1
Sosial setdə yeni bir gəlişmə: az qala hamı rejim deputatı Qüdrət Həsənquliyevin əliyevçi rejim üçün ANALOQU olmayan önərisindən yazır. Qüdrəti başdan-ayağa, təpədən-dırnağa rejimə bağlı Qüdrətin önərisi nədir? Belədir: Milli Məclisdə (gerçəkdə Lilli Məclis!) yaltaqlığı yasaqlayan qanun çıxarılsın. İndi hamı bunu, Qüdrətin bu önərisini, bəyənib alıqşlamaqdadır. Qüdrətin dediyinə baxıram, bunların etdiyinə baxıram, tüklərim (Türkiyə dialektizminə uyğun desək, tüylərim) başımda biz-biz oldu.Doğrudan belə oldu. Elə o andaca özümü Ərdoğan Türkiyəsində görürmüş kimi başımı əllərimlə tutub qışırmağa başladım: yahu, bunlar necə müsəlmandır? Bunların qanımı dəyişdi? Bunlara uca Tanrıdan, Göydən-zaddan bir etkimi oldu? Bəlkə, mən usumu-ağlımı itirmişəm, siz deyin: gündə beş-altı yol namaz qılan, illərlə oruc tutan, müqəddəs Ramazan sonrası mübarək Ayın çıxdığını görüb acqarına saaatlarla durmadan salavat çevirən müsəlman (müsəlmanlar) da yaltaqlığa qarşı çıxa bilərmi?! Çıxarsa, Ərş ilə Kürş (bizm dildə Yerlə Göy) bir-birinə qarşı gəlməklə dünya dağılmazmı?! Mən biləni, dağılar. Vallah dağılar, billah dağılar. O üzdən də Allah Qüqdrətə də, Qüdrətkimilərə də (ayrı tür desək, Feysbukdakı yaltaqlığa yasaq yandaşlarına) mollalar demiş, qəni-qəni (çoxlu-çoxlu)… us versin, ağıl göndərsin. Amin, rəbbül aləmin!
Ərdoğançı Türkiyədən əliyevçi Azərbaycanımıza dönüşümdə (bu bir özümlü meditasiya idi: burada görüb-eşitdiklərimdən başımı tutub, gözlərimi yumub Ərdoğan Türkiyəsinə düşmüşdüm, özü də lap indiyədək üzünü görmədiyim İstanbulun ortasına!) Başım əllərimdə, gözlərim yumulu, indiyədək gedə bilmədiyim üçün üzünü görmədiyim gözəllər gözəli (deyilənə görə) İstanbulun ortasında Füzuli Dədəmizlə üz-üzə gəldim (sözsüz, sözügedən önəriyə reaksiyalardan kəsinliklə uğradığım meditasiya içində) Dədəmiz demiş, necə gözəl demiş: “Biz cahan məmurəsın mənidə viran bilmişiz,// Afiyət gəncin bu viran içrə pünhan bilmişiz”. Bizim bugünkü soylar əliyevçi çooox yüksək təhsil gördüyündən Füzulini anlamaqları yaltaqlıq dəyərlərini anlamaq dan çox-çox gerilərdə qaldığı nədənilə Dədəmizin nə dediyini onlara qısaca anlatmaq gərəyi yaranır: Tüpürüm bu dünyanın bütün gözəlliklərinə, // Gözəl, ürəyə yatan, canımıza yağ kimi yayılan nə varsa, o dünyada var: dünyada (bu dünyada!) bənzəri olmayan hurilər, aşıb-daşan şərab çayları” (Bircə mən bunu bilmirəm: nədən bu dünyada haram sayılan şərab o dünyada halal saylır?). Burası doğrudan doğruya belədir (sə), onda Sabir Dədəmiz nədən böylə buyurmuş: “Zahida, gəl soyunaq bir kərə paltarımızı, // Çıxaraq zahirə batındəki əfkarımızı”. Sabir Dədəmizin demək istədiyi budur: Ey din bürüncəyinə bürünmüş dolandırıcı, bizi yolunda əsir-yesir etdiyin o dünya gerçəkdən bu dünyadan qat-qat artıq gözəldirsı, qat-qat artıq yaşamalıdırsa, onda nədən sən yaltaqlıq yolunun yolçusu olaraq xalqa qarşı acımasız, yolsuz, soyğunçu rejimlərin buyruq quluna çevrilirsən, ?! Hələ üstəlik, diktatoru “Tanrının yerdəki kölgəsi” adlandırmaqla xalqı ona baş əydirməyə çalışırsan, nədən?! Sözsüz, altdan-altdan aldığın paralar, bizə haram buyurduğun bu gözəlim dünyada çəkdiyin keflər gərəyindən! Tfu, lənət sənə! “Dil bazarçısı yalandır, varmazam bazarına, // Əyri dildən nəsnə gəlməız, durmuşam iqrarrına!”- bunu də Ulular Ulusu Nəsimi Dədəm demiş. Demiş, nə gözəl demiş! O gözəl demiş, ancaq, DİN bazarçısı (Nəsimidə DİL — burada söz ayrı, anlam birdir) bazarçısı bizim usumuzu-ağlımızı yemiş!..
