Soylu Atalı. Unutqanlıq Fəlakəti

Azərbaycanda ermənilər zaman-zaman vəhşi qırğınlar törədiblər. SSRİ qurulandan öncəki qırğınları kulminasiya nöqtəsi saymaq olardı. Ancaq SSRİ-nin sonunda Xocalıda, bütövlükdə Qarabağda baş verən faciələr öncəki erməni vəhşiliklərini kölgədə qoydu. Türkə qarşı erməni dəyənəyi hazırlayan dış qüvvələr içərisində öndə gedənlərdən olan Rusiya, SSRİ-ni qurandan sonra, erməni azğınlıqlarını bizə keçmişdəkilərin yanlışı saydıraraq, yalançı xalqlar dostluğu uydurdu, ermənilərlə azərbaycanlılar “qaynayıb qarışdı”. Əslində Rusiya siyasəti yeni erməni vəhşiliyi hazırlamaq üçün onları barışdırmışdı. Erməniləri yenidən içərimizə doldurdu, torpaqlarımızı parça-parça “qardaşlarımıza” bağışlatdı. Erməni “könüllü” verdiklərimizlə yetərlənmədi, yeni layihələr üzərində işlədi, yeni planlar həyata keçirdi. Güclü dayağı olan Rusiyaya arxalanaraq yeni qırğınlara başladı. Yeni talanlar, yeni qırğınlar Azərbaycanı dizi üstə çökdürdü. Unutqanlığımız sonucunda SSRİ dönəminə qədərki soyqırımların ağrısı canımızdan çıxmışdı, – “qardaşlaşmışdıq” erməniylə. Ayaqlandıq, qırıldıq, əsas düşmənlərimizə göz yumduq, ermənini yenidən düşmən elan elədik. Ancaq bu elanımızın arxasında durmaq gücümüz tükənib sanki. Çünkü düşmənlərin kölgəsinə nifrət elan edirik, özünə yox.

İndi də Batının antitürk ovqatı böyüyür, niyyəti işə düşür. Qarabağ sorununu illərlə uzadırlar, yaddaşlarımızı yenə korşaltsınlar, fəlakətlərin ağrısı canımızdan çıxsın, “ürəyiyumşaqlığımız” genişlənsin. Sonucda torpaqlarımızın bir parçasını yenidən erməniyə verək. Addım-addım get-gəllərimiz başlasın, beynəlmiləlçilik bayrağını başımızın üzərinə qaldıraq, dünyaya böyük ürəkli olduğumuzu “sübut edək”, qaynayıb-qarışaq ermənilərlə. Beləliklə, həm torpaqlarımızı itirək, həm də gələcəkdə yenidən qırılmaq, yenidən bölünmək, parçalanmaq üçün ermənini içərimizə qaytarsınlar, onları içimizdə qorusunlar. Yenə də faciələrimizi keçmişdəkilərin yanlışı kimi yozan tarix uydursunlar, gənc soylara sırısınlar. Bunun üçün ciddi ideoloji, siyasi işlər gedir. Jurnalistlər səviyyəsində, idmançılar, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri səviyyəsində gediş-gəlişlərin tələb olunması, təşkil olunması da bunun üçün həyata keçirilir. Sabah siyasətçilər gəlib gedəcək, ayrı-ayrı bağlantılar qurulacaq… İçimizdən satın alınanlar, ələbaxanlar bu işdə canıyananlıq edirlər. SSRİ-nin qurulması dönəmində aldanan Nərimanovlar səmimi idilər, doğrudan da, bolşeviklərin humanizm təbliğatına, təlqininə inanmışdılar. İndikilərin yalnız böyük iştahları var, başlarından yekə qarınları var, inamları qarınlarının içi boydadır. İndikilərin çalışmaları toplumun ölüm kabuslarıdır – Azərbaycanın başının üzərində dolanır. Nə qədər yağılığa qarşı nifrətimiz tam deyil, torpaqlarımız bütövləşməyəcək. Əslində heç ruhumuz da bütövləşməyəcək. Faciəvi aqibət yarımçıqlıqdan törəyir – özümlüyə qarşı yarımçıq sevgidən, yağılığa qarşı yarımçıq nifrətdən.

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv