Tanrı özüdür tanıq;
Bizlər Azərbaycanıq!
Ünlü yazarımız Hüseyn Arif bəlli köç dönəmində belə bir gözəl qoşuq yazmışdı: “Göyçəlilər, dağılmayın Göyçədən”. Gerçəkdən gözəl qoşuq idi, üstəlik, ideyaca olduqca önəmli. Sözsüz, biz göyçəliləri (bütünlükdə “ermənistanlı-yeraz” adlandırılan soydaşlarımızı doğma dədə-baba yurdlarını “atıb gəlməkdə” qınamaqdan uzağıq. Onların qurama-qondarma “Ermənistan”dan qopub-ayrılmaları, köçkünə çevrilmələri daha çox özlərindən asılı olmayan qaçılmazlıqdan yarandı. “Daha çox” niyə deyirəm: -ötən yüzilliiyin 70-ci illərində H.Əliyev “ermənistanlıların” qabağa çıxmışlarını, demək olar, ucdantutma Azərbaycana yüksək görəvlərə gətirməklə “Ermənistan”ın Türklərdən yeni dönəm arındırılmasında önəmli rol oynadı. Ancaq, sözsüz, başlıcası bu deyildi; başlıcası hayların, eləcə də Türklüyə yağı yaxın-uzaq güclərin “Ermənistanı” Türklərdən arındırmaqla bütünlüklə haylaşdırmaq istəyi idi.
Çox sevdiyim, dönə-dönə oxuduğum, başqalarından daha artıq barındığım bir kitabım var – “Dədəm Qorqudun bitiyi”. O kitab, o kitabda baş verənlər başlıca olaraq indi “Ermənistan” adlandırılan yerlə bağlıdır. Drezden variantında kitabın adı belə göstərilir: “”Kitabi-Dədəm Qorqud alə taifeyi Oğuzan”. Bəlli olduğu kimi, bu, ərəbdilli yazmanın (yazman -ərəbcə, katib) özünün dil bilgisinə uyğun olaraq kitabın adını ərəbləşdirməsidir. Yalnız adın tərsinə çevrisindən deyil, kitabın dilindən, obrazların Türklüyə özgü davranışlarından da ortaya bütünlüklə başqa görsəniş çıxır: OĞUZ BOYLARININ DƏDƏM QORQUD BİTİYİ! Bu bitik bütöv bir coğrafiya, ulu bir keçmiş, bütünlüklə Türklüyə özgü xarakterlər toplu-qalareyası deməkdir. Göyçə gölü, Ala dağ bitikdə o bütöv coğrafiyanın, o ulu keçmişin, o Türklüyə özgü xarakterlər toplusunun baş ucu yerindədir.
Nə yazıqlar, bizdə indi öyrətim (təhsil) işlərinin yarıtmazlığı üzündən Dədəm Qorqud açunu (açun – ərəbcə, dünya) bütün böyüklüyü, genişliyi, ululuğu ilə öyrəncilərə öyrədilib-aşılanmır! Nə yazıqlar, indi göyçəlilər özləri o ulu, üstün, örnək dəyərlərdən çox uzaq düşüblər. Buna görə də biriləri indi düşdükləri cılızlaşma axarında belə bir öyünc yaşamaqdadırlar: “Biz yerazıq-yerlibazıq”. Buna görə Hüseyn Arif ürək ağrısıyla, uzaqgörənliklə deyirdi: “Göyçəlilər, dağılmayın Göyçədən”. Ünlü qoşuqçu Göyçədən dağılmanın ulu kökə bağlı böyüklüyün, bütövlüyün, ucalığın bölünüb-parçalanıb cılızlaşmaya uğrayacağını öncədən görürmüş! İtirilən Böyüklük-Bütövlük, itirilən Göyçə gözəlliyi, itirilən Ala dağ ucalığı “yerazlaşmaya” gətirib çıxaracaqmış. Deyilənə görə, “yerazi” sözü hayların dilində “uyqu-yuxu” deməkdir – yuxunuz (yuxumuz!) şirin olmasın!
BÖYÜK AZƏRBAYCANIN nə demək olduğunu gözəl bilən yağı güclər içdən qarğaşalıq yaratmaqla qabaqca bizi iki yerə böldülər : Güney Azərbaycan – Quzey Azərbaycan. Sonra İrəvənı ayırıb “Erməni vilayəti” yaratdılar; Dəmirqapını ayırdılar; Borçalını ayırdılar; haylığa-erməniliyə daha güclü ayaqyeri yaratmaq üçün Göyçə-Zəngəzuru da haylaşdırılmış İrəvana qatdılar. Beləcə, böyük, bütöv bir ölkəni “yerazlıq”, “qırazlıq”, günazlıq” kimi xırda-xırda qəlpələrə böldülər. (Hələ mən diniçi bölünmə-qarşıdurmaları demirəm). Ən acınacaqlısı, ən qorxulusu yağıların bizə etdiyi deyil, özümüzün özümüzə etdiyimiz – özümüzü “yeraz”, “qraz”, “günaz” gözündə görməyimiz, tanımağımız, anlamağımızdır. Biz bizi hamılıqla birləşdirən, birgə dəyərimiz olan TÜRKLÜYÜMÜZƏ – TANRIÇILIĞIMIZA dönmədikcə özümüzə dönüklük yolçuluğumuz yoxluğumuzla sonuclanacaq!..
Bir ölkəni yox etmək üçün edilənlərə baxın: 1) xalq yoxsullaşdırılır; 2) ordu gücsüzləşdirilir; 3) yarğı (məhkəmə) ələ keçirilir; 4) kimlik qarğaşası yaratmaqla xalq iç düşmənçiliyinə sürüklənir…
Dönə-dönə oxuyun, görün bunların hansı bizdə edilmir. Sonra da düşünün: yoxedilmə – yoxolma yolundan dönmək üçün nə etməli?
Son söz yerinə. Bu yazının yazılmasına nədən olan mahnıya yanıtlarda başlıca olaraq “yeraz” sözünə qarşı çıxmalar özünü göstərməkdədir. Dil qanunlarından göründüyü kimi, sözlər anlayışlardan doğur, anlayış olmasa, söz də olmaz. Bu üzdən də sözlərə qarşı deyil, anlayışlara, ən önəmlisi, anlayışları doğuran nədənlərə, demək, gerçəkliyə qarşı çıxmağımız gərəkir. Anlayış (gerçəklik!) dəyişmədikcə söz dəyişməz.