Sayğılı oxucu, saytdan tez-tələsik çıxarılan, başqa cür desək, senzuraya uğrayan yazı budur. Bu, körpə Zəhranı ermənilərin öldürməsi ilə bağlı yazılmış yazıdır. Ancaq hamının yazdığı yazılardan deyil, uğursuz keçmişimizə baxıb uğurlu gələcəyimizi qurmağa yönəlik bir yazıdır. Çoxillik aldanışlarımıza son qoymağa yönəlik yazıdır. Belə yazılar bizdə, demək olar, yazılmır. Ancaq, yazılmalıdır, özü də çox, lap çox yazılmalıdır. Belə yazıları arada mən yazmışam, onlar da senzuradan keçməyib. Yağı güclərə arxalanmaqla qurulan, o arxalanmayla da illərlə ayaqda duran rejimin bu sayaq yazıları yasaqlamasını anlamaq olar, bəs adını “demokrat” qoyanların belə gerçəkçi-uyarıcı yazıları yasaqlamasına nə ad verək?!Yazını tələsmədən oxuyun. Oxuyun, dəyərləndirin. İstəsəniz ələşdirin də, ancaq, obyektiv olmaqla: hansısa qrup, partiya gərəklərindən deyil, ulusal gərəklərdən dəyərlərdirməklə ələşdirin. Burasını da unutmayın: bu yazı son iki yüz ildə yaxın-uzaq yağı güclərin bizi uğratdıqları uğursuzluqların, bitib-tükənməz ağrı-acıların qısaca rentgen yansıtmasıdır. Belə tükənməz uğursuzluqlara, ağrı-acılara başqa bir ulus dözməzdi, biz dözürük… Buna başda duranlarımızın başsızlığımı, başısoyuqluğumu, özgüdükçülük üzündən özgələrinə yarınmaq istəyimi deyək?! Mən demirəm, siz deyin, oxuyun, deyin…
Bu bir kitabdır, son iki yüz ilin balaca, bapbalaca AZƏRBAYCAN KİTABI. Balaca, ancaq bir ulusun böyük ağrılarını yansıdan kitab. (Sondakı p.s.-i yazı saytdan çıxarılandan sonra yazmışam. Sonra acığa düşüb yazının ikincisini də yazmışam, onu da sonra sizə çatdıracam).
Uğurla irəliyə getmək istəyiriksə…
Uğurla irəliyə getmək istəyiriksə, yüz ölçüb, bir biçməyimiz, yaxın-uzaq keçmişdə olanları yetərincə öyrənməyimiz (ola bilənlərə gərəyincə qarşılıq vermək üçün), analiz etməyimiz gərəkir. Öyrənmək, öyrənmək, yenə də öyrənmək: bilib-öyrəndiklərimizə yüklənməklə gələcəyə yönəlmək, gələcəyə yürümək!
“Öncə Vətən”dən daha öncə…
İndilikdə ermənilərlə savaşa başlama çağırışlarını mən düşük düşüncə yiyələrinin çağırışı sayıram. Gizli alış-veriş, Qarabağı vermək, neft-qaz resurslarını böyük güclər arasında pay-püşk etmək sonucunda qurulan, oxşar alver yoluyla uzun illər ayaqda qalan, ölkənin milyardlarını oğurlayıb qırağa daşıyan, total soyğunçuluq yoluyla xalqa diz çökdürən, bununla da qaniçən düşmənə üstünlük qazandıran bir rejimə arxalanmaq, ondan hansısa uğur gözləmək olmaz!
Təpədən dırnağadək korrupsiyalaşmış bir rejimlə yalnız sonu erməni-rus zənginə bağlı böyük itkilərə uğraya bilərik – 2016-nın Aprel döyüşlərində olduğu kimi! Korrupsiya-repressiya, soyğunçuluq-yoxsullaşdırma yoluyla Ölkəni-Dövləti topluma özgələşdirən bir rejimlə hansısa uğur əldə edilməz, ediləməz! O üzdən də çağırışımız ÖNCƏ VƏTƏN yerinə… ÖNCƏ DEMOKRATİK HAKİMİYƏT olmalıdır!!!
Savaş çağırışından öncə düşünmək gərək!
I Pyotr dönəmindən bu yana Azərbaycan coğrafiyasını darmadağın edən, bir yandan birbaşa, bir yandan qaniçən ermənilərin əlilə burada böyük qırğınlar törədən Rusiya ermənilərin öldürdüyü körpə Zəhraya görə… bizi VƏHŞİ adlandırdı. Budur Əliyevlərin çoxillik ermənirusiya yönümlü, antiAzərbaycan siyasətlərinin sonucu!
Rusiya erməni Lavrov-Kələntəryanın dililə bizə “vəhşi” deyir, hamı da Rusiyaya acıqlanır.
Nə tez unutdunuz uzun illərdən bəri bu ölkənin başında duran İ.Əliyevin bizi Rusiyaya VƏHŞİ XALQ olaraq tanıtması faktını? Putinçi jurnalist Solovyov ondan çoxsaylı tutuqlamalarının nədənini soruşurkən İ.Əliyev deyir: “Bizim camaat belədir, özbaşına buraxsan, aləmi qatıb-qarışdıracaq, gərək onların üstündə sərt kontrol olsun. Onları tutub içəri atmaq, qorxutmaq lazımdır”. Baxın, elə bil danışan dövlət başçısı deyil, əliyevçi türmə rəisidir, nadzordur! İndi gedin belə bir dövlət başçısını ermənilərlə savaşa çağırın!
Zəhram lay-lay, balam lay-lay!!!
Körpə Zəhranı ermənilərin öldürməyinə qarşılıq olaraq ATƏT adında yararsız qurum üzünü bizə tutub dedi: “Əməliyatları dayandırın!” Bax, belə: qoyun xristian ermənilər sizi öldürsünlər, siz sizdən olmayan hakimiyətin sözünə baxıb susun!
Gerçək dini-inancı olmayan AZĞIN erməniliyi xristianlıq dəyərinə dönüşdürmə gəlişmələrinə baxaq. Knyaz G.A.Potyomkin II Yekaterinaya yazırdı (19 may 1783-cü il): “Olanaq yarandıqca Qarabağı ermənilərin gözətiminə (nəzarətinə) vermək, bununla da Asiyada bir XRİSTİAN DÖVLƏTİ yaratmaq üçün gərəkənləri etmək gərəkdir”.
Birinci Dünya savaşı dönəmində İngiltərə dış işlər baxanı lord Kerzon tarixə “Kerzon planı” adı ilə düşmüş planla çıxış etmişdi. Kerzon planına görə, TÜRKLƏRİ yox etməklə Türkiyə ilə Azərbaycan arasında ZOLAQ yaradılmalı, sonra da o zolağa XRİSTİAN ermənilər yerləşdirilməli idi. Çox keçmədən Planı olduğu kimi gerçəkləşdirdilər.
1988-ci ildən bu yana Qarabağı su yoluna döndərən parlament spikeri, indi Lordlar Palatası üyəsi Kerolayn Koks Qarabağa hələlik sonuncu gəlişində (28.09.2016) erməniləri daha da qudurdub-quduzlaşdıracaq çıxış etmişdi: “Siz burada XRİSTİANLIĞI qoruma savaşı aparırsız”. Əliyevlər bunları “bilmədikləri” üçün Qarabağın qaytarılması işini Qarabağı erməniləşdirmək planlarının başında duran dövlətlərə tapşırıblar!
Kartları açmamaq gərəyi!
Şeyxülislam Allahşükür Paşazadənin bugünlər səsi çıxmır. Düz eləyir. Rusiya 1999-cu ildə dinc çeçen xalqını qırırkən A.Paşazadə BÜTÜN QAFQAZIN ŞEYXİ olaraq, rusları qınamağa yönəlik şıxış etmişdi. Rusiyanın Azərbaycandakı elçibaşısı A.Bloxin onda sayğılı şeyximizi diplomata yaraşmayan qanacaqsızlıqla biryolluq susdurmuşdu: “Görünür, biz bir sıra kartları açmaqla A.Paşazadənin keçmişinə aydınlıq gətirməliyik”.
“Azərbaycan hakimiyəti niyə susur?”, Azərbaycan hökuməti nədən Rusiyanın bizə vurduğu “vəhşi” damğasına kəskin qarşılıq vermir?”- deyə soranlar bilməlidirlər: Putin “Azərbaycan hökuməti” adına görəv yiyəsi olan bir çoxlarını boşuna ödülləndirməyib, döşlərinə yersiz yerə orden-medal taxmayıb. Adamlar o ödülləri, o orden-medalları gərəkən qulluq yoluyla qazanıblar…
İndi siz istəyirsiz “Azərbaycan hökumətini” oluşduranların kartları açılsın?!
P.S. Bu gün Türkiyə-Güney Azərbaycan-İraq-Suriya sınırlarında Türkləri qırmaqla yeni bir əlaltı dövlət – Kürdüstan yaradılır. Yaradılır yeni bir konflikt ocağı olaraq! Qafqazda erməni terrorizminə arxa durmaqla çağdan çağa Türk sınırlarını daraldan dövlətlər kürd terrorizminə arxa durmaqla indi bunu başqa bir yandan – Orta Doğudan etməkdədir…