2
Ulu Öndərimiz, Ulusal Liderimiz, Demokratik Dövlət qurucusu Məhəmməd Əmin Rəsulzadə demişdi: “Diriliklərin ən dəyərlisi MİLLİ dirilikdir”. Yaltaqlığın dövlət politikasına dönmüşdürüldüyü diktatura rejimində nə birey diriliyi olar, nə də ulusal-milli dirilik!
Ulu Öndərimiz, Ulusal Liderimiz Mustafa Kamal Atatürk əlini öpmək istəyən sənətkara demişdi: “Sənətkar əl öpməz, sənətkarın əli öpülər”. Böyük saldırılara üstün gəlməklə indiki Böyük Türkiyəni yaratmış Atatürk milləti yüksəltmək üçün deyirdi: “Etdiklərimin hamısı millətin əsəridir”.
Əliyevlər dövlətində də, Ərdoğan dövlətində də millət yoxdur, millətə, milliyətçiliyə düşmən ölkəbaşı var! Ərdoğan iki “qardaş” diktaturanın bir xarakterik görsənişini belə yansıdır: “Biz milliyyətçiliyi ayaqlar altına alan bir iqtidarız!” Milliyyətçiliyin ayaqlar altına atıldığı ölkədə ölkəbaşılar qorxusuz-ürküsüz olaraq, arxayınca, QANLI QIRĞIN yoluyla Topraqlarımızı İŞĞAL edən erməniylə — qanımıza yerikləmiş azğın erməniliklə barışmaçılıq yapar!
Böyük Atatürk deyirdi: “Türk millətinin xarakteri yüksəkdir”. Türk adına bağlı xarakter yüksəkliyindən Azərbaycanda da, Türkiyədə də TÜRK-TÜRKLÜK anlayışları yox edilməklə Yaltaq toplum-ulus-millət yaradılır!
Diktatura rejimləri, diktatorlar özlərinin xarakter özəllikləri üzündən ulusal-milli xarakter yüksəkliyindən qorxduqları üçün yaltaqlığı DÖVLƏT POLİTİKASINA dönüşdürürlər.
Əlini öpən, ona yaltaqlanan “sənətkarlara” H.Əliyevin necə qayğı, sayğı göstərdiyi unudulmaz televiziya anılarındandır. Əyilməz-satılmaz jurnalistləri görməyə gözü olmayan İ.Əliyevin jurnalistlər başda olmaqla sınmış-satılmışlara pul-para, ev verməklə necə sayğı, qayğı göstərdiyi günümüzün parlaq görsənişlərindəndir.
Heydərizmin birinci, ikinci dönəm başlanğıcından (1969-1993) Azərbaycanda yaltaqlıq üstqurum faktorudur. Burada yaltaqlıq “yaradıcı” Birlik başçısıdır; icra başçısıdır; nazirdir; professional, yetənəkli oldu-olmadı SƏNƏTKARdır. Burada yaltaqlıq dövlət düzəyində üstün tutulan, yetərincə dəyərləndirilən, başqalarına görk edilən yüksəliş faktorudur: istər iç, istər dış politikalarda.
Diktatorlar komunizm, demokratiya, din pərdəsi altında yalnız özlərinə gərəkənləri edər-gerçəkləşdirərlər. Özlərinə gərəkənləri uğurla etmək-gerçəkləşdirmək üçün onlara yaltaqlığı geniş yaymaq, DÖVLƏT POLİTİKASINA dönüşdürmək gərəkər.
O üzdən, yaşasın MÖHTƏRƏM, CƏNAB… yaltaqlıq!!!
(Urrra! Hamı ayağa qalxır. Uzun sürə kəsilmək bilməyən sürəkli, gurultulu alqışlar).