20 oktyabr 1989-cu il. Ocaq təqvimi ilə 20 Xəzan Ayı, 11-ci il. Aktyor evində (Bakı şəhəri) Asif Ata ilə muğam haqqında keçirilən görüşdən sonra Azərbycan radiosunun “Günün səsi” verilişinin müxbiri Zərxanım Əhmədlinin (Atadan) aldığı müsahibə.
Zərxanım Əhmədli: Bu görüşdə respublikanın ədəbiyyat və incəsənət xadimləri, musiqisevərlər, ümumiyyətlə, sənətsevərlər iştirak edirlər və belə bir məclisin də bugünkü söhbəti muğam üstündədir, muğam ətrafındadır. Muğamın əsrarəngiz sirlərindəndir və məclisin də ağsaqqalı, sevimli alimimiz, filosof-tənqidçi Asif Əfəndiyevdir.
Asif müəllim, muğam tək muğam deyil, həm də fəlsəfədir. Nəyə görə?
Ata: Muğam ona görə fəlsəfədir ki, orda insan pillə-pillə, hal-hal dəyişir, kamilləşir, ilahiləşir və son məqamda daxilində rüşeym halında olan xaricdə tam, hərtərəfli, bütöv şəkildə təzahür edən, yerə-göyə sığmayan Allaha, yəni yeri-göyü yaradan yox, Kamillik rəmzi olan Allahla üzləşir, ona qovuşur. Ümumən, musiqidə fəlsəfilik əsas xüsusiyyətlərdən biridir. Biz Avropa simfonizminin, Bethovenin, Baxın və başqalarının fəlsəfiliyini danmırıq. Lakin heç bir musiqi muğam qədər insanı özündən artıq eləmir. İnsanı Allahlaşdırmır. Hər şöbə insan həyatının bir hissəsidir. Hər şöbədə insan təmizlik qazanında qaynayır. Bir pillədən başqa bir pilləyə keçid qeyri-kamillikdən kamilliyə keçid olur. Və son nəticədə insan saflaşır, təmizlənir, özündən artıq olur, dünyadan artıq olur və Allah səviyyəsində olur. Açıq demək lazımdır ki, belə musiqi yoxdur muğamdan başqa. Və onu da qeyd eləmək istəyirəm ki, muğam sintezdir. Muğam bütün Şərq mahiyyətinin sintezidir və bunu da qeyd eləmək istəyirəm ki, elə Azərbaycan da Şərqin sintezidir. Azərbaycan Şərqi çox gözəl təmsil eləyir. Mən deyərdim ki, hamıdan artıq təmsil eləyir. Onun böyüklüyünü, qeyri-adiliyini, onun Avropa tərəqqisi tərəfindən inkar edilən və anlaşılmayan, anlaqsızlıq səviyyəsində rədd edilən pünhan daxili ləyaqətini gözəl ifadə eləyir Azərbaycan xalqı. Gəlin bir az bu məsələnin üstündə dayanaq. Nəyə görə Azərbaycan xalqı Şərqi kamil təmsil eləyir?
Ona görə ki, biz Zərdüşt nəslindənik. Və Muğamda Hürmüz İşığı yanır. Eyni zamanda Hürmüz İşığı bizim tariximizdə, taleyimizdə yanır və Hürmüz İşığı, Zərdüştçülük – birinci peyğəmbərlikdir. O zaman nə İsa vardı, nə Məhəmməd vardı. Birinci fəlsəfəliydi – bu peyğəmbərlik. Altıncı əsrdə yaranıb Zərdüştçülük. O dövrdə nə Platon vardı, nə Aristotel vardı. Heç kəs yox idi və Zərdüştçülükdə yalan yoxdur. Zərdüştün dininin mahiyyəti budur ki, işıqlan, nurlan. Sən daxilən nurlan ki, dünya nurlansın. Və gec-tez Hürmüz Əhrimənə qalib gəlməlidir. İşıq qaranlığı məhv eləməlidir. Burda o dünya cəfəngiyyatı yoxdur. Burda qəzavü-qədər fatalizmi yoxdur. Sənin alnına Allah filan şey yazıb yoxdur. Burda qismət eybəcərliyi yoxdur. Burda köləlik yoxdur, mütilik yoxdur. Burda insana hədsiz dərəcədə işıq səviyyəsində heyrət var. Bunu biz yaratmışıq. Azərbaycan yaradıb. Qədim Midiya. Heç kəs inkar eləyə bilməz ki, biz Midiyalıyıq.
Babək yeganə şəxsiyyət idi ki, bütün Şərqdə… bütün Şərqdə yeganə şəxsiyyət idi ki, Xəlifətə qarşı dayana bildi. O Xəlifətə ki, onun başı Bağdadda idi, ayağı Hindistanda idi. O Xəlifətə qarşı elə bir şəxsiyyət dayandı ki, o nə hökmdar idi, nə tacir idi, nə varlı idi, nə adlı-sanlı idi. Adi bir adam idi. Ancaq daxilində Şirvin gəzdirirdi. Özünün Allahlığını dərk eləmişdi və 23 il o Xəlifətlə döyüşdü. O Xəlifətlə ki, kinli bir azğın idi. O Xəlifətlə ki, sonra onun qolunu kəsdi və qolu ilə onun sifətinə sillə vurdu. Qanlı qolu ilə. Sonra ayağını kəsdi. Ayağı ilə sifətinə sillə vurdu. Qanlı sillə vurdu. O qədər kinli, nifrət vardı. Qorxudan doğan kin idi. Zəhmindən doğan. Sonra bizim Babəkimizin xatirəsini də şaqqaladılar. Guya ki, nə atası bilinirdi, nə anası bilinirdi. Və Xürrəmidin sözünü əyyaşlıq mənasıda qandırdılar Bəşəriyyətə. Əslində Xürrəmidin döyüşə olan fərəhdir. Qəhrəmanlıq döyüşü idi və s. və i. Demək istəyirəm ki, Azərbaycan xaqlının böyüklüyü ondadır ki, o, Şərqin mahiyyətini çox kamil, özünəməxsus dərin¬likdə nəinki ifadə eləyib, həm də qoruyub, saxlayıb. Və muğamın bu böyüklüyü də elə bundadır.
Zərxanım Əhmədli: Asif müəllim, müasir muğam ifaçılarımız haqqında bir neçə kəlmə.
Ata: Təbiidir ki, bizim muğam ifaçılarımızın yaxşıları da var, pisləri də var. Ancaq mənim onlara iradım böyükdür. Mən belə hesab eləyirəm ki, muğam üstə məddahlıq eləmək, üzr istəyirəm, lotuluqdur. Muğam məddahlıq üçün deyil. Bayrağımızın dalğalan¬ması yaxşı şeydir. Asif müəllim bunu inkar eləmir. Amma bayrağımızın dalğalanması haqqında “Qatar” üstə danışmazlar. Yaxud ikinci böyük fəlakət – hərcayilik. Muğam ciddi məsələdir, ciddi söhbətdir. Burda yumor olmaz. Gör nə günə qalmışıq ki, “Simayi-Şəms” üstündə bizim bəziləri, bəzi xanəndələrimiz “Simai-Şəms”in üstündə yumoristik söhbətlər aparırlar. Hansısa bir həvəskarın yazıçılığının yumorunu verirlər. Şair nə olsa da, heç olmasa bir…
“Simayi-Şəms” üstündə haykırırlar. “Simayi-Şəms” isə insanın Allahla qovuşması məqamıdır.
Mən xanəndələrimizə üz tuturam və deyirəm: siz niyə Nəsimini oxumursunuz? Siz niyə “Mənsuriyyə” üstündə “Məndə sığar iki cahan, mən bu cahana…” oxumursunuz, siz niyə Şah İsmayılı oxumursunuz? Siz niyə elə bir şairdən yapışmısınız? O şairdən ki, onun yaxşı şeirləri ilə bərabər hərcayiliyi də var, yumoru da var və uydurma bir sevgi dastanı da var ki, ona heç inanmırsan da (Ata Ə.Vahidi nəzərdə tutur-S.A.). Füzulidən oxuyursunuz, lakin azdır. Şah İsmayılın balaca, dahiyanə bir qəzəlindən bir-iki misra istəyirəm oxuyum və xanəndələrə demək istəyirəm rast düşsə, bunu oxuyun. Səhv eləməzsiniz.
Bu dükan yüz min dükandır
Darı birdir, darı bir.
Şəhr birdir,
Asılırsan dari bir
Aşiq oldur ki,
Piri birdir,
İlqarı bir.
Sən bilirsən bəndənin halın
Nə bilsin bilməyən
Birmidir, ya yüzmüdür.
Necə gözəl, hikmətanə. Elə bil Füzuli özü yazıb. Böyük sənətimizin qəzəl fəlsəfəsi yaddan çıxır. Belə-belə biz bayağılaşdıraraq muğamı öldürə bilərik. Mən üzümü şairlərə tuturam, o yaşlılara, müdrikləşənlərə. Qəzəl yazın. Qəzəllə qala bilərsiniz. Ən orta qəzəl belə qalır. Onu görürük.
Zərxanım Əhmədli: Asif müəllim, bir neçə kəlmə də muğamımızın sabahı barədə.
Ata: Əgər muğamın fəlsəfəsi, onun idraki mahiyyəti, onun qeyri-adiliyi dərk olunacaqsa, muğamımız yaşayacaq. Əgər bu dərk olunmayacaqsa, əgər biz yenə də gözümüzü dünyaya tutacıqsa, mən bir kəlmə bu haqda demək istəyirəm. Bizim vətənimizdən böyük dünyamız yoxdur. Orda-burda bizi tanıyırlar.
Özümüzü güclə-bəlayla Avropaya salmaqla, ay məni Fransanın filan yerində bəyənirlərsə, bəyənirlər, – deyə-deyə özümüzə təskin vermək əvəzinə, öz vətənimizi dünyaya çevirməliyik. Bütün məsələ bundadır. Mən qəti əminəm ki, insan dünyaya sığmır, amma vətəninə sığır. Bu səbəbdən də əgər biz muğamın ümumbəşəri mahiyyətini elə Bakıda otura-otura dərk eləsək və muğamın böyüklüyünü hardasa Avropada axtarmasaq, öz balaca sayılan böyük ölkəmizdə muğamı fəlsəfilik səviyyəsinə qaldırsaq, muğam yaşayacaq. Əgər bunu eləməsək, bayağılaşacaq, yumorlaşacaq, məddahlaşacaq, özünün əksinə çevriləcək və biz özümüzün mədəniyyətimizin ən böyük sütunu olan muğamı itirərik. Bağışlayın ki, mən belə həyəcanlı danışıram. Muğam haqqında başqa cür danışmaq günahdır.
Zərxanım Əhmədli: Asif müəllim, maraqlı müsahibə üçün sizə təşəkkür edirəm və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Ata: Sağ olun, çox sağ olun.
(Qeyd: Müsahibə görüşdən bir gün əvvəl yəni 19 oktyabr, 1989-cu ildə, Ocaq təqvimi ilə 19 Xəzan Ayı, 11-ci ildə “İrs” ansamblının yerləşdiyi qədim Karvansara binasında götürülmüşdür. Görüş keçirilən müddətdə müsahibə Azərbaycan radiosunun “Günün səsi” verilişi ilə qısaldılmış şəkildə verilmişdir – S.A.).