Soylu Atalı. İNAMSIZLIQ ŞƏRİ (H.CAVİDİN “İBLİS” ƏSƏRİ ÜSTƏ)

Dünyanın İnsanilik ahənginin pozulması bəşər dühalarını həmişə ağrıdıb, sarsıdıb, düşündürüb. Məkrin, xəyanətin, cinayətin insani münasibətləri kölgədə qoyması əzab verib, ağrıdıb müdrik ürəkləri. Dünyaya yayılan, gözəllikləri viran qoyan şər niyyətləri, bəd əməlləri tanımaq və tanıtmaq üçün klassiklər qüdrətli idrak nümunələri ortaya qoyurlar. Şərin sonsuzlaşmaq istəyini məhdudlaşdırmaq üçün dahi ürəklərdə qaynar ehtirasların baş qaldırması, idraki kamillik ənənəsinin yaranması insanlığın qədim və gələcək Tələblərinə söykənir. Bu səbəbdən də dahilər yaşadığı dövrə sığmır, bütün zaman­la­rın fövqünə qalxırlar. Zamanla döyüşmək üçün zamanın için­dən çıxmaq gərəkdir. Zamandan qüdrətli olmaq və ümumbəşər mahiyyətini özündə – ömründə, əməlində, yaradı­cı­lı­ğın­da əks etdirmək gərəkdir. Bizə görə H.Cavid də zaman qəlibinə sığmayan, öldürülən, fəqət ölməyən; İblisliyi döyən, uçurumu ötən, Yer qaranlığına idrak işığı salan mütəfəkkirdir, ziyalıdır, klassikdir. H.Cavid ictimai həyat qaranlığında İblisliyin geniş təsirə malik olmasını insanlararası münasibət­lərdə kifayət qədər aydın görmüş və göstərə bilmişdir. Əsəri oxuduqca qarşımıza iki problem çıxır: – Həm dinin yaratdığı sətiraltı gizlinlər, həm də H.Cavidin özünün obrazlarla anlatmaq istədikləri. Hər iki problem açıq şəkildə həllini tələb edir.
İblis, – bəşər övladı onun tabeliyində aləmi qatır bir-birinə, hər yeri odlara yaxır. Adam öz mahiyyətini – insanlığını ifadə etmir, İblisin mahiyyətini, – İblisliyi ifadə edir. Adam İblisin tələbiylə öz mahiyyətini öldürür, mahiyyətsizləşir, İblisin qara rənginə dönür. İblis isə işıq libasına bürünür, od saçır. Ancaq bu od, bu işıq aləmi qaranlığa qərq eləyir, – həqiqət görünmür, bilinmir, dərk olunmur. İşığın mahiyyəti də təhrif olunur. Əgər o işıqdırsa, necə qaranlıq saça bilər?! Niyə məhz od rəngində, işıq libasında İblis?! Niyə qaranlıq yayan, şər yetirən bir “yaratıq” oddan törəmiş kimi obrazlaşdırılıb dində?! Axı od çirk götürmür, qaranlıq yaymır.

İblis

Atəşsiz, inan, nur olamaz sabitü qaim.
Atəş, günəş atəş, bəşəriyyət bütün atəş,
Hər bir hikmət, məbdəi-xilqət bütün atəş…
Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası
Həp atəşə tapdırmaq idi zümreyi-nası.
Yalnız bunu dərk etdi o əllameyi-məşhur,
Yalnız o böyük baş şu böyük kəşflə məğrur…

Bu ziddiyyətin kökündə Zərdüştçülüyə – Hürmüzdçülüyə böhtan dayanır. Əhrimənin məqsədi Hürmüzd odunu söndür­mək­dir. Dinin İblis ideyasında Əhrimən müdafiə olunur, bəraətləndirilir. Hürmüzd Odçuluğuna – İşıqçılığına İblisçilik damğası vurulur. Bu münasibət dünyanı qaranlığa qərq eləmək, Əhriməni qalib elan etməkdir. Əhrimənin qalib olduğu dünyanı fani saymaq o biri dünyanın bəraətləndirilməsi üçündür. Axı Hürmüzd bu Dünya üçün döyüşür. Dünyanı onun mahiyyə­tindəki gözəllikləri göstərmək üçün işıqlandırır. Od’a, onun İşığına ali münasibət bəsləyən bir xalqın ali mənliyinə (Dünyabaxışına) şər atmaq dinin əsas hədəflərindən biri kimi görünür. Dədələrimiz Od’un işığına tapındığı halda, Od’u İblis mahiyyətli bir şey kimi təqdim eləməkdə məkr var, bəşəri humanizmə qarşı xəyanət var.

