Xaliq Bahadır. Qarabağ konflikti “yeni” dünya düzənində

Senzuradan keçməyən daha bir yazı. Xalq, Ölkə, Dövlət oalaraq içdən-dışdan başımıza açılan oyunların belə desək, özətləri. Hələ mən burada müxalifət düşərgəsindəki antiulusal görsənişlərə, o görsənişlərin doğurduğu acınacaqlı sonuclara toxunmamışam. Azərbaycan yüzillərdən bəri içdən-dışdan sürəkli yağı basqıları altındadır. Bizim ölkəmizə – Azərbaycana vermədiyimiz, verə bilmədiyimiz dəyəri (Geopolitik dəyər!) iç-dış yağılar verməklə onu dirçəlməyə, dirçəlib qalxınmağa qoymurlar. Eləcə də yaxın-uzaq yağı güclər Azərbaycanın birliyinin, bütövlüyünün baş tutmaması üçün ardıcıl çalışmalarda bulunur, bu çalışmalar içində gərəkirkən öz aralarındakı  gizli-açıq konfliktləri bir ara arxa plana keçirməyi belə bacarırlar. Ancaq, Azərbaycan müxalifəti, daha doğrusu, müxalifətin başda duranları, uzun illər boyunca başlarından yekə ambisiyalarını yerə qoyub, “Öncə Ölkəm!” deməyi bacarmadılar. Bacarmayacaqlar – Azman Xalq hərəkatını aşıb-daşan ambisiyaları üzündən “partiya” adına marginal qruplara çevirənlər, partiyanı, partiyaya yaxın hansısa strukturları özlərinin ailə biznesinə dönüşdürənlər ÖNCƏ ÖLKƏM ucalığına yüksələ bilməzlər! Bir çox aşamaları aşmaqla biz Böyük, Bütöv, Özgür, Demokratik, Çağdaş Azərbaycan idealına qovuşmalıyıq. Ancaq, o aşamaları aşmaq üçün bizə başını aşdan ayırmağı başaran başlı oğullar – sözün gerçək anlamında Ayrı Azərbaycan yolçuları gərəkdir!

Qarabağ konflikti “yeni” dünya düzənində

(Bu yazı ilk baxışda görünə biləcəyi kimi, Qarabağ konfliktinin çözülməz olduğunu göstərmək üçün deyil, onun ayıq anlayışla, böyük bilgilərlə, dərin düşüncəylə çözülə biləcəyini göstərmək üçündür).
Qarabağ konfliktinin çözümü ilə bağlı illərlə bizdəki bir sıra tanınmış siyasi liderlərin çeşidli çıxışlarını eşitmişik. Onlardan biri belədir: “Pencəyimi çiynimə atıb, gedib Xankəndində oturacam”. Bir çağlar ona çoxları inanmışdl. Adamın bircə dənə ilkəsi vardı: “hakimiyətə gəlsəm”. O, hakimiyətə gəldi. Gəldi, Gəldi, “Qarabağı dinc danışıqlar yoluyla qaytarmaq” adı altında ailəsi, yaxın çevrəsi ilə dünyanı gəzib dolaşdı. Dış jurnalistlər onların o çağlar ən bahalı hotellərdə yaşadıqlarını yazırdılar. Qarabağ konflikti ölkənin neft-qaz resursları ilə birgə Əliyevlər ailəsi üçün hakimiyətə gəlmə, uzun illər hakimiyətdə qalma, Qarabağ kartından yararlanmaqla milyardlara yiyələnmə faktoruna çevrildi. Onlar özlərinin özgüdükçü iç-dış politikaları ilə Qarabağı Azərbaycandan çox, dedikcə çox uzaqlaşdırdılar.
Başqa bir bəlli siyasətçi (müxalifət lideri) ortaya yararlı proqram, gerçək iş qoymadan deyirdi: “Qarabağın azadlığı Təbrizdən keçir”. Bu bir versiyadır, uzaq çözümlü bir versiya. Başqa cür desək, bütöv Azərbaycan versiyası. Bir çağlar Rusiya ilə İngiltərə başda olmaqla böyük dövlətlərin Azərbaycan coğrafiyasında yaratdıqları qondarma “Ermənistan” kimi qondarma “DQR” də Azərbaycanın bütövlüyünə, bütünləşməyinə yol verməmək üçün qurğu gerçəklikləridir. Bu gerçəkliklərə üstün gəlmək üçün bizə olduqca böyük potensial, yüksək diplomatik bacarıq, yeni tipli güclü ordu ilə yanaşı, güclü də yandaşlar gərəkdir. Bunların hamısının başlanğıcı olaraq bizə indiki kimi özgüdükçü bir hakimiyət deyil, bütünlüklə ulusal-demokratik dəyərlərə bağlı hakimiyət gərəkdir. Indilikdə biz bu yolun başlanğıcından da çox-çox uzaqlardayıq. Bu üzdən Qarabağ da bizdən çox-çox uzaqlaşmış durumdadır. Buna görə erməni prezidenti terrorbaşı S.Sərkisyan belə deyir: “Dağlıq Qarabağ erməniləri, bütün dünya bunu istəsə  belə, haçaqsa Azərbaycana birləşməyəcək, Ermənistana birləşəcək, bu alınmasa, ayrıca dövlət olaraq yaşayacaq”. Sərkisyanın, eləcə də başqa ermənilərin belə inamlı olmalarının, inamla danışmalarının arxasında iki başlıca faktor dayanır: 1) Əliyevlərin Azərbaycanı iç-dış politikalar baxımından gücsüz-gələcəksiz duruma uğratmaları; 2) ermənilərin yaxın-uzaq çevrədə geniş arxa-dayaq qazanmaları.

