Neçə gün idi nəvəsinin törətdiyi cinayət faktı ilə bağlı hamı Əli Həsəovun nə danışacağını, nə deyəcəyini gözləyirdi. Əli Həsənov uzun susqunluqdan sonra, handan-hana dillənəsi oldu. “Dillənəsi” dedim, nədən? Qırımından göründüyü kimi, o, özbaşına dillənəsi-danışası deyildi (onun hakimiyətdən çəkiləcəyindən danışmağa dəyməz); onu media danışdırdı. Elə onun ilkin sözü də mediaya-jurnalistlərə oldu, incikliyi də mediadan-jurnalistlərdən oldu: “Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüquqi ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyin bir şey yoxdur”.Qanacaqlı adam! Necə gözəl danışıb: qısa, konkret. Di gəl, daşıdığı görəvlər onun geniş danışmasını, ortadakı cinayət faktı ilə bağlı topluma detallı açıqlama verməsini gərəkdirirdi. O isə, demək olar, Ezop dilində danışıb: qısa, üstüörtülü. O kimdir? Qaçqınkomun çoxillik dəyişməz sədri – Yeni Azərbaycan Partiyası sədrinin müavini – baş nazirin müavini. Demək, hökumətin başında duranlardan biri! Medianın-jurnalistlərin, eləcə də toplumun istədiyi kimi danışmaq, gərəkən açıqlama ilə çıxış etmək bu adamın ÜÇQAT görəv borcudur. Ancaq, adam illərdən bəri ÜÇ görəv daşıyır, bu görəvlərin ona korrupsiya yoluyla milyonlar, milyardlar qazandırmaqdan başqa, dövlət önəmli də dəyər daşıdığını, göründüyü kimi, indiyədək bilməyib, bilmir. O dəyərlər xalqa-topluma qulluq dəyərləri, eləcə də xalq-toplum qarşısında, media qarşısında sorunluluq-sorumluluq dəyərləridir. Belə dəyərlər isə, bəlli olduğu kimi, Əli Həsənovların oluşdurduğu diktatura rejimində deyil, demokratik hüquq dövlətində olur!
Qabaqlar 1 milyon qaçqın qarşısında uzun-uzadı, üstəlik, boş-boş danışan Əli Həsənov indi “heç nə danışmaq istəmir”. Niyə danışmaq istəmirsən? Danış, az öncə 36 manatlıq çörəkpuluna qadadığın qaçqınlara yenə “məsləhət” ver: “36 manat az pul deyil, onu alan kimi bazara qaçıb xərcləməyin, yavaş-yavaş xərcləyin – ayın bu başından o başına. İstəsəniz, hələ yığıb artıra da bilərsiz…” Sözsüz, Qaçqınkom Əli Həsəov bunu öz praktikasından bilir: axı, o, aldıqlarını yavaş-yavaş yığa-yığa qabaqca milyonçuya, sonra milyardçıya çevrilib. 200-300 minlik maşınlar (bütövlükdə 3 milyon dollarlıq) kolleksiyası olan nəvəsi Nail də eləcə, babasına baxıb-öyrənməklə Azərbaycanın Bill Geytsinə çevrilib, özü də Astan adında bir əlaltı deputatın dediyi kimi, “Əli Həsənovun nəvəsi həmin gün evində olub”.
Doğru deyir, ayrı harda olmalıydı: evində oturub pultdan yararlanmaqla H.Əliyev prospektində özü kimi birisiylə ötüşürmüş – bax, milyonlar qazanmaq bacarığından başqa, bir də bu bacarığına görə Astan onu Bill Geytsə bənzədib. Necə də gözəl bənzətmədir! Ancaq, görəsən, Astan da, astankimilər də bilirlərmi Bill Geyts özünün İNTELLEKTUAL bacarığından yararlanmaqla qazandığı 100 milyarda yaxın pulun bir çoxunu yoxsullara, topluma yararlı işlərə yönəltdiyindən onun 58 milyard pulu qalıb, o pulu da o, uşaqlarına deyil, öncə yönəltdiyi işlərə yönəltməyi vəsiyət edib. Bilirsiz o, uşaqlaryla bağlı nə deyib: “Mən uşaqlarıma yüksək bilik vermişəm, qoy gedib özləri özlərinə pul qazansınlar”. Qaçqınkom, YAP-da sədr müavini, baş nazirin müavini Əli Həsənov Bill Geytsin vəsiyət qarışıq etdiklərini bilsəydi, bilirsiz nə deyərdi: “Kül sənin başına, adam da öz pulunu özgələrə verər?!” Əli Həsənova da, onun korrupsioner komanda yoldaşlarına da elə gəlir onlar Konstitusiyalı Oğrular olduqlarından əldə etdikləri milyonlardan, milyardlardan başqalarına azacıq da pay düşə bilməz – lap acından küçədə gəbərsə də! Bir yandan düz düşünürlər, axı, o milyonları, milyardları onlara İŞĞAL yoluyla başında durduqları Korrupsiya Dövləti qazandırıb.
Deyir: “hüquqi ölkədə məsuliyyət fərdidir”. Birincisi, bu çoxillik hökumət yetkilisinə anladan gərək: “hüquqi ölkə” deyilən bir anlayış yoxdur, onun dediyi kimi “hüquqi” də yox, HÜQUQ DÖVLƏTİ anlayışı var. Bu isə Əli Həsənovun başda duranlarından olduğu dövlətlə azacıq da bağlılığı olmayan bir anlayışdır. Hüquq dövləti qanunun siyasi hakimiyətdən üstün olduğu, hakimiyətin, toplumun bütün subyektlərinin qanunu sözsüz yerinə yetirdiyi, dövlətin yurddaş qarşısında qanunla sorunluluq (məsuliyət) daşıdığı, hakimiyət institutları ayrı olub qarşılıqlı gözətimlə (gözətim – nəzarət) işləyən, yalnız qanuna bağlı məhkəmə hakimiyəti olan, insanla dövlətin sınırları kəskin sınırlanmış, yurddaş toplumu ilkələri (ilkə – prinsip) geniş yayılmış dövlət deməkdir.
Siz deyin, Əli Həsənovun başda duranlarından olduğu dövlətdə bu göstərilənlərin bircəciyi varmı? Yoxdur! Belə olmasaydı, Əli Həsənov 1 milyon qaçqına dışdan gələn, içdən ayrılan yardımları mənimsəyib bazarlarda satdırmaqla milyonçuya, qaçqınların bildirdiyinə görə, ölkənin dörd bir yanında örüş-otlaqları ələ keçirib minlərlə baş qoyun-quzu, mal-qara yiyəsi fermerə, ölkə içindən ölkə dışınadək bir çox biznes obyektlərinə yiyələnməklə oliqarx-qaçqınkoma çevrilməz, oliqar-partiya-hökumət yetkilisi ola bilməzdi.
Hələ mən qaçqınlar üçün salınan qəsəbələrdən əldə edilən oğurluq milyonları demirəm. Jurnalist araşdırmalarına görə, bu qəsəblərin tikintisi ilə bağlı tenderləri udanlar başlıca olaraq Ə.Həsənovun öz adamlarıdır. Qaçqınların bildirdiyinə görə, qəsəbə evləri bütünlükdə dəyərləndirildiyindən qat-qat baha başa gəlib. Avropalıların qaçqınlara bağışlayıb gedikləri maşınları Ə.Həsənovun oğrun-oğrun necə satdığı da ayrıca araşdırma qonusudur.
Qaçqınlar başda olmaqla milyonlarla adamın işsizlikdən yoxsulluq içində yaşadığı ölkədə Əli Həsənovun 21 yaşlı nəvəsinin “öz fərasəti ilə böyük var-dövlət yiyəsi olduğu” bildirilir. Belə “fərasət” yiyələri yalnız qanunların ayaqlar altına atıldığı, korrupsiyanın DÖVLƏT SİYASƏTİNƏ DÖNÜŞDÜRÜLDÜYÜ ölkələrdə olur. Yeri gəlmişkən, iki başlıca güc qurumu indiki olayla bağlı belə bir açıqlama yayıb: “Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək…” Bu, bütünlüklə yalançı, saxta, xalqı aldatmağa yönəlik bir açıqlamadır. Burada DİN, Prokurorluq Yol polisi funksiyasını yerinə yetirən durumdadır. DİN-nin də, Prokurorluğun da başlıca funksiyası qanunları, qanunçuluğu qorumaqdır – ən yuxarılardan ən aşağılaradək. Parlamentin saxta, Hökumətin saxta, bütövlükdə hakimiyətin saxta yollarla formalaşdırıldığı ölkədə qaçılmaz olaraq BALIQ BAŞDAN iylənir!
ABŞ-ın VI prezidenti C.K.Adams deyir: “Seçkilər bitən yerdə quldarlıq başlayır”. Sizlər seçkiləri bitirməklə, başqa cür desək, saxta-korrupsioner seçkilər yoluyla Azərbaycanı çoxdan başında özünüz durduğunuz quldarlıq ölkəsinə çevirmisiz. O üzdən də KÖKLÜ dəyişikliklər gərəkən yerdə, uzaqbaşı, Yol polisi funksiyasına əl ata bilirsiz – o da yalnız xalqı aldadıb acığını soyutmaq üçün. Sizlər dəyişməsəniz, bu ölkə də dəyişməyəcək!
P.S. Bir ananın dediklərindən: “Oğlumun əsgər gedərək dövlət qarşısında borcunu verməsinə qarşı deyiləm. Ancaq, doğuşuna pulu mən vermişəm, uşaq bağçasına pulu mən vermişəm, məktəbə pulu mən vermişəm, təhsilə pulu mən vermişəm, yeməyinə, geyməyinə, müalicəsinə pulu mən vermişəm: bunların hamısını mən eləmişəm – bu borc hardan yarandı, onu bilmirəm”. Bu yalnız bir ananın deyil, oliqarxiya rejiminə bağlılığı olmayan milyonlarla ananın göz yaşlarına boğulan sızıltısıdır. Nə yazıqlar, indiki oğru-quldur rejimində bu, bu kimi ağrı-acıları duyacaq, sızıltıları anlayacaq bircə kimsə belə yoxdur.
Demək olar, bu ölkə gündə başlıca olaraq 19-21 yaş arasında şəhid verirkən Əli Həsənov deyir: “Ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vura bilər”. Düşmənə sarsıdıcı zərbə vura bilərlər, ancaq vurmurlar. Bunun niyəsini Zərdab İH başçısı Lütvəli Babayev çoxdan deyib: “Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə 20 faiz torpaqlarımız işğal altındadır”. Torpaqlarımızın İŞĞAL altında tutulması, özü də “diqqət və qayğı ilə” tutulması çoxlarının işinə yarayır, o sıradan, Qaçqınkom Əli Həsənovun! Bu oyunun özgə özəlliyi var: xalq itirdikcə, xalqın başında duranlar qazanır…
Xaliq Bahadır. Danış, Əli Həsənov, danış!
Avqust 13th, 2017 admin