 Ya rəbb, bu nə dəhşət, nə fəlakət,
Ya rəbb, bu nə vəhşət, nə zəlalət?!
Yok kimsədə insafü mürüvvət.

İnsaf, mürüvvət işıqdır – Od’dan gəlir. Dində insaf, mürüv­vət Od ilə üz-üzə dayanır – atəş lisanında iblislə. İşıqla insaf – mahiyyətlə gerçəklik kimidir. Mahiyyətlə gerçəklik bir-birinə qarşı qoyulur. İnsafsızlıqdan, mürüvvətsizlikdən od, atəş törədiyi vurğulanır. Qanlar, qadalar Od’la eyniləşdirilir. Od işıq mahiyyətini itirir, fəlakət rəmzi kimi tanınır. Babalarımıza günah yaxılır – qan-qada pərəstişkarları kimi tanıtdırılır. Sən demə, Od müharibə atəşi imiş, işıq deyilmiş.

Toplar veriyor aləmə dəhşət,
Dəhşət!.. Qopuyor sanki qiyamət,|
Yağmur kibi göydən yağır atəş!..
Atəş!.. Qaralar, dalğalar atəş!..

Hürmüzd Od’u qiyaməti yaxınlaşdıran hadisə imiş, sən demə. Hürmüzd Od qaladığı üçün Dünya Allahın qəzəbinə tuş olubmuş. Hürmüzdün Od’u olmasaymış, İblis də törəməzmiş, insanlar da qan-qadaya səbəb olmazlarmış, sən demə – Hürmüzd Od’undan İblis törəyibmiş. O da insanları fəlakətlərə bais edibmiş. Sən demə, Od’dan yaranan İblis insanları təhrik eləyir ki, dünyada onun (İblisin) mahiyyətinə uyğun əməllər törətsinlər, dünyanı İblis rənginə – Od’a çevirsinlər…

Yarəb, azacıq lütfü inayət!
Qəhr olmaqda artıq bəşəriyyət.
Başdan-başa həp yer yüzü vəhşət,
İblis ilə həmrəngi-siyasət.

xxx

 Bilməm şu cinayət, şu xəyanət, şu fəlakət
Bitməzmi, ilahi! Bu qədər səbrə nə hacət?

İblisin hökm elədiyi dünyada möminlik yaranmadı, mütilik yarandı. Vüqar bilinmədi, köləlik artdı. Mütilik vəhşətə qarşı səbr deməkdir. Möminlik – təmizlənməkdir, vüqarlı taledir. Vüqarlının səbri vəhşətə qarşı döyüşkənlik yetirər. Vüqarlı Tale mütiliyin yaratdığı səbrə qarşı çılğın bir qəzəblə dolar, yıxmaq istəyər mütiliyi. Qəzəb odu İblis odunu söndürər, fəlakətə son qoyar…

Arif

Yerlərdə süründüm, yetişir, göylərə qaldır,
Dindir qucağında.
Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi
Cənnətdə mələklər?
Qaldır bəni, ta görməyim insandakı zülmü,
Bak, yer yüzü inlər.
Yarəb, bu cinayət, bu xəyanət, bu səfalət
Bulmazmı nihayət?
İnsanları xəlq etmədə var bəlkə də hikmət,
İblisə nə hacət?!

Azadlığını itirmişdir bəşəriyyət. Allah bəşəriyyətə imkan verdi ki, İblisə müti olsun. Daha doğrusu, İblisə haqq verdi bəşəriyyəti mütiləşdirsin. Anlamaq olmur ki, bəşəriyyət Allahınmı bəndəsidir, İblisinmi?! Allah da bəndələşdirir (mütiləşdirir) bəşəriyyəti, İblis də. Allahla İblis paralelləşir dində.

…İblis, o böyük qüdrət, o atəşli müəmma
Bu gün səni də kəndinə eylər kölə… amma
Heyhat, olamaz dərdinə bir kimsədən imdad,
İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad.

İblisin istəyi aydındır və o, öz istəklərini bəşəriyyətin içərisində həyata keçirir. Ancaq Allahın istəyi nədirsə, o bilinmir. Çünki bəşəriyyət İblisin tələblərində yaşayan görünür. Həm də Allahın bu dünya üçün tələbləri yoxdur, O Dünya tələbləri var. Allah İblis dünyasına – İblisin təsir etdiyi dünya­ya qarışmır. O, bütün insanları öldürüb seçmək istəyir. “Yaxşılar”ından öz dünyasında – O Dünyada mələklər düzəlt­mək istəyir. Ancaq bu mələklər vasitəsiylə nə eləmək istədiyi bəlli deyil. Məqsədi axıra qədər aydınlaşmır. Ancaq İblisin məqsədi aydındır – Dünyanı qana qərq eləmək…

…Yüz, bin deyil İblisə uyan… həp bəşəriyyət
Etmiş bu gün ev yıkmağa, qan içməyə adət…

İblisin Dünyanı qana qərq eləməsi Allahın vecinə deyil. Çünki İblisin qana döndərdiyi bu dünya Allah üçün fani dünyadır. Onsuz da “ləğv olunacaq, məhv olunacaq”. İblis dünyanı qətrə-qətrə vəhşətlərə uğradır, Allah Qiyamət Günü biryolluq vəhşət qoparacaq, dünyanı siləcək, dəhşətlər törədə­cək, çığırtılar, bağırtılar qulaqları dağıdacaq. (Qır qazanları qaynayacaq). Dağlar uçacaq, dəryalar bulanacaq, təlatümə gələcək, ürəklər yarılacaq… Yəni Allah İblisdən daha betər əməllər törədəcək…
Allaha bundan da böyük böhtan ola bilməz ki, din Allaha bu böhtanı vurdu. Allah Mütləqilikdən məhrum oldu. Hökmdarlaşdırıldı, kinlə dolduruldu içi.

Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim,
Həp xaliqə təsbih idi, təhlil idi virdim.
İlk öncə mələklər bəni təqdis ediyordu,
Adəm kibi bir sayğısız axır ləkə vurdu.
Alçalmadı, yüksəldi fəqət şöhrətü-şanım,
Allah ilə bir zikr edilir namü-nişanım.

Allah siqlətində görünür İblis. Əhrimənləşir İblis. Ancaq Allah Hürmüzdləşmir. Yəni Əhrimənlə – İblislə döyüşmür. Əksinə, ona meydan verir. Allah Adəmə qəzəblənir, ancaq İblisə qəzəblənmir. Ona görə də İblisə yaşamaq və dağıtmaq imkanı tanıyır. İblis Allahla “müqavilə” bağlayır…

Artıq yetişir, anladım, izahə nə hacət?
Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət!
Həp qəhr oluyorkən şu cihan xain əlinlə,
Bilməm nəyə gəldin, nəyə gəldin, bana söylə!

İblis hər yerdə var. Arifin qarşısındakı İblis ictimai şərdir. Bir də var, İblis adamın içində. İçəridə olan İblislə qarşıdakı İblis… Asif Atada daxili şər və ictimai şər anlayışları var. Asif Ataya görə fərd öz daxilindəki şərlə döyüşür, döyüşməlidir. Bundan sonra o, qüdrətli olur və ictimai şərlə döyüşür. Daxili Azadlıq ictimai Azadlığı yetirir…

Bakdım, əziyor ruhunu həp qeydi-əsarət,
Gəldim edəyim ta səni hürriyyətə dəvət.
Bakdım, səni məhv etmədə bin dürlü xəyalət,
Gəldim verəyim qəlbinə bir nuri-həqiqət.

İblisin hürriyyəti qan-qada mühitidir. Vəhşətə, fəlakətə çağırır adamı. Fəlakətə susayan adamların nəcib duyğuları məhv olur. Nanəciblər mühitində sağlam ürək, sağlam düşüncə olmur. İblis mühiti qan-qada törətmək istəyənlərin, fəziləti qəhr edənlərin meyil elədiyi uçurumdur. İblisin verdiyi nuri-həqiqət qaranlıq boşluğudur, uçurum cazibəsidir.

Zülmət deyilim, iştə bənim hər sözüm atəş…
Atəş, özüm atəş, yüzüm atəş, gözüm atəş.

İblisin atəşin üzü, atəşdən ibarət bilinən gözünün baxdığı yön qaranlıq boşluğudur. Hər sözü qaranlıq xofu, qaranlıq əks-sədasıdır. İnsani mahiyyətə qarşı yaşayan cəmiyyətin xəyalı qaranlıq boşluğuna düşür, əməli qaranlıq boşluğu yaradır – İblisliyə yarayan…
İblis əməli Göylə Yerin, qaranlıqla işığın fərqini itirmək məqsədi daşıyır. Xof kimi ürəklərə dolmaq – saflığa ləkə vurmaq, idrak işığını qaranlıq boşluğu ilə əvəz etmək mənasızlığıdır İblisçilik – şərçilik. Məkr, xəyanət, vəhşət, rəza­lət birləşir – İblisliyi atəşin göstərir, onun libasına çevrilir. Vahiməli qaranlıq cazibəsi yaradır.

Bəndən imdad umuyor cümlə cihan,
Biri zalım, biri məzlum insan.

Zalımlıq İblislikdir, məzlumluq İblislik imkanı. Məzlum fürsət arar, ələ düşəndə zalımlıq edər, möminlik etməz. Çünki məzlumluq xarakteri döyür, ruhu əzir. Məzlum olmaq ruhsuz­laş­maq deməkdir. Zalımlıq və məzlumluq  – İblisliyin yaşadığı mühitə yarayan keyfiyyətlərdir.

 Bir şeyin yoksa da, könlün var ya,
Bana ver könlünü…

İblis könüllərə tamah salır, könüllərdə yuva qurur, könülləri qana qərq edir. Könülsüzləşdirir insanı. Könlü İblisliyə açılanın içini qan-qada bürüyür. Qanlı əməllər törəyir könülsüzlükdən.
İblislik – ürəksizlikdir, yəni vicdansızlıq, mürüvvətsizlik, ədalətsizlik, həqiqətsizlik. İnsan könlünü İblisə tabe edəndə qaranlıq boşluğuna düşür.

Sən həm əl öpər, həm də qaçarsan, bu nə halət?
İlk öncə məhəbbət, fəqət ən sonra ədavət…

İblis mühiti idraksızlıq mühitidir. Xeyirlə şərin yeri qarışıq düşür bu mühitdə. Bu mühitə uyan hər kəs sərsəri olur, ağı qaradan seçə bilmir. Vicdansızlıq edir, sonra vicdan istəyir, diləyir. Ədalətsizlik edir, sonra ədalət istəyir, diləyir.
Könlünü İblisə təslim edənin vicdanı olmaz, əxlaqı olmaz, həqiqəti olmaz.
İblislik – insanın mənliyi üzərində nikbin qəhqəhələr.
İblislik – insanlığa istehza qəbahəti. İblisin qəhqəhələri – Adamın içini ziddiyyətlərlə dolduran fəlakət.

Səni pək aldatıyor hissiyyat,
Öylə yekrəng olaraq keçsə həyat,
Bıkar insan, yaşamaqdan yorulur,
Yaşayış bəlkə də mənasız olur.

Cəmiyyətdə İblisliyə bəraət var. İblislik – həyatın mənalı tərəfi kimi sunulur. Guya İblislik olmasa, həyat yeknəsəq olarmış. İblislik – həyatın qarantı kimi mənalandırılır. Bu səbəb­dən də bəd niyyətlər həyatı bürüyür, qaranlıq törəyir – cazibəli görünən. İblislik – vicdanla vicdansızlığın, əxlaqla əxlaqsızlığın, ədalətlə ədalətsizliyin vəhdəti kimi təzahür edir idraksızlıq mühitində. Qatillik, canilik, xəyanət həyatı ikiüzlüləşdirir. İki həyat olur bir həyatın içində. İblisliyə bəraət verən cəmiyyət adamı qəbahət selində çimizdirir, xəyanət pilləsinə qaldırır. Adam bu pillələrlə uçurumun ağuşuna düşür – fəlakətləşir ömrü.

Atdım insanlığı, oldum canavar.
İntiqam istərim, ancaq bu kadar!..

İblis mühitində insanlığa yer yoxdur. İnsanlıq qəhr olunur Adamın içində, Canavar baş qaldırır. Əvvəl öz mənliyini parçalayır, sonra da kin püskürür aləmə. Canavarlığa qarşı Canavarlıq böyüyür. Canavarlıq intiqam biçimində başqasının içinə daxil olur. Ölmür, öldürülmür, yaşayır, parçalayır – yeni içlərə daxil olmaq üçün, yeni intiqam kininə çevrilmək üçün…
İblisli dünya Allahsız dünyadır. Allah İblisliyə – hiyləyə, qəbahətə, rəzalətə yaxın düşə bilmir, uzaq göylərə çəkilir təsəvvürlərdə. Yerlə Göy yadlaşır bir-birinə.

Əvət, əzsən də, əzilsən də, əvət,
Yenə adildir o müdhiş qüvvət!

“Qüvvət” adil sayılır, ancaq bunun həyata dəxli olmur. Həyatda ədalət baş tutmur, bərqərar olmur adil münasibət. Çünki adil sayılan Qüvvət ürəkləri İblisin ixtiyarına buraxıb. Yalnız o, ürəklərə qəzəblənə bilir, hədələyə bilir. Bununla da “Qüdrət” Mütləqiliyini itirir, hakimə çevrilir – özü tərəfindən canavara çevrilənləri məhkum edən hakimə, özünün məzlum etdiklərinə təskinlik verən hakimə…

Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət.

İblis hökmündə riya var. Məşum bir qorxaqlıq, rəzil bir məğrurluq, ölümə bənzəyən qələbəlik; istisiz bir atəş – könül­süz­lüyü dağlayan. Vüqarlı ürəklərdə isə yeri olmayan, idrakda qəhr olunan, yoxluğa gömülən yalan fırtınası.
İblis hökmü Yerdə süni göy yaradır – uçulan, dağılan, günəşsiz, ulduzsuz; əfsunlaşmış – müqəddəsliyə yad olan, yoxluğa çevrilən.
İblis hökmü Yer Tanrıçılığı uydurur – insanların qəlbinə vahimə doldurur, ümidsizlik yayır. Göy ülviyyətinə qovuşma­ğın yolunda durur, qaranlığa döndərir yolları.
İdrak İşığından məhrum olan düşüncələrdə İblis xofu həşəmətli görünür, əbədi bilinir – heç olduğu halda.
İblis göy ülviyyətindən məhrum elədiyi ağıllara yer ölçüsüy­lə hünərli görünür. Yer ölçüsündə idraksızlıq hökm sürür. İblis idraksızlıq mühitində güc nümayiş etdirir.
İblislik şübhə toxumu səpir ürəklərə, qırıb tökür məsum duyğuları. Göy hikmətinə inamı ləğv eləməyə çalışır. Namərd­lik yayır, fitnə törədir münasibətlərdə.
İblislik gözlərə kül üfürür, yalanı həqiqət kimi sunur. Möminlik libasına bürünür. Abırlı davranır, əxlaqlı bilinir. Ancaq niyyətində qan çalxalanır, kin qaynayır. Köksündə ilan gəzdirir, saflığa zəhər qusdurur.
İblislik hiylə bolluğu, məkr tufanı, daim fitnə qaynağı – usanmaz, yorulmaz. Çünki bu, İblisin həyat tərzidir, xislətidir, mahiyyətidir – fəxr edir Adamların könlünə hökm etməsiylə, öyünür fitnəsiylə, yağılığı, qansızlığıyla.
İblisin qüvvətinə inananlar müqəddəsliyə yetə bilməzlər. Ülviyyət qapısını döymək üçün İblis çağırışını rədd etmək gərəkdir.
Sarsıdır İblis, öldürə bilmir. Çünki ürəklərdə müqəddəsliyə ehtiyac yaşayır. Ehtiyacın ödənməsini ləngidir, gecikdirir, ancaq məhv edə bilmir. Çünki müqəddəslik mahiyyət dərinli­yinə bağlıdır. İblislik üzdə olur, xislətdə olur. İblisliyin mahiy­yət təməli olmur. Müqəddəsliyə vurulan iblisliyə tapınmaz. Müqəd­dəslərin tapındığı işıq mahiyyətdən gəlir – göy mahiyyətindən, göy sonsuzluğundan. Atəş rənginə bürünmüş iblis qaranlığına küsənmir müqəddəs ürəklər.
İnsanilik Yolu Sabahlıdır. İblislik bugünün halında var. İblislik Adamda mövcud olur, İnsanda ölür. İnsanlaşma İblis­liyi öldürməklə təsdiq olunur. İnsanlığın özüylədöyüş tələbi Adamı İnsana yüksəldir, İblisliyin qaranlığını söndürür.
Mütləqə İnam Yolumuz İnsanı Göy ülviyyətinə qovuşdurur, ölməzliyə çatdırır…

 

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız var olsun!

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv