Yadigar Türkel (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) AZƏRBAYCAN AYDINLARINA ÇAĞIRIŞ

Sayğılı aydınlar – alimlər, yazıçılar, şairlər, jurnalistlər…, Türk dövlətlərinin başçıları ilə aydınların suçundan Ərəb dili İslam dinini yayan  dil olarag, Türk dilini sıxışdırıb gəlişmədən saxlamışdır. XIX yüzilin başlarında Rusiya İmperiyası Azərbaycanın quzeyilə Qafqazın güneyini tutandan sonra yeridilən ulusüstü politikalardan Rus dili bölgədə Turk dilini sıxışdırmağa başlamışdır. XIX yüzilin sonlarında isə yeni yanlış politika Ərəb-fars sözlərilə, izafi tərkib deyilən deyimlərlə doldurulmuş, anlamsız, uydurma Osmanlı dili yaratmağa çalışılmış, Türk dili yeni geopolitikaya qurban verilmişdir.
1918-ci ildə Azərbaycanda  Türk dilinin dövlət dili olması bildirilmiş, ancaq bu uzun sürməmiş, Rus-erməni-sovet-mason bolşefaşistləri Azərbaycan Respublikasını  güc yolu ilə devirərək, 1937-ci ildə dövlət dilinin Türk adını dəyişib Azərbaycan dili etmişlər.Azərbaycan Respublikasının Parlamenti 1992-ci il dekabrın 22-də dövlət dilinin adını dəyişib Türk dili etdi. Bu, Azerbaycan Türklərinin ulusal özünüanlaması, özünütanıtması, dirçəlişi üçün böyük olaydı.
1993-cü il iyunun 15-də dövlət çevrilişilə ağalığa keçən gücler 1995-ci ildə Türk dilinin adını dəyişib yenidən Azərbaycan dili etdilər. Bu, Azərbaycan Türklərinin özünüanlamasını, ulusal kimliyinin oluşmasını yenidən dağıdan tarixi olay idi.
Sovet İttifaqında 60-cı illərdən başlayan «yumşalma»dan yararlanan Azərbaycan alimləri, yazıçılar,  jurnalistlər, şairlər Türk ədəbi dilinin yüksəlişi, dolğunlaşması, gözəlliyi üçün böyük işlər görmüşlər. Türk dili gəlişib çağdaş, uyqar bir dil olmuşdur. Ancaq son 20 ildə Azərbaycanda yönətim millətə yad dildə oxudulub, böyüdülmüş adamların əlində olduğundan, Türk dili də dağıdılmışdır. Bunu görməli, gərəkən göruyucu işəri görməliyik. Bu çağırışdan amacım da budur.
Yeri gəlmişkən Azərbaycanda Türk dilini gəlişmədən saxlayan nədənləri bir neçəsini göstərirəm:

1.Türk dilin adının unudulmasından toplumda yaranmış genəl sayğısızlıq. 2.Genəl oxumamışlıq. 3.İnsanların bilincaltı düşünüb, yuksək düşüncə ilə danışmaması. 4.Ailələrdə çocuqlara Türk dilinin yaxşı öyrədilməməsi. 5. Okullarda Türk dilini öyrətməyin, oxutmanın yetərsizliyi. 6.Türk sözləri ola-ola Türk dilinin dəyərsiz, unudulmuş təşəkkür, müdhiş, fəqət, mükəmməl, təhliyə… kimi Ərəb, eləcə də şop, şou, tender, eksklüziv, bravo, analoq, problem, alternativ, kreativ… kimi yad, anlamsız sözlərlə doldurulması. 7. Gəzetlərdə, eləcə də görüntülü basında rusca oxuyub, rusca böyüyüb, Türk dilinin özəlliyini, gözəlliyini anlamayan, sözlərin yükünü, tutumunu, deyiliş  yerini bilməyən «rusdilli» adamların yaxşı bilmədikləri, duymadıqları dildə veriliş sunmaları, anlamsız danışmaları, yazmaları, eləcə də başqaları.
Bu gün Azərbaycan Respublikası yönətiminin başında duranların bütünü, humanitar politikanın, AMEA-nın ideologiya institutlarının başında duranlar «rusdilli»lərdir. AMEA-nın ideologiya institutlarının başında «rusdilli» adam durmamalıdır!
AMEA-nın Dilçilik İnstitutunun ölkənin “Dil politikası”ndakı yeri görünmür. İnstitut 1982-ci ildə «Azərbaycan dilinin orfoepiya sözlüyü» buraxıb, 2012-ci ildə isə  «lüğət»lər. Bu, Dilçilik İnstitutunun dil düşüncəsinin 30 il geri qaldığını göstərir.
Sayğılı yurddaşlar, Azərbaycan Respublikasının Prezidentinin dövlət dilinin gələcəyilə bağlı Sərəncamını yayan dilçi professor danışanda institutun nəzdində, lüğət, inkişaf, tərəqqi, tənəzzül, səfalət, cəhalət, hətta, hərçəndi, kifayət qədər… deyirsə, Türk dilinin danışıg biçimini dağıtmış  gərəksiz və bağlayıcısı ilə cümlə başlayıb, yüzdə 60 Ərəb sözlərilə danışırsa, ondan öyrənən yurddaşlar nə etməlidir? Azərbaycan aydınları ilə dövlət yönəticiləri bunu düşünməlidirlər.
Sayğılı aydınlar, sizin Türk ulusunun oluşmasında, dilinin qorunub gəlişdirilməsində yeriniz çox önəmlidir. Sizi Türk dilini qorumağa, gəlişdirməyə çağırıram!

                                                                 

10 may 2013

*Yazı “Azadlıq” qəzetındə yayımlanıb.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv