Bu gün İran İslam Respublikasında baş verənlər 1978-ci ildə şah İranında başlayan, indiki İslam rejiminin qurulması ilə sonuclanan devrim başlanğıcına bənzəyir. Onda İran toplumu şah rejiminə qarşı birləşmişdi. İndi, aradan 38 il keçmiş, İran toplumu İslam rejimini devirməyə yüklənmiş durumdadır. Bunu yalnız rejimə yönəlik kəskin çağırışlardan deyil, toplumun aşırı aqressivliyindən, təpikləyici təpkilərindən də görmək olar.
Sosial-ekonomik istəklərlə başlayan çağırışlar (şüarlar) bir neçə günün içində bütünlüklə siyasi çağırışlara dönüşdü: “Ruhani rədd ol!”; “Xamenei rədd ol!”; sonra da “Ruhaniyə ölüm!”; “Xameneiyə ölüm!”; “Diktatora ölüm!”; “Ölüm olsun faşistə!”; “Hizbullaha ölüm!”; “Fələstini, Suriyanı yox, bizi düşün!”; “Korrupsiyaya yox!”; “Müftəxora ölüm!”; “Millət acından dilənir, Xamenei Allahlıq edir!”. Bu biri yandan da: “Haray, haray – biz Türkük!”; “Türk dilində mədrəsə – olmalıdır hər kəsə!”. Bunlar hamısı 38 illik gerilikçi molla rejiminin, bu rejimin arxasında dayanan fars şovinizminin, qansız-amansız şəriət qanunlarının doğurduğu yanıtlar-reaksiyalardır. Elə prezident Ruhaninin, baş din lideri Xameneinin portretlərinin bütün İran boyu ayqalar altına atılıb tapdanması, yandırılması faktları da 38 illik rejimin özünün doğurdu qanunauyğun görsənişlərdir.
Prezident Ruhani bütün antidemokratik rejimlərdə olduğu kimi, indi ölkədə baş verənləri “Amerikanın, İsrailin işi” adlandırır. Bizdə (Quzey Azərbaycanda da bir sıra çoxbilmişlər tez-tələsik qabağa qaçaraq İranda baş verənləri “ABŞ-ın, İsrailin işi” adlandırırlar. Bunlar daha çox ölkədəki diktatura əlaltılığına yönəlik düşük dəyərləndirmələrdir. Belə düşük dəyərləndirmələrdə bulunanlar qabaqca 38 illik rejim gerçəklərinə, o gerçəkliyin doğurduğu indiki çağırışlara baxsınlar: yalanmı, doğrumu? O çağırışların hamısını 38 illik geriçi, şovinist, şəriət qanunlarına bağlı qansız-amansız rejim gerçəkləri doğurur. Analitik düşüncəli kimsə olaraq mən də işdə ABŞ-ın, İsrailin, İngiltərnin, Səudiyənin rol oynadığını düşünürəm. Ancaq, bunlar indilikdə təkanverici faktorlar sayıla bilər, ondan artığı yox.
Çoxları unutmuş olar: az öncənin ABŞ prezidenti Barak Obama demişdi: “İranda rejimi qadınlarla gənclər devirəcəklər”. Sizcə, Obama iranlı qadınlarla, gənclərlə gizli iş aparırdı? Yox, Obama çağdaş dünya gerçəklərindən, çağdaşlıq qanunlarından çıxış edərək belə deyirdi. 21-ci yüzildə, İnternet dönəmində, İran kimi köklü kültür ölkəsini ərəbləşdirmək, 7-ci yüzil qanunlarına qaytarmaq olmaz, olamaz. İndi İranda baş verənləri izləyin: qadınlarla gənclərdəki üstün aqressivliklə yanaşı, yüksək enerjili coşquya baxın – bunlar gerilikçi rejim nədəniylə illərlə yığılıb qalan, ata-analardan onların törəmələrinə ötürülən çoxillik aqressiya-enerji yığımının indi ortaya çıxan partlayış görsənişləridir. ..
İran İslam Respublikası adlanan dövlətin başında duranlar İranın böyük yeraltı, yerüstü resurslarından yararlanaraq öz ideologiyalarını bütün bölgə ölkələrinə yaymağa çalışır, bundan ötrü illərlə milyardlarla dollar pul tökürllər. Buna görə indi ortaya “Suriyanı, Fələstini burax, bizi düşün!” kimi çağırışlar çıxır. Bəs “Hizbulllaha ölüm!” çağırışının arxasında hansı gerçəklik dayanır? Bəlli olduğu kimi, İran İslam Respublikası bir çox dövlətlərin terror qurumu olaraq tanıdığı “Hizbullah”a sponsorluq edən başlıca dövlətdir. “Hizbullah”ın başında duran şeyx Nəsrullah qəzet çıxışlarının birində Azərbaycan – erməni konfliktinə toxunaraq demişdi: “Biz başlanğıcdan ermənilərə arxa durmuşuq, savaş yenidən başlayarsa, yenə də ermənilərə arxa duracağıq”. Bu isə yalnız “Hizbullah”ın Azərbaycan – erməni savaş konfiliktinə baxışı deyil, eləcə də onun arxasında dayanan, ona sponsorluq edən İİR-in baxışıdır.
İllərdən bəri dildə-ağızda gəzən “Haray, haray – mən Türkəm!” (indi yenilənib: “biz Türkük!”) çağırışına gəlincə, bu, İran İslam Respublikası adlanan şovinist fars dövlətinin doğurduğu daha bir gerçəklik yansıtmasıdır. Azərbaycan Türklərindən Türkmən Türklərinədək İranda 50 milyonadək Türk yaşayır. İrandakı bir ovuc xristian erməniyə aşırı hüquqlar tanıyan İran İslam rejimi ana dilində öyrətim hüququ başda olmaqla Türklərin bütün hüquqlarını tapdayır. İranda Azərbaycan Türklərinin ulusal kimliyini danmağa yönəlik “islam” siyasəti yürüdülür.
Şah bir sıra baxımlardan İranı gəlişdirib qabağa aparmışdı. Ancaq, ortada sosial düzgünlük (sosial ədalət) yox idi; Əliyevlər Azərbaycanında olduğu kimi, Şah İranında da ölkənin yeraltı, yerüstü var-yatırını bir ovuc oğru-quldur, bu gün İrandakı çağırışlarda səsləndirildiyi sayaq, MÜFTƏXOR yığını ələ keçirmişdi. İranlılar islam-şəriət quruluşunun ölkəyə sosial düzgünlük, qanunçuluq gətirəcəyini düşünürdülər, ancaq, şah dönəmində olduğundan daha dözülməz dönəmlə üzləşdilər! Nə oldu? Şahlığın devrilməsində başlıca rol oynamış Azərbaycan Türklərinə yeni Konstitusiya (islam konstitusiyası) ilə veriləsi ÖZƏRK (muxtariyət) hüququ da verilmədi. Şahlığın devrilməsində başlıca rol oynamış Azərbaycan Türkləri – ayətullah Şəriətmədari, sənayeçi Mehdi Bazərgan, eləcə də bir çox başqaları çox keçmədən neytrallaşdırıldılar, aradan götürüldülər. Bundan başqa, şahlıq rejiminin devrilməsində önəmli rol oynamış komunistlər, qabaqcıl görüşlü aydınlar öldürüldü, ölkədən qaçaq salındı. Ölkə şəriət qanunlarına büründü. Sosial düzgünlük olmadı, şahlıq MÜFTƏXORLARININ yerini molla MÜFTƏXORLAR tutdu, korrupsiya da öz yerində. Beləliklə, mollalar hamını: devrim yoldaşlarını da, xalqı da aldatmış oldular. Bu üzdən də indi baş verənlərin – rejimə qarşı aqressiv qalxım-çıxışların geci-tezi var idi…
Böyük Atatürk deyirdi: “Cəhalət yenilməsi gərəkən ən böyük düşməndir”. Bu gün İrandakı aşırı aqressiyanı başlıca olaraq ortadakı düşmən – cəhalət rejimi doğurur!
P.S. Ermənilər Azərbaycana düşmən dövlətlərin yardımına arxalanaraq TERROR – QANLI QIRĞIN – SOYQIRIM yoluyla ələ keçirdikləri Qarabağda yıxdıqları məscidlərin yerinə kilsələr tikirlər, İran İslam Respublikası adlanan dövlət durmadan ermənilərə yardımlar edir, onların daha da güclənmələrinə, bundan dolayı daha da azğınlaşmalarına nədən olur!
Tutacağımız yol
Azərbaycan Türkləri olaraq indilikdə bizim tutacağımız yol budur: keçmişlərdən öyrənən, sağlam-uğurlu gələcəyə yönəlik ağırbaşlı, ölçülü-biçili davranış…