Bəlli xristian-impertialist dövlətlər bir yana, fars İranı, ərəblər başda olmaqla müsəlman dünyası da böyük çoxluqla Azərbaycandan qat-qat artıq ermənilərə, erməniliyə arxa durmaqda, yardımçı olmaqdadır. İndilikdə bizə biranlamlı olaraq ordu gücüylə yardım etmək istəyini ortaya qoyan bir dövlət varsa, o da Pakistandır. Qardaş Türkiyəyə gəlincə, bizim Türkiyədən gözləntilərimiz indiyədək doğrulmayıbsa, Türkiyənin indiki bəlli durumunda bu yöndə düşünməyimizə belə dəyməz. Erməni prezidenti Levon Ter-Petrosyan bir çox illər qabaq demişdi: “Ermənistanın dış politikada ən böyük uğuru Türkiyənin Dağlıq Qarabağ konfliktində neytral qalmasına qarantiya yaratmaq olub”. Bu fakt nədənindən, necəliyindən asılı olmayaraq, Qarabağ konfliktini  Azərbaycanın qardaş Türkiyə ilə birgə uzduzması deməkdir. (Mən bilərəkdən Dağlıq Qarabağ deyil, Qarabağ konflikti yazıram; Rusiya başda olmaqla, böyük güclərin erməniyönlü politikaları üzündən konflikt çoxdan DQ sınırlarından qırağa çıxıb – bu isə Azərbaycanı daha çox yenmək üçün düşünülmüşdar).
Unutqanlığa yol vermədən bəlli bilməyimiz gərəkdir: “Ermənistan”ın sözügedən uğuru erməniliyin təkbaşına çalışmalarına bağlı görsəniş deyil, bu görsənişin arxasında bir sıra böyük dövlətlərin bölgəmizlə bağlı geopolitik güdükləri dayanır. Bunu ABŞ-ın geopolitika uzmanlarından olan Z.Bjezinskinin burada dedikləri bütünlüklə doğrulamış olur: “Türkiyədən Ermənistana qorxu yoxdur, o, (Türkiyə. – X.B.) bütünlüklə ABŞ-ın kontrolunda olub, olacaq”.  Məncə, artıq sözə gərək yoxdur; başlıcası da əlaltı diktator Ərdoğanın Türkiyəni gətirib çıxardığı indiki düşkün durumda!

Sorun suçluları

Dönə-dönə vurğulamaq gərəkir: Qarabağ sorunu ermənilərin Azərbaycana təkbaşına yaratdıqları sorun deyil. (Belə olsaydı, onu çox asanlıqla çözmək olardı).  Ermənilər Qarabağ sorununu bir sıra yaxın-uzaq imperialist güclərə arxalanmaqla, onların yardımlarından yararlanmaqla yaradıblar. Qarabağ sorununun çözülməzliyi birbaşa bu faktora bağlıdır; yaxın-uzaq imperialist dövlətlər Qarabağ sorunundan yararlanmaqla özlərinin Azərbaycana, eləcə də bölgəmizə yönəlik geopolitik çıxarlarını qarantiyalamış olurlar. Erməni işğalındakı Qarabağ Azərbaycan üçün qurğudur, tələdir. Başqa cür desək, erməni işğalındakı Qarabağ böyük dövlətlərin Azərbaycanı əl altında tutma qurğusudur. Rusiya, ABŞ, Britaniya, Fransa, İsrail, fars İranı özlərinin gərəklərinə uyğun olaraq bu qurğudan yararlanan dövlətlərdir. Erməniyönlü ərəbliyi də ortaya çəksək, bizim Qarabağ sorunu ilə bağlı təklənmiş durumumuza yalnız acımaq olar.

Qrantologiya konfliktologiyaları

Özünü konfliktoloq adlandıran Əvəz Həsənovun Feysbukda yekə bir statusu yayılmışdı. Əvəz Həsənov Qarabağı dinc danışıqlar yoluyla qaytarmaq yönündə ermənilərlə apardığı uğurlu polemikalardan, nələrdən danışırdı. Əvəz Həsənovun düşüncəsinə, eləcə də topluma aşıladığına  görə, biz onun çalışmalarını ələşdirməsəydik, o, Qarabağı qaytarmaq yönündə çox böyük uğurlar qazana bilərdi. Bizlər Qarabağı qaytaracaq istənilən kimsənin əllərindən öpərik, ancaq… biz yalana, aldadıcı başqatmalara qarşı çıxır, bunların bizim uğursuzluqlarımızı yalnız dərinləşdirə biləcəyini bəlirləyirik.
Qarabağ sorununu “dinc danışıqlar yoluyla” çözməyə yönəlik girişimlərdə bulunanlara, erməniliklə barışığa çalışanlara yaxşı qrantlar verilir – burası bəllidir. O qrantları çox böyük əliaçıqlıqla paylayan güclər Qarabağ sorununun dinc danışıqlar yoluyla çözülməyəcəyini gözəl bilirlər – burası da bəllidir. Sözsüz, bunu Qarabağ adına qrant alanlar da gözəl bilirlər. Onlar verirlər, bunlar alırlar. Verənlər də aldadırlar, alanlar da aldadırlar. Kimi aldadırlar? Sözsüz, illər ötdükcə Qarabağda daha çox bərkinən terrorçu, aqressor erməniliyi deyil, terrora, aqressiyaya, çoxsaylı qırğınlara, böyük itkilərə uğramış, doğma yurd-yuvasından, dədə-baba ocağından olmuş qaçqınları, onlarla birgə Azərbaycan xalqını aldadırlar.
Qrant qurumlarının arxasında böyük dövlətlər – imperialist güclər dayanır. Dönə-dönə demək, vurğulamaq gərəkir: Qarabağ onların əlində bir tələdir – Azərbaycanı qorxu altında, gücsüz durumda saxlama tələsi! Dəyişməsini istəmədikləri Əliyevlər hakimiyəti də onlara Azərbaycan üçün tələ faktoru olaraq gərəklidir. Bu hakimiyətin korrupsiya-repressiya hakimiyəti olması da, Azərbaycanı içindən yenmək baxımından, sözügedən güclərə olduqca əlverişli, işəyarar faktordur. Burada geopolitik çıxarlar baxımından sözügedən güclər qazanır, korrupsiyanı dövlət politikasına dönüşdürən hakimiyət qazanır, az-çox da qrantoloqlar qazanır. Ermənilərin qazancı tutduqları torpaqlar, ələ keçirdikləri yeraltı-yerüstü var-yatırdır. O var-yatırı onların böyük güclərlə bölüşdüyünü demək, dilə gətirmək artıqdır. Ortada bircə aldadılan, bircə itirən var, o da içdən-dışdan təklənmiş Azərbaycan xalqıdır. Bizim ələşdirmələrimiz, analizlərimiz, anlatmalarımız bu gerçəyin geniş yayılması, bu gerçəyi hamının bilməsi üçündür. Soraqlısan – yaraqlısan, deyiblər.

Sorun sanıqlıları

İmperialist dövlət başçısı, Qarabağ sorununun suçlularından olan M.S.Qorbaçov deyirdi: “Məni ilgiləndirmir torpaq (Dağlıq Qarabağ. – X.B.) tarixən kimin olub, indi kimindir”. Torpağın tarixən Azərbaycanın olması faktı Qorbaçovun erməniyönlü imperiya politikasına uyğun gəlmədiyindən o belə deyirdi. Tarix faktı, özü də çox uzaq olmayan tarix faktı, ortaya çəkilsəydi, imperiya politikası uduzulmuş olurdu. Axı, ermənilər Qarabağa aqressor Rusiyanın əlilə köçürülmüşdü. Özü də elə-belə köçürülməmişdi, aqressor I Pyotrın dililə desək, “basurmanları basqı altında tutmaq” üçün köçürülmüşdü.  Sovet dövləti dağıldı, yerində o imperialist dövlətin imperialist qurucusu olan Rusiya qaldı. Rusiyanın dağılmaz (hələlik dağılmaz) qalması ilə onun saldırqan imperiya politikası da dəyişməz qaldı.
Xalq Cəbhəsinin hakimiyətə gəlişi Qarabağın qaytarılması yönündə bizə bir sıra üstünlüklərlə yanaşı, bir sıra uğurlar da qazandırdı. Ancaq, hakimiyət başında duranların, başlıcası da prezidentin bacarıqsızlığı, birilərinin agenturaya bağlılığı, Heydər Əliyev başda olmaqla revanşistlərin hakimiyətə gəlişinə yol açmaqla bir ildə əldə edilən bütün uğurları alt-üst etdi: Dağlıq Qarabağla yanaşı 7 rayonu itirdik. H.Əliyevin hakimiyətə qaytarılmasında yaxın-uzaq imperialist güclər də böyük rol oynadılar. Onlar tanınmış KQB generalı, Politbüro üyəsi H.Əliyevə özlərinin Azərbaycanla bağlı geopolitik çıxarlarının uzunsürəli qarantı olaraq baxırdılar. Yanılmamışdılar. “Hakimiyətə gəlsəm, pencəyimi çiynimə atıb gedib Xankəndində oturacam” deyən H.Əliyev Bakıda oturub hakimiyətə gətirilmə ilkələrinə uyğun olaraq, ölkənin neft-qaz resurslarını onu hakimiyətə gətirən başlıca güclər arasında bölüşdürməyə uğraşdı. Qarabağın qaytarılması işini isə o, xalqı aldatmaq üçün gərəksiz bir quruma – ATƏT-ə tapşırdı. Beləcə, ATƏT uzun illər “dinc danışıqlar yoluyla” yalandan Qarabağı qaytarma danışıqları aparacaq, Əliyevlərsə ATƏT-in başında duran dövlətlərlə, onların satellitlərilə birlikdə Azərbaycanı alt-üst soyub-yağmalayacaqdılar: hakimiyəti bir Əliyevdən o biri Əliyevə ötürmə axarında. Superdövlətin bir çağlar Güney Amerika ölkələrində etdiyi kimi…
Qorbaçov bir çağlar demişdi: “ATƏT gerçək gücü olmayan bir qurumdur. Mənim bu quruma sayğılarıma baxmayaraq, baş katiblə kompüter arxasında oturan bir neçə qızdan savayı onun nəyisə yoxdur”. Sözsüz, Qorbaçovun bildiyini H.Əliyev də bilirdi, di gəl, Əliyevə öz işlərini arxayınca görmək üçün arxasında böyük dövlətlərin dayandığı ATƏT kimi başaldadıcı qurum gərək idi. Bəlli olduğu kimi, burada söhbət xalqı aldatmaqdan gedir.
Yuxarıda sözügedən yazısında Əvəz Həsənov Qarabağı qaytarmaq yönündə ATƏT-lə  uğurlu işbirliyəndən danışır. Görəsən, doğrudanmı Qorbaçovun, H.Əliyevin çox-çox illər öncə bildiyini Əvəz Həsənov hələ də bilmir. Hələ də bilmirsə, bilsin: ATƏT-də, onun Minsk qrupu da Azərbaycan xalqının başını uzun illər “dinc danışıqlar” yalanıyla qatıb, ermənilərin Qarabağda bərkinməsi, ürüyüb artması üçün ortaya atılan imperialist oyunlardan biridir!
Milli Məclisin başında duran Rəsul Quliyev 1996-cı ildə tribunadan demişdi: “Son iki ildə Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində bir addım da atılmayıb”.   Görün aradan neçə il keçib – 25 il! Rəsul Quliyev çoxdan ölkədən qovulub, Əliyevlər ortaqlıqda olduqları imperialist güclərlə birgə sonu görünməyən  “dinc barış danışıqları” axarında soyub-yağmalamaqla Azərbaycana diz çökdürməkdədirlər…
İ.Əliyev çıxışlarının birində demişdi: “Böyük dövlətlər Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün bizə təzyiq edirlər”. Onlar hansı dövlətlərdir? ATƏT-in arxasında dayanan dövlətlər – Əliyevlərin hakimiyət ortaqları, Azərbaycanı yağmalama yoldaşları! Bunları-bilib-anlamaq üçün konfliktoloq olamağa gərək yoxdur, eləcə saya yurddaş-yurdsevər  olmaq yetər.

Qarabağ sorunu Batı bataqlığında

Sovet dövlət maşınının törətdiyi 20 Yanvar qırğınından sonra Azərbaycan xalqı Sovet imperiyasından görmədiyi doğru-düzgünlüyü Batıdan gözləməyə başladı. Demokratik Batıdan, humanist Batıdan. Nə oldu? ABŞ başda olmaqla Batı da Qorbaçovun, Sovet dövlət başçılarının tutduğu yolu tutdu. ABŞ-ın dövlət yetkililərindən biri demişdi: “Biz aqressoru barmaqla göstərməyəcəyik”. Prinsipcə bu, Qorboçovun dediyinin oxşarı, mən deyərdim, ondan daha ötəsi idi. Aqressoru barmaqla göstərməyin ardınca onu cilovlamağa yönəlik uluslararası hüquq normaları gəlirdi, bu isə konfliktin uzunsürəli olmasından qazanc güdən imperializmin planlarına uyğun gəlmir, işinə yaramırdı. Bu üzdən də aqressoru cilovlamağa yönəli qərarların yerinə, ABŞ Konqresində “Ermənistanı”, eləcə də separatçı-terrorçu Dağlıq Qarabağ ermənilərini gücləndirməyə yönəlik “907-ci düzəliş” adlı üzdəniraq bir qanun çıxarıldı. Bu qanuna görə, ABŞ-ın Azərbaycana yardımları yasaqlanır, “Ermənistan”la Dağlıq Qarabağa uyğun olaraq illik 500-300, 25-15 milyon dollar arasında yardımlar edilirdi. Bundan başqa, İngiltərə başda olmaqla bir sıra Bati dövlətləri də ermənilərə yardım kompaniyasında aktiv rol oynayırdılar. Bu yerdə həftə səkkiz- mən doqquz “yazıq” Dağlıq Qarabağ ermənilərinə yardım daşıyan İngiltərə parlamentinin spikeri, Lordlar palatası üyəsi Keralayn Koksu anmamaq düzgün olmazdı. Terror, qanlı qırğın yoluyla doğma yurd-yuvalarından qovulmuş 1 milyonadək qaçqınla bircə yol da görüşmək istəməyən Koks Dağlıq Qarabağ separatçı-terroristləri ilə çoxsaylı görüşlərinin hələlik sonuncusu olan 2016-cı il görüşündə demişdi: “ Siz burada xristianlığı qoruma savaşı aparırsız”. (Vatikan faktoru!) Böyük bir Batı gerçəyini (imperialist-xristian grçəyi!) açıb ortaya qoyduğuna görə Keralayın Koksa bu yerdə qızğın alqış düşür. Bir var hansısa gerçəyi biz dilə gətirək, bir də var o gerçəyi doğuranlar özləri dilə gətirələr – ikincidə daha inandırıcı, daha… DEMOKRATİK olur!

Colan faktoru – qısa tarix gəzisi

BMT Ali Məclisinin 1947-ci il qərarı ilə Fələstin üzərindən Britaniya mandatı götürülməklə iki dövlət –Fələstinlə İsrail dövlətinin yaradılması planlaşdırılmışdı. Britaniyanın baş baxanı U.Çörçillə  Sovet dövlət başçısı İ.Stalinin gizli danışıqları sonucunda 1948-ci il mayın 14-də İsrail dövlətinin yaradıldığı bildirildi. Onda bu dövlətin coğrafiyasında 498 min yəhudi, 497 min ərəb var idi. İsrail dövləti yarandığı ilk gündən BMT Baş Məclisinin qərarı ilə onun üçün ayrılan 14, 1 min kv km-lik yerləşimi (yerləşim – ərazi) az saymaqla, Fələstinin, eləcə də qonşu ərəb dövlətlərinin torpaqlarını ələ keçirməyə başladı. Bu da Ərəb-İsrail savaşı ilə sonuclandı.
Savaş İsrail dövləti ortaya çıxandan (çıxarılandan!) vur-tut bir neçə saat sonra – 1948-ci il mayın 14-dən 15-nə keçən gecə İsrail əsgərlərinin axını ilə başladı. 1948-49-cu illərdə aralıqlarla sürən savaşa Suriya, Misir, İordaniya, İraq, Livan, Səudiyə Ərəbistanı, Yəmən kimi ərəb dövlətləri qatılsa da, arxasında  ABŞ-la Britaniya durduğudan İsrail qısa sürədə Fələstin ərəb dövləti üçün ayrılmış torpaqların böyük bölümünü (6,7 min kv km), eləcə də Qüdsün batısını tutmaqla 1,2 milyon ərəbi ata-baba yurdundan qovdu. 1949-cu ilin fevral-iyul aylarında İsrail ilə Misir, Livan, İordaniya, Suriya arasında andlaşma oldu. Ancaq, bu andlaşma İsrailin saldırılarına son qoymadı. İsrail yalnız qonşu ərəb ölkələri ilə bağladığı andlaşmanı deyil, BMT qərarlarını da saya salmadan 1950-ci ildə Qüdsü ölkənin başkəndi etdiyini bildirdi.
ABŞ, Britaniya, bir sıra başqa dövlətlər ərəb ölkələrini basqı altında tutmaqla onların doğal resurslarına yiyələnmək üçün İsrail dövlətindən yararlanırdılar. (Onlar İsraili elə bundan ötrü yaratmışdılar). 1956-cı ilin oktyabr-noyabr aylarında Britaniya ilə Fransa Misirə soxulanda İsrail də savaşa qatıldı. İsrail 1958-ci ildə ABŞ-la Britaniyanın Livanla İordaniyaya saldırısında (saldırı – ərəbcə, təcavüz) onlara yardım etdi.
İsrail 1967-ci il iyulun 5-də Suriyaya, Misirə, İordaniyaya axın etdi. ABŞ-dan, Britaniyadan, Avropanın bir sıra başqa gəlişmiş ölkələrindən orduya gərəkən yardımlarla yanaşı, ekonomik, diplomatik yardımlar da alan İsrail, Colan bölgəsi içində olmaqla, ərəb ölkələrinin 70 min kv km-lik torpaqlarını ələ keçirdi.
İsrail saldırısınadək Colanda 15 köy vardı. Bu köylərdə yaşayanlar bizimlə bir dildə danışan Türkmanlar (onlara Kolanı türkləri də deyilir) yaşayırdı. 1158 kv km-lik Colan təpələri çoxsaylı su qaynaqlarına (bulaqlar) görə Suriyanın ən axar-baxarlı bölgələrindən idi. İsraillə Suriya arasındakı “altı günlük savaş”da soydaşlarımız canlarını qurtarmaq üçün mal-mülklərini atıb Suriyanın içərilərinə qaçdılar.
İsrail hökuməti 1981-ci ildə Colan təpələrinin “öz torpaqları” olduğunu bildirməklə, burada 33 yaşayış məskəni saldı. Başqa ölkələrdən gətirilmiş 15 min adam Colanda yerləşdirildi, onlara ibrani dili öyrədildi, kökcə yəhudi olmasalar da, onlar yəhudiləşdirildilər. (Çağımızın dinc assimilyasiya politikaları).
BMT İsrail hökumətinin tutduğu bölgələrdə yəhudi yaşayış məskənləri yaratmasını yolverilməz sayan çoxlu qərarlar çıxarıb, ancaq, bu qərarlar İsrail hökumətini indiyədək durdura bilməyib…
Unutmamısız, böyük Cavid nə demişdi: “Cahanda həq də, həqiqət də həpsi qüvvətdir” Tanrı törəmələri, doğru-düzgünlük yolçuları Türklərin-Türklüyün yenildiyi dünyada belə olub, belə olacaq!
Colan bölgəsindən qovulmuş soydaşlarımız 40 ildən artıqdır dünya birliyindən, böyük güclərdən yardım gözləməklə doğma yurdlarına qayıdacaqları günü gözləyirlər. 40 ildən artıqdır…

Azərbaycan presedenti

Ərəb coğrafiyasında ərəblərə qarşı İsrail dövlıətini yaratmış güclər ondan, demək olar, 30 il qabaq Azərbaycan-Türk coğrafiyasında yalnız Azərbaycanın deyil, bütün bölgənin başağrısına çevrilən qondarma “Ermənistan” dövlətini yaratmışdılar. “Ermənistan”ın yaradılması üçün Azərbaycandan 9 min kv km-lik torpaq qoparılmış, üstəlik, İrəvan şəhəri də başkənd edilməsi üçün alınıb ermənilərə verilmişdi. Ərəb coğrafiyasında baş verənlər qabaqca Azərbaycan-Türk coğrafiyasında sınaqdan çıxarılmış, burada Azərbaycan Türklərini soyqırıma uğratmaqla, terror, qanlı qırğın, qovub uzaqlaşdırma, köçürmə yoluyla “Ermənistan”ın coğrafiyası çox keçmədən 30 min kv km-ə çatdırılmış, bunlar azmış kimi çevrə bölgələrilə birgə Dağlıq Qarabağ da oxşar metodlarla (terror, qanlı qırğın) erməni kontroluna verilmişdir.
İsrailin ərəb coğrafiyasında etdiklərini indi Qarabağda ermənilər etməkdədirlər: burada dünyanın bir çox yerlərindən köçürüb gətirilən ermənilər üçün yaşayış məskənləri salınır; imperialist güclərin yardımı ilə Azərbaycan coğrafiyası beləcə erməni coğrafiyasına dönüşdürülür.
Bu gün Orta Doğuda baş verənlər: imperialist güclərin Suriyada, İraqda, törətdikləri çoxsaylı qırğınlar (qırğına uğrayanlar daha çox Türk bölgələri, Türklərdir) sonucda üç dövləti – Suriya, İraq, Türkiyə – bölüb parçalamaqla yeni bir bufer dövlət – yeni konflikt ocağı olaraq Kürdüstan dövləti yaratmağa tuşlanıb. İmperialist güclər başqa bir yandan Ərdoğanın, PKK-nın əlilə Türkiyəni içindən çökürtməkdədirlər. Bütün bu terror olayları, savaşlar, qırğınlar, istər Türkiyə kimi gerçək, istərsə də Azərbaycan kimi potensial gücləri terror, savaş yoluyla qırğına uğratmaqla gücsüzləşdirmə, bölüb-parçalama politikaları doğal resursları ələ keçirməklə dünya ağalığına yiyələnmə çalışmaları, geopolitik güdüklərdir. Bu gün qabaqca Azərbaycanda (1993-dən) sonra Türkiyədə (2002-dən)-dən) qurulan antiulusal-antidemokratik sistemlər (rejimlər) sözügedən geopolitik güdüklərin Proqram ilkələrindəndir!

Sözardı

Cövhər Dudayev demişdi: “Azərbaycanın mentaliteti, millətinin təpəri, əlverişli coğrafiyası çeçenlərdə olsaydı, mən dünyaya ağalıq edərdim. Mən kökcə Qarabulaq türküyəm”. Dudayevin bildiyini yaxın-uzaq yağı güclər, imperialist çevrələr də bildikləri üçün içdən-dışdan Azərbaycanın dirçəlişinə yol verilmir!
Bizə ulusal birlik gərəkirkən, H.Əliyev 1993-dən  Azərbaycanı, Ərdoğan 2002-dən Türkiyəni iç savaşlara sürüklədi. Əliyevlərin Azərbaycanda başlıca “çörək ağacı” Qarabağ konflikti, Ərdoğanın Türkiyədə başlıca “çörək ağacı” PKK terroru oldu. Əliyevlər Qarabağ konfliktindən, eləcə də başında durduqları iç savaşlardan (“ayır – buyur”) yararlanmaqla hakimiyətlərinə  qarantiya yaratdıqları kimi, Ərdoğan da hakimiyətini PKK terrorundan, başında durduğu iç savaşlardan yararlanmaqla qarantiyalamaqdadır. Beləcə, “bir millət, iki dövlət” birgə çıxmaza sürüklənmə yolundadır…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv