İNSANI KÖLƏLƏŞDİRƏN CƏMİYYƏT YOX,  ÜLVİLƏŞDİRƏN CƏMİYYƏT! (Atadan müsahibə)

E.A. – Ruhani cəmiyyət və tarixdə olan cəmiyyətlər Ata görümündə.

Asif Ata: – Bütün tarixdə Ruhani Cəmiyyətə qədər olan cəmiyyətlər, quldarlıqdan başlamış kapitalizmə və sosializmə qədər, insanı özündən ayırıb. Yəni, bütün cəmiyyətlərin əsas əməli təbəqələşmə olub, bütöv insan əvəzinə ayrı-ayrı təbəqələr, yüksək təbəqə, aşağı təbəqə, orta təbəqə, siniflər, bu mahiyyətcə antiinsanilikdir!
İkinci, ağalıq və nökərlik əlaqələri yaratmaq, bütün cəmiyyətlər ağa verib, ağa yaradıb, nökər yaradıb. Bütün cəmiyyətlərin hamısının canı hakimiyyətçilik olub, bu hakimiyyətçilik də ağalıq və nökərlik adlanan başqa bir hakimiyyətçiliyi qoruyub. Burada dinin rolu çox böyük olub. Çünki allaha qul olan, təbiidir ki, hökmdara da qul olmalıdır, çünki hökmdar da yerin allahıdır, ən azı allahın kölgəsidir, onun nişanəsidir. Ona görə də cəmiyyət ağalıq və nökərlik səviyyəsindən heç bir vaxt çıxa bilməyib, bu səviyyəni aşa bilməyib. Adlar dəyişilib, ağa başqa ad olub. Ümumiyyətlə, cəmiyyətdə insan heç vaxt özü olmayıb!
Üçüncü, cəmiyyətdə insan böyük mənada özündən ayrılır, özgələşir. Özgələşir nə deməkdir? Bütöv insan çevrilir olur fəhlə, bütöv insan çevrilir olur özünün bir hissəsi, cüzi bir hissəsi, bir əməli, ixtisasçı. İnsanın nəyi varsa, özünün mahiyyəti aşkarlanmır. Bunlar hamısı zorakı əlaqələrdir, burada səmimiyyət deyilən şeydən əsər-əlamət olmur, sən istəsən də, istəməsən də kiməsə mütləq salam verməlisən, heç kim sənin daxilində gedən duyğu axarını hiss etmir, sən bunu etməlisən, çünki müəyyən bir qanun var, qayda var və insan tamamilə taxtalaşır, tamamilə qurulaşır, robot kimi olur. Bizim məqsədimiz odur ki, ümumiyyətlə, cəmiyyət olmasın, cəmiyyət əvəzinə xalq birliyi olsun. Ruhaniyyat əsasında! Ona görə də “cəmiyyət” sözünü biz şərti mənada işlətməliyik, cəmiyyət yox, xalq birliyi. Ancaq birdən-birə bizi anlamazlar deyin, biz cəmiyyət sözünü gətirmişik. Məqsəd cəmiyyət dairəsindən çıxmaqdır, xalq birliyinə qalxmaqdır, çatmaqdır!
Ruhani cəmiyyətin dörd prinsipi var: birinci əsas prinsip fərdi özünü idarə, hər bir şəxs özü bir dövlətdir, hər bir şəxs müstəqil inam sahibidir. Heç bir şəxs, heç br qüvvə, heç bir cəmiyyət onun inamına sahib ola bilməz. Hər bir şəxs özü bir dövlətdir, yəni iradə sahibidir, heç bir dövlət, heç bir şəxs onun iradəsinə sahib ola bilməz. Hər bir şəxs özü bir dövlətdir, yəni idrakının sahibidir, heç bir şəxs, dövlət onun idrakına sahib ola bilməz. Hər bir şəxs özü bir dövlətdir, yəni mənəviyyat sahibidir. Heç kəs onun mənəviyyatına sahib ola bilməz. Əgər bu qanunlar həyata keçsə, heç bir parlamentçilik olmayacaq, heç bir prezidentə ehtiyac olmayacaq. Elə bu sözün əsl mənasında İnsançılıq olacaq. Çünki demokratiya sözü bir əfsanədir, bəşər tarixində yarım gün də demokratiya olmayıb. Demokratiya “demos” və “kratiya” sözlərinin birliyindən əmələ gəlib və onun əsl mənası, hərfi mənası xalq hakimiyyəti deməkdir. Amma bir saat da demokratiya olmayıb, hətta Afinanın özündə şəxsiyyətlərin hakimiyyəti olub, Sezarın hakimiyyəti olub, Pompeyin hakimiyyəti olub… Bu bir yalandır, əfsanədir. Demokratiya heç zaman olmayıb və bu bəşərə verilən yalan bir libasdır. Bəli, xalqın seçmə hüququ var, lakin kimi seçirsən, nəyi seçirsən, bu, o qədər qəliz məsələdir ki, burada əslində səni seçdirirlər, sən seçmirsən. Burada milyonlarla pul gəlir ki, səni seçdirsinlər, burada səni olduğun vəziyyətdə qoymurlar, burada səni dəyişdirirlər, özləri istədiyi yönə salırlar. Kimin qabiliyyəti çoxdur, kim yaxşı bunu bacarır, o qalib gəlir, ən talantlısı yox. Və sənə elə gəlir ki, sən seçmisən, əslində səni seçdiriblər. Ona görə də Ruhani birlik həm demokratiyaya qarşıdır, həm də totalitarizmə!
İkinci prinsip Əməkçi Mülkiyyəti. Mülkiyyəti əməkçiyə vermək lazımdır, nə kapitalizmə qaytarmaq lazımdır, nə dövlətə qaytarmaq lazımdır. Torpaq kəndlinin olmalıdır, zavod, fabrik fəhlənin, yalandan Lenin şüarları kimi yox, həqiqətən, nə qədər bu həll olunmayıb, heç vaxt ədalətdən danışmaq olmaz. Deyirlər, iqtisadiyyat belə mürəkkəbləşib, fəhlə bunu bacarmaycaq. Mürəkkəbləşmənin özü elə pis şeydir, özü müəyyən mənada iqtisadiyyatı ruhaniyyatdan üstün tutmağın nəticəsidir. Yalnız əməkçi mülkiyyəti, əməkçi mülkiyyəti müqəddəsdir, kapitalist mülkiyyəti günahdır!
Üçüncü, minimal dövlət yaranmalıdır, yəni güclü dövlət əslində minimal dövlətdir. İndi dövlət hər şeylə məşğul olur, heç nəylə məşğul ola bilmir. Dövlətin cəmi üç funksiyası olmalıdır: birinci funksiya – xalqı dünyada təmsil etmək. İkinci funksiya – xalqı qorumaq. Birinci funksiyanı diplomatiya təmsil edir, ikincini ordu. Üçüncü funksiya – cəmi fərdin, fərdi cəmin təzyiqindən qorumaq, bu da polis əməlidir. Bütün qalan işlər dövlətin olmalıdır. İqtisadiyyat əməkçinin olmalıdır, mədəniyyət sənətkarların, ruhaniyyat ruhaniyyatçıların, ocaqçıların, elm alimlərin. Yalnız belə olduqda müəyyən bir, əsl ahəng yaranar, yalançı, zorçu qayda əvəzinə!
Və dördüncüsü, hakimiyyətin başında imtiyazsız və mənəvi Kamil şəxs durmalıdır. Ocaq tərəfindən yetişdirilən. İmtiyazlar tamamilə ləğv olunmalıdır. Heç kəsin heç kəsdən artıq imtiyazı olmamalıdır, nə ictimai, nə maddi. Hər bir şəxs xeyir adlı əmələ qurşanmalıdır, hərə öz imkanı daxilində.
Bunu bu gün də həyata keçirmək olar, amma xalqın səviyyəsi qalxmalıdır. Tamamilə təzə bir qurum yaranmalıdır!

