3
Rusca «Azərbaycan» qəzetinin 13 noyabr, 34-cü sayında «Azərbaycan Milli Şurasının çağırılması ilə bağlı» «Bildiriş» verilmişdir. «Bildiriş»də deyilr: «Milli Şuranın ilk toplantısı kənd bələdiyəsinin binasında olacaqdır. Şuranın bütün üyələrini adreslərini Rəyasət heyətinin bələdiyədə, arayış verilən yerdə yerləşən keçici «Yazışma bölməsi»nə bildirmələri istənilir».Bu yazıdan sonra Azərbaycan Respublikasının ideoloqlarından, Parlamentin «Etibarnamə Komisiyası»nın başçısı, rusca «Azərbaycan» qəzetinin redaktorlarından biri Şəfi bəy Rüstəmbəylinin [İkinci redaktor Ceyhun bəy Hacıbəyli] Ş.R. qolu altında «Azərbaycan Milli Şurasının çağırılması ilə bağlı» yazısı yayımlanmışdır. Şəfi bəyin bu yazısı da Azərbaycan Respublikasını quran böyük bahadırların bir amacla yaşayıb, bir düşündüyünü bir daha göstərir: «Ölkəmiz özgür parlament yaşamına girir. Ağalığın qərarına görə parlamentin özülü keçmiş Güneydoğu Qafqaz Seyminin Müsəlman Fraksiyasının üyələrindən yaranmış Azərbaycan Milli Şurasından oluşur.
Tiflisdə yaranmış Milli Şuranın işləri Azərbaycanda dərəbəyliyin ən yüksəyə çatdığı dönəmdə olub, Azərbaycanın kültür-politik başkəndini bolşevik-daşnak quldur dəstələri tutduğundan, Tiflisin bölgə qurumlarının, eləcə də Milli Şuranın Güneydoğu Qafqazla ilişkiləri kəsilmişdi. Təkbaşına qalmış Milli Şuranın bir neçə ay Tiflisdə Güneydoğu Qafqaz Ağalığından ayrılıqa çalışmaları toplumun geniş qatları bir yana, Azərbaycan politiklərinin də çoxuna bəlli deyildir.
Bizə yağı güclərin birlikdə çalışmaları üzündən, bir ara Milli Şura ilə bağlı yanlış baxış oluşmuşdu. İndi Milli Şura yaşam istəyilə yenidən politik işə çağırılır. Onun Azərbaycanın politik yaşamındakı çətin işlərini kiçicik özətləmək artıq olmazdı.
Güneydoğu Qafqaz Seyminin çağırıldığı dönəmdə bolşevizm içimizdəki qarşıdurmadan da yararlanıb, Azərbaycanın politik işlərinin bütününün toplandığı Bakı kəndində daşnaksakanların böyük dəstəyilə dərin köklər ataraq, bütün ulusal, toplumsal-politik qurumlarımızın işini durdurmuşdu.
[Sayğılı yurdsevər, azərbaycansevər, türksevər oxucu, başda Nəriman Nərimanov olmaqla sosial-demokrat, sosialist, hümmətçi, bolşevik, ittihadçı adlanan Əliheydər Qarayev, Çingiz İldırım, Mirzə Davud Hüseynov, Qəzənfər Musabəyov, Səmədağa Ağamalıoğlu, İbrahim Əbilov, Əhməd Pepinov, Hacıkərim Sanılı, Qara bəy Qarabəyov… kimi yurdunu satdığına görə sonralar güllələnmiş dönüklərin o arada Azərbaycana, Türkə, Gafgaza dönüklüyünü, satqınlığını heç bir şeylə savunmaq olmur! Görəv istəyirdiniz? Hamınıza yetərincə yüksək dövlət görəvi veriləcəkdi! Özünü hamıdan böyük politik sayan Nəriman Nərimanov Moskvaya gedərək Leninlə görüşmüş, yorulub əldən düşmüş Rusiya bolşevizminin başçısını Azərbaycanı tutmağa çağırmış, ancaq Bakını tutmaq istəyən «böyük qardaşı»nı bütün Azərbaycanı tutmadıqca Bakını əldə saxlaya bilməyəcəklərinə inandırmışdır. Oçağkı Azərbaycanın ən tanınmış aydınlarından birinin bu satqınlığını anlamaq olmur!!!
1990-cı illərdə də belə oldu. Azərbaycan Respublikası adlı dövlət qursaq da, yeridilən ulusal yaşam stategiyasının olmamasından, eləcə də Rus-sovet imperiyasının törəmələrinin bacarıqsızlığı, satqınlığı, dönüklüyü üzündən yenə uduzduq!!!].
Güneydoğu Qafqazın Rusiyadan ayrılığı, böyük iç, daha çox da dış politik sorunların Tiflisdə çözülməməsi üzündən, üyələrinin çoxu Seym elçisi olan Güneydoğu Müsəlman Milli Şurası Seymin Müsəlman Fraksiyasının Güneydoğu Milli Şurasına çevrildiyini bildirdi.
Güneydoğu Qafqaz Seymi, onunla birlikdə Müsəlman Milli Şurası var olduğu az arada Güneydoğu Qafqazın Osmanlı İmperatorluğu ilə ilişkilərini düzəltməyə çalışdı.
Güneydoğu Qafqaz uluslarının politiklərinin bütün baxışları Qafqaz cəbhəsinin uğurla aradan qaldırılmasına, Türkiyə ilə ilişkilərin düzəldilməsinə yönəlmişdi. Bu sorunda Güneydoğu Qafqaz uluslarının istəklərinin bir-birinə tərsliyi görünürdü.
Müsəlman Milli Şurası bütün yerləri bürümüş dərəbəylik üzündən ulusundan ayrı düşdüyündən, seçicilərini gördüyü politik işləri, dönmədən uyğuladığı planları ilə tanışdırammırdı. Bundan başqa çoxlu suallar politik düşüncələr, gerçək ortam üzündən geniş yayılammırdı.
Bu arada ulus bölgələrdə instinktiv olaraq fiziki varlığını dərəbəylik, bolşevik qorxusundan qoruyub saxlamaq üçün gerçək dış gücün gərəkliyini duyur, ancaq bunu ona nə Milli Şura, nə də Güneydoğu Qafqaz Ağalığı verirdi. Onun gözləri qardaş Osmanlı Ordusuna dikilmişdi. O, Osmanlı əskərində görürdü öz qurtuluşunu!
Uzun-uzadı gözləmək ulusu qıcıqlandırırdı. O bu gecikmənin nədənlərini axtarır, dediyimiz kimi, işlərin gedişilə bağlı ulusu ilə soraqlaşammayan politik başçılarını suçlayırdı. Ulusun instinktiv duyduğunu Müsəlman Fraksiyasının başçı politikləri dərindən anlayırdılar.
Politik başçılarla ulusun ideallarında, istəklərində ayrılıq olmasa da, Güneydoğu Seyminin Müsəlman Fraksiyasının işləri çox ağır ortamda gedirdi. Bir yandan dərəbəylikdən, bolşevizmdən yorulmuş, Milli Şuranın işlərilə bilgiləndirilməmiş ulus heç nə ilə tutalqalandırılmayan güvənsizlik göstərirdi. Bu yöndə qara əl də işləyirdi. O, politik başçıları ulusun gözündən salıb, aydınlarının Osmanlı Ordusunun Azərbaycana gəlməsini istəmədiyini, Milli Şuranın Ermənilərə satıldığını onun başına yeritməyə çalışırdı.
Bu, öldürücü propaqanda dərəbəylikdən yorulmuş ulusun içində yayılaraq, düzünə qalsa, elə onuntək düşünən, istəyən Milli Şura arasında dərin uçurum yaradırdı.
O biri yandan Tiflisdə Müsəlman Fraksiyasını ağır, yağıca bir ortam sarmışdı. Erməni, eləcə də Gürcülərin başçıları müsavatçıları Osmanlı İmperiyasının agentləri sayırdılar. Seymin tribunasından bir neçə yol onlara satqın demişdilər. Bölgənin bütün böyük politik sualları, daha çox da dış sorunlar Müsəlman Fraksiyasından, Ağalıq üyəsi olan müsəlmanlardan belə gizli çözülürdü.
Azərbaycanın bütün bunlara cavab verməkdə gücsüz olan, öz ulusundan ayrı düşmüş politik başçıları Tiflisdə çətin anlar keçirirdilər. Onlar Güneydoğu Qafqaz uluslarının belə qarşılıqlı ilişkilərilə, Güneydoğu Qafqaz Ağalığının, eləcə də bütün maddi qaynaqlarının başqa ulusların əlində olduğu ortamda Tiflisdə qalmalarının Azərbaycanı içdən qurmaq baxımından heç bir anlamının olmadığını dərindən anlayırdılar. Ancaq dış politika sualları onlardan Güneydoğu Qafqaz ulusları ilə birlikdə olmağı istəyirdi.
Müsəlman Milli Şurası Güneydoğu uluslarının Türkiyə ilə barış danışıqları çağında çalışmalarını öz ulusunun çıxarları, diləklərilə uzlaşdırmağa çalışırdı. Onlar nə öz gücləri, nə Güneydoğu Qafqaz Ağalığının gücü ilə ölkədə hüquq düzəni yarada bilməyəcəklərini bilirdilər. Milli Şuranın bütün üyələri ayrı partiyalardan olsalar da, ulusu dağıdıcı anarxiyadan, Bakıdan gələn daşnak-bolşevik saldırısından ancaq dış gücün qurtara biləcəyinə inanırdılar. Bütün düşüncələr, istəklər Bakını tezliklə yağılardan qurtarmağa yönəlmişdi. Milli Şuranın bütün iç gücləri bitmişdi.
Milli Şuraya Tiflisdən Kürdəmir savaşı üçün bir zirehli qatarla bir az güllə alınması hansı çətinliklər, aşağılanmalara başa gəlmiş, bundan ötrü tribunadan, tanışlıqlardan yararlanılmışdı. Bunlar bilinənlərdi.
Milli Şuranın ən önəmli işi Osmanlı Ordusunu çağırması idi, onsuz Azərbaycan ulusunun varlığı düşünüləmmirdi. Bizim politiklər buna politik, diplomatik taktı gözləməklə, götür-qoyla gedirdilər. Güneydoğu Qafqazın bağımsızlığı bu üzdən də ortadan qalxdı, Güneydoğu uluslarının yönü bilindi. Azərbaycan ulusunun çıxarları ilə politik düşüncə Azərbaycanın bağımsızlığının bildirilməsi sualını Milli Şuranın qarşısına qoydu.
Azərbaycanın bağımsızlığı Tiflisdə bildirilərək Avropanın bütün böyük dövlətlərinə çatdırıldı. Bundan sonra Azərbaycan Milli Şurası yardım üçün öz soyundan olan dövlətə üz tutub, baş kəndinin yağılardan qurtarılmasını istədi. Osmanlı İmperiyası da Azərbaycan ulusunun bu istəyini yerinə yetirdi. Azərbaycan Milli Şurası keçici başkəndi Gəncəyə köçəndən sonra özünün yasama, yürütmə huquqlarını seçdiyi Ağalığa verib özünü buraxdı.
Beləliklə, Milli Şura ölkənin ən üst qurumu kimi qarşısına qoyulmuş amaca yetdi. Azərbaycan Ağalığı Osmanlı Ordusunun yardımı ilə ölkədə yasal düzən yaradaraq, indi quruculıq işlərini sürdürür.
Nə olur-olsun, yenidən işinə çağırılan Azərbaycan Milli Şurası Azərbaycan dövlətçiliyi tarixində böyük rolunu oynamışdır.
Ola bilsin, onun işində bir sıra yanlışlar da olmuşdur, ancaq təkcə heç bir iş görməyənlər yanılmırlar!».
ARDI VAR
* Düz ayrıcdakı [ ] açıqlamalar Yadigar Türkelindir.