Türkiyədə baş verənlər əslində sovetlərin dağılmasından başlayan bir prosesdir

Bu gün Türkiyədəki durum hər kəsin düşüncə sərgilədiyi bir qonuya çevrilib. Toplumda üst-üstə düşən, ya da ziddiyyət təşkil edən baxışlar ortaya qoyulur. Bu və buna oxşar olaylara Asif Ata Ocağının da özünəxas baxışı var. Ocağın baxışı siyasi baxış deyil, fəlsəfi-ruhani baxışdır. Toplumun marağını nəzərə alıb Ocağın Yükümlüsü Soylu Atalıya Türkiyədəki olaylarla bağlı suallarımızı ünvanladıq.
Qeyd edək ki, Soylu Atalının Türkiyəyə, bütövlükdə türkçülüyə yönəlik ciddi düşüncələri var, bununla bağlı onun yazıları mətbuatdan oxuculara yaxşı tanışdır.
Qlobal.az Türkiyədə cərəyan edən son hadisələrlə bağlı Soylu Atalıdan aldığı müsahibəni təqdim edir:

Sual: Soylu bəy, Türkiyədə nələr baş verir?

Cavab: Mən olayları bir ruhaniyyatçı kimi dəyərləndirməyə çalışacam. Mənim münasibətim bilirsiniz ki, politoloji münasibət deyil. Taktiki məqamlar, incəliklər politoloqların işidir. Mən qlobal məqamlara özümün düşündüyüm yöndən toxunuram.
Türkiyədə baş verənlər əslində sovetlərin dağılmasından başlayan bir prosesdir. Bəllidir ki, sovetlər dağılanda bağımsız türk dövlətləri yarandı. Sovetləri dağıdan güclər bunu da öncədən düşünmüşdülər, necə eləmək ki, sovetlər dağılandan sonra bağımsızlıq əldə eləyən türk dövlətləri sonra bir araya gəlib birləşməsin və onların dünyanı yönətmələrinə əngəl olmasın. Daha doğrusu, dünyanı yönətmək gücünü ələ keçirməsin. Təbii, bunlar hamısı öncədən işlənilən, düşünülən planlar idi. Bu gün dünyanı bəlli güc yönətir. Batı, başda ABŞ olmaqla. Yerdə qalan məsələlərin hamısı bu gücün “nizamı” içinə girir. Bütün taktikası da, gedişi də həmin yönətmənin içində özünü göstərir, ondan qırağa çıxa bilmir. Ondan qırağa çıxmaq üçün gərək ayrıca fərqli strategiya mövcud olsun. Bu strategiyanın da arxasında duran, özünə güvənən güclü dövlət olmalıdır.
Bizim düşüncəmizə görə türk birliyinin baş tutması üçün Türkiyənin yönünü dəyişmək gərək idi. Türkiyənin yönətimini dəyişmək gərək idi. Türkiyənin bundan öncəki yönətməsi, söz yox, bizi təmin etmirdi, Atatürkdən sonra çox dəyişikliklərə uğramışdı. Yeni bir nizam gərək idi, daim yenilənməli idi, uğurlu bir düşüncə sistemi, ideoloji baza formalaşdırılmalı idi ki, o nizamla türk birliyi yaransın və qorunsun. Bu olmadı. Bunun üçün ciddi siyasi beyinlər olmalı idi. Siyasi təfəkkürlər olmalı idi. İşləmədilər, ya da ki, zəif işlədilər. Arzu olunan səviyyədə işləmədilər. Ancaq dünyanı yönətən güclər Türkiyəni türk birliyindən ayırmağın yollarını işlədilər. Dünyada yeni bir gücün – Türk Birliyinin baş tutmaması üçün həmin güclər Türkiyənin yönətimini dəyişməli idilər, dəyişdilər də. Bu yönətim də nə olmalı idi? Bizim indi izlədiyimiz yön olmalı idi. Ərdoğan hakimiyyətə gətirildi. Ərdoğan da, bilirsiniz, dinçilik kursu götürdü. Türkiyə dövlətini islam dininin etkisinə gətirmək, belə də demək olar, dini dövlət səviyyəsinə qaldırmaq, dövlət siyasətinin içinə qatmaq. Din dövlət siyasətinin yerinə gətirildi. Ona görə də Türkiyə pis anlamda, dünyadan getdikcə uzaqlaşır.
Dünyanın aparıcı dövlətləri Türkiyənin islamlaşmasını (bir yerə qədər) həm istəyir, həm istəmir. Niyə istəyir, niyə istəmir? İstəyir ona görə ki, onlar yaxşı bilirlər, Atatürk sistemini çökdürməsələr, Türkiyənin gücünə ciddi nüfuz eləmək olmur. Türkiyə ordu dövləti idi. Orduda Batıçı kadrlar olsa da, ümumilikdə dövlətçilik şüuru bir idi, bütöv idi. Ancaq dediyimiz kimi, türk birliyinə əngəl olmaq üçün bağımsızlıq əldə edən türk dövlətləri dünyəvilik, Türkiyə isə dinçilik xətti tutmalı idi. On illərlə ateizm şüuruna köklənən (Sovet quruluşundan ayrılan) türk toplumlarını başlanğıcda Türkiyədən (ideoloji baxımdan) uzaq saxlamağın ən doğru yolu bu idi.
Bəs niyə istəmirlər? Ona görə istəmirlər ki, islam dininə tapınan qaragüruhun onlara qarşı birliyi yaranmasın. Qaragüruhun birliyi də dağıdıcılıq deməkdir. Eyni halda, islamın bu gün, kim hara çəkir-çəksin, etkisi ən çox terror xəttidir. Sadə insanlar arasındakı islamın heç bir mənəvi etkisi yoxdur, əsas etkisi siyasət müstəvisindədir. O da, dediyimiz kimi, ən çox terrorla həyata keçirirlir.
İllərlə bizim gözümüzün qabağında Türkiyəni elə bir duruma gətirdilər ki, dünyəvi dövlət biçimini itirməkdədir. Əgər belə davam eləsə, yaxın gələcəkdə Türkiyə dağıla bilər. Türkiyədə türklük vurulub sıradan çıxarılır. Dinçilik şüuru Türkiyəni məhv olmağa aparır. Bu açıq görünür. Ərəbçilik şüuru türk gücünü bütövləşdirə bilməz. Biz ərəb xalqına qarşı deyilik. Ancaq ərəbçilik şüuruna qarşıyıq. Ərəbçilik şüuru, 1000 ildən çoxdur, bizi bir millət olaraq çökdürməkdədir. Bizim etnik kimliyimizə soxulmaqla milli şüurumuzu sıradan çıxarıb. İndi Türkiyə sürətlə dinçiləşərək milli şüurunu itirir və dağılma təhlükəsi ilə üz-üzə gətirilir.
Bir məsələ də var. Təbii ki, istənilən bir dövlətdə bəlli bir quruluşu, bəlli bir yönətməni dəyişmək üçün ciddi sorunlar ortaya çıxır. Oturuşmuş sistem var. Pisdir, yaxşıdır, söhbət ondan getmir, əsas odur ki, bəlli bir yönətmə, bəlli bir nizam formalaşıbdır. Bunu dəyişəndə xaos, anarxiya qaçılmaz olur. Qırğın, qan-qada, ölüm halları qaçılmaz olur. Ərdoğan da öncəki kursu, siyasəti dəyişir. Öncəki quruluşu dəyişir. Dəyişdikcə də öncəki kursun daşıyıcıları tutuqlanır, məhv edilir. Bununla da xalqın həyatında ciddi zərərlər meydana çıxır. Dediyimiz kimi, oturuşmuş bir quruluş tamamilə dəyişir axı. Özü də antimilli yöndə dəyişir. Həm də qıraqdan basqılar var. Dışarıdan etkilər var. Ona görə də içəridə hakim təbəqə başlayır oyunlar oynamağa. Bu oyunları elə qururlar ki, toplumun diqqətini yayındıra bilsinlər. Aldada bilsinlər. Siyasət həmişə belə olub. Çox təəssüf ki, dövlətin başında duranlar həmişə xalqı oynadıb, aldadıb. Ona görə bunların sözdə dediyi bir şey olur, alt qatda gördüyü işlər başqa şey. Üzdə bunlar guya demokratiyanı qoruyurlar. Guya Türkiyənin bütövlüyünü qoruyurlar. Guya dışarıdan Türkiyəni parçalamağa çalışırlar, bu iqtidar da dişlə-dırnaqla onu qoruyur. Elə şey yoxdur. F.Gülən faktına dayanırlar. Bu məsələ ilə bağlı çox informasiyalar var, bilinənləri danışmaq istəmirəm. F.Gülən Ərdoğanla eyni cəbhədə olub. Onların sonrakı çağlarda yolları ayrılsa da, öncədən hədəfləri bir olub. Bunlardan ikincisi hakimiyyətə gələndən sonra bölüşə bilməyiblər, bunun incəliklərini siyasətçilər çözər, bunu mən çözmək istəmirəm. Bütün bunlar hamısı Türkiyənin içini qarışdırmaqdadır. Ərdoğan da, Gülən də özlərinin ambisiyaları üçün Türkiyədə hər şeyi qurban verməyə hazırdılar. Ərdoğan Atatürk sistemini çökdürmək yönündə “islahatlar” aparır. Ordu tamamilə əl buyuruqçusuna çevrilib. Ordunun başında duranlar bağımsız şəxslər deyillər. Onlar bağımsız qərarlar verməyə də qorxurlar. Demirəm ki, onlar siyasi qərar versinlər. Məsələ onda deyil. Məsələ ondadır ki, öncələr dövlətçiliyə qarşı çıxanlar, dünyəvi dövlət quruluşunu dəyişmək istəyənlər ordudan çəkinirdilər. Bu sistemi Atatürk düşünmüşdü. Atatürk yaxşı bilirdi ki, Türkiyə doğu (şərq) dövlətidir. Ərəblərlə yörələnib. Toplum İslam dininin daşıyıcısıdır. Ona görə Türkiyənin içində gec və ya tez başqa meyillər baş qaldıra bilər. Yenidən dünyəvilik sual altına düşə bilər. Ona görə orduya bəlli imtiyazlar verilmişdi. İndi bunların hamısı dağılmaqdadır.

