AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 8

Rusca «Azərbaycan» qəzetinin  24 noyabr 1918-ci il 43-cü sayında general Tomsonun «Danışıqsız Buyuruq»undan sonra bir sıra  bakanlıqların bildirişləri yayımlanmış, «Bakı, 24 noyabr» analitik, politik yazısının altında «General Tomsonun Nuri Paşaya teleqramı» çap olunmuşdur: «1918-ci il noyabrın 21-də Bakıdakı Birlik Ordusunun komandanı general Tomson Türkiyə Ordusunun komandanı Nuru Paşaya aşağıdakı teleqramı göndərmişdir: Bakıya gələndən sonra Osmanlı orduçularının soyğunçuluqları, malları korlamaları ilə bağlı bilgilər alınmışdır. Bu işləri öyrənmək, bütünlüklə dəyərləndirmək üçün Bakıda, Böyük Britaniyanın, Fransanın, Birləşmiş Ştatların yetkililərindən komisiya yaradılmışdır. Ödənəcək say Türkiyə dövlətinin üzərinə qoyulacağından, mən malları qaytarmağınızla yanaşı, gərəkərsə, şikayətlərə baxmaq üçün başqa komisiyaların da yaradıla biləcəyini sizə yazıram. Buna görə generallarınıza bu istəyi çatdırmağınız yaxşı olardı».

Rus dilində «Azərbaycan» qəzetinin 25 noyabr 1918-ci il, 44-cü  sayında «Bakı, 25 noyabr» analitik yazısı yayımlanmışdir.

Rus dilində «Azərbaycan» qəzetinin 29 noyabr 1918-ci il, 48-ci sayında, başda «Bildiriş» yayımlanıb: «Böyük Britaniya Ordu Komandanlığı bildirir:

  1. Xəzər dənizindəki bütün alver gəmiləri gəmi bəlgələrinə uyğun olaraq, yasal yiyələrinki sayılır.
  2. Xəzər dənizindəki bütün alver gəmilərilə işçiləri keçici olaraq Britaniya Ordu Komandanlığının yönətiminə keçir. Gəmiləri yönətmək üçün mayor Braunun başçılığında İngiltərə Dəniz Gəmiçiliyi qurumu yaradılır.
  3. Gəmiçilərin donluğu bu il noyabrın 15-dən veriləcəkdir».

«Bildiriş»dən sonra «Azərbaycan Milli Şurasının Çağırışı» verilib: «Azərbaycanın bütün yurddaşlarına! Yurddaşlar! Savaş-devrim ortamının gözlənilməz olayları üzündən özünü buraxmış Azərbaycan Milli Şurası çağın istəyilə Azərbaycanın başkəndi Bakıda yenidən toplandı.

Yenidən işinə başlayan Milli Şuranın ilk addımı Azərbaycan müsəlmanlarının ulusal orqanı olan Milli Şuranı dövlət qurumuna – Azərbaycan Parlamentinə çevirən yasa çıxarmaq oldu. 19 noyabr yasasına görə 120 ulus elçisi olan Azərbaycan Parlamenti dekabrın 3-də [sonra 7-ə deyidirilmişdir] Bakı kəndində toplanacaqdır.

Toplanacaq Parlamentə ulusal azlıqlar, eləcə də dövlətin bölgələrindən də elçilər çağırılmışdır. Azərbaycanın elliklə seçki yolu ilə yığılacaq Qurucu Toplantısınadək işləyəcək Parlament ölkəmizin bütünlüklə hüquqsal ağası olub, gələcəyini bəlirləyib ağalığını quracaq, çıxarlarını qoruyacaqdır.

Yurddaşlar! Dünya Savaşı sona çatır. Dünya uluslarının çoxdan gözlənilən bayramının – elliklə barışın  qarşısındayıq. Dünya tarixi bu  gözəl günqabağı ulus devrimlərinin dünya savaşının özü kimi böyük səhifələrini yazır, asılı, əzilən uluslar özgürlüyə, bağımsızlığa qovuşmaq üçün ayağa qalxaraq boyunduruqdan qurtulub, tapdanmış hüquqlarına qovuşurlar. Beş ildən bəri baş alıb gedən uluslararası şeytan qırğını «Uluslar Birliyi»tək tanrısal sonluqla bitir.

Bu gün təkcə yenilmişlərin yox, yenmişlərin də çağırışı «ulusların bağımsızlıq hüququ»dur.

Ulusların milyonlarla itki verib qazandığı «Uluslar Liqası»  ideyası sözsüz, boşa getməyəcəkdir!

Yurddaşlar! Bölgəmizi dağıdıcı güclərdən, gəmirici dərəbəylikdən qurtarmaq üçün ölkəmizə gəlmiş Türk Ordusu görəvini yerinə yetirmişdir, indi barış qoşullarına uyğun olaraq, yerini Birlik Ordusuna verir.

Qafqazda güvənliyi, yasal düzəni saxlamaq üçün gələn bu yeni güclər bağımsızlığını bildirib, istədiyi kimi yaşamaq istəyən uluslara qarşı deyildir. «Uluslar Liqa»sı ideyasının savunucusu prezident Vilson özü də bu birlikdədir.

Birlik Ordusunun Azərbaycanın başkəndində  olan başçısı general Tomson yetkilitək, «Bildiriş»ində demişdir: «Qafqaz bölgəsilə bağlı kəsin qərarı barış konfransı verəcək, bütün sorunlar orada çözüləcəkdir».

Azərbaycan ulusunun özünübəlirləmək, özgürcə yaşamaq tanrısal hüququna böyük-kiçikliyindən asılı olmayaraq, heç bir ulus qarşı çıxmır, tərsinə o, başqa uluslarda sayğı yaradır.

Ulusumuzun gələcəyinə, Azərbaycanın dirçəlişinə inanaq!

Toxtayan dünya savaşının arxasından ulusların özgürlük, gözəl gələcək günəşi doğmaqdadır. Uluslar keçmiş yaşamın buxovlarını, zəncirlərini çiyinlərindən atır, yeni özgür yaşama sağlanırlar.

Azərbaycan yurddaşları! Bizə ancaq ağrı-acı, pisliklər gətirmiş yağılığı, ayrıseçkiliyi bir yana ataq! Tarix bizim birgə yaşamağımızı bəlirləmişdir. Yaşamımızı ağıllı, insancıl başlanğıclarda quraq, yenidən başlanan yaşamın çətinliklərini azaldıb, özgür yaşama yaraşan etmək üçün bir-birimizi sevib, sayğı göstərək!

Azərbaycanın bütün yurddaşları dinindən, ulusundan asılı olmayaraq bir yurdun oğullarıdır, ortaq yurdun sınırları içində yaşamlarını birlikdə qurmalı, daha yaxşı gələcəkləri üçün bir-birinə əl uzatmalıdırlar.

Bu işdə böyük görəv, sorumluluq yurddaşların böyük çoxluğunu oluşduran Azərbaycan Türklərinin üstünə düşür.  Buna görə də onlar daha da götürümlü olmalı, yükün böyüyünü daşımalı, qurbanlar verməkdən çəkinməməlidirlər.

Azərbaycan yurddaşları! Bütün ulusları  oz amaclarına qovuşduracaq Böyük  Qurultayın toplanacağı gün uzaqda deyildir. Biz də özümüzü o günə sağlayaq, ölkə içində güvənliyi, yasal düzəni qoruyub, elçilik qurumumuzu – parlament yaradaq, Ağalığı ölkənin çıxarlarına uyğun yenidən qurub, Azərbaycan Respublikasının çıxarlarının keşiyində duraq.

Yaşasın Azərbaycan Parlamenti!

Yaşasın Azərbaycan Respublikası!

Yaşasın Uluslar Liqası!

Milli Şura adından, başçı, M. Em. Rasulzade.

29 noyabr 1918-ci il.

1-ci sözardı: «Çağırış» Rus dilindən çevrilsə də, Türkcə «Azərbaycan» qəzetinin 29 noyabr 1918-ci il, 52-ci sayındakı «Bütün Azərbaycan əhalisinə» [Bax: «Azərbaycan qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920), I c. B., 2015, 39-cu s. Araşdırıb toplayanı, Ərəb əlifbasından Latın əlifbasına çevirəni, Ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov»] çağırışı ilə tutuşdurulub, olan ayrılıqlardan daha düzgünü saxlanmışdır.

2-ci sözardı: Tarix üzrə elmlər doktoru Nəsiman Yaqublu Azərbaycanın ulusalçı, azərbaycançı bilimçilərinin, aydınlarının çox böyük maddi-mənvi sıxıntılar içində qovrulduğu bu çağda taysız bir iş görüb, 2013-cü ildə 506 səhifəlik «Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası»nı yayımlamışdır. Nəsiman bəy «Ensiklopediya»da Məhəmməd Əminin «Nəşr edilən yazılarındakı imzaları»nın 15-ni vermişdir. Məhəmməd Əmin Rəsulzadənin bildiyimiz, 16-cı, «Ə.N. (Əmin)» soyad göstəricisi «Əsərləri»nin I cildində, 282-ci səhifədədir, bir soyad göstəricisi də Rus dilində yazdığı yazılardakı «M. Em. Rasulzade»dir. Sağlıq olsun, «Ensiklopediya»nın gələcək çapında gözə almalı.

ARDI VAR

* Düz ayrıcdakı [ ] açıqlamalar Yadigar Türkelindir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv