Turan Dursun. İslamın türklərə gəlişi (Göylü Atalı)

Göylü Atalı

Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!
Bu gün Azərbaycanın, eləcə də bütün Türk Dünyasının ictimai-siyasi, mədəni, dini durumu aşırı dərəcədə mürəkkəbdir. Əlbəttə, bu mürəkkəbliyi yaradan xeyli səbəblər var. Üzdən baxanda bu səbəb­lərin aradan qaldırılması imkansız görü­nür. Təbii ki, öz içində yaşamaq üçün özümlü bir zəmin tapma­yan toplum mürəkkəb durumunu aradan qaldıra bilməz. Biz bir  millət olaraq hər bir problemimizin həllinə biganə yanaşır, yaxud həll eləmək haqqında heç düşünmürük.

Fərqinə varmaq lazımdır ki, bütün qlobal problemlərimizin əsasında dini dünyagörüşün yaratdığı ictimai-psixoloji əngəllər dayanır. Bu əngəllər yüzillər boyu bizi təqib etməkdədir. Düşü­nü­rük ki, xalqımızın ruhani varlığı din tərəfindən sarsıdılıbdır. Bu səbəbdən də gücümüzü toplaya bilmirik. Eləcə də böyük birliyimizi yaratmaqda uğur qazanmırıq. Bizi elə yöndə kökləyiblər ki, (əslində kökdən salıblar), özümüz ola bilmirik. Hər bir xalqın mənliyi dəyərli keçmişin üzərində şərəf tapa bilər. Təəssüf ki, bizim keçmişimiz çox ziddiyyətlidir. Bu zid­diy­yət­ləri aradan qaldırmaq üçün daxilimizdə səmimi cəhdlər edilmir. Tariximiz təhrif olunur, mənliyimiz aşağılanır, Yurdu­muz parçalanır, – biz isə böyük dirəniş yaratmaq əvəzinə özümüzü söyürük, gözümüzdən düşürük. Həmişə içərimizdə oturuşan yadlığa yarayırıq, onu özümüzdən müdafiə edirik. Bu məsələdə həqiqəti öyrənmək və öyrətmək cəhdlərimiz başa gəlmir. Öz dəyərlərimizi köhnəldirik, yadlığı dəyərimizə çeviririk. Yadlığın təsiri daim bizi bölür. Az bir qismimiz dəyər­lərimizi tanıtmağa çalışır, böyük bir qismimiz isə yadlıqlardan yapışıb dəyərlərimizə arxa çevirir. Azərbaycanda Babəkə, Nəsimiyə, Nəimiyə münasibəti xatırlatmaq kifayətdir. Babəki İslam düşməni elan edərək təhqirlərə, aşağılamalara məruz qoyurlar. Azadlığımız, özümlüyümüz uğrunda mübari­zəni kafirlik əməli kimi qiymətləndirirlər. Təəssüf ki, bir az yaxınlaşan kimi bu halı bütün türklərdə də müşahidə eləmək olur.

Mən Türkiyədə səfərdə olarkən orada Mütləqə İnam yönündən müəyyən işlər gördüm, söhbətlər apardım. Bu söhbətlərdə Azərbaycanın bütövlüyü, ümumtürk birliyinin yaranması əsas xətti təşkil edirdi.  Asif Ata tərəfindən Yurdumuzda yaranan Mütləqə İnam Dünyabaxışının ümum­türk hadisəsi olduğuna diqqətləri cəlb eləməyə çalışırdım. Yenə də böyük bir maneə kimi İslamı qarşıma çıxarırdılar. Sanki İslam özümləşməyimizin təməlidir. Və bundan başqa, Ruhani dəyərlərin yaranması yolverilməzdir. Təəssüf ki, milli şüurun inkişafı formal xarakter daşıyır. İnsanlarımız ağıl işlətmək istəyində deyillər. İslamın zorakılıq əsasında xalqımızın ruhunu məhv eləməsi bütün söhbətlərdə bəraətləndirilir, yaşadığımız tarixi fəlakətlər gözardı edilir. Sübut eləməyə çalışırlar ki, İslam türkün ruhuna uyğun yaranıb, ona görə də türk onu könüllü qəbul edib. Təəssüf ki, uzun illərdir biz özümüz də İslama qarşı Babəkin timsalında yalnız Azərbaycan türkünün dirəniş göstərdiyini bilirdik. Başqa türk boylarının İslamla savaşdığı tarix üzə çıxarılmayıb, yadlığa yarınmaq səviyyə­sində gizlədilibdir. İndi sizlərə qısa bir dövrü, ancaq əhəmiyyətli bir tarixi əhatə edən yazı təqdim edirik. Bu yazı ünlü türk ziyalısı Turan Dursunun tarixi araşdırmalarından ibarətdir. Yazı Türkiyə türkcəsində əlimizə keçib. Onu Azər­bay­can türkcəsinə uyğunlaşdırıb təqdim edirik. Uyğunlaş­dırmada nəzərə çarpan qüsurlara görə oxucuları­mızdan üzr istəyirik. Məqsədimiz odur ki, insanlarımız hər zaman onlardan gizlədilmiş 70 illik (670-740 illər) tarixi həqiqətlərimizlə tanış olsunlar.

Atamız var olsun!

 

Turan Dursun

İSLAMIN TÜRKLƏRƏ GƏLİŞİ

Getdikcə daha çox siyasətə bulaşdırılmaq istənilən (bulaşdırılan) İslam, ilk dəfə Türklərə nə şəkildə və hansı şərt­lərlə gəldiyi əsaslı olaraq bilinmir, sanki bilinməsi də heç istə­nil­­mir. Ancaq bir çoxumuzun bilmədiyi, ya da bilmək istəmə­diyi bu tarix ən çox bilməyimiz gərəkən mövzuların başında durur.

Aşağıda qeyd olunanlar tamamilə İslam qaynaqlarından – Təbəri və Zəkəriyyə Kitabçı kimi İslam tarixçi və yazarlara istinad edilərək hazırlanmışdır.

Türklərin ilk müsəlmanlaşdırılmaları ilə bağlı 670-ci illərə söykənən bilgilər təəssüf ki,  məktəblərdə bizə heç bir zaman öyrədilməmiş, öyrədilənlər isə türklərin müsəlman olmalarının öz istəkləri ilə baş tutması kimi göstərilərək, 740-cı ilə qədərki tarixin üstündən keçilmişdir.

İslamın türklərə zorla qəbul etdirilməsi ilə bağlı 670-ci ildən başlayaraq 740-cı ilə qədər uzanan tarixin məktəblərdə bizə öyrədilməməsinin səbəbini bu qısa tarixi öyrənincə bir az da anlamaq mümkün olacaq. İndi bu gözardı edilən 70 illik tarixə nəzər salaq…

Müsəlman ərəblərin türklərə ilk hücumları

Seyhun və Ceyhun çayları arasında yerləşən ərazi tarixi İpək Yolu üzərindədir. Türk bəylikləri bu ərazidəki Buxara, Səmərqənd, Talkan, Baykənd kimi şəhərlərdə yerləşib yaşayır, dəri emal edir, pambıqdan kağız istehsal edərək satır və yaxşı da gəlir əldə edirdilər. Bu istehsal növləri ilə birgə qızıl mədənləri də işlədirdilər. Xüsusilə adı “Zəngin şəhər” mənası verən Səmər­qən­din zənginliyinin o dövrdə dillərə dastan oldu­ğu söylənilir. Bu zənginlik uzun müddət talançı ərəblərin iştahını qabartsa da, türklərdən çəkinir və arada sərhəd kimi olan Ceyhun çayını keçməyə cəsarət etmirdilər. Çünki bundan əvvəl Xəlifə Osmanın zamanında Məhəmməd ibn Cəririn başçılığı altındakı ərəblər İslamı yayma bəhanəsiylə oraları talan etmək üçün 2700 nəfərlik bir ordu ilə Fərqanəyə qədər girsə də, türklər tərəfindən məhv edilmişdilər. Ancaq daha sonralar Müaviyə tərəfindən Ceyhun çayının altında qalan Xorasanın tamam işğal edilməsi ilə o bölgə­də ilk ərəbləşdirmə və İslamlaşdırma təşəbbüsləri əməlləri başladı.

Buxaranın talan edilməsi

Xorasanın özləri tərəfindən tamamilə işğal edilməsindən sonra ərəblər cəsarətləndilər. Müaviyənin Xorasanda ilk valisi olan Übeydullah ibn Ziyad 673-cü ildə birinci dəfəkindən daha çox izdihamlı (24.000 nəfərlik) bir ordu ilə Ceyhun çayını keçərək Kibac Xatunun idarəçiliyindəki Buxaranı mühasirəyə alır. Kibac Xatun digər türk bəyliklərindən yardım istəyir, ancaq bu yardım ona göstərilmir. Ərəblər verdikləri itkilərə rəğmən Buxaranı işğal edə bilməsələr də, bütünlüklə talan edirlər. Daha sonra Müaviyənin Xorasan üzrə ikinci valisi, Xəlifə Osmanın oğlu Səid də Buxaraya hücum etməyə hazırlaşır. Ona digər türk bəyliklərindən yardım gəlməyəcəyini anlayan Kibac Xatun Səidlə saziş bağlamaq məcburiyyətində qalır. Bu sazişə görə Kibac Xatun Səidə digər türk bəyliklərinə hücum edərkən qarşısına çıxmayacağına dair anlaşmaya gedir və bu anlaşmanın təminatı olaraq da Buxaradakı türk əsilzadələrindən girov verir. (Bu say bəzi tarixçilərə görə 50, bəzilərinə görə də 80-dir…) Bu sazişdən arxayın olan Səid, zənginliyini bildiyi Səmərqəndə hücum edir. Səmərqəndi başdan-başa talayır və əsir götürdüyü minlərlə türk gəncini qul bazarlarında satmaq üçün Xorasana gətirir. Səid daha sonra Kibac Xatundan aldığı (80-ə qədər) əsirlər tərəfindən ələ keçirilmiş və xəncərlənərək öldürülmüşdü… (Səidi öldürdük­dən sonra dağa qaçmağı bacaran əsirlərin aclıqdan öldüyü söylənilir). Səiddən sonra Xorasanın Valisi Səlim ibn Ziyad olur. Xorasan da Müaviyənin oğlu Yezidə bağlıdır… Ziyad da eyni şəkildə 680-ci ildə türkləri İslamlaşdır­maq və şəhərlərini talan etmək üçün hücum edir, amma əks hücumla geri çəkilir. Bu dəfə öz orduları türklər tərəfindən darmadağın edilərək, silahları alınır. Sonradan ərəblər güclü bir orduyla təkrar hücum edir və türkləri yenə talan edirlər. Bu talandan hər bir ərəb döyüşçüsü 2400 dirhəm qazanır. (Bir kölənin satış dəyəri 300 ilə 500 dirhəm arasında olduğu düşünülərsə bu halda aldıqları qənimət adam başına 7 və ya 8 qula bərabər dəyərdədir…)

Həccac və Rutbil

İslam ilk assimilyasiyası 685-ci ildə Əbdülməlik tərəfindən başlayır. Əbdülməlik, adı İslam tarixində qantökən zalım kimi hallanan Həccacı özünə köməkçi seçərək, əli çatan hər yeri İslamlaşdırmağa başlayır. Əbdülməlik əvvəlcə ətraf xalqların dillərini ərəbcələşdirdi. Xərac qarşılığı olaraq öncədən bəzi haqları qəbul edilmiş qeyri-müsəlmanların bütün haqlarını əllərindən aldı. Bu arada Həccacı İraq baş valiliyinə təyin etdirdi. Həccacın İraqa baş vali təyin olunmasından sonra türklərin taleyində köklü dəyişikliklər başladı. Həccac ilk olaraq Übeydullah ibn Əbu Bəkrini Sicistana, Muhalləb ibn Əbu Süfyanı da Xorasana vali təyin edir. O dövrdə Sicistanın türk hökmdarı Rutbil idi və ərəblərə vergi verirdi. Həccac bununla yetərlənmir və Übeydullahı Rutbilin üzərinə göndərə­rək onun tamamilə təslim olmasını tələb edir. Rutbil əvvəlcə bu təklifi qəbul etmək istəmir. Bunu görən Übeydullah Rutbilin üzərinə yürüş edir. Rutbil 18 fersah (108 km) geriyə çəkilərək Übeydullahı və ordusunu əsarət altına alır. Übeydullah Rutbilin əsarətindən qurtarmaq üçün 700.000 dirhəm təklif etsə də, Rutbil qəbul etmir, ərəb ordusunu böyük bir pozuntuya uğradır (darmadağın edir). Bundan qeyzlənən Həccac 40.000 nəfərlik böyük bir ordu toplayaraq, Əbdürrəhman ibn Əsasın başçılığı altında Rutbilin üzərinə göndərir. Rutbili məğlub edə bilməyə­cəyini anlayan Əsas  bu dəfə onunla anlaşır. Bu anlaşmadan çılğın­la­şan Həccac Əsası yaxalamaq üçün birlik göndərir, Əsasın ordusu bu birliyi məğlubiyyətə uğradır və qalanlarını da Bəsrəyə qədər sürütdürür. Ancaq burada məğlub olan Əsasın ordusu dağılır və Əsas Rutbilə sığınır. Bunu görən Həccac Əsası ona verməsi üçün Rutbili təhdid edir. Vermədiyi təqdirdə çox böyük bir ordu ilə üzərinə gedəcəyini və bütün türk şəhərlərini məhv edəcəyini, verərsə ondan 7 il ümumiyyətlə (heç) vergi almayaca­ğını söyləyir. Türk şəhərlərinin yenidən hər hansı bir savaşa girməsini istəməyən Rutbil 7 il xəracdan uzaq tutulacağını da düşünərək Həccacın bu təklifini qəbul edir. Əsas və yaxınlarını Həccaca təslim edir. Ancaq Rutbil Həccaca güvənməkdə səhv etdiyini  sonralar anlayır. Həccac Rutbildən Əsası təslim aldıqdan sonra dərhal yeni bir ordu təşkil edərək 699-cu ildə Muhəlləb bin Əbu Süfyanın rəhbərliyi altında türk şəhərlərinin üzərinə göndərir. Hocente, Kes, Söğd və Nəcəfi ələ keçirsə də türklər müqavimət göstərirlər. Xorasan valiliyinə Muhəlləbin oğlu Yezid təyin olunur. Yezid ibn Muhəlləb də türk şəhərlərini talan edir. Yezidin döyüşçüləri Harzəmdən ələ keçirdikləri türkləri boyunlarına damğa vuraraq qul bazarlarında satırlar. Bu tarixlərdə ərəblər türklərin yurdlarını davamlı olaraq istila edib talan etsələr də oturuşa bilməmiş, əldə etdikləri yerləri sonradan təkrar türklərə geri vermək məcburiyyətində qalmışlar.

Kuteybə ibn Müslüm

705-ci ildə Əbdülməlik ölür və yerinə oğlu Vəlid keçir. Türk tarixini önəmli şəkildə təsirləndirəcək hadisə, Kuteybə ibn Müslümün Xorasana vali təyin edilməsi olur. Bu zamana qədər davamlı bir uğur qazanmayan ərəblər onun zamanında türk yurdlarında bunu əldə etdilər.

Türklərin əsil mənada qılınc zoru ilə müsəlmanlaş­dırılmaları Kuteybənin zamanında olmuşdur. Kuteybə vali olduğu andan etibarən türk bəyliklərini bütünlüklə işğal edərək İslamlaşdırmaq üçün çox güclü bir ordu qurmağa başlayır. Mərvdə əsgərləri toplayaraq “Allah öz dininin əziz olması üçün sizə bu torpaqları halal etdi” deyir. Sanki Bəqərə surəsinin 193-cü ayəsini (“Yalnız Allahın dini qalana qədər onlarla vuruşun”), ya da 8-ci Ənfal surəsinin 39-cu ayəsini (“Din tamamilə Allahın olana qədər onlarla savaşın!”) döyüşçülərinə xatırladaraq ərəb ordusunu türklərin üzərinə göndərir. Kuteybə ilk olaraq Baykəndi mühasirəyə alır. Digər Bəyliklərdən türk döyüşçüləri Baykəndin müdafiəsi üçün yardıma gəlirlər. İki ay davam edən bir savaş olur. Kuteybə tam bir zəfər qazanmasa da türkləri xərac ödəmək üçün saziş bağlamağa məcbur edir. Şəhər məhv olmaqdan xilas olur, amma şəhərə girən ərəblər sazişə baxmayaraq, şəhərin bir qismini qarət edirlər və şəhərdən ayrılarkən burada bir əsgəri heyət saxlayırlar. Başlarına nə gələcəyini anlayan türklər üsyan etməyə başlayırlar və öz aralarında silahlanaraq onlara qarşı bir müca­hid birliyi qururlar. Baykənddə qarışıqlıqlar başlayır. Bunu görən Kuteybə Baykəndə yenidən gələrək, nə qədər silahlanan türk varsa, hamısını öldürtdürür. Qadınları və uşaqları əsir alır və şəhəri yenidən başdan-ayağa qarət edir.

Təbərinin bildirdiyinə görə, Kuteybənin aldığı qənimətlərin həddi-hesabı yox idi. Təbəri, bütün Xorasan işğal olunanda belə, bu qədər qənimət toplanmadığını söyləyir…

Şəhərin qarətindən sonra, daha öncə Mərvə gətirilmiş ərəb ailələri ordan gətirilərək, Baykəndə yerləşdirilir. Mühafizə birlik­ləri yaradılır. Valilikdən vergi toplayanlara qədər bütün müfəttişlər ərəblərdən seçilir. Türklərin Buddist və Zərdüşt inanclarının simvolu olan bütün heykəllər toplanır, daş olanlar qırılır, qızıl olanlar əridilərək ərəblər tərəfindən qənimət kimi götürülür. Bunlar Ənfal surəsində yazıldığı kimi, sanki ərəblərə Allahın verdiyi qənimətlərdir. Daha sonra əsir edilən qadın və uşaqlar ərlərinə və atalarına geri satılır. Müsəlmanlar Bay­kəndli türklərin nəyi var hamısını almışlar, şəhərin bərpası da yenə türklərə qalmışdır. Bundan sonra sıra gəlir Buxaranın tamamilə işğal edilib müsəlmanlaşdırılmasına.

Buxaranın yenidən mühasirəyə alınması və ilk türk qətliamı

Kuteybə Mərvdə böyük bir hazırlıq işləri aparır. Bu arada Vardana və Buxara bəylikləri arasında toqquşmalar vardı. Müsəlmanlara qarşı mücadilə etmək üçün bu toqquşmalar dərhal dayandırılır və Vardan Xudat Kuteybəyə qarşı türklərin başına keçir. Kuteybə əvvəlcə Numiskəndə və Ramitana hücum edir və buraları asanlıqla istila edir. Dəmirqapı önündə Vardanla vuruşurlar. Vardan döyüşdə məğlub olur və Buxaraya doğru geri çəkilir. Ancaq Kuteybə də döyüşdən yorğun düşdüyü üçün Buxaranı tutmadan Mərvə geri dönür. Həccac bunu məğlubiyyət kimi qəbul edir və Buxaranı mütləq alması üçün Kuteybəyə əmr verir. Kuteybə böyük bir hazırlıq görərək bir il sonra yenidən Buxaranı mühasirəyə alır. Türklər müqa­vimət göstərir və Kuteybə uğur qazanmır, ordusu dağılmağa başlayır. Bunu görən Kuteybə hər bir türk başı üçün əsgərlərinə 100 dirhəm vəd eləyir. Pul hərisliyi ilə canfəşanlıq edən ərəblər şəhəri istila edirlər. Bütün dirənən türklər qılıncdan keçirilərək, əsil mənada qətliam törədilir. Ərəblər türk qadınlarına təcavüz edirlər, bəyəndikləri qadınları ya kəniz kimi istifadə edirlər, ya da qul bazarında satmaq üçün aparırlar. Eləcə də minlərcə kişini qul kimi satmaq üçün özləriylə götürürlər. Ərəblərdən təşkil olunan yeni bir idarəetmə qurumu yaradılır. Digər bəyliklərdən etirazlar gəlməyə başladığına görə Buxara Məlikəsi Xatunun oğlu Tuğ Sad oyuncaq bir hökmdar edilir. Tuğ Sadın adı tarixdə xain bir işbirlikçi kimi hallanır. Tuğ Sad Müsəlman olaraq oğluna əfəndisi Kuteybənin adını verərək ona bağlılığını sübut edir.

Əhatəli təsirə malik bir mühit formalaşdırmaq istəyən Kuteybə bunun üçün əvvəlcə yerli xalqı İslamlaşdırmağa başla­yır. Buxara xalqı əvvəlcə müsəlman olmuş kimi görünsələr də, bu dini qəbul etmək istəmirlər. Kuteybə türklərin müsəlman olmadıqlarını, evlərində İslam qaydalarını tətbiq etmədiklərini anlayır və yeni bir üsul düşünür. Bu üsula görə türklər evlərini ərəblərlə bölüşməyə məcbur edilirlər və bu şəkildə birə bir nəzarət altına alınırlar. İslam qaydalarına uymayanlar isə ağır cəzalara məruz qalırlar.

(Bu gün bəzi İslam yazarları bu görülən tədbirlərin İslamın türklər tərəfindən qəbul edilməsində çox əhəmiyyətli olduğunu açıqca ifadə edirlər. Bu yanaşma da düşünüləsi bir mövzudur…)

Kuteybənin bu məcburiyyətləri qarşısında xalqın içindən bəzi üsyançılar çıxır. Gizlicə silahlanırlar. Bu vəziyyət qarşısın­da ərəblər məscidə belə silahla getməli olurlar. Kuteybə basqıları artırır, öz aralarında təşkilatlanan türkləri tapıb öldürtdürür. Bu arada yeni vergi qanunları tətbiq edir. Yerli xalq xəlifəyə ildə 200.000 dirhəm, Xorasan valisi Həccaca da 100.000 dirhəm vergi ödəməyə məcbur edilir. Bunun xaricində ərəb əsgərlərinin atlarını yemlə, oraya gətirilib yerləşdirilən ərəb ailələrini odunla təmin etməyə və onlara ayrılan ərazilərdə işləməyə məcbur edilirlər. Qadınlar, qızlar ərəblərə kəniz edilirlər. Buxara türkləri bu illərdə dünyadakı çox az millətin yaşadığı vəhşəti və iztirabı yaşayır… Kuteybənin türk evlərinə yerləşdirdiyi ərəblər türklərin o zamana qədərki bütün ehtiyatlarının üzərinə qonurlar, tarlalarını alır və türkləri o tarlalarda işlədirlər. Budur, “tək din İslam olana qədər savaşın” deyən ayə, ərəblərin türklərdən yararlanıb dolanmalarını təmin edəcək vəziyyəti yaratmışdır. Allah dini dedikləri İslam Əhzəb surəsi/50-də olduğu kimi, savaşda qəsb edilən türk qızlarını da qənimət olaraq görür və ərəblərə kəniz olmalarını halal edir. Cümə namazı məcburi hala gətirilir. Yenə də türklərdən rəğbət görmürlər. Bunu görən Kuteybə namaza gələnlərə 2 dirhəm vəd edərək öncə yoxsullar üzərində İslamın təsirli olmasını təmin etməyə çalışır. Bunun tətbiqi nisbətən uğurlu olur. Yoxsul əhalidən pula görə məscidə gedənlər olur.

1. Böyük qətliam (Talkan qətliamı)

Buxarada baş verənlər digər türk bəyliklərinə də təsirini göstərir. Eyni şeylərin başlarına gələcəklərindən qorxmağa başlamışlar. Soğd məliyi Neyzək Tarxan, Talkan şəhərinin məhv olmaması üçün Kuteybə ilə anlaşmaq məcburiyyətində qalır. Bu anlaşmaya görə Tarxan xərac verəcək və bitərəf qalacaqdır. Ancaq bu bitərəf qalmalar və türklərin birləşmə­mə­ləri ərəblərin işlərini asanlaşdırmış və türk bəyliklərini istədik­ləri kimi istila edib talamışlar. İlk olaraq hücuma uğrayan Kibac Xatuna digər bəyliklərdən yardım gəlmədiyinə görə, o yardımı əsirgəyənlər eyni aqibəti yaşamışlar. Bu hadisələrdə türklərin bəlli bir şəkildə toparlanmamaları onların ərəblər tərəfindən istila edilmələrini asanlaşdırmışdır. Neyzək Tarxan daha sonralar Kuteybə ilə yaratdığı anlaşma ilə səhv etdiyini və bu anlaşmanın özünə heç bir xeyir gətirməyəcəyini və digər türk bəyliklərinə də xəyanət etmiş olduğunu anlayır. Tohoristana dönərək bütün türk bəylik­lərinə bir-bir məktub yazır və onları ortaq olub  müqavimət göstərmək üçün xəbərdar edir. İlk müsbət cavab Talkan məliyi Səhrəkdən gəlir. Tarxanın planlarını öyrənən Kuteybə Bəlh şəhərində hazırlıq görür, baharda böyük bir ordu ilə Talkan şəhərinə yürüş edir. O vaxta qədər müqavimət hazırlığı görməyən Talkan şəhərinin məliyi Səhrək Kuteybə gələnə qədər şəhəri tərk edir. Şəhərə döyüşsüz girən Kuteybənin adamları əli qılınc tutan nə qədər kişi varsa, hamısını qılıncdan keçirir. Kuteybə, digər bəyliklərə ibrət olsun deyə qətliam törədir. Kuteybənin əsgərləri öldürə bildikləri qədər öldürürlər, yerdə qalanlarını da Talkan yolu üstündəki ağaclardan asırlar. Bu yolun 4 fersah (24 km) məsafəlik hissəsi türklərin ağaclardan asılan cəsədləri ilə dolu idi. Talkan qətliamı tarixdə ərəblərin o günə qədər etdikləri qətliamların ən dəhşətlisi kimi hallanır. Xalq, müsəlman ərəblərlə vuruşmadığı halda, Kuteybə və əsgərləri digərlərinə örnək olsun deyə 40.000-ə qədər adamı qılıncdan keçirmiş, ağaclardan asmışdır. Bütün bunlar hamısı İslam adına edilmişdir…

Kuteybə Talkan qətliamından sonra Sumana girir. Kişilərin əksəriyyətini öldürtdürərək, qadınlarını və qızlarını kəniz olaraq alır. Daha sonra Kəs və Nəcəfdə eyni şeyləri təkrar edir. Kişilər öldürülür, türk qadın və qızları utancverici bir şəkildə ərəblərə kəniz olur. Daha sonra Fəryaba yönəlir və Fəryabın təslim olma­sını istəyir. Fəryab əhalisi başlarına gələcək əməl­ləri bildikləri üçün  təslim olmaq istəmirlər. Kişiləri döyüşə­rək ölürlər. Bütün şəhər yandırılır. Ərəblər bu şəhərə yanmış şəhər anlamında Muhtereka deyirlər. Kuteybə Fəryabdan sonra Tarxa­nın çəkildiyi Bazqis qalasını mühasirəyə alır. İki ay müddətində buraya ardıcıl hücum edir, amma bir nəticə əldə edə bilmir. Qış düşür. Kuteybənin qışda döyüşəcək gücü yox idi, amma qala içindəki türklərin də ərzaqları qurtarırdı. Hər iki tərəf bu döyüşdə məğlub olduqlarını düşünürdü. Kuteybə son dəfə bir hiyləyə əl atır. Məhəmməd bin Səlim adlı adamını Tarxanın yanına göndərir. Məhəmməd bin Səlim Tarxana təs­lim olduğu təqdirdə ona zərər verilməyəcəyinə söz verir. Qalanın aclıq içində olduğunu  nəzərə alıb Tarxan  Kuteybənin təklifini qəbul edir. Bundan başqa çarəsi olmadığını düşünür. Silahlarını təhvil verib qaladan çıxırlar. Tarxan qaladan çıxar-çıxmaz yaxalanır, ətrafı xəndək qazılmış bir çadırda zəncir­lənir. Kuteybə Tarxanı həmin anda öldürmür. Həccaca xəbər göndərərək nə etməli olduğunu soruşur. Həccac Tərxan haqqın­da “O bir müsəlman düşmənidir, heç aman vermədən öldür” deyir. Kuteybə əvvəlcə Tarxanın iki oğlunu, onun və xalqın gözü qarşısında öldürtdürür. Ardınca 700-ə qədər türk döyüşçüsünün başlarını yenə Tarxanın və xalqın gözü önündə kəsdirir. Tarxanı da şəxsən özü öldürür. Bütün kəsilən başlar Həccaca göndərilir. Kuteybə sanki Qurandakı ayələri yerinə yetirmişdir.

9-cu Tövbə surəsi. 123-cü ayə: “Ey iman edənlər! Kafirlərdən yanınızda olanlarla savaşın və onlar (savaş müddə­tində) sizdə bir sərtlik görsünlər. Bilin ki, Allah ehtiyatlılarla birlikdədir”.

Tarxanın öldürülməsindən sonra Kuteybə Aral gölünün yanında yerləşən Harzəm bölgəsinə yürüş edir. Harzəmdə Cayğan ilə Havarizat arasında taxt qovğası gedirdi. Kuteybə Cayganla işbirliyi edir. Əvvəlcə Havarizat ilə ətrafındakıları öldürtdürür. Ardınca Camhud məliyini yenərək 4000 civarında əsir alır. Ancaq sonradan bunlar Kuteybənin əmriylə öldürülür­lər. Bu hadisə Ziya Kitabçının “İslam tarixi və türklər” adlı kitabında eynilə belə göstərilir:

Əl-Təbərinin bütün təfsilatı ilə anlatdığına görə bu müharibələrdən birində Əbdürrəhman b. Müslüm Kuteybənin yanına 4000 əsirlə gəlmişdi. Kuteybə Əbdürrəhmanın belə izdihamla (türk əsirləri ilə) gəldiyini görüb o dəqiqə taxtının çıxarılmasını və bir meydanda qurulmasını istədi. Taxtının üstün­­də məğrur bir əda ilə oturan Kuteybə bu türk əsirlərindən mininin sağına, mininin soluna, mininin arxasına və mininin də önünə düzülmələrini söyləmiş və sonra da ərəb əsgərlərinə dönərək, bu qılıncsız türklərin başlarının qoparılmasını əmr etmişdir. Cabbar, zorba, insafsız ərəb komandirinin bir anda ətrafında bu türklərin baş, qol və bədənləri ilə qan gölü əmələ gətirdiyindən heç kimin şübhəsi olmamalıdır. Bu hərblərdə öldürülən türklərin həddi-hesabı yox idi. Həqiqətən də bu vəhşətdən qürurlanan bir ərəb şairi Kaah-əl-Əşkari belə hayqırmışdır:

“Kazah və Facfac qarşısında qorxudan bir-birilərinə sarılmış zavallı türkləri öldürdüyünüz gecələri hələ bir xatırlayın.

Hər kəsi qılıncdan keçirdiniz. Sadəcə ata minə bilməyəcək yaşda kiçik uşaqlar qaldı. Minlərcə o xırçın atların belində sanki bir yük kimiydilər”. (səh.314)

Harzəmdə ayaqlanan xalq Kuteybə ilə işbirliyi etdiyi üçün Cayqanı öldürür. Buna görə Kuteybə bütün Harzəmi yandırır, xalqı qılıncdan keçirir. Harzəmli məşhur türk alimi Biruni Harzəmdəki mədəniyyətin yox edilməsini bu şəkildə anladır: “Kuteybə hər üsula əl ataraq, Harzəmlilərin yazılı dilini bilənləri, ənənələrini qoruyanlarını, bütün alimləri öldürtdü. Beləcə hər şey qaranlıqlara gömüldü. İslam Harzəmlilərin içinə gələrkən onların tarixi haqqında bilgiləri daha öyrənmək imkanı vermədi.

Harzəmi yıxdıqdan sonra Kuteybə Səmərqənd üzərinə yürüş edir. Səmərqənd məliyi Gurek, üzərinə gələn müsəlman­lara qarşı digər türk bəyliklərindən yardım istəyir. Daşkənd və Fərqanədən yardım göndərilir, amma gələn birliklər yolda Kuteybənin əsgərləri tərəfindən pusquya düşürülərək yox edilirlər. Səmərqənd mühasirəyə alınır. Ərəblər mancanaq atəşi ilə hücum edirlər. Daha artıq dayana bilməyəcəyini anlayan Gurek Kuteybə ilə anlaşmaq zorunda qalır. Bu anlaşmaya görə:

1. Səmərqənd ərəblərə hər il 2.200.000 qızıl ödəyəcəkdir.

2. Bir dəfəyə məxsus olmaq üzrə 30.000 türk gəncini əsir verəcəkdir.

3. Şəhərdə məscid tikiləcəkdir.

4. Şəhərdə əli silah tutan kimsə dolaşmayacaqdır.

5. Məbəd və bütlərdəki bütün cəvahiratlar Kuteybəyə təhvil veriləcəkdir.

Daha sonra Kuteybə qızıldan hazırlanan bütləri əritdirərək alır və Mərvə geri dönür. Dönərkən qardaşı Əbdürrəhman bin Müslümü Səmərqəndə vali təyin edir.

Kuteybənin Mərvə dönüşündən sonra, türklər öz aralarında işğalçı müsəlmanlara qarşı müqavimət birliyi qururlar. Zaman-zaman Ceyhun dəryasını keçərək ərəblərə pusqu qurur və ciddi zərərlər verirlər. Həccac Kuteybəyə Daşkənd və Fərqanəni işğal etmək təlimatı verir. Kuteybə Daşkəndə gedir, amma uğur əldə eləmir. Bu arada Həccac ölür. Xəlifə Vəlid, Kuteybədən türklərlə savaşmağı davam etdirməsini tələb edir. Kuteybə bu dəfə Kaşğara doğru yola çıxır. Elə Kaşğarı mühasirəyə almaq ərəfəsində Xəlifə Vəlid ölür. Yerinə Süleyman ibn Əbdülməlik xəlifə olur. Bu yeni xəlifə ilə arası heç də yaxşı olmayan Kuteybə Kaşğar səfərini yarıda saxlayaraq, ona qarşı üsyan edir. Ancaq öz komandirləri tərəfindən 11 nəfər yaxını ilə birlikdə (716-cı ildə) başı kəsilərək öldürülür. Çünki Kuteybənin komandirləri Xəlifəyə qarşı gəlmək istəməmişlər.

2. Böyük qətliam (Curcan qətliamı)

Kuteybə və Həccacın ölümü Ərəblərin türkləri müsəlmanlaşdırmaq və türk şəhərlərini talan etmək siyasət­lərində bir dəyişiklik etməmişdir. Xüsusilə, ərəblərdə türklərə qarşı olan qorxu hissi ortadan qalxdığı üçün ərəblər Kuteybədən sonra da eyni şəkildə türk yurdlarına hücumlarını davam etmişlər. Kuteybənin öldüyü il (716-cı il) Yezid ibn Muhalləb Xorasana vali təyin olunur. O, ilk olaraq Dağıstanı işğal eləməyə qalxır. Dağıstan məliyi Saltəkin Yezidə qarşı uzun müddət dirəniş göstərir. Sonunda Dağıstan zəifləyir. Şəhər qarət olunur və 14000 adam öldürülür. Dağıstandan son­ra Curcana yönəlir. Curcan 300.000 dirhəm qarşılığında döyüş­süz təslim olur. Yezid Curcana bir bölük əsgər yerləşdirərək Təbəristana doğru yol alır. Təbəristan məliyi İsfehbed Deyləm məliyindən 10.000 nəfərlik yardım alaraq döyüşə başlayır. İsfehbed döyüşürkən, Curcan əhalisi də üsyan edərək Əsəd ibn Abdullahın komandanlığı altındakı əsgərləri məhv edirlər. Yezid bərk hirslənir, Curcanlı türkləri məğlub edərkən qanlarını dəyirmana axıdıb, dən üyütdürüb çörək yeyəcəyinə and içir. Əsgərləri toplayaraq Curcan üzərinə yürüş edir. Curcan bəyi şəhərdən çıxaraq Curcan qalasına çəkilir. 7 ay sürən döyüşdən sonra qala təslim olur. Curcan bəyi öldürülür. Qaladakı əsgərlər əsir düşür. Ərəblər şəhərə girirlər. Burada da eyni şəkildə Kuteybənin etdiyi qətliama bənzər qətliam törədilir. Türkləri öldürərək 4 fersah (24 km) boyunca sağ və sol tərəfdən ağaclardan asdırır. Allaha verdiyi sözü yerinə yetirmək üçün əsir aldığı minlərcə türkü Enderəz vadisindəki çayın kənarına sürükləyir, orada əsgərlərinə əliyalın türkləri öldürtdürür. Öldürülən türklərin qanını çaya axıdır. Nəhrin suyuyla axan qanlardan, yaxınlıqdakı dəyirmanda un üyüt­dürüb çörək hazırladaraq əsgərləri ilə birgə yeyir – Allaha verdiyi sözü yerinə yetirir. Qətliamdan sağ qalan qız və qadınlardan beşdə biri kəniz olaraq xəlifəyə ayrıldıqdan sonra, qalanlar əsgərlər arasında qənimət olaraq paylaşdırılır.

Qaynaqlar Curcan qətliamında Talkan qətliamında olduğu kimi təxminən 40.000 türkün öldürüldüyünü söyləyirlər.

717-ci ildən sonrakı dövr ərəblərin öz aralarındakı toqquşmalarla keçir. Buraya qədər diqqət etsəniz, ilk ərəb hücumları başlayarkən Kibac Xatun digər türk bəyliklərindən yardım istədiyi halda, ona yardım göstərilməmişdi. Sonra o yardımı göndərməyənlər özləri yardıma möhtac qaldılar. Bu hadisələrdə türklərin o vaxt da aralarında tam bir birlik təmin etmədiklərini görürük. 717-ci ildə Ömər ibn Əbdüləziz xəlifə olur. İki il sonra xəstələnir, yerinə 719-cu ildə Yezid ibn Əbdülməlik keçir. Yezid ibn Əbdülməliklə Yezid ibn Məhləbin arası yaxşı deyildi. Yezid ibn Məhləb həbsə atdırılır. Ancaq o, həbsdən qaçaraq Bəsrədə təşkilatlanır və Yezid ibn Əbdülməliyə qarşı üsyan qaldırır. 721-ci ildə Abbas və Məsləmə adında iki komandirin başçılığı altında qurulan xilafət ordusu Yezid ibn Məhləblə döyüşür. Bu savaşda Abbas və Yezid ibn Məhləb məğlub olur. Yezid ibn Məhləbin başı kəsilərək xəlifə Yezid ibn Əbdülməliyə yollanır. Məsləmə Məhləbin  təxminən 300-ə yaxın adamının da başını kəsdirir. Yezid ibn Məhləbin oğlu Müaviyə ibn Yezid də əlində olan 32 Məsləmə tərəfdarının başını kəsdirir. Aralarındakı savaş Məhləb tərəfdarlarının tamamilə məhv edilməsi ilə başa çatır. Məsləmə Məhləbdən ələ keçirdiyi, aralarında türklərin də olduğu kənizləri Cərrah ibn Hakəmə satır. Bu arada Yezid ibn Məhləbin yerinə gətirilən yeni Xorasan valisi Cərrah ibn Abdullah Türkmənistana bir sıra hücumlar edir, ancaq uğur əldə eləmir. Kuteybənin ölümündən sonra türk torpaqlarına edilən həmlələr əvvəlki kimi uğurlu olmamışdır. Bu dönəmdə İslam yayıcılığı durğunluq halında olur. Xəlifə II Ömər ibn Əbdüləziz işğal altında olan ərazilərdə ərəb hegemonluğunun getdikcə çətinləşdiyini nəzərə alıb, bu bölgələrdə gərginliyi azaltmağa, İslamın qüvvətləndirilməsinə çalışır. Ona bağlı rəhbər­lərə “Bundan sonra türk bəyliklərinə hücum etməyin, hakimiyyətiniz altında olan bölgələrdə gücünüzü artıraraq İslamı yaymağa çalışın” demişdir. Onu da qeyd edək ki, II Ömər müsəlman olan xalqlardan vergi alınmasını ləğv etsə də, ərəblərin gəlirlərinin kəskin şəkildə aşağı düşməsini nəzərə alıb, türklərin müsəlmanlıqlarında səmimi olmadıqlarını bəhanə edərək, qərarından dönmüşdür. Bu arada Xorasanda Cərrah ibn Abdullahın yerinə Əbdürrəhman ibn Nuaym təyin olunmuşdur.

Xaqan Sulunun Göytürk boylarının başına keçməsi

Türklər ərəblərin istilasına qarşı dirənişlərini Çindən yardım istəyərək davam edirlər. Əvvəllər  ərəblərlə işbirliyi quran Tuğsad 718-ci ildə Çin imperatorundan yardım istəyir. Çin türklərə yardım göndərmir. Turqis xanı Sulu Bati Göytürk boylarının başına keçir. O, 720-ci ildə Soğddakı türklərin ərəblərə qarşı üsyanını dəstəkləmək məqsədiylə bir birlik gön­də­rir. Sulunun Kur-Sal adlı komandiri Seyhun çayını keçərək Soğda gəlir və ordakı digər türklərlə birləşərək, Səmərqəndə doğru yeriyir. Ərəb valisi Səid ibn Haris türkləri dayandıra bilmir və Səmərqəndə geri çəkilir. Ancaq türklər Səmərqəndi mühasirəyə ala bilmirlər. Bu arada Səid ibn Harisin yerinə 721-ci ildə Xorasana Səid ibn Harasi təyin olunur. 722-ci ildə Hisam xəlifə olur, Səid ibn Harasini vəzifəsindən azad edərək yerinə Müslüm ibn Səidi təyin edir. Müslüm əvvəlcə Afşinə xərac təyin edir… Seyhunu keçir, bütün əkin yerlərini və ağacları yandıraraq irəliləyir. Bunu görən Turqis xaqanı Sulu Müslümün üstünə yeriyir. Sulunun üstünə gəldiyini öyrənən Müslüm geri çəkilməyə başlayır. Seyhun çayı yaxınlığında başqa bir türk bəyliyi tərəfindən dayandırılır. Bu yandan Sulunun birlikləri irəlilədikləri üçün, tələsən Müslüm zərər verməsinə rəğmən Seyhun çayını keçərək Səmərqəndə çəkilir. Bu məğlubiyyətinə görə Müslüm vəzifədən azad olunur, yerinə Əsəd ibn Abdullah təyin edilir. Əsəd əvvəlcə Hoten şəhərini ələ keçirərək qarət edir. Ancaq Turqis xaqanının Müslümü qovmasından cəsarət alan xalq ərəblərə qarşı üsyan edir. 726-cı ildə Turqis xaqanı Sulu qəti şəkildə Əsədin üzərinə yürüş edir. Huttalda vuruşurlar… Əsəd Sulunın qarşısında ağır məğlubiy­yətə uğrayır. Buna görə də 727-ci ildə Əsəd də vəzifəsindən azad edilir, yerinə Əsrəs ibn Abdullah təyin olunur.

Əsrəs xalqı basqı altında saxlayaraq, qayda-qanun yarada biləcəyini düşünsə də, uğur qazanmır. Bir qisim xalq müsəlman olduqlarını söyləyərək, vergi vermək istəmirlər və Turqislilərdən yardım istəyirlər. Turqis xaqanı Sulu 728-ci ildə Əsrəsi ələ keçirir. Bu arada Əsrəsin yerinə Cüneyt ibn Əbdürrəhman keçir. Ərəblər Səmərqəndə çəkilir. 729-cu ildə Xaqan Sulu və Kur-Sul idarəsindəki Turqis qüvvələri ərəbləri 58 gün içində Kəmərcə qalasında mühasirədə saxlayırlar. Aclıqdan ölmək qorxusu ilə üzləşən ərəblər Kəmərcədən çıxar­kən təslim olurlar və anlaşmaya görə Debusiyaya göndərilirlər. Daha sonra Xaqan Sulu Səmərqəndi mühasirəyə alır. Səmər­qən­di işğal edən komandir Savra ibn Hürr, Cüneyt ibn Əbdürrəhmandan yardım istəyir. Cüneyt yardıma gəlincə Səmərqənd yaxınlığındakı savaşda Savra  Xaqan Suluya məğlub olur. Səmərqəndin ərəb Qərargah komandiri Savra bu savaşda ölür. Xəlifə Hisam Kufə və Bəsrədən 20.000 nəfərlik əlavə bir ordunu Cüneyt ibn Əbdürrəhmana göndərir. Xaqan Sulu 732-ci ildə Buxaranı tərk edərək geri çəkilir. 734-cü ildə Cüneyt ibn Əbdürrəhman ölür, yerinə Asim ibn Abdullah keçir.  Bir il sonra onun da yerinə Xalid ibn Abdullah keçir…

Xaqan Sulunun ölümü və Cuzcan bəyinin xəyanəti

Xaqan Sulu 737-ci ildə Xalidin üzərinə yürüş edir. Ərəblər ziyan çəkərək Ceyhunun güneyinə çəkilirlər. Türklər Ceyhun çayını keçərək ərəbləri Bəlhə qədər geri çəkilməyə məcbur edirlər. Ancaq Cüzcan öndəri ərəblərlə birləşərək Xaqan Sulu­nun ölkəsinə qayıtmasına səbəb olur. Göründüyü kimi, əgər Cüzcan öndəri ərəblərlə işbirliyində olmasaydı, Xaqan Sulunun ordusu bəlkə də ərəbləri türk torpaqlarından təmizləyəcəkdi. Xaqan Sulu ölkəsinə döndükdən sonra bir zamanlar ərəblərə qarşı bərabər savaşdığı Kur-Sul tərəfindən şəxsi münasibətlərə görə öldürülür.

Vəziyyətin bu yerə gəlməsinin bir az da Çin tərəfindən hazırlandığı güman olunur və tarixdə Çinin türk bəyliklərini bir-birinə qarşı qoyma siyasəti kimi vurğulanır. Xaqan Sulunun ölməsi ərəblər arasında sevinclə qarşılanır. Belə ki, Xorasan valisi ərəblərdən Xaqanın öldürülməsinə görə şükür orucu tutulmasını istəyir. Xəbəri Xəlifə Hisama çatdırsa da, Xəlifə bu xəbərin doğruluğunu yoxlamaq üçün güvəndiyi adamları göndərir və xəbəri dəqiqləşdirir. Xaqan Sulunun öldürülmə­sindən sonra türklər bir daha özlərinə gələ bilmirlər. Ərəblərin türk yurdlarından təmizlənmələri ilə bağlı onların ümidləri bir anda sönür. Xüsusilə də Dikxanlar deyilən  məhəlli hegemonlar ərəblərə böyük güzəştlər edirlər. Ərəblər müsəlmanlığı qəbul edən adamlara iqtisadi təminatlar verirlər. Cizyə olaraq alınan vergilərin miqdarı azaldılır, əvvəlki məcburiyyətlərə baxanda yumşaq müstəmləkə siyasəti yürüdürlər. Buraya qədərki tarixdə türklərin zorla müsəlmanlaşdırılmasını həyata keçirən iki şəxsin əməli qeyd olunur. Bunlardan biri ərəb komandiri Kuteybə və Xaqan Sulunun ərəblərə gərəkli bir zərbə endirmək ərəfəsində satqınlıq edib onlarla işbirliyinə girən xain Cuzcan bəyidir. Kur-Sul da, Turqis xaqanı Sulunu şəxsi mənfəətləri üçün öldürərək, istər-istəməz ərəblərin qorxulu yuxusunu ortadan qaldırmış, müsəlmanlığın türk torpaqlarında daha rahat bir şəkildə yayaılmasına səbəb olmuşdur.

 

Kur-Sulun ölümü və türk ordularının dağılması

Əməvilərin son valisi Nasir ibn Səyyarın valiliyə gəlməsi ilə birlikdə Güney Türküstanda ərəb ordusunda bir toparlanma başlayır. Nasir ərəb hakimiyyətinin yumşaq bir siyasətlə daha asan şəkildə yayıla biləcəyi düşüncəsi ilə güclü bir ordu quraraq, türk torpaqlarına yayılır. 739-cu ildə ərəblər Səmər­qən­də tamamilə yerləşirlər. Ancaq Seyhun çayını keçməyə çalışsalar da, Kur-Sul komandirliyindəki türk ordusu tərəfindən durdurulurlar. Sayca Kur-Sulun ordusundan çox olmalarına baxmayaraq, çayın o biri tərəfinə keçməyə cəsarət etmirlər. Kur-Sul ərəblərin üzərinə hücum etməyi planlaşdırır. Ancaq bu arada ərəblərin gözləmədiyi bir gəlişmə olur. Çayın ətrafında kef edən Kur-Sul ərəb əsgərlərinə yaxalanır. Nasir Kur-Sulu o dəqiqə öldürərək, cəsədini türklərin görə biləcəyi yerdə – Seyhun çayının kənarında asdırır. Bu mənzərə çox keçmədən türklərin üzərində təsirini buraxır və türk ordusu onsuz da sayca üstün olan ərəblər qarşısında dağılır. Daşkənd və Fərqanə təslim olur. Nasir bundan sonra ərəb hakimiyyətini daha yumşaq siyasət yürüdərək bərqərar edir. Yurdlarını tərk edən türklərin geri dönəcəkləri təqdirdə vergi borcları bağışlanır. Xalq içindən müsəlman olanlar bəzi iqtisadi və sosial gəlirlərlə təmin edilir. Onlar müsəlmanlığı qəbul etməyə bu yolla şirnikdirilirlər. İslama tərəfdarlar toplamaq məqsədiylə gərə­kər­sə qorxutmaqla, gərəkərsə təşviq edilərək tədbirlər görülür. Bu görülən tədbirlər ləng də olsa nəticə verir. Türk torpaqlarındakı son Əməvi ərəb valisi Nasir ibn Səyyar türklərə İslamı qəbul etdirməyi bacarmışdı. Bizi maraqlandıran tarix buraya qədərdir. Bundan bir az sonra ərəb torpaqlarında Əməvi Xanədanının hakimiyyəti sona çatır və Abbasilər dövrü başlayır.

749-cu ildə Abbasilər Əməvi xanədanını zorlamağa başlayır. Ərəb torpaqlarında başlayan daxili çəkişmə Əməvilə­rin ətrafa təsir eləyə biləcək qüvvələrinin bölünməsinə yol açır. Abbasilərlə birlikdə, müsəlmanlaşdırılan xalqlar arasında daha uyğun, onların adət və ənənələrinə uyar bir İslam formalaş­dırılır. Əməvilərdən sonra İslamiyyətin universal bir din olduğu fikirləri ortaya atılır və onun kütlələr arasında daha geniş yayılmasına qayğı göstərilir. Beləliklə, əvvəllər yalnız ərəbinki kimi yaranan din, getdikcə daha universal görünməyə başlayır.

Bu arada ərəblər arasında gedən toqquşmalar getdikcə şiddətlənir. Ərəblər arasındakı qovğada Məvalilər, yəni azad edilmiş kölələr də xüsusi əhəmiyyət daşıyırlar.

Bu toqquşmalarda tərəf olan ərəb başçıları Məvaliləri hərəsi öz tərəfinə çəkmək istəyir. Ancaq bütün müsəlmanları guya bərabər görən İslam qarşısında Məvalinin durumu qeyri-müəyyəndir. Məvali bərabərliyi qabardan İslam adına ərəblərin üstünlüyünə qarşı çıxır. Əli tərəfi və peyğəmbərin əmisi Abba­sın soyu, Əməvilər tərəfindən hiylə və zorakılıqla ələ keçirilən iqtidarın əsil sahibləri kimi davranırlar və bir sıra sosial problemləri qabardırlar. Əzilən sinif burada sinfi fərqlərin və yaşanan problemlərin səbəbini İslamda deyil, Əməvi xanədanının iqtidarında  axtarırdılar.

Müsəlman ərəblər türklərə nədən hücum etmişdir

Əslində bu tarixi bilən İslam tərəfdarları müsəlman ərəblə­rin türklərə hücum etməsini, onları İslam dininə dəvət etmək, gərəkərsə bunun uğrunda zor işlədib onları İslama boyun əymə­yə vadar etmək şəklində yozurlar. Ancaq əsas səbəb bu deyildir.

Bu mövzu da ayrıca Zəkəriyyə Kitabçının “Yeni İslam tarixi və türklər” adlı kitabında izah edilmişdir. Aşağıda həmin kitabdan bir parça veririk:

Dəyişən ərəb toplumunun yeni həyat anlayışı

a) Müharibə edən əsgərlərin sərvət istəyi

Ərəbləri, Orta Asiyanı fəth eləməyə yönəldən bir amil də, əslində əsgərlərin qısa zamanda böyük sərvət və zənginliklərə sahib olmaları idi. Nəinki sonrakı dövrlərdə, hətta ilk vaxtlarda da fəth etdiklərində sosial-iqtisadi səbəblərin çox önəmli bir amil olduğu ortaya çıxmaqda idi. Xüsusilə, bədəvi, çöldə yoxsul şəraitdə yaşayan, həyat uğrunda  amansız mübarizə aparan ərəblər hələ İslamın ilk dövrlərində hərbdə əsgərlərə verilən yüksək maaş və qənimətlərə görə qısa zamanda böyük bir sərvət və zənginliyə çatdıqlarını görmüşlər. Bu cür yaşamaq müharibədə iştirak etməyənlərlə müqayisədə böyük üstünlük idi. Bu qəbildən olan ərəb bədəvilərinin o zamankı durumu bu gün Anadoluda  eyni sosial-iqtisadi səbəblərlə işləmək üçün Almaniyaya gedən türk kəndlisini və onun sosial həyatında meydana gələn gözədəyən dəyişiklikləri xatırlamaqdadır. Buna görədir ki, ərəb qəbilələri müxtəlif cəbhələrdə döyüşmək üçün hətta Hz. Ömər dövründə Mədinəyə böyük qəfilələr halında axın-axın gəlməyə başlamışlar. Sonralar bunların ardınca bədəvi ailələr  ərəb yarımadasından xaricə axın etmişdilər. L.Caetaninin ifadəsiylə desək, tarixdə ilk dəfə Sami irqinin köçü başlamışdı.

Tarixdə bəlkə ilk dəfə vaqe olan bu sami ərəb köçü Əməvilər dövründə də bütün canlılığı ilə davam etmişdir. Həm də sadəcə İrana deyil, Türküstanın Buxara, Baykənd, Səmərqənd kimi bir çox böyük şəhərlərinə çoxsaylı ərəb ailələri yerləşdirilmişdir. Özəlliklə Buxaraya yerləşdirilən bu qəbil mühacir ərəb ailələri o qədər çox idi ki, Kuteybə b. Müslüm də onlara güvənərək, bu böyük türk şəhərini təcriddə saxlamağa nail olmuşdur. Xüsusilə 25-50 min arasında sıralanan və ailəlikcə edilən bu köçlər bir tərəfdən İran və Türküstanın böyük şəhərlərinin ərəb əhalisinin yerləşdirilmə­sinə, digər tərəfdən də siyasi ərəb hakimiyyətinin bölgədə asanlıqla oturuşmasına imkan yaratmışdır. Hətta İslam dininin inkişafına və yayılmasına da yardım etmişdir.

b) Gərgin dolanma ehtiyacı

Müsəlman ərəbləri qonşu ölkələri və Türküstanı işğal etməyə həvəsləndirən önəmli səbəblərdən biri də gərgin dolanma ehtiyacıdır. Nitekim-əl-Məsudinin ən gözəl kitab kimi tövsiyə etdiyi və işğal  hadisələrini obyektiv kriteriyalarla irəli sürən ilk tarixçilərimizdən Belazurinin “Fütuhul Büldan” adlı qiymətli əsərində ərəblərin dolanma ehtiyacı, məhrumiyyətlər içində apardıqları həyat mübarizəsi öz əksini tapıbdır. Eləcə də qonşu ölkələri işğal etməyə meyillənmələri və bu ölkələrdə böyük sayda yerləşdikləri haqqında açıq-aydın ifadələr vardır. (səh.299)

Təbərinin anlatdıqları

Aşağıda verilənlər həqiqətən Təbərinin yazdıqlarıdır.

Tarix-i Təbəri/ cild 3 (səh.343)

Hər kim türklərdən baş gətirərsə, yüz dirhəm verəcəyəm. Bu çağırışa müsəlmanlar bir-bir türklərin başını kəsib gətirdilər və 100 dirhəm aldılar. Saysız-hesabsız türk qırdılar və mübaliğə ilə mal və qənimət toplayıb yenə Mərvə getdilər.

Yaz gəlincə Kuteybə Xorasan şəhərlərinə namələr göndə­rib əsgər topladı. Sonra Talkana köçdü. Talkan məliyi Şəhrək idi, Neyzeklə müttəfiq idi. Kuteybənin gəldiyini eşidincə qaçdı. Kuteybə Talkana girdiyi zaman hökm etdi ki, əhalini qılıncdan keçirsinlər. Nə qədər qıra bilirlərsə, qırsınlar. Buna görə də Kuteybənin əsgərləri orada hesabsız adam öldürdülər.

 Deyildiyinə görə, 4 fərsəng yol boyu iki tərəfdən cərgə ilə bitmiş qoz ağaclarının budaqlarından adamlar asılmışdı.

Kuteybə oradan keçib Mərvalaridə yerləşdi. Oradakı məlik qaçdı. Kuteybə onun da iki oğlunu tutduqda qalan şəhər bəyləri itaət elədilər. (səh.344)

Kuteybə dedi: – Vallah, əgər mənim ömrümdən üç söz söyləyəcək qədər zaman qalmış olsa bunu deyərəm ki, Uktülühü uktülühü uktülühü. (Hamısını öldürün, hamısını öldürün, hamısını öldürün).

Bununla bərabər Neyzəki, Sol və Osman adlı iki qardaşı oğullarını, eləcə də onlarla birlikdə olan hamını öldürdülər. Burada 700 adam var idi. Əmr etdi, başlarını kəsib Həccaca göndərdilər. (səh. 347)

Kuteybə dəvə palanı deməkdir (səh. 351)

Qənimət malının beşdə birini Həccaca göndərib Səmərqəndin fəthini də elan etdi. Həccac da bu xəbəri eşidib sevindi. Kuteybə təkrar Mərvə döndü. Qardaşı Abdullahı Səmərqəndə əmir təyin etdi. Əsgərlərinin bir hissəsini onun yanında saxladı və lazım olan qədər hərbi sursat verib Abdullaha dedi: Kafirlərdən heç kimi Səmərqəndə girməyə qoyma, ancaq əlinə bir parça palçıq ver və o palçığın üzərinə möhür vur. (səh. 353)

Kuteybənin Həvarizəm şəhərinə getməsi xəbəri

Havərizəm məliyinin adı Çayqan idi. Ondan kiçik Havarizad adlı bir qardaşı vardı. Çayqanın üzərində qələbə çalmışdı və onun bütün işini ələ keçirmişdi. Eşitsə ki, Çayqanın əlinə gözəl bir kəniz keçmiş, yaxud nəfis bir qumaş almış, dərhal adam göndərib aldırırdı. Yenə eşitsə ki, bir kişinin gözəl qızı var, yaxud gözəl arvadı var, dərhal macal verməz, əlindən çəkib alırdı. İnsanlar Çayqana ondan şikayət etsələr “mən ona bir şey deyə bilmərəm” deyirdi. Çayqan da onun əlindən bezmişdi. Bu işi bu şəkildə uzatdıqca Çayqanın dözməyə taqəti qalmadı. Əl altından Kuteybənin yanına adam göndərdi. Havarizəm şəhərlərindən üç şəhərin açarını belə ona göndərdi. Və Kuteybəyə dedi: Havarizəmə gəlib qardaşımı öldürsən, hər nə diləsən verəcəm. Lakin bu xəbəri heç kimə bildirmədi. Bu xəbər Kuteybəyə çatanda cihad vaxtı idi. Kuteybə qövmünə Segat cihadına başlayırıq deyə bildirdi. Çayqanın adamını geri göndərdi. Havarizada xəbər verdilər ki, Kuteybə Segada cihada gedir. O da çox sevindi. Və qövmünə bildirdi ki, bu il cəngdən arxayın olun, Kuteybə Segada gedirmiş. Biz də işimizlə məşğul olaq dedi. Bilmədi ki, Kuteybə onun üzərinə gəlir. Bu əsnada Kuteybə qəflətən min atlı ilə Mədinətül Filə (hansı ki, Havarizəmin ulu və böyük şəhəridir; Havarizəm ölkəsi üç şəhərdir. Ondan ulusu yoxdur) gəlib çıxdı. Havarizəm əhalisi Kuteybəni görüb qorxdu. Kuteybə birbaşa Çayqanın yanına gəldi. Və Havarizada xəbər verdilər ki, nə yatıbsan, budur Kuteybə yetişib aləmi bərbad elədi. Havarizad anladı ki, bu iş Çayqanın başının altından çıxıb. İstədi ki, Çayqanı öldürə. Lakin fürsət və macal tapmadı. Hazır duran dəstəsi ilə sürüb Mədinətül-Filə gəldi. Çayqan o üç şəhəri Kuteybəyə verib, özü də onun yanına gəldi. Havarizad çaşbaş qaldı. Nəhayət, Kuteybənin yanına adam göndərib aman dilədi.

Kuteybə dedi: Amanı qardaşından dilə, əgər o aman verərsə, məndən əmin ol.

Havarizad dedi: “İndi bildim ki, mənim ölməyim lazımdır. Mənim qardaşıma boyun əyməm ölmək deməkdir. Bəlkə də ölmək müti olmaqdan yaxşıdır”. Sonra isə cəngə çıxdı. Bir saat cəng edib axırda tutuldu. Onu Kuteybənin yanına gətirdilər. Kuteybə dedi: Özünü necə görürsən?

Havarizad dedi: Ey Əmir, məni məzəmmət etmə. Mən qılınca ona görə əl atdım ki, səninlə mənim aramda bir hökm olsun. İndi fürsət sənin oldu, mənə nə istəyirsən elə. Bunu görən Kuteybə buyurdu, Havarizadı çölə çıxarıb boynunu vurdular.

 Çayqan dedi: Ey əmir, hələ ki ürəyim rahatlıq tapmadı.

Kuteybə dedi: Daha nə diləyirsən?

Çayqan dedi: Diləyirəm ki, onunla olan hər kəsi öldürəsən.

Kuteybə dedi: Sən onları mənim yanıma topla, mən öldürüm.

 Çayqan da hamısını tutub gətirdi. Kuteybə onları öldürüb mallarını aldı. Çayqan bu sövdələşmənin müqabilində min əsir və minlərlə qumaş vermək şərtinə razılaşmışdı. Ona görə Kuteybə Mədinətül-Filə girib o malı Çayqandan aldı.

Çayqan Kuteybədən yardım dilədi. Belə ki, Camhud məliyi daim gəlib Çayqan ilə cəngə girirdi. Və Çayqanı çox incidirdi. Kuteybə Əbdürrəhmanı ona yardıma göndərdi. Əbdürrəhman gedib müharibə etdi və o məliyi öldürdü. Çayqan o yerləri işğal edib dörd min əsir aldı. Kuteybənin əmriylə hamısını öldürdülər. (səh. 349-350).

Şaş əsgəri bizə gecə basqın etmək istəyirmiş, indi gedin onların yolunda filan yerdə pusquda durun. Onlar çıxdığı zaman üstlərinə yeriyin. Ola bilsin işğal eləmək imkanınız oldu, dedi. Müslih b.Müslümü bunlara komandir təyin etdi. Müslüh də gəlib o 700 adamı üç bölük etdi. Bir bölüyünü yolun sağ tərəfinə, bir bölüyünü sol tərəfinə qoydu və özü bir bölüklə yolun üstündə durdu. Gecə yarısı Şaş əsgərləri gəlib çıxdılar. Müslühü yol üstündə görüb döyüşə girdilər. O iki bölük iki tərəfdən həmlə edib ac qurd qoyuna hücum eləyən kimi kafirləri tar-mar etdilər. Qazilərin içində Şübə adlı bir bahadır igid vardı. Özünü şaş izdihamının içinə vurdu. Onların ortalarında bir məlikzadələri vardı. Şübə yetişib onun qulağının dibindən qılıncla vurdu. Elə vurdu ki, başı top kimi havaya uçdu. Şaş əsgərləri bu heybəti gördükdə hamısı darmadağın oldu. Müsəlmanlar onların ardınca düşüb əksəriyyətini qırdılar. Onlardan çox az adam canını qurtardı. Onların əksəriyyəti Məlikzadələr idi. Ziynətli və silahlı adamlardı. Onların başla­rını kəsib, silahlarını və geyimlərinin hamısını alıb geri döndülər. Sonra Kuteybənin yanına gəldilər. Ertəsi gün Kuteybə əmr etdi ki, döyüşə başlasınlar.

Gavrek Kuteybəyə adam göndərib dedi: “Bu apardığın savaşı ele hesab eləmə ki, ərəblərin gücüylə edirsən, bəlkə əcəm oğulları – mənim qardaşlarımdır ki, sənə kömək edib döyüşürlər. Sən döyüşə ərəbləri göndər, görərsən ki, biz nələr edərik” dedi. Kuteybə bu sözü eşidib qəzəbləndi. Müsəlman döyüşçülərini toplayıb kafirlərin üzərinə yürüş etdi. Mancanaq qurmasını əmr etdi, bir bürcü döyə-döyə yıxdılar. Müsəlmanlar o yıxılan yerdən hücum etdilər. Kafirlərdən bir bahadır ər gəlib o gədikdə durdu, kimsə gələndə macal verməyib öldürürdü. Müsəlmanlarda məharətli döyüşçülər çox idi. Kuteybə onları çağırıb dedi ki, sizdən kim ki, o şəxsi ox ilə vursa, mən ona on min dirhəm verərəm. O döyüşçülərdən biri irəli yeridi, ox ilə o şəxsi elə vurdu ki, gözündən girib ənsəsindən çıxdı. Bahadır ər dərhal yıxıldı. O adam Kuteybənin yanına gəlib on min dirhəm aldı. (səh. 351-352).

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv