Rusiya Abxaz, Osetiya vasitəsiylə Gürcüstanı işğal altında saxlayır, onun vassalı olan Ermənistan isə Azərbaycanı. Ancaq bu ikinci işğal sözünü deməyə adam utanır. Çünki Ermənistan kimi bir Yoxluq Azərbaycanı işğal altında saxlaya bilməzdi. Bu fakt bizim dövlət rəsmilərimizin istinad elədiyi faktdır – Ermənistan Azərbaycanı işğal altında saxlayır. Ancaq bu faktı deməkdən rəsmilərimiz utanmırlar. Siyasi qorxaqlıqları ucbatından əsil həqiqəti dillərinə gətirmirlər. Əsil həqiqəti isə bu gün uşaq da bilir ki, Azərbaycanı işğal altında Rusiya saxlayır. Xalqa talançı münasibət bəsləyənlər Rusiyanı işğalçı kimi ona (xalqa) göstərə bilmirlər. Çünki talançılıqla işğalçılıq arasında müəyyən bir analogiya da var – içimizdən talanırıq, çölümüzdən işğal olunuruq. Ancaq talançılarımızla işğalçılarımız çox mehriban görünürlər, aralarında heç bir problemin olmadığını bildirirlər. Həm də bunu iki ölkə – Azərbaycan və Rusiya arasında problemin olmadığı kimi qələmə verirlər…
xxx
Rus SSRİ yaratdı və Zor gücünə Avropanın bir hissəsində kommunizm quruculuğu ilə məşğul oldu. İndi həmin keçmiş kommunist Avropa dövlətləri kapitalist Avropanın siyasi içində öz mövqelərini qururlar. ATƏT isə keçmiş sovet respublikalarında kapitalizm demokratiyası yaratmaqla məşğuldur. Rus kommunizmlə necə ruslaşdırırdısa, Avropa da demokratiya ilə eləcə Avropalaşdırır. Demokratiya da Avropanın kommunizmidir. Rus açıq zorakılıqla kommunizmləşdirirdi, Avropa Azadlıq vədləri ilə hərcayiləşdirə-hərcayiləşdirə Demokratlaşdırır.
xxx
Millətimizin həyat tərzi, əxlaqı, mədəniyyəti bu gün Avropadan az fərqlənir. Bənzəyə-bənzəyə özünə yadlaşır, sabahsızlığa yuvarlanır. Narahat olanlarımız da (ayrı-ayrı milli ruhu olanlar) milləti türkləşdirmək (yəni özümləşdirmək) istəyirlər. Ancaq necə, nə ilə?! Türkü tərifləməklə, – tarixdəki güclü qolunu, qılıncını bu millətin qulağına qışqırmaqla iş yeriməyəcək. Onun haqqında tarixi söz deyirsən, çaşır, inanmır. Deyir, mən o deyiləm axı. Bu milləti “qol-qılınc qədimliyi” ilə həvəsləndirmək təpər yaratmayacaq. Bu milləti Ruhani Qədimliyi ilə Ruhani Gələcəyinin dərk olunmasında böyütmək olar. Başqa sözlə, Ruhani Qədimliyimizlə Ruhani Gələcəyimizin vəhdətinin məntiqini ortaya qoymaq gərəkdir. Bizə görə millətimizi türkləşdirmək (yəni özümləşdirmək) onu özünə yadlaşdıran dini və ideoloji təsirlərdən açmaqla mümkündür. Türkləşməyin Yolu İnam xalqı olmaqdan keçir.
Atamız var olsun!
(arxiv)