Bu günlərdə SSRİ-nin keçmiş prokurorlarından biri dedi: Azərbaycan Ağalığı ideoloji işi düzgün qurmayıb. Deyək, ideoloji işi bilmirlər, bəs, o boyda Ramiz Mehdiyev, Həsən Həsənov hara baxırlar?
Doğrudan da, Sovetin ideoloji maşınının qorucusu olmuş əski prokuror düz deyirdi: ulusal ideologiya yalan-palanla, hap-gopla, şişirtmək, baş qatmaqla yox, ardıcıl bilimsəl, politik, kültürəl, ekonomik çalışmalarla yaradılar, yürüdülər!
Azərbaycan Respublikasının ideoloqlarının Rusiya İmperiyasının 1905-ci il Rus devrimindən sonra Türk Ellərində oluşan «dildə, düşüncədə, işdə birlik» çağırışına uyğun işləri buna örnəkdir. Azərbaycan ideoloqlarının Azərbaycan, Türk, Qafqaz strateji ulusal yaşam birliyi proqramında oluşdurduqları ideologiya azərbaycançılığı, türkçülüyü, qafqazçılığı, çağdaşlığı içinə alırdı. 1918-ci il sentyabrın 15-də Gəncədə yayımlanan Türkcə «Azərbaycan» qəzeti ilk sayından qəzetin «Türk və islamçılığa aid məqalələrə» açıq olduğunu yazmışdır…
Azərbaycanın çağdaş ideoloqu Şirməmməd Hüseynovun yayımladığı toplularda özümüzü, dolaşdırılmış Türk ulusal kimliyimizi anlamaq baxımından ilk önəmli işlərdən biri, 1980-ci illərin sonu 90-cı illərin başında Azərbaycan basınında, eləcə də yayımlanan bitiklərdə, toplularda Məhəmməd Əmin Rəsulzadənin adının Məmməd Əmin yazılmasını düzəltməyidir. 1998-ci ildə Azərbaycan Respublikası prezidentinin tapşırığı ilə Azərbaycan Demokratik Respublikası Parlamentinin stenoqramlarını bəlgələrə dayanaraq yayımlayıb böyük iş görmüş bilimçilər, aydınlar da nədənsə, Məmməd Əmin oxumuşlar, yazmışlar. Mən də 2008-ci ildə Məhəmməd Əmin Rəsulzadənin prof. Rüstəm Əliyevin 1991-ci ildə yarımçıq çap etdirdiyi «Azərbaycan şairi Nizami» bitiyini Azərbaycanın Latın yazısı ilə yayımlarkən Məmməd yazmışdım. Ancaq bitiyn 2011-ci il, «bitkin çapı»nda Məhəmməd Əmin Rəsulzadə yazdım. Son illərdə ulusal ideoloqun adının Azərbaycan Respublikasının Milli Arxivindəki stenoqramlarda Məhəmməd yazıldığını görmüş, qatıldığım toplantılarda da, Azərbaycanın böyük dövlətquran ideoloqunun adının Məhəmməd olmasını düşüncələrə yeritməyə çalışmışam.
Prof. Şirməmməd Hüseynov bu bitiklərdə Məhəmməd Əmin Rəsulzadənin «Parlament stenoqramları»nda yayımlanmış ikinci toplantıdakı böyük ideoloji çıxışında yanlış olaraq «nüfuzu bala» getmiş «nəuzubillah»ı da düzəltmişdir. Sağ olsun! Bu gün mollaların işlətdiyi Ərəb sözü nəuzubillah Türkcə «allah eləməsin», yanlışsa «allah dağıtsın» deməkdir. Məhəmməd Əmin Rəsulzadə kimi böyük aydın Azərbaycan Parlamentindəki ideoloji çıxışında allah dağıtsın! – deməzdi.
Mən «Parlament stenoqramları»ndakı daha önəmli, daha politik toplantıları işləyib Azərbaycanın Latın yazısı ilə çapa sağladım. Ancaq AMEA FHİ-nin «yeni əliheydərlərdən» olan direktoru İlham Məmmədzadə söz oynatdı, atdı… Bu boyda ölkədə üz tutmağa da bir yer yox, varlıların çoxu oğru, yolsuz, ulusal düşüncəsiz, Ağalıq da kefi başından aşan Parisdə, Kanda, Romada… kilsə düzəltməkdə, kilsə onarımında…
Bu sayaq ağrı-acılarda qovrulduğumuzu bilən Hüseyn Mirzəcamalov da «Azərbaycan» qəzetinin 7 dekabr 1918-ci il, 58-ci sayındakı «Salam sizə» yazısında Azərbaycan Parlamentinin elçilərinə üz tutub onları ulusal düşüncəyə çağırırdı: «Siz özünüz görünməsəniz də ucaldacaq olduğunuz amali-istiqlal [bağımsızlıq ideyası] sizi göstərəcək, aləmə [dörd yana, bütün dünyaya] bildirəcəkdir. «Bünövrə daşları» kibi «zirzəmidə» qalmaq fikrilə işə başlanılmazsa, bütün imarət də ucalmaz!… Millətimizin varlığını, istiqlalını təmin üçün möhtərəm [sayğılı] məbuslarımızın [ulus elçisi, deputat] varlıqlarından keçməyəcəklərinə əlimizdə heç bir dəlilimiz [tutalqamız] yoxdur!». 90 il sonra isə o, qurucu bahadırların özülü üstündə yenidən qurulan Azərbaycan Respublikasında seçilməmiş bir sıra küçədəntutmalar, dözülməzlikdən başını götürüb yurdundan başqa ölkələrə getmiş soydaşlarımızı özlərinə yaraşan sözlərlə aşağılayırlar… Acı gerçək belədir!…
Prof. Şirməmməd Hüseynov «Parlament stenoqramları»nda getmiş bir sıra başqa yanlışları da düzəldib. Önək kimi, I bitiyin 251-ci səhifəsində xəcalətdən getmiş, doğrusu xəracdan olmalı, daha düzgünü – Türkcəsi vergidən olmalıdır, edadi [orta okul] yerinə ədəd yanlışını, eləcə də bir sıra yazıların qırılan, pozulan yerlərinin düzəldildiyini göstərmək olar. Sağ olsun!
Bitiklərinin ortaya çıxarılıb, ulusa çatdırılmasında əməyi olan bütün aydınlara, daha çox da prof. Şamil Vəliyevlə elmi işçi Samir Xalidoğluna ayrıca SAĞ OLUN! – deməklə yanaşı, gördüyüm bir neçə yanlışı da göstərirəm.
Yanlışların bir bölümü qaynağın oxunma çətinliyindəndir. Bunu ancaq arxivlərdəki əski qaynaqlarla işləyənlər, özəlliklə də islam dinilə gəlmiş, əlifba adlanmayacaq «Ərəb yazısı»nı oxuyanlar bilər. Bu anlamda bitiklərdə hərf dəyişiklikləri, «şeyx nəsrulla»ların izafi tərkib deyilən quramalarının yazılışındakı ayrılıqlar, buraxılan hərflər gözə çarpır. «Müsavatçı» yazılmış Aslan bəy Qardaşovun «Əhrar» partiyasından olması düzəldilsəydi, daha yaxşı olardı. Onun «Əhrar»dan olması yazılan yer də vardır. Ərzaq bakanı K. Lizqarın soyadı Zizqar getmişdir…
Böyük anlamlı bir ideoloji yanlışı isə gələcəkdə düzəldilməsi, eləcə də başqalarının düzgün bilməsi istəyilə göstəririrəm. Birinci bitiyin 20-ci səhifəsində 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının Fətəli Xan Xoyskinin başçılığında Azərbaycan Ağalığını yaradaraq, özünü buraxmasından sonra Məhəməmd Əmin Rəsulzadənin Azərbaycan Ağalığına üz tutub bahadırtək dediyi: «Sizi, ey heyəti-hökumət, böylə bir əmri-əzimin [böyük buyuruğun, böyük tapşırığın] ifası üçün tövkil [görəvləndirir, yaradır, vəkil] ediyor, bütün məsuliyəti öhdeyi hökumətimizə təhmil [verməklə, qoymaqla] etməklə zənn etməyiniz ki, yalnız qalıyorsunuz. Yetişər ki, siz keçirməkdə olduğumuz zamanın əhəmiyətilə mütənasib [uyğun], amali-milliyə ilə müvafiq, türklük əlasına, Azərbaycan hürriyətinə [özgürlük, bağımsızlıq], Türk kütleyi-nasının [insan topluluğu] mənafeyinə mətuf olan [yönələcək] icraatınızda [işlərinizdə, çalışmalarınızda] kəhalət və müsahilə [önəmsəməmək, boşluq] göstərməyib də, yorulmaz bir əzmlə [istəklə] çalışasınız! Biz hər zaman sizə məin [yanınızda, dayaq, arxa] olmaya hazırız, istədiyiniz zaman bizi kəndinizlə bərabər bulacaqsınız! Biz hüzurumuzla [yanınızda olmağımızla] sizə məin olmaya hazır olacağımız kibi, icabı [gərəkərsə] təqdirində başqa yollarla da sizi təqviyəyə [gücləndirməyə] hazırız. Nitəkim bugünki tətilimiz [özünüburaxmamız] dəxi [də], bu hissələ və bu məqsədlə [amacla] icra olunuyor» sözlərində Türklük əlasına yox, Türklük əsasına olmalıdır. Türklük əlasının heç bir politik, toplumsal anlamı yoxdur, türklük əsası isə türklüyə, türklük özülünə, Türk özülünə, Türk çoxluğuna dayanmaq – Türk dövləti deməkdir. Qəzetdə türklük əlasına gedibsə də, texniki yanlış sayılıb, düzəldilməliydi. Olub… Gələcəkdə gözə almalı!
Məhəmməd Əmin bəy «türklük əsasına» deyimini başqa politik- ideoloji yazılarında da işlətmişdir. Aslan bəy Səfikürdlü Azərbaycan Parlamentinin açılışındakı çıxışında demişdir: «Bu gün kiçik bir Türk Parlamenti açılıbdır. Bizim bu Parlamentimiz gözlərdə bir ağ kimidir. Çox imperialistlər onu görmək belə istəmirlər. Cümhuriyətimizə Türk Cümhuriyəti yox, Azərbaycan Cümhuriyəti dedik ki, hamı vətəndaşlara [yurddaşlara] ümumi [ortaq] bir vətən olsun!».
Üzeyir bəy Hacıbəyli Türkcə «Azərbaycan» qəzetinin 7 dekabr 1918-ci il 58-ci sayında yazırdı: «Bir tərəfdən dəxi [də], Türk Azərbaycan Cümhuriyətində vətəndaşcasına yaşamaq, asayiş və istirahətimizin [dincliyimizin] təmini yolunda əl-ələ verib çalışmağa dəvət [çağırdığımız] etdiyimiz qeyri-müsəlmanlar arasında öylələri tapıldı ki, uzatdığımız ələ arxalarını çevirib, Parlamanımızı və hətta Cümhuriyətimizi belə «namüəssəm» [gərəksiz, uyğunsuz] ədd [sayaraq] edərək, istiqlalımıza qarşı bədhah [kötüdüşüncəli, yağı] olduqlarını indidən bildirdilər». Üzeyir bəy 1919-cu il mayın 28-də yayımladığı «Bir yaş» yazısında isə yazırdı: «Bu gün istiqlalını [bağımsızlığını] elan etmiş olduğumuz və istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanımanlarımızı [ev-eşik, yurd-yuva, tikili] xarabə [dağıtmaq] qoyduğumuz bir dövlətimizin, yəni AZƏRBAYCAN TÜRK DÖVLƏTİnin bir yaşı tamam olub».
O çağda Azərbaycan Türk Dövləti deyimi işlədilsə də, gerçək geopolitik ortam Azərbaycan Türk Dövləti qavramının politik gerçəkləşdirilməsinə qoymadı. Birlik Dövlətləri təkcə Rus dövlətini tanıyır, ölkənin başkəndi Bakıda yüz illik superetnik politikaların yaratdığı, ancaq rusluğu anlayan, çox dolaşıq Rus-erməni-yəhudi-alman-polyak…demoqrafik ortamı… İngilis komandanlığı Azərbaycan Respublikasının 1918-ci il iyunun 21-də yaradılan, türklüyün göstəricisi olan səkkizbucaq ay-ulduzlu qırmızı bayrağını belə Osmanlı dövlətinin bayrağına oxşadığına görə yasaqlamışdır…
Prof. Şirməmməd Hüseynov ikinci bitiyin 239-cu səhifəsində yazıb: «Azərbaycan Xalq Cümhuriyəti Ensiklopediyasında (I cild, səh.30) yazılır ki, 1918-ci iyunun 17-də Fətəli Xan Xoyskinin başçılıq etdiyi 2-ci müvəqqəti Azərbaycan hökuməti [burada yaradılıb, ya da qurulub sözü buraxılıb], M.Ə.Rəsulzadə isə 1919-cu il iyunun 27-də parlamentdəki çıxışında deyir: «Keçən il iyun ayının 16-da Gəncədə 1-ci Azərbaycan hökuməti təşəkkül etmişdir». Hansı düzdür? Məncə hökuməti təşkil edən Milli Şuranın sədri düzünü deyər».
Sayğılı professorun yayımladıqlarını, «Parlament stenoqramları»nı, eləcə də b. öyrənəndə yanıldığı görünür. Məhəmməd Əmin bəyin iyunun 27-də Azərbaycanla Gürcüstanın Birgə Savunma Anlaşmasının Parlamentdəki doğrulanmasına dediyi 16 ilə Türkcə «Azərbaycan» qəzetindəki yazıdakı 16 sayı gün-gündən yaxşılaşan politik, ekonomik, kültürəl düzənin gətirdiyi sevincindən doğmuş bənzətmə, tutuşdurma, assosiasiya, emosional affekt, simvollaşdırmadır!
İnsanın sinir-nerv sistemi elə qurulmuşdur, istənilən adam sevinc ortamındakı danışığında bənzətməsinin, tutuşdurmasının duyğusal, emosional dəyərini artırmaq üçün belə kiçik ayrılıqları gözə almaya bilir. Məhəməmd Əmin Rəsulzadənin yaşamının, yaradıcıdlığının öyrənilməsi onun az da olsa dinçi, mistik olmadığını deyir. Məhəmməd Əmin Rəsulzadə bilimə dayanan, irəliçi, yenilikçi, dünyəvi bilgindir. O, «Parlamen stenoqramları»ndakı sevinc dolu duyğusal çıxışının sonunda 16 iyunların uyğunluğunun da bir təsadüf olduğunu deyir: «Əfəndilər! Bu kürsüdən enmədən əvvəl [qabaq, öncə] mən müahidənamənin [anlaşmanın] tarixinə Azərbaycan Hökumətinin bilfel [gerçək] kəndi toprağı üzərində birinci [ikinci] hökumət [ağalıq] təşkili arasında təsadüfi olaraq bir münasibət görürəm. İyunun ibtidasında [başlanğıcında, başlarında] Azərbaycan ilə Gürcüstan öz aralarında bir müahidə əqd [anlaşma bağlayırlar] edirlər. Yenə keçən il iyunun ibtidasında Gəncədə Azərbaycanın əvvəlinci [ikinci] hökuməti təşkil edilmişdi. Azərbaycan feilən təşkil edib də paydar [yaşarı, uzunömürlü] olması üçün əbədiyən [sonsuzadək] kəndisini müdafiə etmək, xaricdən [dışdan] gələcək hər növ təhlükələrə [qorxulara, saldırılara] qarşı qonşuları ilə əqdnamə bağladığı yenə eyni tarixə təsadüf edir.
Əfəndilər! Mənə müsaidə [qoysanız] etsəniz, bunu təsadüf deyil, faktik əqd edərək, hüsnü-təsadüflə [gözəl, yaxşı təsadüflə] iki milləti [ulusu] təmsil edən cümhuriyətlərin, iki millətin ümum demokratiyasının amalıdır. Zənn edirəm, hürriyətimizə [özgürlüyümüzə] təcavüz [saldırı] vaqe olarsa, bir silah arxadaşı kimi Azərbaycan və Gürcüstan milləti bərabərinə [birlikdə] gələcəkdir!».
Məhəmməd Əmin Rəsulzadə burada ilk yol olaraq «Azərbaycan və Gürcüstan milləti» – «politik ulus» bilmsəl qavramını işlədir.
Şirməmməd bəy, Azərbaycan Türklərinə yüz ildən sonra dövlət qurmuş Məhəmməd Əmin Rəsulzadə ilə yaraq arxadaşlarına tükənməz sayğı-sevgimiz bir yana. Ancaq o böyük insanlar yurdundan gedəndən sonra ulusal tariximizlə bağlı şeylərin çoxunu yadlarında qalanlara dayanaraq yazdıqlarından, yazılarda kiçik ayrılıqlarla qarşılaşmaq olur. Məhəmməd Əmin bəy ideoloji baxışlarında heç bir yanlışa yol verməsə də, yadında qalanları yazdığından, bir sıra olayların günlərini, orduçuların görəvlərini, adlarını, eləcə də b. qarışdırıb, ya da yanlış yazıb. Azərbaycanın çağdaş bilimçilərinin, aydınlarının borcu qarşılaşdıqları belə yanlışları düzəltməkdir. Siz də bu işin başında duransınız. Mən də, Məhəmməd Əmin Rəsulzadənin 2015-ci ildə yenidən işləyib yaımladığım «Azərbaycan Cümhuriyəti» kültür anıtında bu borcumu yerinə yetirib, bildiklərimi düzəltmişəm.
Fətəli Xan Xoyski də danışanda belə yanlışlara yol verib. Bunlar olan şeylərdir. Fətəli Xan Azərbaycan Parlamentinin açılışındakı çıxışında deyir: «Ona görə biz Milli Şuranı dəvət etdik ki, Parlament çağırsın. Noyabrın 17-sində Milli Şura çağırılaraq, o dəxi [da] bu sistemi qəbul edərək, bu parlamanı dəvət [çağırdı] etdi».
Biz, son 25 ildə Azərbaycan Milli Şurasının yenidən noyabrın 16-da çağırıldığını öyrənmişik. Buna görə də, məncə Azərbaycan Ağalığının qurulması ilə bağlı «AXC Ensiklopediyası»nda yazılan daha düzgündür! Bunu ən azı sizin 2014-cü ildə yayımladığınız «İstiqlal 1918 – 28 mayıs – 1919» bitiyindəki qaynaqlar doğrulayır.
Azərbaycan Ağalığı 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüşdü. Ancag nə Ağalıq? İşçi yox, yerləşməyə, yaşamağa yer yox, pul yox, ordu yox… Gəncəyə gələn kimi də ortaya çıxmış, tarixçilərin Ərəbcə «ilhaqçılıq» dedikləri özünüqoruma çırpıntısı…
Məhəmməd Əmin Rəsulzadənin (Rəhim Kuşalı taxma adı ilə) «İstiqlal 1918 – 28 mayıs – 1919» toplusundakı «Seym»dən Parlamana» yazısında da Gəncəyə gəliş günü yanlışlıqla 17 iyun göstərilib: «Hökumət təqsimi [bölünməsi] əsnasında təsviyəsi [görülməsi] lazım bir takım xüsusatı [işi, özəlliyi] bitirmək üçün yeni təşəkkül [yaradılan] edən Azərbaycan hökuməti bir kaç gün Tiflisdə qalaraq nəhayət [sonda], iyunun 17-də Şurayi-Milli ilə bərabər Gəncəyə gəldilər» (94-cü s.).
Baxın, «Azərbaycan Şurayi-Millisinin 7-ci iclası. Gəncə. Bələdiyə dairəsi. Sənə [il] 1918, 17 iyun (həziran), saət 2.» Bu 7-ci toplantıdır, «saət 4-də qapanıyor». Fətəli Xan bu toplantıda Tiflisdə yaratdıqları Ağalığın istefa verdiyini bildirir.
Milli Şuranın sonrakı toplantısı gecə saat 12-nin yarısında Məhəmməd Əmin Rəsulzadənin başçılığında toplanır. Danışıqların, çəkişmələrin sonunda Milli Şuranın başçısı Məhəmməd Əmin Rəsulzadə deyir: «Həzərat, sizin arzuyi-ümumiyətinizə [birgə istəyinizə] nəzərən bən Azərbaycan hökumətinin təşəkkülü [yaradılması] üçün təşəbbüs edərək kabinə təşkilini möhtərəm [sayğılı] Fətəli Xan Xoyski cənablarına həvalə [tapşırdım] etdim. O da qəbul elədi. Müsaidənizlə [qoyun] kabinə heyətini sizə məriflik [bildirsin] buyursunlar».
Deməli iyunun 17-də başlayan bu toplantı 18-də səhərəyaxın bitmişdir. Buna görə də iyunun 17-si düzgündür.
Bu olacaq işləri çıxışçılar edib, stenoqrafçılar, qəzetçilər törədib, elə də aydın deyildir.
Sözsüz, kiçik güclə belə böyük işi görməyinizə görə sizə Azərbaycan Parlamentinin açılması ilə bağlı gələn, Türkcə, eləcə də Rusca «Azərbaycan» qəzetlərində yayımlanmış qutlama teleqramlarındakı sevinc boyda sayğı-sevgi düşür! Qubadan daha çox qutlama teleqramının gəldiyni, Rus, Erməni, Yəhudi, Alman, Polyak, Gürcü yurddaşlardan, toplumsal-politik qurumlardan da teleqramlar gəldiyini deməliyik.
Yeri gəlmişkən, irəlidə adı çəkilən AXC Ensiklopediyasının yaradılmasında əməyi olan bütün bilimçilərə, arxiv işçilərinə çox sağ ol, deməklə yanaşı buraxılmış bir yanlışın gələcəkdə düzəldilməsini istərdim. Toplunun I cildinin 153-cü səhifəsində yazılmışdır: «Dünən gecə Azərbaycan Cümhuriyəti Hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdir: «Bismillahir, rəhmanir, rəhim! Bakı şəhəri 15.09.18, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusunun komandanı Fərrux Nuri».
Burada Azərbaycan Türklərini soyqırımdan qurtarmış Türk Ordusunun komandanı Nuru paşanın adı kimi getmiş ferik sözü Ərəb yazısının «çör-çöp»ünün oxunma çətinliyindən fərrux oxunmuşdur. Ferik çağdaş Azərbaycan Ordusundakı bölgü ilə general-leytenenant deməkdir. «Ensiklopediya»nın II cildinin Nuru paşadan danışılan 270-ci səhifəsində onun feriq – general-leytenant olduğu da yazılmışdır.
Prof. Şirməmməd Hüseynov yaşayıb-yaradır! Bir çağlar, 1992-ci ildə Məhəmməd Əmin Rəsulzadənin «Əsərləri»nin birinci cildini yayımladığından dolayı onu söymüş «mozalançılar»sa, Üzeyr bəyin «Biz qətiyən arzu etməriz ki, Əhməd [Pepinov] bəyin idarə elədigi «Hümmət», Nəriman bəyin idarə elədigi «Hümmət» kibi tənqidat [ələşdirilər] və mübarizələrində feodal [dərəbəy] və klerikal [dinçi] bir cərəyan müməssilləri [yolçuları] olan sağları unudub, demokratik mərkəz [müsavat] ilə elədigi mübarizəyi zamanın təhəmmül [dözməyəcəyi] edəmiyəcəgi əndazə [ölçü-biçi] xaricinə çıxarsın!» sözlərindəki adı çəkilən Rus agentləridək ulusal düşüncədən silinib getdilər, Məhəmməd Əmin Rəsulzadənin arxadaşları ilə qurduğu Azərbaycan Respublikası, yaratdığı azərbaycançılıq, türkçülük, qafqazçılıq, çağdaşlıq ideyaları isə yaşayır.
Türk ulusu, Şirməmməd Hüseynov kimi dönməz Türk aydınları durduqca yaşayacaqdır!
*Düz ayrıcdakı açıqlamalar Yadigar Türkelindir