 Sual: Soylu bəy, bəs ordunun qanunla seçilmiş hakimiyyətə müdaxilə eləməyi, onun hansısa qərarlarına təpki göstərməyi nə qədər doğrudur? Həm də indi Atatürkün zamanındakı siyasi tələblər kifayət qədər dəyişib. 80 milyon xalqın seçdiyi prezidenti ordunun devirməyi nə dərəcədə doğrudur?

Cavab: Birincisi, prezidenti ordunun devirmək planı yoxdur ortada. Bu plan ordunun olsaydı, işi başa çatdırardı. İkincisi, mən demirəm ki, Türkiyədə çevriliş olmalıdır. Çevrilişsiz görüləsi çox işlər var. Biz deyirik dövlətin başında durub dünyəviliyi dəyişənlərin ordudan çəkinməsi gərək idi.
Bir də xalqın seçməsi məsələsinə toxunaq. Mənim Türkiyə toplumunu aşağılamaq fikrim yoxdur. Mən Türkiyəni Azərbaycan qədər sevmişəm, indi də sevirəm. Bundan sonra da sevəcəm. Çünkü Türkiyə bizim dayağımızdır, etnik doğmamızdır, onun hakimiyyətində kimin olmasından asılı olmayaraq. Biz Türkiyə ilə bir çox məsələlərdə iç-içəyik. Ancaq həqiqət var, gerçəklik var. Gerçəklik nədən ibarətdir? Bax, gəlin götürək Azərbaycanımızı. Azərbaycan toplumu bu gün elə bir duruma gətirilib ki, ən ibtidai hüququnu qoruya bilmir, əzilir. Məmurlar bu toplumu aldadır, əzir, soyur, talayır, rüşvət-filan, hamısını bilirsiniz. Bunları deməyə, açmağa gərək yoxdur. Bunu toparlayan, koordinasiya edən, maarifləndirən, şüurunu böyüdən bir qurum, bir qüvvə, bir siyasi təşkilat da yoxdur. Ona görə hər şey dağınıqdır. Yaxşı, seçdi, ya seçmədi, ya sənin adından bülletenlər atıldı, bu hakimiyyəti də Azərbaycan toplumu seçən görünür, deyirik ki, saxtakarlıq-filan var. Türkiyədə deyək ki, bunun kimi deyil. Ancaq gəlin görək Türkiyə toplumu özü nə dərəcədə yetkin toplumdur? Nə dərəcədə gələcəyə ayıq baxan, nə dərəcədə dünyanın nizamını, gedişini dərk eləyən toplumdur?! Səs verən çoxluğu nəzərədə tuturam. Üzdəki aktiv kəsimi demirəm. Kütləni aldatmaq asandır axı. Ərdoğan çox güclü oratordur. O yaxşı manevrlər bacarır. Siz onun çıxışlarını yığın zaman-zaman, yığıb qoyurlar da indi, sosial şəbəkələrdə yayımlayırlar. Burda dediyi söz başqadır, orda dediyi söz başqa. Hamısı bir-birini inkar edə-edə gedir. Hamısı bir-birinə ziddir. Yəni nə deyirsə məqama hesablayır fikirlərini. Sadəcə olaraq, toplumu aldada bilir. Ən əsası toplumun inanc duyğusunu ələ keçirib. Mən sizə bir şey deyim. Bilirsiniz ki, bəşər inamsız yaşaya bilməz. İnam insanın içsəl ehtiyacıdır. Ancaq gərək bu inam həqiqətlə bir olsun. Həqiqət yönlü olsun, yalana bağlı olmasın. Xurafata, cəhalətə, geriliyə bağlı olmasın. Min ildir izlənilən bir şey var, din xurafata bağlıdır, cəhalət, gerilik yaradır. Din qabaqcıllıq yaratmır, yaratmayıb. Min ildir biz izləyirik, görürük ki, din ən elementar mərifət, mədəniyyət sistemini də qoruyub saxlaya bilməyib. Baxın, biz doğu xalqlarıyıq. Müqəddəsliyə ehtiyacı olan xalqlarıq. İnanca ehtiyacı olan xalqıq. Türkiyədə də onun kimi. Bu ehtiyacdan sui-istifadə eləyirlər. Ərdoğan xalqın inanc duyğusundan istifadə edib bütün siyasətini onun üzərində qurur. Ona görə toplumu ələ ala bilir. Bir az da ona dışarıdan bəlli qüvvələrin zaman-zaman ekonomik cəhətdən yardımları oldu, Türkiyədə onun hakimiyyəti oturuşsun deyə. Hələ mən onu demirəm ki, bu gün Türkiyənin ekonomik durumu da ürəkaçan deyil. Ancaq çox güclü aldatma halı var. Bilirsinizmi, xalqı xalq üçün aldatmaq olar. Bunu Ocaq baxımından demirəm, Ocaq baxımından doğru deyil. Ancaq indiki gediş baxımından deyirəm, xalqı xalq üçün aldatmaq olar, xalqı başqa şey üçün aldatmaq olmaz. Ərdoğan xalqı özü üçün aldadır. Bilirsinizmi, xalq ona səs verirsə, o toxunulmazdır demək doğru deyil. Yenə vurğu edirəm, demirəm ki, mütləq qiyam olsun, mütləq çevriliş olsun, Türkiyəyə kim arzulayar belə şeyi?! Heç Azərbaycana da mən arzulamıram. Sivil, doğru mübarizə ortaya gəlməlidir. Sivil, doğru mübarizə əsasında xalq düzgün maarifləndirilməlidir. Düzgün yönəldilməlidir ki, xalq bilsin onun yönü haradır. Bunun zərəri nədir, xeyri nədir. Bunu hara aparırlar, hara yönəldirlər. Bu dediklərimiz yoxdur deyə, xalq küyə düşüb, uçuruma gedir. Xəbəri yoxdur ki, uçuruma gedir, elə bilir elə doğru yol budur. Ən əsası Türkiyə toplumunun seçiminin doğru olmamasını bir də nə ilə əsaslandırmaq olar? Bütün dünya çapında bəşər tarixində dünya düşünərləri, araşdırıcıları bu qənaətə gəliblər ki, on böyük şəxsiyyətdən biri Atatürkdür. Atatürk çox böyük addımlar atdı. Çox böyük quruculuq elədi. Çox böyük sistem yaratdı, islahatlar apardı və dünyəvi bir Türkiyə Cümhuriyyəti yaratdı. Demirəm ki, Atatürkün prinsipləri bu gün də mütləq ölçüdür. Yox, gəlişmə, inkişaf olmalıdır. Ancaq Türkiyəni xilas eləmək üçün Osmanlı xarabalıqları üzərində Türkiyə yaratmaq və onu qorumaq üçün doğru düşünülmüş addımlar idi çağında. Bu gün Türkiyə toplumu sürətlə mütiləşməyə, məscidləşməyə gedir, bu arada getdikcə Atatürkə qarşı nifrət duyğusu genişləndirilir, Atatürkə qarşı mövqelər formalaşmağa başlayır. Baxın, söhbət bundan gedir. Məsələ bundadır. Yoxsa Atatürk çağında qalmayıb gəlişmək İslam şüuruna qayıtmaq demək deyil ki. Yaxşı, Atatürk sistemi bu gün uyğun deyilsə, geriyə niyə qayıtmalıdırlar, məgər İslamı dövlət siyasətinə gətirmək qabaqcıllıqdır?!

Sual: Soylu bəy, Atatürkün vaxtı ilə türk xalqı üçün, Türkiyə dövləti üçün yaratdığı, qoyduğu ordu da müəyyən mənada xalqın iradəsini əks etdirmir. Müasir Türkiyə ordusuna Batıdan – NATO-dan gələn fikirlər var, etki var. İndi orda həbs olunan generallardan elələri var ki, ABŞ-da, Pentaqonda vaxtilə mübadilə keçmiş generallardır. Yəni belə götürəndə Atatürkün yaratdığı ordu da tam olaraq türk xalqının marağına xidmət etmir…

Cavab: O dediyiniz Atatürkün yaratdığı ordu deyil, Atatürkdən sonrakıların nəzarətdən çıxardıqları ordudur. Bununla belə, məsələ fərqlidir. Nə qədər ki, Sovetlər mövcud idi, Türkiyə məcburdu Batının yanında yer alsın. Çünkü bağımsız olaraq qala bilmirdi. Basqı vardı. Həm də Türkiyənin özü də SSRİ-nin basqısı altına düşə bilərdi. SSRİ respublikalarından birinə çevrilə bilərdi. Bunların olmaması üçün o vaxt Türkiyə Batının yanında yer almağa başladı. Batı da bundan istifadə edib zaman-zaman Türkiyənin içində oturuşmağa başladı. Həm özü üçün, həm də guya Türkiyə üçün ki, SSRİ-dən gələn, gözlənilə bilən basqılardan qorunsunlar. Belə deyək, sığortalansınlar. Ona görə də Türkiyə NATO-nun üzvü oldu, ordu NATO prinsipləri üzərində quruldu, NATO standartları ilə eyitimləndirildi. Bunların hamısı elə-belə eyitimləndirilmir, həm də bəlli səviyyədə onlara ideoloji şüur yüklənir. Bunlar doğrudur. Ancaq məsələ nədədir? Bu deyilənlər əsas vermir ki, Türkiyəni islam basqısına alasan, xalqı Atatürkə qarşı çevirəsən və ordunu Ərdoğançı duruma gətirib çıxarasan. İslahat aparmaq o deyil axı. Əgər doğru kurs götürüb islahat aparsaydı, yönətimi milliləşdirsəydi, bu, alqışa layiq olardı. Ərdoğanın milliliklə işi yoxdur. Ərdoğan türklüyü silir, yalançı Türkiyəçilik yaradır. Bunlar hamısı göz qabağındadır. Biz demirik milli gəlişimi şovinist, imperialist bir düşüncə ilə eyniləşdirəsən. Milli gəlişim şovinizm qəlibinə girmir, nə də imperializm qəlibinə girmir. Ondan daha yüksəkdir və əsaslıdır. Eyni halda bəşəridir. Bütün bunlar olmadığına görə öncəki yönətim (Atatürk çağını demirik, Ərdoğana qədərkini deyirik) Türkiyə üçün indikindən daha önəmli idi. Ərdoğançı ordu sistemi daha təhlükəli ordu sistemi olacaq. Onun imtiyazlarına, onun neoosmançılıq istəklərinə bağlı olacaq. Ona qulluq edəcək. Bu da Türkiyəni sivil dünyadan təcrid edəcək. Türkiyənin üzərinə daha böyük basqılar gələcək. Türkiyənin parçalanma gedişi sürətlənəcək.

Sual: Bəziləri Türkiyədə baş verən son hadisələri iki mollanın hakimiyyət savaşına bənzədir.

Cavab: Belə götürəndə bu arqument də doğru arqumentdir. Yəni bir sıra gedişlər Ərdoğanla F.Gülənin münasibətlərindən qaynaqlanır. Ancaq məsələ təkcə bu iki mollanın məsələsi deyil. Bu mollalar bağımsız deyil heç biri. Bunların arxasında bəlli qüvvələr var. Burda həmin qüvvələrin maraqları təmin olunur. Bu da Batının Ortadoğu projesinin tərkib hissəsidir. İstər F.Gülən xətti, istər Ərdoğanın xətti. Sadəcə Ərdoğanın xətti daha çox özünə yönəldiyinə görə durum bir az fərqli görünür. Ancaq yenə deyirəm, unutmaq olmaz ki, bunların arxasında bəlli planlar, proqramlar işləyir.

Sual: ABŞ-ın F.Güləni Türkiyəyə verməməkdə məqsədi doğrudanmı insan hüquqlarının prinsiplərindən irəli gəlir?

Cavab: Yox, ABŞ-ın heç vaxt insan hüquqları adlı məqsədi olmayıb. Özümüzü aldatmayaq. İnsan hüquqları ABŞ-da formaldır. Çox üzdədir. Dərinliklərə işləməyib. İşləmir. Çünkü ABŞ-ın daim dünya ağalığı iddiası olub, onu sürdürür. Bütün hüquqlar, haqlar, hər şey onun məqsədlərinə qulluq edir. Burada da yenə F.Gülən onun üçün insan hüququ məsələsi deyil. Onun özünün çıxarlarıdır, maraqlarıdır. Ancaq bizim üçün nə önəmi var, istər F.Gülən, istər Ərdoğan, hər ikisi antitürkiyə mövqeli oyunçulardır.

Sual: Türkiyədə son hadisələrdən sonra 2 mindən çox məktəb-müəəssisə bağlanıb. Bunların F.Gülənə bağlı olduğunu deyirlər. Sizcə, bu addım Türkiyəni qorumaqdırmı, başqa sözlə, bu addım Türkiyə təhsilinə xeyirdirmi?

Cavab: Bu böyük zərbədir. Hansı səbəbdən baş verir-versin, nə ad verirsən ver, bu, Ərdoğan eqoizminin antitürkiyə yönüdür. Məktəbləri bağlamaq yox, öyrətmənlərin şüuruna etki göstərmək gərəkdir. Onları eyitimləyib düşüncəsini dəyişmək gərəkdir. Axı bəlli bir təhsil sistemi var. Təhsil sisteminin ortaya qoyduğu proqram var. Məktəblərdə o proqram öyrədilir. Dövlətin də nəzarəti var. Hansı öyrətmən proqramı düzgün öyrətmir, qanunla onu cəzalandır. Yoxsa məktəbləri qapa, bu nə deməkdir?! Bu çox kobud yanlışlıqdır.

Sual: Türkiyənin taleyi həll olunur. Bizim cəmiyyətdə sadə insanlardan tutmuş ictimai çəkiyə malik insanların hamısı Türkiyədəki olaylara mətbuatda, sosial şəbəkələrdə münasibət bildirir. Ancaq Türkiyədə elə deyil, cəmiyyət çox rahat görünür. Türk ziyalıları, ictimai-siyasi sferada olan insanlar bu məsələyə geniş formada münasibət bildirmirlər. Yoxsa bu reaksiya cəmiyyətimizin intuitivliyindən irəli gəlir?

Cavab: Yox, Türkiyədən yazanlar, münasibət bildirənlər də az deyil. Azərbaycana gəlincə, məsələ o deyil, məncə. Azərbaycanın aktiv toplumunun Türkiyəyə münasibəti getdikcə, birtəhər çıxmasın, Türkiyəlilərin özündən az deyil, yaxşı anlamda. Hər kəs sanki anlamağa başlayıb ki, Türkiyə bizim üçün, doğrudan da, özünüqoruma sipəridir. Ona görə Türkiyədə baş verən olaylar hər kəsi rahatsız edir. Hər kəs də buna yönəlik münasibət sərgiləyir, əsəblər tarıma çəkilir, gərginliklər yaşanır. İki cəbhə formalaşıb Azərbaycanın özündə də. Biri Ərdoğana meyilli insanlar, biri də Ərdoğana qarşı olanlar. Hər ikisi hesab edir ki, Türkiyənin mövqeyini dəstəkləyir. Mən ikinci kəsimə üstünlük verirəm – Ərdoğanın yürütdüyü siyasəti rədd edənlərə. Eyni halda, təbii ki, onlar da çevrilişi, dağıntıları alqışlamırlar. İnsan ölümünü heç kim arzulamır. Ancaq Ərdoğanı da dışlayırlar, doğru eləyirlər. Türkiyənin özündə isə məsələ bir az mürəkkəbdir. Niyə? Bu gün Ərdoğan elə bir durum yaradıb, sanki pusquda duran ovçu rolunu oynayır. Bu məsələləri ortaya çıxarmaqla ona qarşı olan qüvvələri zərərsizləşdirib tutuqlayır, cəzalandırır. İnsanlar Ərdoğanın kəmfürsət olduğunu bilir. Ayağa qalxıb söz desələr, Türkiyənin mövqeyini dəstəkləyən fikir yürütsələr, onları da “Fətullahçı” sayıb içəri dolduracaqlar. Onları da qiyamçıların gözünə qatacaqlar. Ona görə ciddi ehtiyatlılıq yaranıbdır. Əlbəttə, bu ehtiyatlılığı alqışlamıram. Toplum səfərbər olunmalıdır, Türkiyənin taleyi həll olunur. Susqunluğu alqışlamıram, ancaq durumun nədən ibarət olduğunu izləyib deyirəm. İnsanlar ona görə bir az gözləmə mövqeyi seçib ki, bu duman çəkilsin. Ondan sonra Ərdoğanın xəttinə münasibət bildirsinlər.

İstənilən halda, Ərdoğan heç də F. Gülənçi ovuna çıxmayıb təkcə. F. Gülən məsələsi onun üçün əsas təhlükə deyil, əsas təhlükə Atatürkçü sistemdir. Atatürkçü sistemdə olan insanlardır. Bu insanlar Ərdoğanın neoosmançılıq istəklərinə əngəl olurlar. Dünyəviliyin yanlısıdırlar. Ona görə hakimiyyətdəkilər bu olayların içində hay-həşir yaradırlar, kütlənin emosiyalarını qızışdırıb ayağa qaldırılar, küçələrə tökürlər ki, Atatürkçülərə də “yerlərini” göstərsinlər. Deməli, həm Gülənçiləri, həm də Atatürkçüləri birgə vururlar. Bu da bir repressiyadır. Ancaq Gülənçilərlə Atatürkçülərin ortaq ideyaları, hədəfləri yoxdur.

Sual: ANS televiziyasının fəaliyyəti Fətullah Güləndən müsahibə aldığı üçün MTRŞ tərəfindən 1 aylıq dayandırıldı. Bu ayın 29-da məhkəmə qərarı olacaq, ola bilsin ki, ANS-in lisenziyası ləğv edilsin. Ümumiyyətlə, ANS-in bu məsələdə rolu, bağlanmağı, buna münasibətiniz necədir?

Cavab: Doğrusu, bu məsələni mən dərindən bilmirəm, çoxluq kimi mətbuatdan, sosial şəbəkələrdən izlədiklərimizdir. Bəlli olan odur ki, ANS Azərbaycan hakimiyyəti üçün “nala-mıxa” vuran bir qurumdur. Ancaq təkcə hakimiyyət üçün deyil, toplum üçün də “nala-mıxa” vurur.
Bu qurumla bağlı gümanlarla danışmaq istəmirəm. Açığı, iki ildir heç bu televiziyanı izləmirəm.

Sual: Soylu bəy, son olaraq iyul ayının 20-də Respublika prezidenti Qızıl Şərq hərbi şəhərciyində yerləşən bina və tikililərin H.Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən aerodromun bir hissəsini TUSİAK qüvvələrinə ayırmaq haqqında protokol təsdiq elədi. Bu, türk ordusunun Azərbaycana gəlişidir, yoxsa hansısa bilinməyən bir hadisənin önlənməsi üçün olan tədbirdir?

Cavab: Türkiyə ordusunun Azərbaycanda kontingentinin olması qürurvericidir. Ancaq Ərdoğanın yürütdüyü siyasət baş-ayaqdır. Çox ola bilər ki, bəzi istəklərini başa çatdırmasına əngəl olmasın deyə, bəri başdan, Batıya qarşı bir jestdir. Azərbaycanı da öz arxasınca aparıb Rusiya ilə birgə hərəkət edəcəyi görsənişi yaradır. Yoxsa Rusiya buna loyal yanaşmazdı.
Bu sualın cavabı da məni aşan məsələdir. Politoloqların çözəcəyi bir sualdır. Bu haqda ciddi düşünməmişəm.

(müsahibəni qlobal.az götürmüşdür.)

23 iyul, 2016.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv