XALİQ BAHADIR. KORRUPSİYA DÖVLƏTÇİLİYİ

Dövlət nədir? Bu soruya qarşılıq olaraq politoloji ədəbiyatdan çoxlu alıntı gətirmək olar. Sözü uzatmamaq üçün qısasını deyirəm: dövlət yurddaş (vətəndaş) hüquqularını qoruma mexanizmidir. Bu üzdən də xalq dövlət üçün deyil, dövlət xalq üçündür.
Bəs heydərizm – əliyevçi rejim praktikasında necədir? Burada dövlət xalq üçün deyil, dövlət hakimiyətini qanunsuz yollarla ələ keçirən, saxta “seçkilər” yoluyla uzun illərdən bəri əldə saxlayan bir qrup korrupsioner üçündür. Bizdə dövlət 25 ildən bəri xalqın hüquqlarını deyil, dövləti ələ keçirmiş bir qrup oğru-soyğunçunun hüquqlarını qoruyan mexanizmdir.
Dövlətin korrupsiya-repressiya aparatı olaraq xalqa yağı kəsilməsi üzündən azərbaycanlılar – dünyanın ən yurdsevər, ailəcanlı adamları – bu gün HÜQUQSUZLUQDAN, YAŞAM YARITMAZLIĞINDAN – DOLANIŞIQ DÖZÜLMƏZLİYİNDƏN bütün Yer üzünə səpələk olublar! Buna görə bu gün Azərbaycanda yaşayandan çox Azərbaycandan qıraqda azərbaycanlı yaşayır. Bu fakta anlayışla yanaşmaq, bu faktla barışmaq olardı: Azərbaycan qonşu Gürcüstan, “Ermənistan” kimi doğal resurslardan yoxsul olsaydı. Bəlli olduğu kimi, Azərbaycan doğal resursları aşıb-daşan bir ölkədir. Ancaq bu resurslar dövlət hakimiyətini qanunsuz yollarla ələ keçirən, uzun illərdən bəri qanunsuz yollarla da əldə saxlayan bir qrup oğrunun özəl var-yatırı, dədə malı yerindədir. Buna görə Azərbaycanda minimum əmək pulu M.Saakaşvilinin 5 ildə Demokratiyaya – Qanunçuluğa qovuşdurmaqla çiçəklənən ölkəyə çevirdiyi Gürcüstan bir yana, “batıb-gedən” “Ermənistanda” olduğundan da çox aşağıdır. Bu düşkün, bu uğursuz-ölgün durumdan qurtuluş yolu indiki ANTİMİLLİ, ANTİDEMOKRATİK rejimdən qurtulmaqdır!
Başlanğıcdan Azərbaycanı içindən bölüb-parçalama politikası yürüdən (ayır – buyur imperiya politikası) əliyevçi rejimin aparıcı fiqurlarından birinə çevrilmiş prezident köməkçisi Əli Həsənov bugünlərdə “Vətəndaş həmrəyliyi” partiyasının sədri Sabir Rüstəmxanlını da yanına almaqla Amsterdamda seçkiönü kampaniya olaraq “Avropa azərbaycanlılarının konqresi” adında yığıncaq keçirdi. Bu, sözsüz, dördüncü prezidentliyə yiyələnməyə yönəlik, hakimiyəti daha 14 il (7+7) əldə saxlamaq üçün keçirilən yığıncaqdır – ölkənin üzünü bir çox baxımlardan gələcəyə deyil, keçmişə çevirmiş bir rejimi qoruyub saxlamağa yönəlik yığıncaq!
Ə.Həsənov yığıncaqda belə bir yalan danışıb: “Bir həftəyə, uzağı bir aya Qarabağı qaytara bilərik, qoysalar”. Dönə-dönə vurğulamaq gərəkir: Ə.Həsənov yalan danışır: Əliyevlər hakimiyətinin imperialist güclər qarşısında Qarabağı qaytarmaq öhdəliyi yoxdur, bu öhdəliyin tərsi var: hakimiyət bizim, Qarabağ sizin. Belə olmasaydı, rejim başçısı Qarabağı işğal etmiş, Xocalı soyqırımını törətmiş Rusiyanı “strateji müttəfiqimiz” adlandırmazdı. Belə olmasaydı, Əli Həsənov başda olmaqla əliyevçi rejimin başında duranların bir çoxu İŞĞALÇI Putin hökumətindən orden-medal almazdı. Belə olmasaydı, Xocalı soyqırımını törədən erməni-rus cinayətkarlar çoxdan Haaqa məhkəməsi qarşısında dayanmış olardılar. Belə olmasaydı, Azərbaycan ordusunun uğurla başladığı Aprel (2016) döyüşləri Kremldən gələn komanda qorxusundan ordumuzun böyük itkiləriylə sonuclanmazdı. Belə olmasaydı, ermənilər bu gün Laçında, Şuşada, ən başlıcası, Azərbaycan ordusunu burnunun ucunda – Cəbrayılda çox böyük arxayınçılıqla kilsələr, şadlıq sarayları, uşaq baxçaları tikməzdilər…
İngiltərə, Rusiya başda olmaqla bəlli imperialist dövlətlərin əliyevçi rejimə illərlə arxa durmasının iki başlıca nədəni var: 1) Azərbaycanın doğal resurslarının ortaqlı pay-püşk edilməsi; 2) tutulan torpaqlarda ermənilərin bərkinməsini qarantiyalayacaq uzun sürəli aldadıcı diplomatik danışıqlar yoluyla Qarabağı İngiltərə ilə Rusiyanın Azərbaycan coğrafiyasında birgə yaratdıqları qondarma “Ermənistan” dövlətinin bir parçasına çevirmək.
