Doxsanıncı illər idi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 1-ci kursunda oxuyurdum. Universitetin yataqxanasında qalırdım. Qonşu otaqdakı qızlar çoxlarından fərqlənirdi. Vaxtlarının çoxunu kitab oxumağa sərf edirdilər. Hətta, mətbəxə gələndə də əllərində ya kitab olardı, ya da qələm. Onların yanına tez-tez tanımadığım çoxlu tələbələr gələrdi. Onlar da otağın yiyələri kimi ətrafdakılardan fərqli idilər. Bunu görünüşlərindən, davranışlarından anlamaq olurdu. Bir də adları fərqli idi: Eluca, Göylü, Nurtəkin… Bir gün maraq mənə üstün gəldi. Qızların birindən onlara toplaşanların kim olduğunu soruşdum. Gülümsəyib dedi, biz hamımız Asif Atanın övladlarıyıq, “Ailə Günü”nə toplaşmışıq. Heç nə anlamadım. Çünkü Asif Atanın adını ilk dəfəydi eşidirdim.
Bir də ağlıma sığışdıra bilmirdim, bu qədər tələbə necə bir kişinin övladı ola bilər? Sən demə ola bilərmiş. O gün mənim təsəvvürlərimdə başqa bir dünyaya pəncərə açıldı. Öyrəndim, o tələbələr filosof Asif Atanın mənəvi övladlarıdır. Asif Ata onların fərqli düşüncələrinə, həyata başqa yandan baxmalarına atalıq edirmiş. Bu düşüncələr “Ailə Günü” deyilən yığıncaqlarda bərkiyirmiş, kök atırmış. Bir gün övladlar məni də qonaq kimi “Ailə Günü”nə dəvət etdilər. Bir qıraqda oturub sakitcə deyilənlərə, müzakirə olunan fikirlərə qulaq asdım. Qəribədir, qulaq asdıqca özümü böyük filosof, şair İmadəddin Nəsiminin dövründə, o dövrün havasında hiss etdim…
Asif Atanı görmək tək bir dəfə mənə qismət oldu. İkinci dəfə “Ailə Günü”nə qatılanda. O insanın coşqusu məni valeh elədi… Orda anladım, övladlarına niyə Eluca, Göylü… adı qoyub. Asif Ata kökünə, türkçülüyə bütün ruhu ilə bağlı bir insan idi…