Bir sıra siyasi anlayışlar var ki, açıq şəkildə məntiqə zidd görünür. Ancaq insanlar bu ziddiyyətlərin fərqinə varıb təhlil eləmirlər. Məsələn, “dövlət marağı” adlanan anlayışa diqqət yetirək. Hakimiyyət mənsubları hansısa özünəyarar olmayan addımı atmaq istəməyəndə deyirlər ki, dövlət marağına uyğun gəlmədiyi üçün filan addımı atmaq olmaz. Ancaq müxalifət mənsubları tənqidi mövqe sərgiləyib deyirlər ki, hakimiyyət filan addımı öz marağına ziyan verdiyi üçün atmır, yəni öz marağını dövlətin marağından üstün tutur.
Hər iki düşərgə dediyi sözü siyasi baxımdan əsaslandırır da. Bəs əsil həqiqət nədir? Dövlətlə hakimiyyətin marağı niyə toqquşur, nədə toqquşur? Toqquşmaya bilərmi? Bütün dövrlərdə tarix hakimiyyətlə dövlətin marağının toqquşduğunu sübut edir. Bəs necə olsun? Bu beləmi olmalıdır, həmişə beləmi olacaq? Belə olmalıdırsa, belə olacaqsa, onda ədalət nə deməkdir, o nə vaxt qalib gələcəkdir? Buradan çıxış yolu yoxdursa, bəs insanlar nə üçün daim ədalət axtarırlar? Görünən bir fakt var ki, dünyanın siyasi idarə olunmasında dövlətin mənafeyi, hakimiyyətin mənafeyi, millətin mənafeyi bir araya sığmır. Ancaq həm də “milli dövlət” anlayışı var, “hakimiyyət xalqa məxsusdur”, yəni demokratiya. Bu kimi deyilişlər dövlət qanunvericiliklərində təsbit edilir. Bu necə olan işdir – hər bir sözün, anlayışın daşıdığı məna ilə gerçək ifadəsi arasında kəskin təzad mövcud olur?!
Götürək Azərbaycan dövlətini. Hakimiyyətin fəal maraqları genişləndikcə, dövlətin dünya çapında manevr imkanları məhdudlaşır. Daha doğrusu, dövlətimizin dünyaya təsir imkanları geniş olduğu halda, onun gerçəkləşməsi minimum həddə enir. Çünki dövlət sistemimiz ləbbeykçi – “bəli, baş üstə” prinsipi əsasında formalaşıb. Daim bir qrupun mənafeyinə uyğun addımlar atılır. Dövlətin mənafeyini düşünən milli institutlar fəaliyyət göstərmir. Əgər göstərsəydi bir çox antimilli gedişlərə etiraz edər, milli yöndə nələrinsə həyata keçirilməsini tələb edərdi.
Biz dövlət idarəetməsində “bəli, baş üstə” üslubu ilə, daha doğrusu, hakim təbəqənin qabağında iradəsizcəsinə görəv daşımağı doğru saymırıq. Ancaq bu o demək deyil ki, dövlətçilikdə çoxbaşlı idarə sistemini dəstəkləyirik. Dövlətçiliyi anarxiya səviyyəsində yaşatmaq mümkün deyil. Onu demək istəyirik ki, yuxarıdan aşağı idarəetmə o vaxt özünü doğruldar ki, dövlətçilik Milli Prinsiplər üzərində oturuşmuş olsun. Bəs bu nə vaxt mümkündür? O vaxt ki, dövlət siyasi anlayış və tələblərlə deyil, mənəvi anlayış və tələblərlə idarə olunsun. Hüquqi Dövlət anlayışı İnsani Dövlət anlayışı ilə əvəz olunmalıdır. Təbii ki, anlayışlar öz məzmununu tam olaraq ifadə etməlidir. Hüquqi dövlət mənafe doğurur, İnsani dövlət haqq yetirir. Yəni dövlətin mənafeyi, hakimiyyətin mənafeyi, millətin mənafeyi deyə üç müstəqil subyekt əvəzinə dövlətin haqqı, hakimiyyətin haqqı, millətin haqqı məzmununda vahid bir təsir oluşur. Bu fikri bir misalla izah edək: Biz Azərbaycan olaraq, parçalanmış durumdayıq. Böyük bir parçamız İran adlanan rejimin əsarətində assimilyasiyaya uğrayıb. Kiçik bir parçamızda da dövlət elan eləmişik. Siyasi dünyanın BMT adında hüquqi bir təşkilatı var. Bu təşkilat “torpaqların (ərazilərin) toxunulmazlığı” adında hüquqi sənəd qəbul edib. Bu sənədə görə bizim burdakı dövlətimiz Güney Azərbaycandakı soydaşlarımızın zorakılığa uğramasına qarşı söz deyə bilməz, onun azadlığına yönəlik tələb irəli sürə bilməz. Bilərsə, İran adlanan dövlətin iç işlərinə qarışmış sayılar. Deməli, beynəlxalq hüquqi bir təşkilatın hüquqi bir sənədi, bizim bir millət olaraq, tarixi, insani haqqımızı əbədi olaraq ləğv eləmişdir. Dövlətimiz bu hüquqi prosedura qarşı söz deyərsə beynəlxalq basqılara uğrayar. Deməli, dövlətin mənafeyi gözgörəki millətin mənafeyinə uyğun gəlmir. Başqa sözlə, milləti öz tarixi haqqına qovuşdurmağa haqqı çatmır. Halbuki millətin haqqı deyilən bir anlayış var. Bu ondan ibarətdir ki, bir dilə, bir mədəniyyətə, qan qohumluğuna malik olan bir millət, bölünmüş coğrafiyada birgə yaşamağa haqq edir. Həmin millət bu haqqını, qurduğu dövlətiylə qorumalıdır. Buradan da “dövlətin haqqı” anlayışı öz izahını tapır. (Əlbəttə, bir qrupun əlində aciz qalan dövlətdən söhbət getmr.) Əslində dövlətin haqqı, tərəfindən qurulduğu millətin azadlığını, bütövlüyünü qorumaqdan, yaşatmaqdan ibarətdir. Bu dediklərimiz hüquq sözünə aid edilə bilmir. Çünki hüququ siyasət təmin edir. Siyasət isə taktiki mənafeləri qoruyur. Başqa sözlə, biz Azərbaycanın bütövlüyü və azadlığı məsələsini qoyanda siyasət İran adlanan dövlətin hüququnu, mənafeyini ortaya gətirir. Güney Azərbaycanı basqı altında saxlamaq İran adlanan dövlətin hüququ, mənafeyi sayıla bilər, ancaq haqqı sayıla bilməz.
Bütün bunları əsas götürüb deyirik ki, dövlətçilik, azadlıq, ədalət məsələlərini hüquqi müstəvidə əsilləşdirmək mümkün deyil, İnsanilik tələbində əsilləşdirmək mümkündür.
Dünyanın çağdaş hüquqçuluq oyunu ilə Azərbaycanın bütövlüyünə, azadlığına qovuşmağı gözləmək mənasız olar. Tarixi haqqımıza qovuşmağın yolu Millətçilik Savaşından keçir. Bu həqiqəti qəlbində, düşüncəsində köklənməyən insanlar vətən və millət sevgisində möhkəmlənə bilməz…
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!