Azərbaycan Türklərinin görkəmli oğlu, iyirminci yüzilin ikinci yarısında yetişmiş ən yaxşı bilimçilərdən biri professor Şirməmməd Hüseynov «Azərbaycan qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920)» toplusunda Türkcə «Azərbaycan» qəzetində çap olunmuş yazıları Ərəb yazısından köçürüb, işləyib düzəldərək, iki cilddə (Ic-2015, 656 s. IIc-2016, 550 s.) yayımlamışdır. «Transliterasiya redaktorları» prof. Şamil Vəliyevlə, Samir Xalidoğludur. Bu bitiklərin yayımlanması Azərbaycan, onun demokratik dövlətçilik tarixinin öyrənilməsi, ulusal ideologiyası – azərbaycançılıq adına edilmiş ən böyük işlərdən biridir!
Öncə ideyadan, ideologiyadan bir neçə söz. İdeya Yunan sözüdür, Türk dilində düşüncə, baxış, görüş deməkdir. İnsan sinir-nerv sistemilə doğadan (Ərəbcə təbiətdən) aldığı bilgilərdən-informasiyalardan sözlər, ideyalar, baxışlar yaradır. İdeyalar gerçək (obyektiv), bir də düşüncəl (subyektiv) olur. Doğa bilimləri (Ərəbcə elmləri) gerçək ideyaları öyrənir. Toplumsal-politik bilimlər gerçək ideyalarla yanaşı az da olsa, düşüncəl ideyaları da öyrənir.
İnsanlar ideyaları yaşamlarını qurmaq, çatışmazlıqlarını ödəmək üçün yaradırlar. İdeya bireyi, ulusu, dövləti, Yer üzündəki yaşamı yox etmək üçün də yaradıla bilər.
İdeyalar insanları tərpədib istəyə, amaca çatdırdığından onlardan ideologiyalar yaradılır. Ulusalçı, dinçi, sinifçi, liberal, superetnik, faşist, eləcə də başqa adlar qoyulan ideologiyalar çeşidli dövlət politikalarının özəyində durur, onlardan toplumu yönətməkdə yararlanırlar.
Politologiya bilimində ideologiyaya iki yanaşma vardır: ulusa, dovlətə, topluma ideologiya gərəkdir, gərək deyildir.
Çağdaş yaşam bizə minillik Orta çağ dərəbəyliyini dəstəkləyən ikiyüzillik Rus-erməni-sovet-mason saldırısından yenicə qurtulub dirçəlmək, qabaqcıl dünyaya qovuşmaq istəyən Azərbaycan Türkləri kimi uluslara, Azərbaycan Eli kimi toplumlara ulusal ideologiyanın gərəkliyini göstərdi.
Mən doktor olduğumdan, Şirməmməd Hüseynovu bir az gec, 1992-ci ildə Məhəmməd Əmin Rəsulzadənin «Əsərləri»nin I cildini yayımlayandan, bir çağlar ulusalçı kimi görünmüş «A»lar, «B»lər, «E»lər, «X»lər, «Q»lər, «Z»lər… görəvə, pula… yenilib, satılıb, Azərbaycana, Azərbaycan Türklərinə dönük çıxandan sonra tanıdım. Doğrusuna qalsa, Şirməmməd Hüseynovu XX yüzilin 70-ci illərindən, Azərbaycan Radiosunun «siyasi icmalçı»sıtək çıxış etdiyi çağdan tanıyıram. Rus-erməni-sovet-mason bolşefaşist imperiyasının bu «siyasi icmalçı»sı onunla birgə çıxış edən «qulluqçular»dan səsinin özəlliyilə ayrılırdı. Sonralar Şirməmməd Hüseynovun incə səsinin Azərbaycan Türklərinin XX yüzildə yetirdiyi ən böyük qeopolitiki, ideoloqu, azərbaycançısı, ulusal öncülü Məhəmməd Əmin Rəsulzadənin səsinə bənzədiyini gördüm. Ötən illərdə onu daha dərindən tanıdığımdan bu gün deyirəm: Şirməmməd Hüseynov ərdəmli bir Türkdür, Azərbaycanı biriləritək qarını, özünə, oğluna-qızına görəv almaq üçün yox, anasıtək sevir, onun ideologiyasının yanlış yola döndərilməsinə, qaralanmasına dözmür, tərsinə Rus-erməni-sovet-mason bolşefaşistlərinin öz içimizdən olan törəmələrilə bacardıqca savaşır. Buna görə də Azərbaycan Respublikasının, Türkün bu dönməz ideoloqunu görmək, anlamaq, dəyərləndirmək, uca tutmaq gərəkdir! Azərbaycan, dünya bilimi üçün heç bir iş görməmiş neçə-neçə «şeirqayıran»a akademik adı verilib. Dəli Petrodanqalma bu, akademik adı ortadan qaldırılmalıdır, çox gərəkdirsə, öncə Azərbaycan tarixi, ideologiyası yolunda böyük işlər görmüş Şirməmməd Hüseynova verilməldir!
Son 20 ildə Azərbaycan dövlətçilik, ideologiya tarixi az-çox öyrənilmişdir. Ancaq yurdsevər aydınlar onu yalan-palanlardan arındırdıqca, Sovet proletkultunun bir bölük törəməsi də dolaşdırmağa çalışır. Buna baxmayaraq bir şey aydındır: Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Respublikasının qurucusu, Azərbaycan Türklərinin ulusal ideoloqudur. Azərbaycan Respublikası Günəş, Məhəmməd Əmin Rəsulzadə isə Dan ulduzudur. Günəş də, Dan ulduzu da sönməz, qara götürməz! Çağının qoşuqçularından biri boş yerdən ona Ərəbcə hadi, Türkcə doğruyolgöstərən deməmişdir:
Çox dolaşdım əski Şərqin ölü, hissiz yurdunu,
Gün çıxmışdı, ancaq yenə bir oyanıq görmədim.
Ey Türk oğlu, tanrı səni Şərqə hadi göndərdi,
Yatmış yurdu qardaş kimi titrək, qaldır, oyandır!
Azərbaycanın Türk, Qafqaz sevgisindən yoğrulmuş çağdaş ideoloqları son 28 ildə olmazın maddi-mənəvi çətinlikləri aşaraq, azərbaycançılıq yolundan az da olsa dönməyib, demokratik Azərbaycan savaşını sürdürürlər! Mən də Rusca «Azərbaycan» qəzetində Azərbaycan Milli Şurasından danışılan yazıları Rus dilindən Türk dilinə çevirərək, «Azadliq.az» saytına qoydurmuşam. Bu araşdırmada da, yeri gəldikcə Şirməmməd bəyin yayımladığı bitiklərdəki ideoloji düşüncəni, demokratik dövlətçiliyi, ulusalçılığı oradakılarla tutuşdurmağa çalışacağam.
Şirməmməd Hüseynovun yayımladığı Türkcə «Azərbaycan» qəzetindəki yazıları öyrənəndən sonra Məhəmməd Əmin Rəsulzadənin ən dönməz ideya yoldaşlarından, arxadaşlarından birinin Üzeyir bəy Hacıbəyli olduğunu gördüm. Bu bahadırların ikisinin də düşüncəsində Azərbaycan, Türk, Qafqaz sevgisi varlıqlarının üstündədir. Xəlil İbrahim, Fərhad Ağazadə, Əli Yusif, Ömər Faiq Nemanzadə (Ümidvar), gerçək sevillərdən biri – Şəfiqə Əfəndizadə… kimi ideya arxadaşları da onlarla birgə gediblər.
Rusca «Azərbaycan» qəzetində isə bu yolda ən çox çalışan Şəfi bəy Rüstəmbəylidir. Qəzetdə çoxlu, anlamlı yazılar yazan Mixail Spiridonov, Essad M. Aplinski, Dc. Daqestani kimi yurddaşlar, yazarlar da unudulmamalıdır!
Üzeyir bəyin Türkcə «Azərbaycan» qəzetindəki politik yazılarını oxuyandan sonra Qulam Məmmədlinin «Üzeyir Hacıbəyov (1885-1948) Həyat və yaradıcılığının salnaməsi» toplusuna bir də baxdım. Orada Şirməmməd Hüseynovun yayımladığı politik yazılar yoxdu. Sözsüz, Qulam Məmmədli Rus-erməni-sovet-mason bolşefaşizmi dönəmində onları yayımlayammazdı! Bu anlamda Şirməmməd Hüseynovun gördüyü işin dəyəri bir az da artır.
Nə Türkcə, nə də Rusca «Azərbaycan» qəzetləri «dövlət qəzeti» olmasalar da [Üzeyir bəy bunu qəzetdə bir neçə yol yazmışdır: «Qəzetəmizin firqə və partiya xaricində rəsmi bir orqan olduğu hər kəscə məlumdur». «Fəqət [ancaq] sosialistlərimizin Rus dilində nəşr edilən «Zarya» [Dan yeri] qəzetəsi bəyani-etirazımıza iltifat [baxmayıb] etməgib, bizə istehza təriqilə [yolu ilə] kinayələr etməgi rəva görür və bu məsələ dolayısı ilə yazılmış baş məqaləsindən əz cümlə [bir sözlə] böylə anlaşılır ki, guya «Türk-Azərbaycan» qəzetəsi dəxi [də] «Müsavat» partiyasına mənsub firqəvi [partiya] bir qəzet imiş. Bu axırki fəqərə [yazılanlar, deyilənlər, epizod] barəsində bunu bəyan etməgi lazım bilirik ki, qəzetəmiz partiya qəzetəsi degildir! Vətən istiqlalı yolunda çalışmaqdan ibarət olan məsləki xüsusi firqəvi proqram daxilində məhdud deyildir!»], oradakı duyğu, düşüncə uca, yurdsevər bahadırların Azərbaycana sevgisindən yoğrulmuş Türk düşüncəsidir!
Yağılar ən azı iki yüz ildir, yetirdikləri, «Əliheydər qarayevlərimiz»in yardımı ilə, onu gücləndirib, ulusal düşüncəyə çevirməyə qoymurlar. Onlardan da qabaq «şeyx nəsrullalar»ımız vəhşi Ərəbin islam geriçiliyilə Türk ulusunun gerçəkçi düşüncəsini bu dünyadan ayıraraq, «o dünya»dakı, hansısa huri-mələklərin gəzdiyi, şır-şır bulaqların axdığı cənnət sevgisilə yaşamağa kökləmişdilər. Son 20-25 ildə bu cənnət sevgisi, düzünə qalsa din bəlası, islam geriçiliyi Azərbaycanı, Türkü, Türkiyəni, Qafqazı yenidən sarır. Bu geridüşüncəliyə çağdaş demokratik yaşam, dövlətçilik ilkələrinə uyğun, ağıl-kamalla üstün gəlməsək, bizi yaxıb-yandıracaqdır! AYIQ OLMALI!!! AYIQ OLMALI!!! AYIQ OLMALI!!!
Filosoflar buçağadək sevginin içdənliyini bütünlüklə anlayammayıblar. Bu yöndə yüzdə 99 düzgün sayıla biləcək istənilən baxışda, yorum-yozuma, yeni düşüncəyə, baxışa yol açan yüzdə bir quşqu qalır, sual doğur. Bu yaranışın gizlinidir! İnsanın düşüncəsi onu sonadək açammaz! İnsanın yurda, elə, ulusa sevgisi daha çox sosial anlamlı olsa da, duyğu onun biogenetik varlığından, özünüqoruma içgüdüsündən gəldiyindən, birində az, birində çox olur. Yurd sevgisini, sözlə, hay-küylə, yalan-palanla, kimlərisə yersizcə, anlamsızca öyməklə yaratmaq, artırmaq, gücləndirmək olmaz! Sevgi duyğusunu SEVƏNİN – VURĞUNUN varlığından çıxarmaq da olmur!
Ulus dövləti qurar, dövlət də ulusu yetirər, bitkinləşdirər! Ulusun yurdsevərliyin oluşmasından birinci sorumlu dövlətidir! Bu anlamda ancaq yurddaşlara bir gözlə baxılan, onların toplumsal hüquqları qorunan, ƏDALƏT ilkəsinin AĞA olduğu demokratik, politik quruluşda yurd sevgisi artar!
Şirməmməd Hüseynovun varlığındakı Azərbaycan sevgisi də genetikdir, ata-anadankeçmə – anadangəlmədir. Bu sevgi Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşı, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Üzeyir bəy Hacıbəyli, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Mübariz İbrahimov… sevgisidir: «Sizi, ey heyəti-hökumət, böylə bir əmri-əzimin [böyük buyuruğun, tapşırığın, əmrin] ifası üçün tövkil [görəvləndirir, sorumlu, sözçü, vəkil] ediyor, bütün məsuliyəti öhdeyi hökumətinizə təhmil [qoymaqla, buraxmaqla] etməklə zənn [elə bilməyin, düşünməyin] etməyiniz ki, yalnız qalıyorsunuz. Yetişər ki, siz keçirməkdə olduğumuz zamanın əhəmiyətilə mütənasib [uyğun, biçimli], amali-milliyə ilə müvafiq [uyğun], türklük əsasına, Azərbaycan hürriyətinə, Türk kütleyi-nasının [toplumunun] mənafeyinə mətuf [yönəlmiş, uyğun] olan icraatınızda [işlərinizdə, çalışmalarınızda] kəhalət və müsahilə [önəmsəməmək, soyuqluq, boşluq] göstərməyib də, yorulmaz bir əzmlə [istəklə] çalışasınız!».
Ulusal dövlət ulusun varlığının ən önəmli, ən üstün qurumudur. Ulus dövləti özünü qorumaq, daha yaxşı yaşamaq üçün yaradır! Bunu anlamış Üzeyir bəy Hacıbəyli Türkcə «Azərbaycan» qəzetinin 8 yanvar 1919-cu il, 82-ci sayındakı «Cəmaət köməkligi» yazısında umudla yazırdı: «Cavan hökumətimiz bu ağır yükü təcrübə qüvvəsilə deyil, bəlkə millətimizə məxsus olan və ulu Türk babalarımızdan bizə irs qalan hakimiyət və səltənət hissimizin rəhbərliyilə çəkə biləcəkdir»…
Məhəmməd Əmin Rəsulzadə başda olmaqla böyük bahadırlar «ulu Türk babaları»ndan onlara qalmış bacarıqla yoxdan yaratdıqları «qutlu idealı – Azərbaycan Demokratik Respublikası»nı ancaq 23 ay yaşada bildilər. Rus-erməni-sovet-mason bolşefaşistləri ABŞ başda olmaqla «Birlik Dövlətləri»lə Nəriman Nərimanovun başçılığındakı «əliheydərlərimiz»in dönüklüyü üzündən 1920-ci il aprelin 27-də dağıtdılar. Bu anlamda prof. Şirməmməd Hüseynovla yoldaşlarının böyük əməyilə yaranan bu toplular çağdaş, demokratik, «ƏDALƏT ÖLKƏSİ» etmək istədiyimiz Azərbaycan Respublikasını gəlişdirəcək, qoruyacaq, dönməz azırbaycançı, türkçü, qafqazçı ideoloqlar igidlər yetirmək üçün taysız qaynaqlardır.
*Düz ayrıcdakı açıqlamalar Yadigar Türkelindir