisən!”
Maraqlıdır, ittiham edənlər həmişə sual verməyi çox sevirlər, ancaq özləri sualları cavablandırmağı əsla xoşlamazlar. Çünki cavab verməkdə bir cavabdehlik, məsuliyyət var…
İndi özünüz düşünün, demək, hansısa bir rusun dalınca düşüb də, proletarları birləşdirmək normal haldır, hansısa bir ərəbin dalınca düşüb müsəlmanları birləşdirmək də normal haldır, ancaq özün olmaq, yad elementləri rədd edərək, öz immun sisteminin qəbul etdiyi, orqanizminin bütövlükdə, bioloji olaraq mövcud olduğun Türkçülüyü qəbul etmək və bu ideya ətrafında birləşmək böyük bir qəbahətmi oldu?! Axı biz proletar da olmuşduq, müsəlman da, sonu nə oldu?

1990-cı ilin 20 yanvarında proletarları birləşdirməyin bədəlini ödədik. Bundan daha öncə isə əsrlərdən bəri xalqımızın boğazına sarılıb nəfəsini kəsən cəhalət və nadanlığın bədəlini ödəyə-ödəyə gəlirik. Vəziyyət o yerə çatıb ki, Arazın o tayında yaşayan, canı canımızdan, qanı qanımızdan olan soydaşlarımız Qarabağ savaşında yanımızda olmadı. Hətta sizi inandırıram ki, İranda yaşayan dini mövhumatçıların 99%-i Xocalı soyqırımından xəbərsizdilər. Əvəzində işğalçı ərəblərin, farsların tarixini əzbər bilirlər, 1400 il bundan qabaq ölmüş ölülərinə yas saxlayıb, onlardan ötrü başlarını yarırlar… Danışanda da, bir çox semit kölələri bizə irad bildirirlər – yox , filan şey əsil İslam deyil, o deyil, bu deyil. Bəs hansıdır? Sizcə bu normal haldırmı?!
Maraqlı tendensiya alınır – sən demə, millətimiz Qarabağda ermənilərlə savaşda əsir düşərək min bir işgəncələrə uğrasa da, düşmən qarşısında diz çökməyən, əsirlikdə ola-ola düşmən (erməni) bayrağına tüpürməyə özündə hünər tapan qəhrəman şəhidimiz İlqar Mehdiyevdən deyil, hansısa Ərəbistan çöllərində mühasirədə olarkən, özününkülərə su gətirməyə gedəndə, başqa bir ərəb tayfası tərəfindən qətlə yetirilən Əbölfəzdən qəhrəmanlıq örnəyi almalı idik?!
Məgər yadlardan özümüzə qəhrəmanlar düzəltməklə, yad ideologiyalara sığınmaqla bugünkü fəlakətlərimizə səbəb vermədikmi?!

Yaşam mühitimizi düzgün qura bilməyimizin əsas səbəblərindən biri də həyat prioritetlərimizi düzgün müəyyən edə bilməməyimizdir. Cəmiyyətimizdə istənilən yad ideologiyalara meydan sulamaq üçün hər cür şərait var.
Gənclik illərində hər kəsin yaddan çıxmayan anları olur. Belə anlardan birini xatırlamaq istəyirəm: 90-cı illərin əvvəllərində qonşu məhlədəki bir gənc dostumuzu, yanlış olaraq, tutmuşdular. 2 aya yaxın istintaq altında saxlanıldıqdan sonra əsil cinayətkar yaxalandı. Ağanatiq (ad şərtidir) azadlığa buraxıldı. Məhlə uşaqları yığışıb ona gözaydınlığı verməyə getmişdik. İlk görüş indiyə kimi yadımdadır – Ağanatiq ağacların altındakı skamyada bardaş qurub oturmuşdu –  tam kinolardakı lotular kimi. Danışığında da, oturuşunda da tam dəyişiklik hiss olunurdu.
– Ala, mənim yanımda bələ dayanma…
– Nə olub ki, Ağanatiq?
– Ala, türmədə lotuların yanında bələ dayanmaq olmaz!!!
– Ağanatiq, sən məgər lotusan ki?!
– Yox da, indi bilmək olmaz da… Bəlkə də nə vaxtsa…
Özlüyümdə mən bu külbaşa 15 sutkalıq “lotu” deyirdim. Demək, bu az müddət bəs edərmiş ki, insan psixologiyasında çevriliş, inqilab olsun, vorovskoy mühitin təsiri altına düşsün. Hərçənd diqqətinizi nəyə çəmək istəyirəm?! – Buraya düşən adamlar əslində tərbiyəli olmalı idilər, yəni islah olunmalı idilər. Çünki cəza müəssisəsinin adı İslah müəssisəsidir, daha lotu, mən nə bilim vorzakon peçatlayan müəssisə deyil ki, ordan çıxanlar da uzun müddət həmən mühitin təsiri altına düşsünlər. Bəlkə də islah müəssisələrimizin adı ilə mahiyyətinin uzlaşmadığına görədir ki, oradan çıxan adamlar, islah olunmaq əvəzinə, banditə çevrilirlər. Tutulanda sadəcə cinayətkar idi, çıxandan sonra isə bandit oldu, ya da olmaq istədi. Yəqin bu şüurun göstəricisidir ki, bu yaxınlarda türmədən çıxan 57 yaşlı bir şəxs, məktəbli gəncləri öz təsir dairəsinə salıb, qumar oynamağa alışdıra bilmiş, sonra onlara kələk gələrək qumarda udmuş, məktəbli uşaqları zorlamışdı. Əslində o, dustaq evində islah olmalı idi. Ancaq biz görürük ki, hansısa mağazadan kolbasa oğurluğu kimi, çox da qatı cinayət olmayan, bir işə görə dustaqlıqdan çıxmış adam daha çirkin əməllərə əl atır. Demək, İslah müəssisələrindəki mühiti də dəyişməliyik. Çünki orada, Sovet dönəmindən qalma, oğru qanunları hökm sürür və cəmiiyətimizə birbaşa təhlükə qaynağına çevrilir.
Ümumiyyətlə, istənilən bir adam, uşaq vaxtından hansı mühitə düşürsə, onun beynində həmən şəraitə uyğun yaşam tərzi formalaşır. Bu qəbildən Hindistanda danalara sitayiş edənlərlə, bizdə başına zəncir vurub xəncərlə doğrayanlar da istisna deyil. Sizi inandırıram, hər ikisinin nümayəndələrini dindirsəniz, 2-3 gün yatmadan öz inanclarının ən doğru, ən mötəbər olduğunu, özlərindən olmayanların isə gülünc və səhv olduğunu isbatlamağa çalışacaqlar. Bu mövzuda daima ölkəmizdəki vəhabilərlə (özlərinə sələfi deyirlər) şiyələr (fars dilində ardıcıl deməkdir) və sünnülər arasındakı mübahisələri izləmək çox üzücüdür. Bunlar öz təriqətlərini tərifləməklə, başqalarını aşağılamaqdan belə çəkinməzlər. Biri o birinə fasik, o biri isə buna rafizi deyincə qarşıdurma yaranar və ümumilikdə cəmiyyətin immun sistemi zərər çəkər.
Hesab edirəm ki, cəmiyyətimizə yad olan, yersiz və qurtarmaq bilməyən mübahisə, qarşıdurma yarada bilən amilləri rədd etməliyik. Çünki bu yolların birisi bizi, Ağanatiq kimi, “vorzakon” olmağa, bir başqası Ərəb xilafəti qurmağa, başqa birisi isə Rusiya üçün imperiya qurmağa gətirib çıxarır. Bunların hamısı bizə yad mühitdir, biz bu mühitdə yaşamağa uyğunlaşmamışıq, çünki bu yadların həyat tərzidir.
Öz mühitimizi qurmalıyıq və bu mühit yalnız və yalnız milli maraqlar üzərində qurulmalıdır. Başqa istənilən ideologiyaları biz yoxlamışıq və onları tarixin zibilliyinə atmağın zamanı çoxdan çatmışdır.

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv