Soylu Atalı. Poeziya Ruhun Harayıdır (II)

Şeirin halı duyğulardan, məzmunu isə idrakdan gəlir. Ona görə də şeiriyyəti sırf duyğu olayı saymaq doğru olmaz. Əlbəttə, şeirin gözəlliyi, eləcə də məna, məzmun yükü duyğuların və idrakın yetkinliyindən asılıdır. Duyğu yetgin, idrak yetkinsiz olarsa, şeirin ritmik deyilişi yaxşı səslənəcək, ancaq söz yalın, kəsərsiz olacaq. Tərsinə, idrak yetgin, duyğu yetginsiz olarsa, söz quru, sərt olmaqla poetik çəkiciliyini azaldacaq. Əsil şeir Duyğu-İdrak Birliyində yaranır. Bu səbəbdən də şairanə duyğular özündə qalmamalı, idrakilik mühitinə girməlidir. İdrakiliklə yetginləşməli, qətiyyətləşməli – yeni aşamaya keçməlidir. Şeiriyyətin ruhu ümumiləşdirmələr yolu ilə hadisəçiliyi ötməlidir. Daha böyük hədəfləri nişan verən obrazlara üz tutmalıdır. Ümumən, yaradıcılıq insan ömrü ilə təndir – həm ömür kimi mənalı, məzmunlu, həm də ömür kimi ahəngdar böyümə xislətlidir. İlk şeiriyyət körpə məsumluğu, saflığı kimi doğulur. Gənclik kimi şövqlü, ehtiraslı, heyrətli, həm də ideala can atan. Axır ki, şeiriyyət böyüyür, sistemləşir, bədii assosiasiyalar vasitəsilə fəlsəfiləşir – müdrik, sanballı poeziya zənginliyinə çatır. Şeiriyyət nə qədər saf, məsum olursa olsun, əgər o, yetginləşmirsə, kamil obrazlarla bitgin bir sistemə çevrilmirsə, poeziya sayılmır. Poeziya – bədii-fəlsəfi axtarışlarla olmalını, görünənlə görünməyənin əlaqəsini, vəhdətini öyrənib vəsf eləyən şeiriyyətdir. Şeiriyyət riyazi üsullarla doğulmaz. Daha doğrusu, poeziya – məhsuldar çoxluqla, ya da olayları sadalamaqla yaranmaz. Şeiriyyət – mənanı kəşf edən ali duyğularla idrakiliyin vəhdətində ülviləşir, müqəddəsləşir, ali həyat nəğməsinə çevrilir. İlahi məqamları fəth edir, insanın mahiyyətindəki xəlqi çalarların bilinməsinə, öyrənilməsinə yardımçı olur. Poeziya – ruhun bədii hekayətidir. O, yaddaş hadisəsi deyil, düşüncə hadisəsidir. Bu səbəbdən də həvəskar şeiriyyət poeziyaya çatmır. Dediyimizə bir az aydınlıq gətirək: İnsan təbiətə doğmalaşanda duyğuları mərhəmləşir. Belə halda o, şeir diliylə danışmaq istəyir. Bəzən də şəxs bədii kitablarla doğmalaşanda şeir diliylə danışmaq istəyir. Kitablardan yaddaşa hopub bədiiləşən zövqlər fərdin estetik arzularına qarışıb ifadəyə qayıdır. Ancaq bu cür yazarlıq poeziya sayıla bilməz. Klassik dillə desək, poeziya yaddaşdan deyil, ürəkdən doğmalıdır. İkinci, poeziya – yaradıcının özünə dediyi sözdür. İnsan özünə deyə bilmədiyi sözü başqalarına da deyə bilməz. Başqa sözlə, özü ilə ülvi ünsiyyəti olmayanın gələcəyə deməyə sözü olmur. Bu cəhətdən yanaşanda poeziyada tarixiliyin önəmi də özünü göstərir. Tarixiliyin önəminə iki aspektdən yanaşmaq olar: Birinci, şeiriyyətdə obrazların, eləcə də axtarışların, düşüncənin tarixi önəm daşıması – ədəbi yaradıcılığın ideya yönünə təsir göstərməsidir. Məsələn, “Leyli-Məcnun” dastanı üstə, ya da “ənəlhəqq” ideyası üstə yaranan şeiriyyət, eləcə də “Hamlet” faciəsindən yazılan şeiriyyət b.k. bütövlükdə Doğu, Batı ədəbiyyatının ideya qaynağı kimi ədəbi bəhrə vermişdir. Biz “Leyli-Məcnun”da özündənkeçmənin kamil səviyyəsini, insani keyfiyyətlərin ilahi qüvvələrlə yarışını dərk edirik. Habelə “Hamlet”də ümumən faciəviliyin konsepsiyasını oxuyur, “ənəl-həqq” ideyasının izhar olunduğu şeiriyyətdə bəşəriyyətin öz insani mahiyyətiylə üz-üzə qoyulmasını izləyirik. Bu səbəbdən də poeziyada tarixiliyin məna etibarilə ənənəyə çevrilməsi ictimai tərəqqidə həlledici çəkiyə malikdir. İkinci, poeziyada tarixiliyi biz şəxsiyyətlə ənənə əlaqəsində dərk edirik. Məsələn, Azadlıq, İnsanlıq uğrunda özündən keçənlərin yenidən obrazlaşdırılaraq örnək göstərilməsi. Ümumiyyətlə, hesab edirik ki, poeziyanın hədəfləri təbiəti vəsf etmədə, ya da ictimai pozuntuları ifadə etmədə məhdudlaşmamalıdır. Bəzən deyirlər, filankəs təbiət şairidir. Bizə görə təbiət şairi olmaq ali bir səviyyə deyil. Çünkü təbiəti görmək, öymək yaradıcını heç də gərginliyə, iztiraba sövq eləmir. Çünkü təbiət paxıl deyil, şöhrətsevər deyil, qısqanc, xudpəsənd deyil. Bu səbəbdən də gülü-çiçəyi, ceyranı-cüyürü, dağı-ormanı sevmək, öymək yaradıcıdan xüsusi istedad tələb eləmir. Balaca bir təb, poetik təcrübə bəsdir ki, təbiət şeirləri yaransın. Ancaq bəşər övladı – insan çox mürəkkəbdir. Onda heyvan da var, insan da; ali də var, bəsit də; ülviyyət də var, ziyankarlıq da. Bu səbəbdən də mövzu olaraq insana müraciət etmək, ondakı ilahini görmək, göstərmək yaradıcıdan özünü ötmək tələb edir. Mürəkkəb xarakterlərin arxasında mahiyyəti, bəsitliyin arxasında ülviyyəti görmək – ilk növbədə yaradıcını – özünü kəşf etməyə, özünü içsəl kamilliyə yetirməyə çağırır. İnsani poeziya yaratmaq üçün gərgin yaşayan, zəngin yaşayan yeni istedadlarımız qabağa durmalı, böyüməlidir. Şairlik belə bir bədii, fəlsəfi poeziya qüdrəti ilə təsdiq olunur.

Sonuc:
Klassik Doğu ənənəsi: Poeziya – Ruhun harayıdır! Aşiqanə təb, vəcdli ilham – şəxsiyyəti müqəddəs tələblərə qovuşduran!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv