Sayğılı xanımlar, sayğılı bəylər, son günlər (yalnız son günlər!) “Azadlıq”ın saytından çıxarılan, başqa cür desək, senzuraya uğrayan! – ikinci yazım budur. Bir daha yazıram: illərlə mənim bu tip yazılarım “Azadlıq” da senzuraya uğrayıb. İllərlə də dözüb susmuşam. Arxasında bir sıra bəlli dövlətlərin dayandığı korrupsiya-repressiya rejimi üzündən ölkədə sosial-ekonomik, politik-ideoloji, mənəvi-psixoloji durum elə bir yerə gəlib çıxıb… daha susmağın yeri yoxdur – bütün gizlinlər (ən azı başlıca gizlinlər) açılıb ortaya qoyulmalıdır.Azərbaycan ölümcül durumdadır: bəlli olduğu kimi, sağalmanın, sağlamlaşmanın birinci ilkəsi DİAQNOZUN DÜZGÜN QOYULMASI, ölüm ayağına gətirib çıxaran nədənlərin bütünlüklə bəlirlənməsidir – belə olmasa, sağlamlığa dönüş olmaz, olamaz! Senzuraya baxmayaraq bu yazıların ardını yazacam. Arada qabaqlar senzuradan keçməyən yazıların it-bata düşməyənlərini də tapıb Feysbuka yerləşdirəcəm. Bunlar düşkün düşüncəli, siyasi sifarişlə işləyən birilərinin dediyi kimi, “antiavropa,” “antiamerika” yazıları deyil, özgüdükçülükdən uzaq olaraq illərlə Demokratiya-Özgürlük-Qanunçuluq çarpışması aparan bir kimsənin sonsuz Azərbaycan sevgisindən qaynaqlanan faktik-analitik gerçəklik yansıtmalarıdır.
ABŞ-ın korrupsiya tərəfdaşlığı!
“Azərbaycan ABŞ-ın çox fəal tərəfdaşıdır”, – bunu ABŞ-ın Bakıdakı baş diplomatı Sekuta deyir. Bilirsiz bu nə deməkdir? Bu, ABŞ-ın Azərbaycanda sonu görünməyən SİYASİ REPRESSİYA faktlarına TÜPÜRMƏSİ deməkdir! Bu, ABŞ-ın Azərbaycanda DEMOKRATİK DƏYƏRLƏRƏ TÜPÜRMƏSİ deməkdir! Bu yalnız bizimlə bağlı fakt deyil: anqlosaks biriliyi (Amerika-İngiltərə) bütün dünyada antidemokratik-korrupsioner rejimlərlə birlikdə olur – ta o rejimlər onların bütün “VER!” istəklərinə “AL!” deyənədək!
ABŞ Əliyevlərdən hələlik istədiklərini bütünlüklə aldığına görə Sekuta Əliyevlərlə aralarındakı “çox fəal tərəfdaşlıqdan” danışır. Bu isə ABŞ-ın DEMOKRATİYANI, Əliyevlərin AZƏRBAYCANIL satması üzərində qurulan ÇOX FƏAL TƏRƏFDAŞLIQDIR!!!
Bizdə bir sıra siyasi çoxbilmişlər ABŞ Konqresində əliyevçi rejimə yönəlik ələşdirmələri HƏLƏ də “Azərbaycanda demokratiyaya doğru daha bir addım” olaraq dəyərləndirməkdədirlər. Yanlış yoldasız, xanımlar, bəylər: ABŞ Konqresində əliyevçi korrupsiya-repressiya-diktatura rejimi ilə bağlı arabir gündəmə gətirilən ələşdirmələr rejim başında duranları qorxutmaqla daha çox nələrsə əldə etmək üçündür. (ABŞ Konqresində Güney Azərbaycanla bağlı sorunun ara-sıra gündəmə gətirilməyi də gerçəkdən Güneyə özgürlük qazandırmaq üçün deyil, molla rejimini basqı altında tutmaqla ondan istədiyini qoparmaq üşündür).
Anqlosaks birliyi illərdir Rusiyanı suç keçisinə çevirərək (“Rusiya etkisi olmasaydı, Azərbaycanı demokratikləşdirərdik”) istədiyini almaqla əliyevçi rejimə arxa durmaqdadır. Mənə inanmayanlar AŞ PA stenoqramlarına baxa bilərlər. O stenoqramlara baxanlar “demokratik” İngiltərə dövlətinin tapşırıqlarını yerinə yetirən ingilis deputatların uzun illərdən bəri antidemokratik putinçi deputatlar, antidemokratik ərdoğançı deputatlarla birgə sonunadək əliyevçi rejimə arxa durduqlarını görə bilərlər.
Biz çoxu yalandan olsa belə, sözügedən üç dövlət arasında qarşılıqlı ayrıntılar, barışmaz qarşıdurmalar olduğunu görürük, ancaq, əliyevçi rejimlə bağlı elə bir qarşıdurma yoxdur. Nədən? Azərbaycanı total korrupsiya-soyğunçuluq axarında çökürdən Əliyevlər hakimiyətinin onlara bir çox baxımlardan, daha çox da GEOPOLİTİK baxımdan ƏLVERİŞLİ olması üzündən! Azərbaycan deyil, ANTİAZƏRBAYCAN xarakterli Əliyevlər hakimiyəti ABŞ başda olmaqla yaxın-uzaq bütün özgüdükçülər üçün olduqca ƏLVERİŞLİ partnyor-TƏRƏFDAŞDIR!
ABŞ-ın ən “neytral” prezidentlərindən olan Barak Obama Kərzay hökuməti ilə bağlı demişdi: “Açıq demək istəyirəm: biz korrupsiya üzündən əfqanların öz liderlərinə inamlarının itməsinə göz yuma bilmərik” Soruşulur: necə olur ABŞ korrupsioner rejim üzündən əfqanların öz liderlərinə inamlarının itməsi görsənişinə göz yuma bilmir, Azərbaycandakı uyğun görsənişə uzun illər göz yumur? Bunun iki başlıca nədəni var: 1) Kərzay ölkəsini sonunadək satan, satacaq liderlərdən deyildi, üstəlik, o, ABŞ-ın Əfqanlstandakı davranışlarını kəsinliklə ələşdirməyə başlamışdı; 2) ortada əfqan xalqının ABŞ-dan üz döndərə biləcəyi qorxusu vardı. Azərbaycanda hələlik belə bir qorxu olmadığından ABŞ Azərbaycanı satan bir rejimlə Azərbaycan adı altında sıx, eləcə də ÇOX FƏAL TƏRƏFDAŞLIQDA bulunmaqdadır!
Ağ evə yaxınlığı ilə tanınan ekspertlərdən biri ABŞ-ın Azərbaycanda baş verənlərə – demokratiyadan bütünlüklə uzaqlaşma, korrupsiya-repressiya görsənişlərinə – göz yumması faktlarına belə aydınlıq gətirir: “ Amerika Azərbaycanda baş verənlərə İrana görə göz yumur”. Ağ evə yaxınlığı ilə tanınan başqa bir ekspert Amerikanın Azərbaycanda baş verənlərə Rusiyaya görə göz yumduğunu bildirir. Sözsüz, bunlar gerçək deyil, ABŞ-ın Azərbaycanla bağlı yürütdüyü politik gerçəyi gizlətmə, ört-basdır etmə çabalarıdır.
Son söz yerinə
Azərbaycanda vəhabilik durmadan yayılmaqdadır. Sözsüz, Əliyevlərin Səudlarla dostluğu bu işdə önəmli rol oynayır. Bəlli olduğu kimi, vəhabilik islam dünyasını içindən dağıtmağa yönəlik ingilis siyasi-ideoloji axımıdır. İngiltərənin keçmiş baş baxanı Toni Bleyer deyir: “Biz vəhabiliyi daha çox yaymaq qərarına gəlmişik”. Demək, vəhabiliyin bu gün Azərbaycanda geniş yayılması üçbucaq xarakterlidir: İngiltərə, Səudiyə Ərəbistanı, Əliyevlər hakimiyəti.
Bəlli olduğu kimi, Ərəbistanda Səudlar hakimiyətini ingilis imperializmi qurub. Səudlar hakimiyətinin uzun sürəli olması da ingilis imperializminin onlara arxa durması faktına bağlıdır. Bildiyimiz kimi, Azərbaycanda Əliyevlər hakimiyətinin qurulmasında, uzun illər ayaqda durmasında başlıca rol oynayan dövlətlərdən biri İngiltərədir…
Azərbaycanda vəhabiliyi geniş yayma siyasətinin arxasında nə dayanır? Səudiyə Ərəbistanı kimi Azərbaycanı da uzun illər əl altında tutmağa-əlaltı dövlətə dönüşdürməyə yönəlik ingilis imperiya siyasəti!
Vəhabilik olan yerdə ulusal (milli) kimlik olmur. İstənilən ulus istər-istəməz ÖZLÜYÜNDƏN daşınaraq ÖZGƏÇİYƏ çevrilir. Ulusun yerini antiulus (millətin yerini antimillət) tutur. Vəhabiliyin daha geniş coğrafiyada yayılması ingilis imperializminin daha geniş coğrafiyada söz yiyəsinə çevrilməsi deməkdir. Bu üzdən də vəhabiliyi daha ÇOX yaymaq ingilis dövləti üçün daha ÇOX aktuallıq qazanmaqdadır. Yeri gəlmişkən, vəhabilik İngiltərə dövləti üçün nə deməkdirsə, gülənçilik də ingilis qardaşı Amerika üçün o deməkdir: ikisi də özümlü düşüncə dəyişikliyi yoluyla özünə gərəkən-özünə yararlı toplum oluşdurur…
Bleyer vəhabiliyi daha çox yaymaq gərəyini gizlətməyib: “Son 20 ildə Britaniya Orta Doğuda bir çox kəskin sorunlarla üzləşib”. Başında vəhabi hökumətinin durduğu Məkkədə həcc ziyarətindən ildə 20 milyard dollardan artıq pul yığılır. Bu üzdən vəhabiliyi daha çox yaymaq üçün pul axtarmağa gərək yoxdur!