Bizi – Yer üzünün böyükləri, bəlirlənmişləri olan Türkləri – imperialist politikalar bu yerə gətirib çıxarıblar: Amerikada, Avropada, Afrikada, Asiyada. Dar coğrafiyada desək, Çində, Suriyada, İraqda, İranda, Türkiyədə, Qafqazda – Azərbaycanda. Bizimki indi bütün dünyaya üz tutub car çəkməyə qalıb: Haray, haray, mən Türkəm!
Hə, yaxın-uzaq imperialist politikalar bizi bu yerə gətirib çıxarıb. Böyüklər bir yana, indi cırtdan topluluqlar da bizim varlığımızı – Türk varlığımızı danmağa qalxışır. Nədən qorxurlar? Dünyalarca ünlü keçmişimizdən! İçdən də varlığımızı danmağa çalışanlar var, dışdan da. İçimizdəkilər başlıca olaraq dışdakı yağılarımızın əlaltı uzantılarıdır.
Azərbaycandakı Türkə yağı gəlişmələr özünü başlıca olaraq bəlli separatizm axarında göstərməkdədir. Bu, başlıca olaraq fars İranından, Rusiyadan, ermənilikdən qaynaqlanan, güc alan, getdikcə açıq xarakter daşıyan, necə olur olsun Azərbaycanı bir daha bölüb-parçalamağa yönəlik separatizmdir. İndi bu separatizmin Avropada da özünə dayaqlar yaratdığı görünməkdədir. Azərbaycanın birliyinə, bütövlüyünə qarşı çox geniş çevrədə iş aparan bəlli separatizm daşıyıcıları özlərini min illərlə qanadı altında böyük dinclik içində yaşadıqları Türklərə qarşı qoymaq, Türkləri aparteid (irq ayrı-seçkiliyi) politikaları yürütməkdə suçlama çalışmalarında bulunmaqdadırlar. Min illər boyunca irq ayrı-seçkiliyi tanımayan Türkləri bu satılmışlar indi dünyaya irqçi kimi tanıtmağa çalışırlar. Bunların başlıca sponsor-ağaları kimlərdir: farslar, ruslar, ermənilər. Fars, rus, erməni arxalığında bunlar Azərbaycanı bölüb-parçalamağa çalışırlar.
Ortada iki başlıca metod var: 1) Türkün varlığını danma; 2)Türklərin gəlmə olduqlarını doğrulamağa çalışma. Birinci başlıca olaraq yaxın-uzaq imperialist güclərin yararlandıqları metod, ikinci daha çox separatçı-əlaltıların yararlandıqları metoddur. Farslarla ruslar bizim Türklüyümüzü danmağa, danmaqla unutdurmağa, bu yolla bizi başqalaşdırmağa çalışırkən, onlara əlaltılıq edənlər bizim gəlmə olduğumuzu qabartmağa, bu yolla əski yer-yurd hüquqlarımıza yiyələnməyə çalışırlar. Beləliklə, onlar özlərini “avtoxton”, bizi “gəlmə” adlandırırlar. Onların Feysbukda necə aktiv olduqları, Türklərə qarşı necə aqressivlik sərgilədikləri, demək olar, gündəlik, görsənişlərdəndir. Onların bir çoxuyla mənim aramda öcəşmə-polemikalar olub. Onlar fakt tanımır, arqument saymırlar. Fakt, arqument qarşısında əliyalın qalmaqla onlar sənə “millətçi-pantürkist” damğası vurur, Türklüyü söyüb-yamanlamağa girişirlər. Mən indiyədək çox belələrini (separatçı-əlaltıları) bloka atmışam. Fakta, arqumentə sayğısız olanlarla, adam kimi polemika qanacağı olmayanlarla davranışın hələlik bundan yönlü yolu yoxdur…
Birisi “kitab” yazır, Azərbaycanda ən əski çağlardan talışların yaşadığını, Türklərin buralara sonradan gəldiklərini (XI-XII yüzilliklərdən), gəlib avtoxton xalqı – talışları – asimilyasiyaya uğratdıqlarını yazır. Bu isə bütünlüklə uydurmadır, yalandır: min illər boyunca dünyaya ağalıq edən Türklərin hansısa xalqı güclə asimilyasiya etməsi faktı yoxdur.
Bugünlərdə tarixçi Dilavər Əzimlinin yazdıqlarını yalana çıxarmağa çalışan tipik bir separatçı yazırdı: “Mən yüzlərlə kitab oxumuşam (onlar mənim kitabxanamdadır), o kitabların hamısında Türklərin Azərbaycana XI-XII əsrlərdə gəldikləri yazılıb”. Birincisi, yaxşı olardı o adam dediyi kitablardan çox demirəm, üçünün, beşinin adını çəkəydi, görəydik onlar nə kitablardı, onları yazanlar kimlərdi. İkincisi, Türk tarixi ilə bağlı bir çox yalançı tarixyazmalardan çıxış edən L.N.Qumilyov deyirdi: “Tarixi yalnız yağıların yazdıqlarından öyrənmək olmaz”. Biz də Qumilyovun bu buyruğundan çıxış edərək deyirik: “Türk tarixini yalnız Türkə yağı olanların yazdıqlarından öyrənənlər Türkü yağı gözündə görənlərdir”.
Dilavər Əzimli də, bir sıra başqaları da Azərbaycanda Türklərin əski çağlardan yaşadıqlarını göstərən faktlar gətirməklə separatçı düşərgəni susdurmağa çalışırlar. Separatizm fakt-arqument tanımadığından onların bütün faktları “boşa” çıxır. Mən burada düşüncəsi durdurulmuş, başı antiTürk ideologiyası ilə doldurulmuş separatçılar üçün deyil, gerçəyi bilib-anlamağa çalşan oxucularımız üçün iki fakt göstərirəm: 1) VII yüzilliyə bağlı, bütöv Azərbaycan coğrafiyasını qapsayan TÜRKDİLLİ “Dədəm Qorqudun bitiyi” faktoru; 2) akademik Ziya Bünyadovun ”Azərbaycan VII-IX əsrlərdə” kitabından bircə fraza: “Azərbaycanda məskunlaşdırılmış ərəblər öz ana dilini və mədəniyyətini tədriclə unudub, yerli əhaliyə qarışaraq türkləşirdilər” (s.131-171). Çox ilginc bir görsəniş: görəsən, Z.Bünyadov nəyə görə VII-IX yüzillklər arasında Azərbaycanda yerləşdirilən ərəblərin talışlaşdıqlarını deyil, TÜRKLƏŞDİKLƏRİNİ yazır? Axı, separatçıların dirənişinə görə Türklər Azərbaycana XI—XII yüzilliklərdə gəliblər. Türklərin Azərbaycana gəlmələrindən öncə ərəblər necə TÜRKLƏŞƏ bilərdilər? Mən bu işə mat qalmışam!
Hə, nə deyirsiz, bəlkə, Xaliq Bahadıra vurduğunuz damğadan (“millətçi-pantürkist”) ikiqat Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadova da vurasız?!
Alman bilginləri Misirdə apardıqları araşdırmalar sonucunda misirlilərin bir çoxunun, o sıradan, firon Tutanxamonun Qafqazdan getmə Türk olduğunu bəlirləyiblər. Mənim çoxdankı düşüncəmə görə də Qafqaz Türklərin ilkin doğuluş yurdu, Ata ocağı, Ana qucağı – ən əski yaşayış yeridir. Mən Türklərin dünyaya Qafqazdan yayıldığını düşünürəm. 2000-ci illərin başlanğıcında Bakıya gəlmiş doktor-professor (İstanbul universiteti) Müzəffər Tufana: “Məncə, Qafqaz Türklərin Ata yurdu, ən əski yaşayış yerlərindən biridir”, deyəndə onun üzü sevinclə işıqlandı, məni sorğu-suala tutdu. Sən demə, uzun illər Sorbon universitetində işləyən, elə oradaca dövlət doktoru hüququna yiyələnən (bu hüquqa yiyələnən kimsələr dünyanın istənilən universitetində dərs demək statusu qazanırlar) Müzəffər bəyin doktorluq işi Qafqazı Türklərin Ata yurdu sayan bir iş imiş. O üzdən də Sorbondakı ermənilər uzun illər onun doktorluq işini əngəlləməyə çalışıblar. Yalnız uzun-uzadı araşdırmalardan, çalışmalardan sonra Müzəffər bəyin Qafqaz versiyası keçərli olub.
Yüziliklər, minilliklər boyunca Qafqazdan dünyaya Türk yayılmaları – Türk köçləri olub. Uzaq Şotlandiyada Arran adası, Ağdamdakı Şotlanlı yer adı ilə Şotlandiya adlarının uyğunluğu göydəndüşmə deyil. Babəkin satqıncasına ələ verilib şaqqalanmasından sonra qaniçən, pozğun xəlifə Mötəsim belə bir buyqruq vermişdi: “Azərbaycandan köçüb getmək istəyənlərə yardımlar edilsin”. Bununla Mötəsim Azərbaycanda Türklərin sayını bacardıqca azaltmaqla ölkəmizi ərəbləşdirmək istəyirdi. Ancaq, sonucda bunun tərsi oldu: ölkədən uzaq-uzaq yerlərə, başlıca olaraq Avropaya, çoxlu köçlər baş versə də, Türklər ərəbləşmədi, Z.Bünyadovun yazdığı kimi, ərəblər türkləşdi.
Erməni-fars-rus ideologiyasına qapılmaqla Türklüyə qarşı çıxan, Türklüyü tarix boyu etmədiyi aparteid-asimilyasıya görsənişlərində suçlayanlara onların ideoloji söykənəcəklərindən qısaca faktlar göstərmək istəyirəm. Rusların 1828-ci ildən başlayaraq Azərbaycan coğrafiyasında yerləşdirdiyi ermənilər İrəvandan, Göyçə-Zəngəzurdan tutmuş Qarabağadək yerləşdikləri yerlərdə terror, qanlı qırğın yoluyla özlərinə monoetnik bölgə-dövlət yaradıblar.
1925-ci ildə ingilislərin Türk ağalığını devirməklə qurduqları fars hakimiyəti İranın başlıca etnosu olan Türklərlə bağlı uzun illərdən bəri asimilyasiya politikası yürütməkdədir. Burada yalnız şah dönəmində deyil, “İran İslam Respublikası” dönəmində belə, Ana dili yasaqlanmaqla Türklərin varlığı danılıb, danılmaqdadır. İranda min ildən artıq ağalıq edən Türklər özlərinin düşüncə-xarakter özəlliklərinə uyğun olaraq farslara böyük sayğıyla yanaşdılar, Türk dili ilə yanaşı, fars dilini də dövlət düzəyinə qaldırdılar. Bir daha vurğulamaq gərəkir: ingilislərin yardımı ilə 1925-ci ildən İranda hakimiyətə yiyələnən farslar ilk çağlardan indiyədək Türk dilini yasaqlama, Türk varlığını danma politikaları yürütməkdədirlər.
Rusiyaya gəlincə, 1926-cı il sayımına görə, SSRİ-də xalqın say göstəricisi 195, 1989-cu il sayımına görə bu göstərici 128-dir. Göründüyü kimi, ruslar 70 ildə 67 xalqı asimilyasiya edib, yoxa çıxarıblar.
Azərbaycandakı min illəri aşan Türk üstünlüyü ortamında, ən kiçik etnik qruplar belə, indiyədək var olduqları üçün özlərini farsa, rusa, erməniyə deyil, BÖYÜK ÜRƏKLİ, YARANIŞDAN TANRIÇI-HUMANİST, TOLERANT TÜRKƏ borclu bilməlidirlər!