Aksiom: Qarabağı – itirilmiş Torpaqları xalqa yad-yağı hakimiyət deyil, bütünlüklə xalqdan qaynaqlanan, bütünlüklə xalqa bağlı olan, amacı xalqın amacı ilə üst-üstə düşən QANUNÇU hakimiyət qaytara bilər. Başı başqa yerlərə bağlı istənilən hakimiyət xalqın deyil, başqalarının hakimiyəti deməkdir!
“Vətəndaş həmrəyliyi” partiyasının sədrini yanına alaraq Amsterdamda “Avropa azərbaycanlılarının konqresini” keçirən Ə.Həsənov 2013-cü il “seçkisi” qabağı müxalifətin dəyişiklik istəyinə qarşı çıxaraq demişdi: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Ə.Həsənovun o qorxunc çıxışından sonra dəyişikliyə – ölkənin uğurlu gələcəyinə! – inamını itirərn bir çoxları başını götürüb Azərbaycandan getdi.
Ancaq… hüquqsuzluqdan, dolanışıq dözülməzliyindən doğma yurd-yuvasını atıb getməli olanların hamısı biryolluq üz döndərib getmir, çoxu sevgili ölkəsinə qayıtmaq, bu ölkənin bütöv hüquqlu yurddaşı olmaq üçün getdiyi yerdə, başlıca olaraq Avropada rejimlə çarpışma yolunu tutur. Bu isə bir sıra demokratik Avropa qurumlarını satın alan, satın almağa, bu yolla hakimiyəti əldə saxlamağa çalışan rejim yetkililərini qorxuya salır: ölkə içində korrupsiya-repressiya yoluyla gücsüzləşdirilən, sayı azalmaqda olan müxalifətin yerini Avropada getdikcə sayı artan, güclənən başqa bir müxalifət tutmağa başlayır. Özlərinin üzləri olmadığından, qıraqdakı müxalifəti “yola gətirmək” üçün Sabir Rüstəmxanlı kimi rejim “millətçisini” qabağa vermək gərəyi yaranır.
S.Rüstəmxanlı utanmazcasına Avropadakı Azərbaycan müxalifətinə qarşı çıxaraq deyir: ”Vətəndən qaçıb, xaricdə dövlətini təhqir edənlərlə ciddi mübarizə aparılmalıdır”. Birincisi, S.Rüstəmxanlı bilərəkdən kələyə əl ataraq hakimiyət-rejim anlayışı yerinə dövlət anlayışını işlədir. Ikincisi, istənilən yurddaş onun yurddaş-vətəndaş hüquqlarını qorumaq yerinə o hüquqları ayaq altına alan dövlətlə konfliktə getmək hüququ qazanmış olur: dövlət özünün yurddaş qarşısındakı doğal öhdəliyini – görəv borcunu yerinə yetirmədiyi üçün! Yurddaşın konstitusion hüquqlarını pozan, ayaq altına alan dövlət qaçılmaz olaraq gec-tez etdiyinin qarşılığını görəsidir. Yenilik, düzgünlük, demokratiya istəyənləri, başlıcası da ölkə gəncliyini durmadan şərləyib türmələrə doldurmaqla sürəkli repressiya yolu tutan dövlət özü özünə gələcəksizlik yaradan dövlətdir –mənim, sənin, bizim bunu istəyib-istəmədiyimizdən asılı olmayaraq.
S.Rüstəmxanlıya gəlincə, bu adam bütün çağlarda (sovet dönəmində də, sonralar da) necəliyindən asılı olmayaraq rejim qulluqçusu olub – bir sıra nədənlərə görə o, başqa cür ola da bilməz!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv