Hər bir sağlam etnos bu gününü özünün mövcud etnoenerjisinə söykənərək dünyamızın diqtə etdiyi yeni reallıq və şərtlərinə uyğun şəkildə qurur. Daha var olmaq potensialını tükədərək dünənə çevirilmiş tarixi ilə yox. Bir millət olaraq mənim də bu günümün istər coğrafi, istərsə mənəvi parametrlərini babalarım qanı-canı hesabına qurub ərsəyə gətirib, daha kimsə onu mənə məcməyi içində hazır xonça kimi pay verməyib və mən əcdadlarımın bizə əmanət etdiyi bu haqqı kimsəyə güzəştə getmək fikrindən qəti olaraq uzağam. Əgər planetimizin bütün xalqları və millətləri özlərinin tarixə bəlli olan əzəli-ilkin tarxixi coğrafiyaları çərçivəsində yaşamaq haqqında ümumu-ortaq konsensusa gəlmiş olsaydılar, o zaman tarix müstəvisində özlərini Güney Qafqaza aidiyyəti olmayan qədim İberlərin genetik varisi hesab edən kartveli tayfaları gərək indiki İspaniya coğrafiyasına qayıdaydılar.
Adətən zəif və kiçik xalqlar öz gerçək tarixlərində milli ruha mənəvi sütun olacaq dəyərli bir örnək tapa bilmədiklərindən öz etnik tarixlərini mifləşdirməyə, onu nağılsayağı bəzəyib-düzəməyə meylli olurlar. Bu, tarix səhnəsində öz milli varlığını bir az da olsa saxlaya bilmək üçün millətə verilən süni nəfəsdi. Etnik tarixini elmi həqiqət üzərində yox, pafos üzərində quran etnos artıq, etiraf etmək lazımdır ki, ömrünün reanimasiya mərhələsini yaşayır. Bəşər tarixi dönə-dönə təsdiq edir ki, belə etnoslar zamanında daha praqmatik və rasional düşünməyi bacarmasalar, tarixin reanimasiyasından çıxmağa bir daha şansları olmur.
Kartveli tayfalarında, çağdaş etnoqrafiq dillə desək, gürcü xalqında radikal millətçiliyin ictimai həyatın bütün sahələrində təzahür etməsi haqqında faktlara biz istər tarixi mənbələrdə, istərsə Avropanın demokratik institutlarının son hesabatlarında tez-tez rast gələ bilərik. Zənnimcə, kartveli etnosunun zaman-zaman belə radikal millətçilik mərəzinə yoluxması təsadüfi olmayıb, daha çox obyektiv tarixi şərtlərlə bağlıdır. Belə ki, öz etnik tarixinin erkən çağlarında ilkin-ana coğrafiyası olan Avropa İberiyasından ayrılaraq, ona yad yeni bir mədəni-sosial coğrafiya olan Güney Qafqaza köçmək zərurəti ilə üz-üzə qalan bu etnos öz milli varlığını yeni mühitdə qoruyub saxlaya bilmək, assimilyasiya təhlükəsindən xilas olmaq üçün daha çox yeni qonşulardan mənəvi-sosial təcrid yolunu seçməli, ona yad olanları inkar etməli, əsasən özünə vurğunluğu təbliğ etməli idi. Doğrudur, dünya reallığı çoxdan dəyişib və hər gün dəyişməkdə davam edir. Ancaq tarixi-etnik şüur öz işini görür, belə ki, tarix müstəvisində Qafqaz coğrafiyasına bütün aspektlərdə yad olduqlarından kartveli etnosu hələ də bu mühitə istər siyasi, istər sosial-mədəni müstəvidə adaptasiya olunmaq sahəsində əziyyət çəkir. Bunun hələ kiçik nümunəsi kimi kartvelilərin Qafqazın aborigen etnosları olan abxazlarla, osetinlərlə müstəqil olaraq qarşılıqlı uğurlu münasibət qura bilməmələrini, eləcə də 1944-cü ildə planlı olaraq Stalin rejimi tərəfindən öz dədə-baba torpaqları olan Axısqa bölgəsindən ağır sürgün həyatına düçar olmuş etnik türklətin öz doğma yurdlarına qayıtmasının əngəllənməsini göstərmək olar. Baxmayaraq ki, Gürcüstan dövləti Axısqa türklərinin repatriasiyası ilə bağlı 2007-ci ildə Avropa Şurası qarşısında xüsusi öhdəlik götürmüşdür. Proseslərə bu prizmadan baxdıqda gürcü hakimiyyətinin inteqrasiya haqqında milli azlıqlara yönəlik pafoslu bəyanatlarının saxta mahiyyəti öz-özlüyündə üzə çıxır; bir dillə vətəndaş inteqrasiyasına çağırır, o biri dillə ölkədən qovmaqla təhdid edir.
Ağalar, gəlin xoş görünmək xatirinə bir-birimizin başımızın altına yasdıq itələməyək. Yasdıq öncə xumarlıq, sonra isə yuxu gətirir. Biz, doğrudanmı, Okruaşvilinin xalqımıza və dövlətimizə təhdid dolu bəyanatını təsadüf hesab edəcək qədər sadəlövhük? Axı, o hazırda məmur olmasa da, bəyanatında xatırlatdıqları məmur işlədiyi dövrə aiddir. Üzdə mehriban qonşuluqdan, strateji müttəfiqlikdən dəm vuran Gürcüstan hakimiyyəti, kim deyə bilər ki, bizimlə elə indi də təhdid dilində danışmağa meylli deyil? Məgər Okruaşvilinin dəm vurduğu dönəmdə də biz mehriban qonşu və strateji tərəfdaş deyildikmi? Azərbaycandan güzəşt (bəhs olunan kontekstdə tikə) qoparmaq üçün Gürcüstandakı etnik azərbaycanlılar üzərində manipulyasiya qurmağın ümumqafqaz əxlaqında yalnız bir adı var: namərdlik, xəyanət. Bax buna görə sözügedən bəyanat üzərində ciddi düşünmək gərəkir. Bəli, dəyərli yurddaşlar, Okruaşvilinin məlum bəyanatı bizə deyir ki, gerçək siyasət əslində siyasi kulisin arxasında cərəyan edir, siyasi səhnədə görünənlər isə ictimaiyyəti əyləndirmək üçün oynanılan komediyadan başqa bir şey deyildir.
Azərbaycan xalqı və dövləti səviyyəsində yenə qonşuluq ləyaqətinə sadiq qalaraq bu fakta anlaşıqlı və təmkinli yanaşmaq qərarı və istəyi, daşıdığım milli əxlaq kontekstində mənə tamamilə aydındır və doğmadır. Axı qonşuluq ləyaqəti haqqında məsəllər və atalar sözləri bir azərbaycanlı və Qafqazlı olaraq mənim milli əxlaqımın və folklorumun bəzəyidir. Mən bu dəyərimə söykənib saatlarla və günlərlə qonşuluq ləyaqətindən bəlağətlə danışa bilərəm.
Ancaq unutmaq olmaz ki, Okruaşvili və Natelaşvilinin aqressiv bəyanat və davranışları xalqlarımızın ənənəvi qonşuluq əxlaqına heç cür sığışmır və gürcü ictimai şüuruna olduqca zərərli isimarıc ötürür və onu stereotipləşdirir. Bu, hər şeydən öncə Gürcüstan cəmiyyətinin özünün daxili stabilliyi əleyhinə yönəlmiş siyasi aktdır. Çünki toplumun sosial-iqtisadi problemlərdən əziyyət çəkən kəsimində bu tip bəyanatlar daxili narazılığı hərəkətə gətirərək onu fərqli, daha təhlükəli ünvana yönəldə bilir. Bu zaman ictimai narazılıq bir sosial enerji kimi yalnız passiv fazadan aktiv fazaya keçmir, o həm də tədricən xaotik müstəvidən mütəşəkkil müstəviyə ötürülür. Odur ki, müvafiq dövlət və cəmiyyət (bu halda Gürcüstan cəmiyyəti) ölkənin sosial-siyasi stabilliyinə, gerçəkdən də, rasional və praqmatik aspektdən yanaşmaq niyyətindədirsə, o halda bu tipli bəyanat və davranışlara barmaqarası yanaşmamalı, ona səssiz qalmamalıdır. Bu məzmunlu bəyanat və davranışlar isə yalnız milli mənsubluğuna görə bir ölkənin öz vətəndaşlarının hüquq və azadlıqlarına qarşı yönəlmiş akt, onların diskriminasiyasına açıq çağırışdır. Təbii ki, söhbət Gürcüstanda yaşayan yarım milyondan çox soydaşlarımızdan-azərbaycan türklərindən gedir.
Maraqlıdır ki, Gürcüstanın siyasi isteblişmenti, habelə toplumun rasional düşünə bilən kəsimi “mərdi qova-qova namərd etməyin” nə ilə nətəcələnə biləcəyi haqqında artıq acı praktikaya sahibdirlər. Zənnimcə, okruaşvililər və natelaşvililərin bu məzmunlu davranış və bəyanatlarından sonra abxaz və osetinlərin gürcü cəmiyyəti ilə mədəni-mənəvi körpüləri yenidən quracaqları zaman haqqında söz demək xeyli çətindi. Çünki qonşuluq ləyaqəti bütövlükdə Qafqaz xalqlarının əxlaqi dəyərlər sistemində ən başda qərar tutur və bu əxlaqa xəyanətin bədəlini də elə bu əxlaq sisteminin özü tənzimləyir.
Sonda bir mühüm mətləbə təkrar müraciət etməyi zəruri hesab edirəm: bu cür aqressiya yüklü bəyanatların və davranışların gürcü ictimaiyyəti üçün fəsadları nə ola bilər? Təbii ki, məqsədli şəkildə sərgilənən bu tipli davranış aktları müvafiq toplumun şüuraltına aqressiya, təcavüz, zorakılıq kimi neqativ enerjilər ötürür və bu enerji sosial təhlükə həddinə çatdıqda o, idarə olunması olduqca müşkül olan faktora çevirilir. Bu durum isə ölkədə yalnız siyasi-sosial nizamı yox, həm də toplumun əxlaqi-mənəvi dəyər sistemini təhdid edir. Adətən belə hallarda sağlam cəmiyyətlərdə istər sosial, istərsə mənəvi müstəvidə toplumun özünümühafizə mexanizmi işə düşür, aqressiv enerji ictimai təpkinin təzyiqi altında öləziyir. Bəhs etdiyimiz son hadisələrə yaxın tarixin acı təcrübəsinin öz məntiqindən yanaşsaq, düşünürəm ki, eyni acı reallıqla təkrar toqquşmamaq üçün Gürcüstan (bu halda gürcü) cəmiyyətində bu mühafizə mexanizmi daha həssas və çevik olmalı idi. Biz bu mexanizmin tezliklə işə düşəcəyinə ümid edirik.