E.A. – Marksizmin mürtəcə mahiyyəti, fəlsəfəsi simasızlığı, insan şəxsiyyətinin tapdalanmasının idraki kökləri haradandır?
Asif Ata: – Marksizm – yer cənnəti olan din deməkdir. Kommunizm yer cənnətidir. Əslində ən pis cənnət elə yer cənnətidir, əslində ən pis cəhənnəm elə cənnətdir. Marksizm fəlsəfi bir qurum kimi yaradılmayıb, marksizm din kimi yaradılıb. Bu dinin cənnəti kommunizmdir, bu dinin allahı Marksdır, bu dinin bəndəsi fəhlə sinfidir.
Marksizm təzə bir qismətçilikdir, tarixi materializm adlanan fatalistik bir qismətçilik yaradır. İnsanın taleyi, aqibəti, tamamilə ictimai, iqtisadi münasibətlərin, qaydaların, qanunların gedişatı ilə bağlanır. O allah ki, insanın taleyini necə alnına yazmışdırsa, marksizmdə də iqtisadiyyat o dərəcədə insanın taleyini alnına yazmışdır. Hər şey iqtisadiyyatda başlayır, göy allahı yerə enir, istehsalatda müəyyən proseslər gedir, o proseslər müəyyən bir münaqişə yaradır, o münaqişədən bəşərin nicatı yaranır. Həmin o qaydalar, o qanunlar insandan kənardadır, onun ağlından asılı deyil, onun iradəsindən asılı deyil. Əslində allah kimi bir şeydir həmin o qaydalar. Tarixi materializm madiyyatçılıq fatalizmidir, qismətçiliyidir.
Dörddüncü, fəhlə sinfinin, ümumiyyətlə, zəhmətkeşin hakimiyyəti diktaturası cəfəngiyyatı yaratdı. Əməkçi heç zaman hakim ola bilməz, onun işi əməkdir, onun işi becərməkdir, onun işi zavoddakı işdir. Bunun elə özü gözəl işdir, lazımlı işdir. Hakimiyyətdən az əhəmiyyətli deyil. Mənə elə gəlir bu yalan idi, Marks bilirdi ki, bundan bir şey çıxmayacaq, amma fəhlə sinfinin intizamı var idi, onu ələ almaq lazım idi və kapitalizmi uçurmağa qadir o idi!
Və sonuncu millətlərin bir-birinə qovuşması ideyası, əslnidə milli genosid, bəşərin sürüləşməsi, naxırlaşması. Çünki millətlərə yetmək bəşərin sürülükdən çıxması idi, millət əbədidir, millətlər ləğv olunsa yenə insan əvvəlki sürülüyünə qayıdacaq. Bütün bunlar hamısı bir yerdə marksizmin çox dəhşətli bir idrakı, siyasi azması deməkdir. Bəşər çox şey itirdi!

E.A. – Ata zamanı.
Asif Ata: – Ata zamanı İnam zamanıdır, İdrak zamanıdır. Mənəviyyat zamanıdır, İradə zamanıdır. Zaman, dünya Mütləqə İnam əsasında mənəviyyatını quracaq! Bu olacaq Ata zamanı, Ocaq zamanı. Bu əsrlər tələb edən əməldir. Amma bunun ilk bəhrəsi artıq var və onun bəhrəsini, səviyyəsini görəcəyik, hamımız görəcəyik. Lakin ümumən bəşərin Mütləqə İnama çatması çox əsrlər tələb edir. Ata zamanının sonu demək olar ki, yoxdur və bizim aqibətimizə düşən saədətdir ki, qısa ömrümüzü belə uzun bir əmələ həsr etmişik. Bu bizim ölməzliyimizdir, hamımızın. Atanın da, Evladlarının da.
Ata zamanı o zaman olacaq ki, özüylədöyüş adlanan ruhani əməl təkcə ocaqçıların yox, artıq adamların çoxunun daxili tələbatına çevriləcək. Hər evdə bir özüylədöyüş guşəsi, mehrabı yaranacaq. Hərçəndi evladların heç birində belə guşə yoxdur, olmalıdır. Və belə bir insanlaşma özü bir məqsəd kimi qoyulacaq.
Ata zamanı ruhani birliyin təsdiqi zamanıdır. Onun müəyyən elementləri, müəyyən dövrdən sonra aşkarlana bilər. Məsələn, əməkçi mülkiyyəti təbliğ yox, aşkarlayacaq. Elə işıqçılığın əsas məqsədi budur ki, camaata başa salsınlar ki, torpağı satmağa qoymayın, torpağı satmaq vətəni satmaqdır. Hətta başçı ideyasını indi aşkarlamaq olar ki, imtiyazlar ləğv ounmalıdır. Vətərpərvərlik o zaman olar ki, o beş qəpik də olmasın. Bu cür etmək olar. Amma ümumən götürdükdə, bizim ruhani birlik idealımız əsrlərin işidir və bizim bəxtimizə belə bir aqibət düşüb ki, bir ömrümüzdə beş ömür yaşayırıq. Öz qısa ömrümüzün üstünə əsrləri də qoyuruq. Belə olduqda Azərbaycanın da müstəqilliyi bərpa olunacaq, bu müstəqillik indiki kimi asılılıq olmayacaq, indi müstəqillik asılılıq müstəqilliyidir. Qəribə də çıxsa, heç zaman Azərbaycan belə asılı olmamışdır, iqtisadi cəhətdən biz Rusiyadan asılıyıq, siyasi cəhətdən dünyadan o dərəcə asılıyıq ki, öz Qarabağ məsələmizi də həll edə bilmirik. O zaman ki, Azərbaycan böyük Azərbaycan olacaq, o zaman ki, Azərbaycan Mütləqə İnam ölkəsi olacaq, insanlar çoxalacaq, insanların ağlı böyüyəcək və hakimlər Ocağın tərbiyə etdiyi insanlar olacaq, onda asılılığımız ləğv olunacaq. Ona görə də Müstəqil Vətən ideyasının özü də zamanın işidir, bir zamanın işi deyil!
Nəhayət, Ata zamanı Şərqin ucalığı zamanı, Şərqin öz Ocaq fəlsəfəsinə, öz Ocaq İnamına yetişməsi, öz müəllimlik siqlətini bərpa etməsi, Ruhçuluğun madiyyatçılıq üzərində qələbəsi, Qərbçiliyin tamamilə ləğv olunması, Şərq ömründən silinməsi zamanıdır!
Belə bir zamanda Cənubi Azərbaycanla Şimali Azərbaycan birləşəcək, həm də siyasi mənada böyük bir ölkə olacaq. Bunlar da yenə bir günün işi deyil. Biz bu günkülər deyilik, biz bu gündəyik, amma bugünkü deyilik. Biz bu gündəyik, lakin biz əbədiyik, sonsuzuq, kamilik!
Budur, mənim nöqteyi-nəzərimdən – Ata zamanı!

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv