Fransa prezidenti Emmanuel Makron bugünlərdə 24 aprel qondarma “erməni soyqırımını” anım qərarı verdi. Aradan günlər geçib, Fransa ilə ayrıca, olduqca sıcaq ilişkiləri olan əliyevçi ailə hakimiyəti hələ də susmaqdadır. Sözsüz, qarşıda mitinq qorxusu olsaydı, Fransaya tezcənə “xala xətrin qalmasın” bir nota göndəriləcəkdi, ancaq, görünür, indilikdə belə bir qorxu duymadıqlarından, yalançı, başaldadıcı bir nota verməyi də gərəkli saymırlar. Başqa bir yandan, Makronun indiki alçaqcasına (alçaqcasına!) qərarı ilə bağlı onların bütünlüklə susub oturduqlarını demək də olmaz. Sözügedən qərarla bağlı iş görürlər, ancaq əlaltından. Əl altından, özü də 26 illik hakimiyətləri boyunca olduğu kimi, indi də xalqa kələk gəlməklə, xalqı aldatmağa çalışmaqla. Yenə özlərini sığortalamaq üçün öz deyəcəklərini öyrədilmiş əlaltı “politoloqlarının” dili ilə deyirlər. Əlaltı “politoloq” hakimiyətin susqunluğunu, Makronun yaramaz qərarına təpki göstərilməməsini belə “tutalqalayır: “Erməni lobbisinin sevincinə əsas verən intuitiv qərar verməyin əleyhinəyəm”. Rejimin əlaltı “politoloquna” görə, Makronun erməni yalanına söykənən qərarına qarşı qərar vermək praktik deyil, duyğusal (intuitiv) xarakter daşıya bilər. Bu, açıq-açığına xalqı aldatmağa yönəlik demaqogiyadır! Diplomatiyada ən azı demarş faktoru var. Ölkənin ulusal çıxarları üçün sən bu faktordan yararlanmayacaqsansa, onda hansı diplomatiyadan, hansı dövlətdən danışmaq olar?!
Avropada indiyədək 20-dən artıq dövlət qondarma “erməni soyqırımını” tanıyıb. Bunların, demək olar, hamısı son 20 ildə baş verib. Hamısında da ortaya indi olduğu kimi, “erməni lobbisi” faktoru atılıb. Ermənilər qonşu İranla Rusiyadan, qardaş Türkiyədən tutmuş Avropaya, uzaq Amerikayadək, demək, Yer üzünün bu başından o başına, lap elə deyək erməni lobbisinin yardımı, əli ilə Azərbaycan üzərində diplomatik, informativ uğur qazana-qazana gedirlər. Özü də hansı ermənilər? Az TV-lərin “batıb-gedən Ermənistan” adlandırdığı ölkənin uzantıları! Necə olur resurslardan yoxsul, “batıb-gedən Ermənistanın” lobbi uzantıları bütün Yer üzündə Azərbaycanı yenməklə bir belə uğur qazana bilir, resursları aşıb-daşan Azərbaycan bu başdan o başa yalnız uğursuzluqla üzləşir? Nədən belə olur? Bütünlüklə ANTİMİLLİ, ANTİDEMOKRATİK əliyevçi korrupsiya-repressiya rejiminin ulusal çıxarları, dövlət çıxarlarını özəl çıxarlara qurban vernəsi üzündən belə olur. Əliyevlər hakimiyəti boyunca korrupsiyanın DÖVLƏT POLİTİKASINA dönüşdürülməsi Azərbaycanı QAÇILMAZ OLARAQ içidən yenilməyə uğradıb, dışdan İZQOY dövlətə çevirib! Ortaya çıxan bir çox faktlardan bəlli olduğu kimi, bir çox dövlətlərdəki Azərbaycan elçilikləri diplomatik işdən çox özəl bizneslə uğraşırlar. Ölkənin böyük resurslarından yararlanmaqla Avropada, Amerikada bizim də güclü diaspor-lobbilərimizi yaratmaq olardı. Özləri yartmadılar, yaradılanları da DAK başda olmaqla darmadağın etdilər.
Əliyevlər hakimiyəti 26 il boyunca Yer üzünün bu başından o başına milyardlarla dollar pul səpələyib: “neft-qaz diplomatiyası”, “Qarabağ diplomatiyası” (Əliyevlər neft-qazla Qarabağı başlanğıcdan böyük güclərlə alver obyektinə çeviriblər), “demokratiya diplomatiyası”, “kürü diplomatiyası”, “xalça diplomatiyası”, “qızıl-brilyant diplomatiyası”, Rusiya başda olmaqla bütün Avropanı bürüyən (təkcə Vatikan qəbristanlığında 1 milyard neçə milyon dollara başa gələn) ”təmir-tikinti diplomatiyası”- MİLYARDLARLA dolların itirilməsi ilə başa gələn bu çoxçeşidli diplomatiya faktlarından udan-qazanan yalnız Əliyevlər, onlara əlaltılıq edən çevrələr olub. Onların dövləti yönətim strategiyalarının kökündə ÖZGÜDÜKÇÜLÜK dayandığından başqa cür ola bilməz, olamazdı! Böyük V.Hüqo deyirdi: “Diktatura, despotizm də dış düşməndir: o, ölkənin coğrafiya sınırlarını pozduğu kimi, diktatura da əxlaq sınırlarını pozur”. Baxın, Hüqo çox düzgün olaraq diktatura-despotizm rejimini DIŞ DÜŞMƏNLƏRİN sırasına qatır. Ölkəmizdə planlı olaraq yayılan narkomaniya, əxlaq pozğunluğu (fahişəlik), televizyalarda ulusal dəyərləri yox etməyə yönəlik çoxsaylı verilişlər, birbaşa dövlət qurumlarından qaynaqlanan qanunsuzluq, özbaşınalıq, indiki deyil, AYRI AZƏRBAYCAN yolçuluğuna varan gəncliyin ucdantutma repressiyası – bütün bunlar Hüqonun göstərdiyi içimizdəki DIŞ DÜŞMƏN faktı deyil, nədir?!
AŞ PA-nı, Avropa birliyini, bir çox başqa demokratiya qurumlarını satın almaq üçün ötürmlər bir yana, təkcə üstü açılan batmış milyonları, milyardları sadalasaq, Az TV-ləri başına götürmsüş, əlaltı “politoloqların” dilindən düşməyən “uğurlu diplomatiyanın” iç üzü bütünlüklə açılıb ortaya qoyulmuş olar. Onlardan bir neçəsi: AŞ PA deputatı (İtaliya) Luka Volonteyə verilən 3 milyon dollar rüşvət; AŞ PA deputatı Doris Filavaya (İsveçrə) verilən bir bağlama qızıl-brilyand (Doris xanım rüşvətdən üz döndərməklə, bağlamanı AŞ PA prezidenti Yaqlanda verib); Aş PA deputatı Andreas Qros (İsveçrə) “Svoboda” radiosu ilə danışarkən Bakıda ona bir diplomat dollar verildiyini, özünün o pulları götürmədiyini, ancaq başqa bir çoxlarının götürdüyünü demişdi; erməni Kamal Öksüzə verilən, sonra üstü açılan rüşvət pullar; İngiltərədə üstü açılan 3 milyard dollar rüşvət faktı…- bütün bunlar saymaqla qurtarmaz. Bütün bu dağıdılan milyardlar Xalq, Ölkə, Dövlət üçün uğursuz olsa da, Əliyevlər üçün çox, uğurlu olub: onlar Ölkəni soyub-yağmalama, Dövləti çökürtmə axarında indiyədək (26 il!) hakimiyətdə qala biliblər!
Yeri gəlmişkən, Fransalı politik, ordu tarixçisi Pyer Malinovski ilə media.az saytında bugünlərdə yayımlanmış sorğulamadan bir parçanı bura köçürməyə dəyər. Pyerlə qonuşan jurnalist N.Əliyev yeri gəlməsə də, (nəyə görəsə) Pyerdən soruşur: “- Heydər Əliyev fondu Luvr muzeyini, Versal sarayını, Strasburq kafedral kilsəsini təmir etdirib. Fransanın kültür irsinin qorunmasına qatılan başqa ölkələr çoxdurmu?” Pyer bəy buyurur: “- İndi kültürə donorluq edənlər çətin tapılır. Ən varlı fransızlar belə bizim kültür irsimizin qorunmasına yardım etməzkən Azərbaycan qarşılıqlı nəsə istəmədən Luvr muzeyini, Versal sarayını, Strasburqdakı kafedral kilsəni təmir etdirib”. N.Əliyev patriotizm sərgiləyərək soruşur: “- Fransa Qarabağ konfliktinin çözümünə yardım edə bilərmi?” Pyer bəy kişicəsinə sözün düzünü deyir: “Mən bunu deyə bilərəm: Fransa özünün diplomatik gücünü çoxdan itirib”.
Ax, Pyer, Pyer! Qardaşım, gəl səni bağımıza basaq: sən burada bir neçə qısa frazayla nələrin üstünü açmısan, necə qaranlıqlara işıq salmısan! Fransanın dövlət büdcəsinə böyük pullar gətirən (turizmdən) ünlü kültür irsinin qorunması üçün Fransa dövləti donorluq etmir, Fransa milyarderləri donorluq etmir, Yer üzünün Azərbaycandan min qat, milyon qat varlı dövlətlərindən bircəciyi donorluq etmir, ancaq super humanist, super, super, super multkultural Heydər Əliyev fond-dövləti donorluq edir. Özü də, çox sayğılı Pyer bəyin dediyi kimi, qarşılıqlı nəsə istəmədən. Qarşılıqlı nəsə istəmək! Eh, sözə bir baxın! Özünün ad-sanın üçün milyarlarla pul tök, sonra da qarşılıqlı nəsə istə! Belə düşük, bu sayaq iyrənc işlər ermənilikdir. O deee, istədilər aldılar: aprelin 24-də Fransada, ən başlıcası gözəllər gözəli, ünlülər ünlüsü Parisdə yapma-yalançı “erməni soyqırımını” anım törəni keçiriləcək. Lap olsun bizim milyardlar töküb onardığımız (təmir etdirdiyimiz) Luvr muzeyində, Yelisey sarayında, Strasburq kafedral kilsəsində. Nə olsun?! İndi biz bütün bunlara görə durub İNTUİTİV qərar verməliyik, sonra da, allah eləməmiş, Fransadan, gözəllər gözəli, ünlülər ünlüsü Parisdən ayağımız kəsilməlidir?!
Yox bir, Fransanı ATƏT-dən qovmalıyıq! Belə İNTUİTİV qərarlar bizlik deyil, bizim baş planımız – strategiyamız nə olur olsun hakimiyəti əldən verməməkdir!
Ağsuda Şəhid anası 200 manat işıqpulu borcunu ödəyə bilmədiyindən özünü asıb öldürüb. Kimdir suçlu? Özü! O ana nə üçün oğlunu erməninin qabağına göndərtirdi? Qarabağ əlilləri çörək pulu, dərman pulu tapmırlar. Kimdir suçlu? Özləri! Onlar niyə ermənilərlə savaşmalıydılar?
Hələ görün Pyer nə deyir: “Fransa özünün diplomatik gücünü çoxdan itirib”. Bizə Fransanın diplomatik gücü gərək də deyil. Diplomatiyan olursa, gərək demarşın da ola – o da bizlik deyil. Gerçək (etkili) diplomatiya üçün, gerçək (etkili) demarş üçün də xalqla hakimiyətin birliyi gərəkdir. Bu boyda vur-çatlasın, ayrı-seçkilik içində biz o birliyi hardan alaq?
Jan-Jak Russo (fransız bilimçi-filosofu): Demokratik ölkədə bir ovuc adamın orta yurddaşdan qat-qat artıq var-dövləti olarsa, onda ikisindən biri baş verər: demokratiya olmaz, dövlət yox olar” Azərbaycanda bu gün demokratiya yoxdur, dövlət isə, yuxarıdakı bir çox faktlardan göründüyü kimi, çoxdan yoxolma yolundadır. Demokratiyanın yox edildiyi, dövlətin, dövlətçiliyin bir adamın, bir ailənin, bir qrup oğru-quldurun monopoliyasına dönüşdüyü yerdə bu gün Azərbaycanda olanlar olur: bütün resurslar Xalqın, Ölkənin, Dövlətin qorunmasına deyil, dövlət hakimiyətini ələ keçirən bir yığının nə yolla olur olsun hakimiyətdə qalmasını qarantiyalamağa yönəldilir. İ.Əliyev bir çox illər qabaq demişdi: “Biz Avropa ölkələrinə sərmayə yatırırıq”. Öz ölkəsində işsizlik baş alıb gedir, xalq dilənçi kökündə yaşayır, bu, Azərbaycandan min qat yaxşı yaşayan, min qat üstün olan Avropa ölkələrinə “sərmayə” yatırır. Bu “sərmayələrdən” Azərbaycana indiyədək nə üçün gəlir gəlmədiyini soruşmaq belə artıqdır.
Son dör-beş ildə təhsil pulunu verə bilmədiyi üçün 20 min gənc universitetlərdən uzaqlaşdırılıb. İ.Əliyev bu sorunun köklərini araşdırıb gərəkənləri etmək yerinə “sərəncam” verir: başqa ölkələrdən gəlib Azərbaycanda təhsil almaq istəyən gənclərin təhsil pulu Azərbaycanın dövlət büdcəsindən ödəniləcək. Bu nə deməkdir? Bu, bilərəkdən, planlı olaraq ölkədə etnososial göstənicləri dəyişməyə yönəlik Dövlət Proqramı deməkdir. İşsizlik, yoxsulluq-pulsuzluq üzündən ölkə gəncləri baş alıb axınla başqa ölkələrə gedirlər. Çoxlu iş yerləri açmaqla, təhsili sosiallaşdırmaqla gənclərin ölkədən axınının qarşısını almaq yerinə, açıq-aydın o axının daha da güclənməsinə, sonsuz xarakter almasına yönəlik addımlar atılır.
Qaçılmaz olaraq Azərbaycanın uğursuzluğunu qarantiyalayan başqa bir fakt. Bəlli olduğu kimi, tarix boyu Azərbaycanda AİLƏ İNSTİTUTU olduqca dayanıqlı olub. Əliyevçi hakimiyət dönəmində nə baş verir? Ailə dağılmaları faktı yüksələn templə gedir. Burada, balaca bir ölkədə, indi ildə 3 minədək ailə dağılır. Oğru-quldur yığını olan əlaltı “parlament” bu uğursuzluq qurşağından qurtulmanın yolunu belə göstərir: hər ailəyə bir psixoloq ayrılmalıdr. Sorunun kökünə getmək yerinə belə bir düşük yanaşma! Düzünə qalsa, sorunun kökü hamıya bəllidir: işsizlik, yoxulluq, evsizlik. Satın aldığı jurnalistlərə iki göydələn tikib, üçüncünü tikməkdə olan İ.Əliyev Rusiyaya, Avropaya axıtdığı milyardlardan bir neçə milyard Azərbaycan gəncliyinə ayırmaqla tək elə Bakıda bir çox iş yerləri aça, gənclər üçün göydələnlər tikdirə bilərdi. Özü də qarşlığını istəmədən. Yox, ola bilməz! Rusiyaya, Avropaya QARŞILIĞINI İSTƏMƏDƏN milyardlar tökmək olar, ancaq, o milyardların yiyəsi olan Azərbaycan xalqı, Azərbaycan gəncliyi üçün bircə milyarddan belə keçmək olmaz, olamaz!
Göz önündə baş verən Xocalı soyqırımını deyil, tarixdə olmayan qondarma “erməni soyqırımını” tanıyan Rusiyaya, Avropaya özgüdükçü “təmir-tükünti diplomatiyasına” uyğun olaraq milyardlar ötürmək-bağışlamaq olar, o milyardların yiyəsi olan xalqa gələndə… bircə milyarddan da keçmək olmaz! İlboyu durmadan irəliləyən qiymət artımı içində aylıqları, pensiyaları 3-5 manat artıran İ.Əliyev bütünlüklə monopoliyasında olan televiziyalarla birlikdə bu utancaverici faktı özünün xalqa çox böyük qayğısı olaraq sırımağa çalışır. Resurslardan yoxsul, “batıb gedən Ermənistanda” orta aylıq əmək pulu 360 dollar, doğal resursları aşıb-daşan Azərbaycanda 310 dollardırsa (hələ bu da yalandır), biz burada yalnız ölkənin doğal resurslarına təkbaşına yiyələnən, o resursları özünün çıxarı üçün yad güclərlə bölüşən, yağıcasına xalqın dirçəlməsinə, güclənməsinə yol verməyən İŞĞALÇI rejimdən, İŞĞALÇI hakimiyətdən danışa bilərik.
Son olaraq. ABD bilim adamı, tarixçi Con Habrs deyir: “Ermənistan adlanan nəsnə Antantanın Türklərə qarşı uydurduğu politik terror qurumudur”. Bəlli olduğu kimi, ATƏT-in arxasında keçmiş Antanta dövlətləri – Rusiya, Fransa, Anqlosakslar – dayanır. Uzun illərdən bəri aqressor erməniliyə arxa duran, yardımçı olan bu dövlətlər erməniliyin işğal altında olan Azərbaycan torpaqlarında tikilib-qurulub oturuşması üçün “Qarabağ barış danışıqları” pərdəsinə bürünməklə ATƏT, ATƏT-in Minsk qrupu adı altında Əliyevlərlə birgə illərlə baş qatandan, bizi aldadandan sonra Paris görüşündə ortaya çox-çox illər öncədən düşünülmüş, planlaşdırılmış “tərəflər barışığa gəlməlidir” buyruğunu qoydular. Beləcə, biz verdiyimiz minlərlə Şəhidlərimizdən, böyük torpaq itkisindən keçməklə iki yüz ildən bəri terror, qanlı qırğın yoluyla torpaqlarımızı ələ keçirə-keçirə gələn, “dənizdən dənizə böyük Ermənistan” planlarına sarılmış aqressor yığınıyla barışığa gəlməliyik.
Yazını Azərbaycaan coğrafiyasında “erməni dövləti” yaratmaq projesinin başlıca arxitektorlarından olan Loard Kerzonun (I dünya savaşı dönəmində İngiltərənin dış işlər baxanı) erməniliyi yaxından tanıyandan sonra yazdığı bu sözlərlə bitirirəm: “Ermənistanı Fransaya verin: Fransadan başqa heç bir dövlət bi iyrənc, yaramaz millətlə iş görə bilməz”. Nə yazıqlar, bu gün bizim öz ölkəmizdə “bu iyrənc, yaramaz millətlə” barışığa, bağlaşmağa, qaynayıb-qarışmağa can atanlar var – daha çox da “yuxarılarda”! Onları iki qrupa ayırmaq olar: özgüdükçü strategiyalarla barışıq istəyənlər, soysuzlaşmış MANQURTLAR!
Xaliq Bahadır. Diktatura diplomatiyasının Azərbaycana qazandırdıqları
Fevral 14th, 2019 admin